İsmayıl İmanzadə – Qəfil qayıdış (hekayə)

57  Beş gün qabaq getdiyi sanatoriyanın həyətində gəzişə-gəzişə özü demişkən vaxtı öldürməyə çalışırdı. Mart ayının əvvəlləri olsa da, havalar hələ soyuq idi. Bir az kənardakı küknar ağacının altında dayanıb nə barədəsə mübahisə edən iki nəfərdən savayı heç kim gözə dəymirdi. Bayaqdan bəri düşüncələr aləminə daldığından, barmaqlarının arasında tutduğu siqareti yandırmağı da unutmuşdu.

-Nə vaxt gəlmisiniz?

Başını qaldıranda, cavan bir qadının qarşısında dayandığını gördü. Yaşı otuz-otuz beşdən çox olmazdı. Onun nüfuzedici baxışlarının cazibəsindən bir anlığa özünü itirsə də, sualı cavabsız qoymadı:

– Təzə gəlmişəm, cəmisi beş gündür…

Qadın bu dəfə ilıq bir təbəssümlə ona baxaraq, gözlərini süzdürə-süzdürə işvəli tərzdə növbəti sualını verdi:

-Yəqin rayon adamısınız?

-Hə, xeyli uzaqdan gəlmişəm.

-Adınız nədir?

-Araz. Bəs, sizinki?

Qadın cantaraq bir kişinin onlara tərəf gəldiyini görəndə, Arazın qaldığı otağın nömrəsini öyrənərək, ondan uzaqlaşdı…

On beş-iyirmi dəqiqəlik şam yeməyindən sonra yataq korpusunun ikinci mərtəbəsindəki otağına qalxdı. Qaldığı “lüks” nömrə iç-içə iki otaqdan ibarət idi. Hamamda əllərini yaxalayandan sonra istirahət üçün nəzərdə tutulan otaqdakı kresloda oturdu. Buradakı mebellər köhnə olsa da, içəridə televizor və soyuducunun olması ürəyincə idi. Əslində, “lüks” nömrədə yerləşməsi üçün əlavə xərc çəkməli olmuşdu. Külqabını yaxına çəkib siqaret yandırdı. Bir-iki qüllab vurandan sonra pultu götürüb televizoru açdı. Maraqlı bir veriliş tapmaq istəyi ilə kanallaraı dalbadal dəyişəndə, qapı döyüldü. Gələn orta yaşlı bir qadın idi. Dəhlizin axırındakı otaqlardan birində qalırdı. Elə qapının ağzındaca külqabında qalaqlanan siqaret kötüklərinə nəzər salaraq canıyananlıqla dedi:

-A kişi, bu siqaretdən nə bərk yapışmısan belə? Heç canına heyfin gəlmir? Bəlkə bərk darıxırsan, əgər beləysə axşam səni otağımda gözləyəcəyəm. Mən də sənin kimi tək qalıram. Narahat olma, yeyib-içməyə hər şeyim var. Bax, gələrsən ha! Birdən elə bilərsən səndən nə isə umacağım var? Yox, vallah belə deyil! Allaha şükür, pula-zada ehtiyacım yoxdur! Beş-üç günlük dünyadır daa, niyə vaxtımızı boş yerə keçirək axı?

Araz qapını bağlayıb aşağı düşəndə, birinci mərtəbənin pilləkənində növbətçi tibb bacısı ilə qarşılaşdı.

-Sizin dalınızca gedirdim, yaxşı ki, özünüz gəlib çıxdınız. Keçin içəri, iynənizi vurub, həblərinizi verim.

Balaca nəvbətçi otağında heç kim yox idi. Tibb bacısı  çox cavan olmasa da,  yarşıqlı, iri əndamlı qadın idi. Vitamin “B-12”-ni şprislə çəkib Araza yaxınlaşanda iri döşləri ilə bilərəkdən onun çiyninə toxundu.

-Di, qolunu çırma görüm, gözəl kişi! Heç qorxub eləmə, mənim əlim də, dilim də şəfalıdır. Bilirəm, tək qalırsan. Elə mən özüm də təkəm, həm işdə, həm də həyatda. Bir üzümə bax ey, de görüm bəyəndinmi məni?

