Gülşən Babayeva — Tərcümə və ədəbiyyatın vəhdəti

kitab

Humanizm ruhunu anlamaq və hiss etməkdə ilk mərhələ, insan varlığının ən maddi izahı olan sənət əsərlərinin mənimsənilməsidir. Sənət bölmələri içində ədəbiyyat, bu izahın düşüncə elementinin ən zəngin olanıdır. Buna görə də bir xalqın, digər xalqların ədəbiyyatlarını öz dilində, daha doğrusu, öz düşüncəsində yeniləməsi, zəka və dərrakə gücünü o əsərlər nisbətində artırması, canlandırması və yenidən yaratması deməkdir. Elə biz tərcümə fəaliyyətini bu baxımdan önəmli və mədəniyyətimiz üçün təsirli sayırıq.  Zəkasının hər üzünü bu cür əsərlərə çevirə bilmiş xalqlarda düşüncənin ən silinməz vasitəsi olan yazı və onun arxitekturası olan ədəbiyyatın, bütün kütlənin ruhuna qədər işləyən və hopan bir təsiri var. Bu təsirin fərd və cəmiyyət üzərində eyni olması, zamanda və məkanda bütün sərhədləri aşıb keçəcək bir yayğınlığı göstərir. Hansı xalqın kitabları bu yöndə zəngindirsə, o xalq, mədəniyyət dünyasında daha yüksək düşüncə səviyyəsindədir. Bu baxımdan tərcümə fəaliyyətini sistemli və diqqətli bir şəkildə idarə etmək, onun genişlənməsinə, irəliləməsinə xidmət etməkdir.

 

Elmi-ədəbi aləmdə tərcümə termini, əsasən, hansısa bir dildə danışılan və ya o dildə yazılmış əsərlərin başqa dilə çevrilməsini izah etmək üçün işlədilir. Azərbaycanca bunu bir tərcümə (və ya, bəzən, onunla eyni hesab olunan çevirmə) sözü ilə ifadə edirlər, sadəcə iki növ tərcüməni fərqləndirmək üçün yazılı tərcümə və şifahi tərcümə ifadələrini də işlədirlər. Geniş yayılmasa da, şifahi tərcümə edənə dilmanc, şifahi tərcümə işinə isə dilmanclıq da deyirlər. Ruscada “perevod” sözü oxşar mənada və formalarda tətbiq edilir, yazılı və şifahi tərcümə uyğun olaraq “ustnıy perevod” və “pismennıy perevod” ifadələri ilə verilir.  Tərcümələr verbal olmaya da bilər, tərcümənin, yəni keçidin ən azı bir ucunda dil deyil, başqa ünsür ola bilər. Məsələn, kitab oxumaq hərflərdən təşkil olunmuş yazılı mətnin göz vasitəsi ilə oxunub anlaşılması deməkdir; burada göz tərcüməçi rolunu oynayır, yazılı mətni təhlil üçün düşüncə sistemimizə, beynimizə ötürür, tərcümə edir. Əgər oxuduğumuz mətni səsləndiririksə, növbə gözdən dilə keçir, yəni mətn dil vasitəsilə səsə çevrilir.  İnkişaf etmiş ədəbiyyata malik olan xalqların ən çox öyündüyü və fəxr etdiyi milli sərvətlərdən biri onun dilidir.

