İradə Aytel – “Yıldızdağdan əsən külək”

sədnik m(Sədnik Paşa Pirsultanlının “Yıldızdağdan əsən külək” şeirlər kitabının önsözünü mən yazmışdım, Loğman Pünhanzadə imzası ilə….) 

Hər dəfə Sədnik Paşa Pirsultanlı poeziyası ilə baş-başa qalanda sehrli bir dünyaya – sehrli bir aləmə düşürəm. Sanki gözünü qış yuxusundan yenicə açmış, alayuxulu bir bahar çəmənindəyəm. O çəməndə mavi gözlü Novruzgülü, başı taclı Nərgizgülü, utancaq Bənövşə, çətirli Hop-hopgülü, telli-saçaqlı Qərənfil… bahar nəsimində daranır, sübh şehində yuyunur, ulu təbiətin gözəlliyini bir daha bizlərə göstərir. Uzaqda görünən sıralanmış dağ silsiləsi isə ululardan boylanan ağ saçlı tariximizə keşik çəkir. O dağlar mərddir, o dağlar əyilməzdir, o dağlar təbiətin ən sadiq keşikçiləridir. Həmin sehrli dünyaya bir az da baş vursaq, dəli dağ çaylarının gurultusunu, durnagözlü bulaqların zümzüməsini, əli xınalı kəkliyin pırıltısını, nəğməkar bülbülün avazını eşidərik. Bəli, bütün bunlar Sədnik Paşa poeziyasında yurd salıb. O poeziyada Azərbaycanımız var, o poeziyada türkçülüyümüz var, o poeziyada folklorumuz var, o poeziyada bu günümüz var…

Hərdən də oxucunu heyrət bürüyür: İlahi, insan qəlbi bu qədər dərinliyə necə qadirdir?! Əvvəlcədən onu da qeyd edim ki, Sədnik müəllim şeir yazarkən ilhamını səsləmir, həmişə ilhamı onu çağırır və o, əlinə qələm alır… şair ki qələmi əlinə aldı, demək, artıq o, özünəməxsus bir aləmdə, özünəməxsus bir dünyada, düyğuların qanadındadır. Həmin duyğular yazacağı şeirə özü don biçəcək. O donu da şair əvvəlcədən biçimləməyəcək. Şeirin məzmununa uyğun – ya qəmlikədərli, boyasız, ya da al-əlvan, güllü-naxışlı biçilən şeir donu janra, vəznə çevriləcək və beləliklə oxucuların ürəyinə yol tapacaq. Şair ürəyini yarıb çıxan, köksündən süzülən şeirlərinə fərq qoymayacaq. Onun üçün o şeirlərin hamısı əziz, hamısı doğmadır. Onun üçün güclü ya zəif şeir yoxdur. Axı, o şeir necə zəif ola bilər ki, bir köksü yarıb çıxmaq gücünə qadirdir.

Bəli, əlvan çiçəklərlə bəzənmiş bir çəmənlikdə hər insanın könlünü oxşayacaq bir çiçək olduğu kimi, hər şeir toplusundakı şeirlərin də öz oxucusu, öz pərəstişkarı olur. Sədnik müəllim deyir: «Mənim şeirimdəmöhür qoymağım o deməkdir ki, mən bu sənətdə özümü təsdiqləmişəm». Buna baxmayaraq, şair hərdən hansısa şeirinə irad tutan oxucunu qınamır, lakin həmin oxucuya sözünü deməkdən də çəkinmir:

Buludumda şimşək yatır,

Od-atəş, suyam mən.

Tərifə ehtiyacım yox,

         hər nəyəmsə buyam mən.