Qadın iynəni vurandan sonra Arazın qolunu xeyli ovxalayıb sözünə davam elədi:

-Ərimlə çoxdan ayrılmışıq. Bir qızım var, keçən il toyu olub. Yoldaşı ilə Moskvada yaşayır. Bir damın altında tək-tənha qalıram. Hər yetənlə ünsiyyət quran adam deyiləm. Nədənsə səni görəndən yuxum ərşə çəkilib. Uzaqda yox, elə bu qəsəbənin özündə yaşayıram. Sabah axşam evdəyəm, telefon nömrəm də budur, al götür.  Gələrsən söhbət edərik. Burda olmaz…

Araz tibb bacısına heç nə deməsə də, ürəyində onun halına acıdı. Doğrudan da təklik pis şeydir, adamı diri-gözlü yandırıb yaxır. İyirmi altı il əvvəl kor bir təsadüfün ucbatından rastlaşdığı qızla evlənsə də, özünü bədbəxt hesab edirdi. Dişini-dişinə sıxıb bircə qız övladının xatirinə cəhənnəm əzabı çəkirdi. Arvadı həddən artıq diliacı və deyingən idi. Dolanışıqları pis olmasa da, qadının acgözlüyü onu hövsələdən çıxarırdı. Yaxşı ki, həyatında bir ayrısı da vardı, yoxsa çoxdan çərləyib ölərdi…

Həyətə çıxıb bir az gəzişəndən sonra üşüdüyünü hiss eləyəndə otağa qayıtdı. Pultu götürüb televizoru açdı. “İdman” kanalında “Real”la-“Betis”in oyunu gedirdi. Cavanlıq illərindən futbolla maraqlanırdı. Oxuduğu institutun futbol komandasında da oynamışdı. Təzəcə dəmlədiyi çaydan bir stəkan süzüb qarşısındakı balaca masasının üstünə qoydu. Oyunun qurtarmasına azacıq qalmış qapı astaca döyüldü. Televizorun səsini azaldıb, qapını açdı. Axşam üstü həyətdə rastlaşdığı qadın idi. Yana çəkilib:

– Buyurun-dedi.

Qadın içəri girən kimi onunla üzbəüz kresloda oturdu. Araz onun yaraşıqlı sifətini ani olaraq nəzərdən keçirib astaca dilləndi:

-Buyurun xanım, eşidirəm, sizə çay süzümmü?

-Yox, hələ istəmirəm. Gəldim ki, bir az söhbətləşək…

-Nə barədə?

-Məgər bilmirsən ki, sənin kimi yaraşıqlı bir kişiylə qadın gecənin bu vaxtı nə barədə söhbət edə bilər?

Arazın qadından ağlı bir şey kəsməsə də üzə vurmadı, dişini-dişinə sıxıb dedi:

-Yaxşı, söhbət edək deyirsən, edək də…

Qadın bir az da açılışdı:

-Qoy, əvvəlcə keçib yataq otağında üst-başımı qaydaya salım, sonrasına baxarıq…

-Nolar, keçmək istəyirsən, keç!

Aradan heç beş dəqiqə keçməmişdi ki, qadın onu səslədi:

-Tez ol, yanıma gəl!

Qalxıb yataq otağına adlayanda gözlərinə inanmadı. Sərv qamətli, zərif vücudlu bu qadın yarıçılpaq vəziyyətdə çarpayıda yanpörtü uzanaraq gözlərini süzdürürdü. İçəridəkinin qadın xeylağı olduğunu bilməsəydi elə zənn edərdi ki, qarşısındakı qeybdən nazil olan məlakədir. Gördüklərindən heyrətə gəlib elə yerindəcə quruyub qalmışdı. Qadının çox ideal bədən quruluşu var idi. Ağappaq sinəsindən asılı qalan yupyumuru döşləri, uzun-yaraşıqlı boğazının aşağısına qədər çiyinlərinə dağılan rəngsiz-boyasız qara saçları, dümdüz qılçaları və dizdən yuxarı dolu budları adamın ağlını başından alırdı. O, Arazın ehtiraslı baxışlarını hiss edəndə qıçlarını bir az aralayıb əynindəki al-əlvan alt paltarına işarəylə:

-Bunu əynimdən öz əlinlə çıxararsan, belə olanda ləzzət alıram!-deyib gözlərini yumdu.

