İlyas Əfəndiyevin “Boy çiçəyi və ya Sən həmişə mənimləsən” lirik-psixoloji pyesinin tamaşası
Nə qəribədir insan övladı!
…Yaşamı boyunca öz həqiqətini axtarmaqdan yorulmur…
Nə qəribədir insan övladı!
…Tənhalığı özünə dost bilir, ondan ayrıla bilmir…
Nə qəribədir insan övladı!
..Sevgisini etiraf etməyə cəsarəti yetmir. Hətta sevdiyini itirmək bahasına olsa da, susur…
Nə qəribədir insan övladı!
…Nafilə şəkildə özündən qaçıb qurtulmağa, özünü aldatmağa çalışır…
Nə qəribədir insan övladı!!!
Zaman keçir, nəsillər bir-birini əvəz edir, lakin İlyas Əfəndiyev unudulmur, daim teatrlarımızın səhnəsində öz qələmi ilə yaşayır. Dahi dramaturqun pyesləri öz aktuallığını qoruyub saxlayır, təravətini itirmir – boy çiçəyi kimi. Boy çiçəyinin nə olduğunu bilirsinizmi? Boy çiçəyi dağlarda bitir. Zaman keçdikcə xəzan olsa da, ətrini, təravətini ilk günki kimi qoruyub saxlayır.
Dramaturqun “Boy çiçəyi və ya Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında əməkdar artist Vidadi Həsənovun səhnələşdirdiyi tamaşanın ismi də böyük Əfəndiyevin ölməzliyini, sənətkar qüdrətini vurğulayır: “UNUDULMAZ ƏFƏNDİ”.
Yuğ Dövlət Teatrında “Unudulmaz Əfəndi” isimli tamaşanın cazibəsinə qapılıb da, özümü unutdum. Və heyrət etdim ki, əcəba nasıl olmuş da böyləsinə zövqlü bir tamaşadan iki kərə bixəbər olmuşam? (tamaşa seyr etdiyim tarixədək artıq iki dəfə oynanılmışdı). Nə isə, gec olsun, güc olsun deyərlər. Tamaşanın rejissoru əməkdar artist Vidadi Həsənov, rejissor assistenti Vüqar Hacıyev, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.
Unudulmaz Əfəndi tamaşası sayəsində biz İlyas Əfəndiyev yaradıcılığına, dramaturgiyasına, fəlsəfinə yeni bir baxış bucağı gördük. Yuğ teatrının İlyas Əfəndiyev sevərlərinə təqdim etdiyi tamaşa, “Boy çiçəyi və ya Sən həmişə
mənimləsən” lirik-psixoloji pyesinin konsepsiyasını bu günki, sevən gənclərin fəlsəfəsi təşkil edir. Doğrusunu yazmaq gərəkirsə, “Unudulmaz əfəndi” tamaşadan daha çox qəhrəmanın, Həsənzadənin (əməkdar artist Vidadi Həsənov) özü ilə oynadığı bir oyun, özünə qarşı olan bir aldatmacasıdır. Aktyor oyun texnikası ilə yaradılan oyunu tamamilə öz ətrafında cəm edə bilir.
Nə qəribədir insan övladı!
Tamaşanın məzmunu belədir: Həyat yoldaşını çox erkən itirən Həsənzadə min bir əzab-əziyyətlə böyütdüyü oğluna həm ata olmuş, həm də ana. Uzun illərdən sonra həyatında oğlundan başqa kimsəyə yer verməyən Həsənzadənin qabağına Nargilə (Könül Cəfərzadə) isimli on yeddi yaşlı bir qız çıxır. Nargilə Həsənzadəni sevir və onun qəlbinə sahib olmaq istəyir, lakin Həsənzadə qızın məhəbbətinə qarşılıq verə bilmir və daxilində gedən duyğular fırtınasıyla mücadilə aparmaq üçün tək çarəni yaşadığı məkanı tərk etməkdə, Nargilənin olmadığı bir məkana getməkdə görür. Və sonda təkcə yaşadığı şəhəri deyil, bu dünyanı da tərk edir, özü-özündən azad olur.
Tamaşa müddətincə biz Həsənzadənin özü-özüylə apardığı mübarizənin şahidi oluruq. Həsənzadə Nargilənin məhəbbətindən qaçmağa çalışsa da, daxilindəki çılğın ehtiras (Amid Qasımov) qıza sahib olmaq istəyi ilə alışıb yanır. Qəlbindəki Bahar təravəti (Vüqar Hacıyev) onu sevib-sevilməyə səsləsə də Həsənzadə qorxur. Bəlkə, gənc bir qızın sevgisini, sevgi dünyasını ləkələməkdən qorxur, bəlkə, dost olduğu tənhalığına xəyanət etməkdən qorxur, bəlkə də, ətrafdakıların nəzərində formalaşdırdığı imicinə xələl gətirməkdən qorxur. Səbəb hər nədirsə, Həsənzadə qorxur. Hətta mərhum həyat yoldaşının ruhu (Sonaxanım Mikayılova) halallıq versə də, qorxur. Elə insanın da taleyini puç edən bu qorxudur. Biz aktyorun ifasında, hər addımında bu qorxunun onu necə əsir aldığının, necə yönləndirdiyinin şahidi oluruq. Səhnə insanı həbs etmiş qəfəsi xatırladır. Həsənzadə bu qəfəsdə çırpınır, mənəvi əzablardan azad olmağa çalışır ancaq nafilə.
Bu mübarizənin ikinci tərəfi Nargilə (Könül Cəfərzadə) isə Həsənzadənin (V. Həsənov) tam əksinə qaçmır, sevgisi uğrunda mübarizə aparır. Nargilə-K. Cəfərzadə kişilərdə görmək istədiyi, dəyər verdiyi keyfiyyətləri Həsənzadədə görüb. Bu dəyərlər onu Həsənzadəyə bağlayıb. O, sevdiyinin əzablarına dözə bilmir, onunla birlikdə ruhsal qəfəsdə çırpınır, sevdiyini azad etməyə çalışır. Nargilə gənc olsa da, həyatın zərbələrinə sinə gərib. Atasının ölümü, anasının ikinci dəfə ailə qurması, atalığının ona qarşı soyuq münasibəti əlbəttə ki gənc qızın mənəvi aləminə, psixologiyasına təsirsiz ötüşmür. Nargilənin özünü tənha hiss etməyəcəyi, başını qoyacağı bir çiyinə ehtiyacı var ki, o axtardığını Həsənzadədə
tapır və bunu əldə etmək üçün mübarizə aparır. Lakin təəssüf ki, sevgi təkbaşına mübarizəni sevmir. Nargilə bu mübarizədə tək qalır və məğlub olur. Tamaşada Sonaxanım Mikayılova, Vüqar Hacıyev və Amid Qasımov yaratdıqları fəlsəfi, düşündürücü obrazlarla tamaşanın psixoloji gərginliyini artırmağa müvəffəq olurlar.
Yuğ teatrında nümayiş olunan “Unudulmaz Əfəndi” tamaşası ilə İlyas Əfəndiyev silsiləsinə yeni bir baxış, onun məlum sevgi hekayəsinə yeni bir imza atılmış oldu. Unudulmaz Əfəndi bir daha diqqət mərkəzinə gətirildi. Əfəndinin Yuğ hekayəsi qısaca bu tamaşa ilə tamamlanıb, yeni tamaşaya estafet vermiş oldu…
Niyaz Cəfərov
teatrşünas
kaspi.az
Yazıya 672 dəfə baxılıb