«Buyam mən»

Hər seydən əvvəl Sədnik Paşa Pirsultanlı folklorşünasdır. Onun sinəsi şirin-şirin bayatılarla, müdrik atalar sözləri ilə, əfsanələrlə doludur. Onun sinəsi əsil söz boxçasıdır. O boxçadakı allı-güllü söz bükümləri Sədnik Paşa Pirsultanlı poeziyasında açılır, o poeziya bu günümüzdən daha qədimlərə boylanır. Bu isə oxucuda heyrətamiz bir təəssürat oyadır:

Kürün o tayında Nənə qız,

Qoç Koroğlunun bacısı sac qurub,

        çörək bişirir, yuxa yayırdı,

Qım-qımı çala-çala mahnı deyirdi.

 «Qanlı Kür»

Və yaxud:

Samux Eldarında bir dağ var:

 -İlan Piri!

Onun yanındadı Yellənquş.

Bu adı ona Benqal hökmdarı Qaya vermiş…

«İlan Piri»

Bu şeirlərin əsas özəlliklərindən biri də şairin oxucunu yurdumuzu qarış-qarış gəzdirməsi, unudulmuş yer adlarını – toponimləri bir daha oxucuya çatdırmasıdır. Şairin elə şeirləri də var ki, hətta həmin şeirlərdə onlarla toponimə rast gəlirik. «Xəzər-Xızır-Xızı dənizi», «Sarı rəngin gözəlliyi», «Əlacım göylərdədi», «Zirvəsində qartallar», «Ürəyimin ağrısı», «Koroğlu» və.s. məhz bu qəbildən olan şeirlərdəndir. Bu şeirlər təkcə ana yurdumuzun yer adlarını sadalamır, oxucularda yurdumuzun hər bir daşına, ağacına, hətta kiçicik çınqılına belə bir istək bir məhəbbət oyadır. Oxucu da müəlliflə bərabər o yerləri sevə-sevə gəzir, hər gülü, çiçəyi bir-bir oxşayır, əzizləyir.

…Kəpəzin yanı Sarısu,

            ovçusu ovun almış,

                çin olmuş arzusu.

Çobanabdallıda ağ yer,

Kəlbəcərdə Sarı yer,

Mənim gözəl yurdumda nə gözəl,

dürlü-dürlü adlar var…

«Sarı rəngin gözəlliyi»

 Şairin Vətənimizə olan sonsuz məhəbbəti, istəyi «Vətənimə dəyməsin» şeirində daha qabarıqdır.

Düşmənimin mərmisi, gülləsi

 Qoy mənə dəysin,

Vətənimə dəyməsin!

Analar Sədnik adlı oğulu bir də doğar,

Vətəni heç kəs doğa bilməz…

 «Vətənimə dəyməsin»

Gəlin, «Təzadlı dünya» şeirinə nəzər salaq:

Bir üzün çiçəkli yazdı,

Bir üzün qarlı qış…

Birisinin baxçasında bülbüllər ötür,

Birisinin damında bayquş…

«Təzadlı dünya»

 Bu şeirdə isə şair müasir dövrümüzün eybəcərliklərindən ürək ağrısı ilə söz açır. O, dünyagörmüş bir müdrikdi, dünyanın elə bir nöqtəsi olmaz ki, ürəyində yurdumuzun söz boxçası olan şair oranı qarış-qarış, addımaddım gəzməsin. Lakin o, azərbaycanlı soydaşlarımızın bu gününə təəssüflənir, acı çəkir. Hərdən o, Qoç Koroğlunu cəngə səsləyir (Bax «Koroğlu» səh 20). Fəqət… gələcəkmi Koroğlu?..

Sədnik müəllim bu kitabdakı şeirlərinin bir hissəsini xəstəxanada olarkən yazıb, lakin həmin şerlərdə də bir bahar nəfəsi var. Şairin xarakterindəki məni heyrətləndirən xüsusiyyətlərindən biri də, hətta onun xəstə olduğu zaman da nikbin, inamlı olmasıdır. Düzdür, Sədnik müəllimin hamıdan fərqli cəhətləri çoxdur. Lakin onun daha çax fərqliliyi – nikbinliyidir. O, heç vaxt inamını itirmir. Bax, əsil KİŞİ İRADƏSİ budur! «Ana kimi» şeiri də «Şıxov» xəstəxanasında yazılan şeirlərdəndir.