Ancaq Arazın hələ də yerindən tərpənmədiyini hiss edən kimi, astadan pıçıldadı:

-Gəl, yaxına gəl! Yox, əvvəlcə əlin cibində olsun, pulumu bəri başdan ver, sonra…

Arazı elə bil qəfildən ilan sancdı. Bir addım geriyə çəkilib nifrətlə dilləndi:

-Qalx ayağa, həyasız! Deməli sən də o sırtıq arvadlardan biri imişsən? Tez ol qalx soyxalarını əyninə gey!

Qadın heç tövrünü də pozmadan qəh-qəh çəkib özünə məxsus sonuncu fəndə əl atdı:

-Bəlkə barıtın nəm çəkib, ha, ha, haa…

Pərt olsa da, onu cavabsız qoymağı şəninə sığışdırmadı:

-Yox, belə deyil! Hələ sənin kimi yüyənsiz madyanları minib çapmağa gücüm çatar…

-Bəs, onda niyə dayanmısan, gəl də! Neynək, heç pul vermirsən vermə. Qoy, bu dəfə sən deyən olsun. Di, məni yandırıb yaxma. Tez ol, ay insafsız!!!

Sonuncu kəlmələri eşidəndə Arazın bütün əzaları uyuşub açıldı. Bir addım qabağa gəlib dayandı. Qadına elə gəldi ki, istəyinə çatıb. Ona görə də gözlərini yumaraq ehtiraslı bir səslə pıçıldadı:

-Tez ol, nəyi gözləyirsən, görmürsən od tutub yanıram?!

Araz özünü ələ almağa çalışsa da bunu bacarmadı. Üzünü yana çevirib zəhmli bir səslə qışqırdı:

-Ayağa dur deyirəm sənə, fahişə!

Geri dönüb istirahət otağındakı divanın üstündə oturandan sonra yandırdığı siqaretin tüstüsünü havaya üfürdü. Qadın əynini geyinərək gəlib təzədən onunla üz-üzə oturdu. Kipriklərindən asılıb qalan göz yaşını əlinin arxasıyla silib, araya çökən sükutu pözaraq təəssüf hissiylə dilləndi:

– Mənə də papiros ver, ciyərlərim alışır…

Araz hövsələsini basıb onun üzünə baxmadan dedi:

-Gözəl-göyçək qadınsan, amma adamın heç inanmağı gəlmir ki, bu yolun yolçususan.

-Elə bilirsən dolanmaq asandır? İki balaca qız uşağımla qapılarda qalmışam. Heç kim də imdadıma çatmır.

-Get başqaları kimi düz əməlli bir yerdə işlə.

-İş çölə tökülməyib ha! Hara gedirsən “iş yoxdur”-deyirlər. Bir də ki, mənim bu “işimin” axı, nəyi pisdir? Adam tanıyıram ki, beş-üç aylığa Dubaya, İstanbula getməklə qaz vurub qazan doldurur..

-Belədirsə, sən niyə onların dalınca getmirsən?

-İki uşağımı qoyub necə gedim? Ən yaxşısı elə burada qalmağımdır. Sənin xoşuna gəlmədiyimə baxma, kişilər var ki, dərdimdən dəli-divanədir…

-Deməli fahişəlikdən əl çəkən deyilsən!

-Buna nə ad verirsən, ver. Onu bilirəm ki, çoxları bu yolla dolanışığın yolunu tapıb.

-Can sevdasıynan?

-Hə!

-Bazar olsun…

-Sağ ol!

Qadın məyus halda ayağa qalxıb yarıqaranlıq dəhlizə çıxdı. Bir-iki addım atandan sonra qəfildən dönüb geri qayıtdı.

