MƏNİM TANIDIĞIM NAMAZ MÜƏLLİM

Namaz muellim (1)Antik dövrlərdə yaşamış müdrik bir filosofun təbirincə desək, sözün əsl mənasında elm adamı hesab edilən şəxsin zəkası zülmətin bağrını sökməyə qadir olan işığa bənzəyir. Elə bir işığa ki, ən güclü küləklər belə onu söndürməyə qadir deyil. Şair qələmə aldığı şeirlərlə insanlara nəcib hisslər aşıladığı kimi, alim də ortaya qoyduğu əsərləriylə doğru-dürüst olanları hamıya təlqin etməyə çalışır.

İndiki günlərdə ömrünün yetmişinci aşırımından ötüb keçən Namaz müəllim-filologiya elmləri üzrə fəlsəfə doktoru Namaz müəllim, bir alim kimi layiq olduğu zirvəyə hər şeydən qabaq ağlı-zəkası və zəhməti hesabına yüksəlib. Belə demək mümkünsə, kiminsə kölgəsinə sığınmadan, hansısa bir nüfuzlu elm adamının ətəyindən yapışıb addımlamadan öz halal haqqına qovuşub. Ancaq bu mərtəbəyə qalxana qədər çox əziyyətlərə qatlaşmalı, görünən-görünməyən sədləri inadkarlığı və qətiyyəti sayəsində dəf etməli olub.

Adətən elm adamlarından söhbət düşəndə nədənsə ustad şairimiz Hüseyn Arifin özgəsinin yazdıqlarını “çırpışdırmaq” hesabına dırnaqarası alim olanlar haqqında qələmə aldığı bir şerinin aşağıdakı misraları yadıma düşür:

Alim tanıyıram qoca Qafqazın

Dupduru su kimi dibindən çıxır.

Alim var, bir əli Salman Mümtazın,

Bir əli Hümmətin cibindən çıxır…

Son iyirmi il ərzində yaxından tanıdığım, öz istedadı və zəhməti sayəsində bir sıra elmi uğurlara imza atan, minlərlə tələbənin, iş yoldaşlarının, alim həmkarlarının xətir-hörmətini qazanan Namaz müəllim elə illər öncəsi üz tutduğu elm sahəsini də öz bilik və bacarığı hesabına fəth edib. Aspiranturada təhsil aldığı illərdə ana dilimizin ən dərin məna qatları barədə bilgilərini zənginləşdirib. Bu sahənin korifeyləri hesab olunan elm xadimlərinin yazdıqlarından bəhrələnb, çağdaş günlərimizdə adları yaxın-uzaq elləri belə gəzib dolaşan dilçi alim-akademiklərdən Ağamusa Axundov, Afaq Ourbanov, Tofiq Hacıyev, Möhsün Nağısoy və başqaları ilə şəxsi tanışlığı ona getdiyi çətin yolda istəyinə-arzusuna qovuşacağına inandırıb.

Namaz Manafovun uşaqlıq, ilk gənclik və tələbəlik illəri bir çox yaşıdları ilə müqayisədə bir az fərqli olub. Yevlax şəhərindəki 1 saylı  orta məktəbdə oxuduğu illərdə çalışqanlığı və ədəbiyyata olan həvəsi ilə hamının diqqətini çəkib. 1967-1972-ci illərdə  M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil aldığı vaxtlarda isə yaxşı oxumaqla, alman və Azərbaycan dillərinin qrammatik qaydalarını dərindən öyrənməklə yanaşı, tələbə elmi cəmiyyətinin də ən fəal üzvlərindən olub. Oxuduğu ali məktəbin “Bilik” adlı çoxtirajlı qəzetində şeirləri və məqalələri dərc olunub.

Ali məktəbi bitirəndən sonra təyinatla göndərildiyi Tərtər rayonunun Hacıqərvənd və Burac kəndlərindəki məktəblərdə alman dili müəllimi işləyib. 1973-1974-cü illərdə hərbi xidmətini başa vurduqdan sonra yenidən pedaqoji fəaliyyətini davam etdirməklə, Yevlax şəhərindəki  5 və 15 saylı məktəblərdə ixtisası üzrə müəllim işləyib. 1977-1987-ci illərdə Yevlax rayonunda nəşr olunan “Təşəbbüs” qəzetində çalışmaqla bərabər, o vaxtkı Azərbaycan Jurnalistlər İttifaqının nəzdindəki Jurnalist Sənətkarlığı İnstitutunu da bitirib. 1982-ci ildə yenidən əmək fəaliyyətini pedaqoji sahədə davam etdirib. Yevlax şəhər 15 saylı dəmiryol orta məktəbində əvvəlcə ixtisası üzrə müəllim, sonra isə direktor müavini  vəzifəsində işləyib. 1991-1994-cü illərdə istehsalatdan ayrılmadan AMEA-nın İ. Nəsimi adına Dilşilik İnstitutunun aspiranturasında təhsil alıb. 1995-ci ildə isə elmi rəhbəri tanınmış dilçi alim Musa İslamovun rəhbərliyi ilə “Azərbaycan dili dialekt və şivələrində köməkçi nitq hissələri” mövzusunda qələmə aldığı dissertasiyası  Müdafiə Şurası üzvlərinin yekdil rəyi ilə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Namaz müəllim alim titulunu indiki vaxtlarda layiq olmadıqları halda əyri yollarla əldə edən bir sıra yüksək vəzifə adamları və imkanlı şəxslərə rəğmən  elmə, cəmiyyətə fayda vermək istəyi ilə, özü də halallıqla qazanıb.  Əvvəlcə bir vaxtlar Mingəçevirdə mövcud olan və 2000-ci ildə fəaliyyəti dayandırılan özəl ali məktəbdə baş müəllim, kafedra müdiri vəzifələrində işləyib. Bundan sonra Azərbaycan Müəllimləri İnstitutunun Mingəçevir filialında pedaqoji fakültənin dekanı olmaqla bərabər, dillər kafedrasına da rəhbərlik edib. Tələbə gənclərə elmi biliklər aşılamaqdan yorulmayan alim, son beş ildən bəri elmi-pedaqoji fəaliyyətini  Mingəçevir Dövlət Universitetinin humanitar fənlər kafedrasında dosent kimi davam etdirir.