Şıxovda xəstə yatıram,

 Pəncərəm Xəzərə baxır. …

Günəş doğur,

dənizdə pul-pul yanır,

suyun üzündə, bax!

Necə də süstlənir,

cilvəli gözələ dönür.

Alqışlayır səhərimi,

 Günəş,

Dəniz,

 ləpələr…

«Ana kimi»

ырулшд Sədnik Paşa Pirsultanlı şeirlərinin bir özəlliyi də var: həmin şeirlər heç vaxt biri-birini təkrarlamır. Hətta onun bir şeiri ikinci bir kitabında çap olunmaz. Odur ki, onun yeni kitabı məhz yeni şeirlərinin zamanından doğur. Mən deyərdim ki, Sədnik müəllimdən məhsuldar şair çox az tapılar. O, həm müəllim, həm qəzet-jurnal təsisçisi, həm alim, həm də şairdir. Onun şeirləri hər gün doğulur. Bəlkə də bir neçə ayın içində yaranan bu şeir kitabı oxucularda şübhə yaradar ki, bu az vaxtda bir belə şeiri yazmaq olarmı. Lakin bu şeirlərin ilk dinləyccisi mən olduğum kimi, onları çapa hazırlayan da mənəm və mən Sədnik Paşa poeziyasının məhsuldarlığına yaxşı mənada heyrət edirəm. Bundan əvvəl şairin yeddi şeir kitabı «Öz səsim», «Pirsultan bulağı», «İnciçiçəyim», «İlahi bir səs», «Yuxular olmasaydı», «Bir içim nəğmə», «Bir çiçək də vətəndi», «Yıldızdağdan əsən külək» işıq üzü görüb. Son üç kitabın «Bir içim nəğmə», «Bir çiçək də vətəndi», «Yıldızdağdan əsən külək» ərsəyə gəlməsində az da olsa mənim də əməyim olub. Və mən şahid oldum ki, bu kitablar ona görə sevilə-sevilə oxunur ki, burada ömrün bütün fəsilləri yaşanır: allı-güllü bahar, isti qaynar yay, barlı-bəhrəli payız, ağ saçlı qış… Bu, bir ömürdür.

Onun şerlərinin qaynağı gənclik, gəncliyə vurğunluq, vətənə vurğunluq, onlara ürəkdən bağlılıq, onları sevə-sevə, ülvi bir məhəbbətlə tərənnüm etmək. O, bəzən elə bil, şeiryazmır, rəssam kimi əlinə fırça alıb, gözəlin portretini yaradır, ürəyinin qan boyası ilə. Ona görə də onun şeirləri ürəklərə tez yol tapır, oxucuda xoş ovqat, nikbin bir əhvali-ruhiyə yaradır. Sədnik Paşa şeirlərinin məziyyəti bunlarla bitmir. O, sözü – özü də bədii sözü, duyğularla bəzənmiş sözü çox sevir və qarşıdakına da sevdirməyi bacarır.

Sədnik Paşa Pirsultanlının həyatı haqda heç nə yazmıram. Çünki, oxucular onu çox yaxşı tanıyır. O, hamımızın sevimli müəllimi, yorulmaz folkulorşünas, məsuliyyətli alim, sevilən şairdir.

Sonda isə mən məhəbbətindən bahar çiçəyi – Bənövşə ətri gələn Sədnik Paşa sevgisinin məhsulu olan bu bəndlə oxucuları “Yıldızdağdan əsən küləy”in mehrinə səsləyirəm.

Çəklib baxdı qıya çəkdi,

Əllərinə boya çəkdi,

Qız, xalların nə göyçəkdi,

 De, səndən necə ayrılım.

«Necə ayrılım»

İradə Aytel

 

 

    Yazıya (321) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.