-Qapını bağlama, bircə söz soruşub gedirəm. Onsuz da bu günkü mayam da batdı. Heç bilmirəm həyətin girəcəyindəki qapçıya nə verəcəyəm…

-Eşidirəm…

-Sən Allah, düzünü de, xoşuna gəlmədim ki, məni əliboş yola salırsan, yoxsa…

-Yox, sənin zahiri gözəlliyini danmaq insafsızlıq olardı. Ancaq…

-Sözünün dalısını de, tələsirəm!

Dənizin yüz-yüz əlli addımlığında yerləşən bu sanatoriyada Araz əvvəllər də olmuşdu. Elə gözəgəlimli yer olmasa da, yaxşı şəfa ocağı kimi imicini hələ də saxlaya bilmişdi. Əslində, onu havanın hələ soyuq olduğu bir vaxtda buraya çəkib gətirən səhhətində yaranan problemlər idi. Üç il qabaq heç vaxt sevə bilmədiyi, ancaq gözünün ağı-qarası olan qızının xətrinə birlikdə yaşamağa məcbur olduğu arvadının ölümündən sonra özündən iyirmi yaş cavan dul bir gəlinlə yaxınlıq edirdi. Hər ikisinin ürəyindən evlənmək keçsə də, vaxt ötdükcə bəzi səbəblər ucbatından bu mümkünsüz görünür, sadəcə olaraq o qadınla bir yerdə olanda arabir  hələ özlərinə təsəlli də verirdilər: “Görünür qismətimiz beləymiş, elə buna da şükür!..”

Qadın inadla yerində dayanıb ondan cavab gözləyirdi. Arazın fikrə getdiyini görcək yenidən dilləndi:

– Gedirəm, ancaq düzünü de, bəlkə burda adamın-zadın var?

-Yox, heç kəsim yoxdur, ancaq…

– Yenə də ancaq?

– Hə, yenə də ancaq! Həyatda canımdan artıq sevdiyim qadınım var. Onu sənin kimi… Dilinin ucundakı sözü deməkdən özünü güclə saxladı-mən onu yüz sənin kimi gözəl-göyçək qadına dəyişmərəm. Lap namuslu-ismətli olsalar belə… İndisə gecdir, çıx get!

Sonra  yan cibindən on manat çıxardıb qadına verdi:

– Al, bunula uşaqlarına nə isə alarsan. Ancaq məndən olsa, bu işdən əl çəkib uşaqlarına halal çörək qazanarsan. Axı, onların həyatları hələ qabaqdadır…

Qadın deyəsən bir anlıq da olsa eşitdiyi sözlərə görə xəcalət hissi keçirirdi. Onun yaşarmış gözlərindən də bunu hiss etmək olurdu. Arazın üzünə baxıb, çoxdan bəri çöhrəsindən uzaq düşən utancaqlıqla pıçıldadı:

-Ay Allah, niyə vaxtında beləsinin birini qarşıma çıxartmadın. Axı, mən də adam kimi yaşamaq istəyirdim…

Otağın qapısını bağlayıb işığı söndürəndən sonra pəncəni açdı. Dənizin küləkli soyuq havası içəri doldu. Bayaqkı qadından qalan ətir qoxusu yoxa çıxanda keçib çarpayıda uzanmaq istəsə də, yatağa baxanda əti ürpəşdi. Geri dönüb nəyi vardısa yır-yığış edərək çamadana qablaşdırdı. Cib telefonunu söndürüb, əynini soyunmadan başını kresloya söykədi. Elə təzəcə mürgüləmişdi ki, qapı astaca döyüldü:

-Müəllim, dur gəl, otağımda səni gözləyirəm, yaxşı süfrə aşmışam…

Dəhlizin o başındakı otaqda qalan qadın idi. Səsini çıxarmadı. Ayaq səsləri uzaqlaşan kimi təzədən yuxulamaq istədi. Aradan heç on-on beş dəqiqə keçməmişdi ki, qapı təzədən döyüldü:

-Niyə gəlmirsən, axı, səni gözləyirəm?!

Araz bu dəfə də dinmədi. Qadın təzədən qapını bir az bəkdən taqqıldadanda, yan otaqda yaşayan kişi dəhlizə çıxıb yoğun səslə:

-Aaz, o kişi yəqin yatıb, gəl-keç mənim otağıma! Tez ol, özün görəssən sənin havanı nə təhər alıram!-deyərək hırıldadı.