Xalqın kimliyini, düşüncə biçimini, həyat tərzini nümayiş etdirən abidələrin başında onun öz dili və bu dildə yaratdığı yazılı və şifahi ədəbi əsərləri durur. Ərəb, ibrani və sanskrit dillərinin müqəddəs kitabların yazıldığı və ya Allah tərəfindən göndərildiyi dil olaraq üstün mövqedə olduğunu iddia edənlər az olmayıb  Hünayun ibn İshaq (latın adı Johannitius) kimi yüksək peşəkar tərcüməçilər elmin müxtəlif sahələrinə aid ən sanballı əsərləri ərəbcəyə çevirərkən transliterasiya edirdilər. Orta əsrlər müsəlman şərqində tərcümə işinin vəziyyəti Avropadakından, xristian dünyasından xeyli fərqli idi. “Rəhmli və mərhəmətli olan Allah tərəfindən nazil edilmiş” Quranın, yəni ərəbcə deyilmiş Allah sözünün başqa müsəlman dillərinə tərcüməsi doğru hesab olunmurdu, “Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, bəlkə (mənasını) anlayasınız” (Yusuf surəsi 12:2).  Ərəb dili İslamda ilahiyyətin dili idi. Ərəb dilinin uzun müddət həm də elmi dil olması onun böyük nüfuzunu bir daha hifz edir, başqa dilin rəqabətə girməsinə – xüsusilə ilahiyyətdə – imkan vermirdi.

Orta əsrlərdə Quranı ancaq şərh və ya təfsir etmək məsləhət görülürdü; o zamanlar bəzi türk ləhcələrində tərcümə-təfsirlər əmələ gəlsə də, onlar geniş yayılmamışdı. Müsəlman ölkələrində Quranın izahlı tərcümələrinin böyük əksəriyyəti müasir dövrə təsadüf edir.

Azərbaycanda bu iş 20-ci əsrin əvvəllərində başlandı, Sovetlərin dağılması ərəfəsində isə bugünkü tələblərə cavab verən tərcümələr, o cümlədən, Z.Bünyadov və V.Məmmədəliyevin tərcüməsi meydana çıxdı. Maraqlıdır ki, Quranın latıncaya ilk tərcüməsi 1142-43-cü illərdə başa çatdırılmış və sonralar 1543-cü ildə bir sıra teoloqların, o cümlədən Martin Luther’in (luser) şərhləri ilə Bazeldə çap edilmişdi. 1986-cı ilə olan məlumata görə Quran təqribən 70 dilə tərcümə edilib, ümumilikdə 2668 dəfə çap olunub. Mütəxəssislərin rəyinə görə, Quranın islam öncəsi ərəb poeziyasına məxsus gözəlliyi və təsvirəgəlməz incə çalarları onun başqa dillərə çevrilməsi məsələsinə tək dini-fəlsəfi mətnin tərcüməsi kimi deyil, bəlkə də, birinci növbədə poetik tərcümə problemi kimi baxmağa məcbur edir. Müsəlmanlar arasında dini və adət-ənənələrlə bağlı mərasimlərdə Quranın ancaq ərəbcə oxunması barədə ümumi bir razılığın olması da uzun müddət Quranın tərcümə məsələsini lüzumsuz hala gətirmişdi. Bu razılıq cəmiyyətdə geniş müzakirə nəticəsində əldə olunmuş razılıq deyildi (belə geniş müzakirələrin aparılması təbii və ağlabatan deyildi). Bu, yalnız ilahiyyətçilər və din xadimləri arasında qəbul olunmuş və cəmiyyətin də etiraz etmədiyi və ya biganə qaldığı bir razılıq olmuşdu.

Bu gün də bizim ciddi tərcüməçi komandasına ehtiyacımız olduğunu etiraf etməliyik və sadəcə olaraq tərcüməçi deyil, eyni zamanda ədəbiyyatı bilən, sözlə oynamağı bacaran savadlı, mütaliəli mütəxəssislərə ehtiyacımız var. Niyə onlar biz olmayaq? – deyirəm və son olaraq fikrimi ümumiləşdirərək belə söyləmək istəyirəm: tərcümə istedad, zəhmət tələb edən bir iş olmasına baxmayaraq, xalqlar, millətlər arasında körpü vəzifəsini daşıyır. Amma bu körpünün sütunlarını qorumaq, yeri gələndə təmir etmək, onu yeniləmək işi isə tərcüməçi və ədəbiyyatçılarla yanaşı, biz tələbələrin – elmi yaradıcılıq kimi böyük, çoxmərtəbəli binanın hələ ilk mərtəbəsinə qədəm qoyan gənclərin də üzərinə böyük məsuliyyət qoyur.

 

Yazıya 762 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.