– Əşşi, sən Allah yaxamdan əl çək, bu gecə zanitəm, qalsın sabah axşama…

-Sən ölməyəsən sabahı gözləyən deyiləm. Düş qabağıma gedək, görürsən, ondan sənə haray yoxdur…

Yarımqaranlıq dəhlizdə pıçıltıyla qırıq-qırıq deyilən kəlmələr yenidən eşidilməyə başladı:

-Gedək deyirsən, gedək, ancaq sabah ərim gələndə məndən uzaqda dayan ha…

-Yaxşı, qadavu alım, nə desən başım üstə…

Ayaq səsləri get-gedə uzaqlaşıb, dəhlizin o başında elə bil qeybə çəkildi.

Araz işığı yandırıb qəsəbədə yaşayan köhnə bir tanışına zəng vurdu:

– Nəbi, səni sanatoriyanın qapısı ağzında gözləyirəm, gəl məni avtovağzala apar!

-Araz müəllim, xeyirdimi, gecənin bu vaxtı, səhərə qalsa olmazmı?

-Yox, Nəbi, qadan alım, zəhmətini ikiqat ödəyəcəyəm, tez ol gəl, gözləyirəm…

-Yaxşı, əynimi geyinib gəlirəm…

Pencəyinin qoltuq cibindən qələmi çıxarıb, bir vərəq kağıza: “Otaqda nə varsa yerindədir, vacib işim olduğundan rayona qayıdıram. Xahiş edirəm nəzərə alasınız”-sözlərini yazaraq yavaş addımlarla aşağı düşdü. Növbətçi otağında işıqlar söndürülmüşdü. Yaxşı ki, tibb bacısı gedişindən halı olmadı. Sanatoriyanın çöl qapısı bağlı olsa da, qarovulçu yaxınlıqdakı bir ağaca söykənərək papiros çəkirdi. Arazı görcək gəlib onun qarşısında dayandı.

-Ay oğul, gecənin bu vaxtı hara gedirsən, yoxsa…

-Əmi, narahat olma, özüm-öz xoşumla gedirəm. Al, bu mənim qaldığım otağın açarıdır. Növbətçini yuxudan oyatmaq istəmədim. Xahiş edirəm tezdən ona çatdırasınız. Di, salamat qal, gözlədiyim maşın gəldi…

Nəbi Arazın çamadanını yük yerinə qoyub sükan arxasına keçmək istəyəndə qapçı dilləndi:

-Yolunuz açıq olsun, Nəbi, ehtiyatlı ol!

-Narahat olma, Calal dayı, Araz müəllim köhnə tanışlarımdandır…

Mərdəkandan çıxanda Nəbi təəccüblə Araza baxıb dedi:

-De, görüm xeyirdimi, niyə belə tez qayıdırsan?

-Nəbi, düzünə qalsa, buraya müalicəyə gəlmişdim, ancaq bu beş gündə gördüyümü gördüm. Heç demə bura şəfa ocağı yox, eyş-işrət yeri imiş!

-Rəhmətliyin nəvəsi, indi harada əməlli-başlı yer qalıb ki? Hə, indi de görüm, səni haraya aparmalıyam?

-Birbaşa yaşadığım rayona…

-Zarafat edirsən? Qalıb sabah gedə bilməzdin?

-Yox, Nəbi, buradan nə qədər tez uzaqlaşsam, o qədər yaxşıdır.

-Vallah, elə bil heç zəmanə adamı deyilsən. Qarsdaş, indi çirklənməyən bir qarış yer qlıb ki! Allah bu məmləkəti bu günə qoyanların tifağını dağıtsın! Belə də müsibətmi olar?  Torpaqların əldən getdiyi bəs deyilmiş kimi, namus-qeyrət də bir qəpiklik olub. Ehh, yaxşısı budur gəl, heç bu barədə fikirləşməyək. Onsuz da öz dərdimiz özümüzə bəsdir!

-Elədir…

                                                                     mart, 2010

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 234 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.