Yeri gəlmişkən deyim ki, Namaz müəllim İllər boyu çalışqanlığı və bacarığı sayəsində əldə etdiyi elmi bilikləri başqaları ilə bölüşməyi həyat amalı hesab edən məhsuldar alimdir. Hazırda işlədiyi ali məktəbin bakalavr və magistratura pillələrində təhsil alan gənclərə ana dilimizi, onun tarixini, dialektologiyasını dərindən öyrətməyə çalışır, onları bu sahədə tətqiqatlar aparmağa sövq edir. Məhz bunun nəticəsi olaraq tələbə gənclər alimin  rəhbərliyi ilə 2018-ci ildə Qarabağ şivələrində işlənən, ancaq ədəbi dilimizdə təsadüf edilməyən 3800-dən artıq toplanmış yeni sözlər “Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” adı altında qiymətli dərs vəsaiti kimi nəşr olunmuşdur.

Ölkə prezidentinin sərəncamı ilə 2019-cu il “İmadəddin Nəsimi ili” elan edilədən sonra universitetin makistratura pilləsində təhsil alan gənclərin dahi şairin qəzəl və rübailərindəki ərəb və fars tərkibli sözləri toplayaraq izahını verdikləri  və hazırda çap prosesində olan dərs vəsaiti də Namaz müəllimin rəhbərliyi sayəsində ortaya qoyulmuşdur.

Alim kimi elmi fəaliyyəti çoxşaxəli olan Namaz Manafovun ədəbi yaradıcılığı da diqqətdən yayınmayıb. Vaxtıyla  mərhum şair Ağacavad Əlizadənin rəhbərlik etdiyi ədəbi birliyin ən fəal üzvlərindən olub. Qələmə aldığı şeir və alman dilindən etdiyi tərcümələrin bir qismi “Azərbaycan gəncləri” qəzetində, “Ulduz” jurnalında işıq üzü görüb. Azərbaycan televiziyası və dövlət radiosunun “Gənclik”  proqramında  mərhum yazıçı Yusif Kərimovun xeyir-duası ilə aparıcı Etibar Babayev tərəfindən səsləndirilib.

İndiki günlərimizə kimi xeyli sayda monoqrafiya, dərslik və metodik vəsaitin, 65 elmi məqalənin müəllifi olan, qələmə aldığı elmi əsərlərin bir qismi “Filologiya məsələləri”, “Elm və həyat”, “Təhsil” jurnallarında və Türkiyənin nüfuzlu “Qara dəniz” toplusunda (ingilis, türk, rus dillərində) dərc olunan, AFR-nın “Qara dəniz” toplusunda (ingilis, türk, rus dillərində) dərc olunan, AFR-nın Yena və Veymar şəhəhərlərində (2009cu ildə) və 2013-cü ildə isə İtaliyanın Tirol şəhərində düzənlənən alman dili müəllimlərinin XIV və XV qurultaylarında nümayəndə kimi iştirak edib.

Hamının istedadlı və xeirxah alim kimi tanıdığı Namaz müəllim, həm də istiqanlı, söhbətcil, sənətə-sənət adamlarına yüksək dəyər verən insandır. Onun bir vaxtlar yaxından təmasda olduğu və yeri gələndə ehtiram hissiylə yad etdiyi görkəmli şairlər- Süleyman Rüstəm, Osman Sarıvəlli, Tofiq Bayram, İslam Səfərli, Məmməd İsmayıl və Nüsrət Kəsəmənli ilə bağlı söhbətləri də bunun ən bariz nümunələrindən biridir.

Namaz müəllim həm də çoxlarının qibtə edəcəyi ailəyə sahibdir. Ömür-gün yoldaşı Maarifə Manafova ötən ildən Mingəçevir Dövlət Universitetində işləyir, bu yaxınlarda İ. Nəsimi adına Dilçilik İnstitutunda filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi ilı bağlı tədqiqat işini uğurla müdafiə edib. Oğlu İlkin iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Qızı Rizvanə də elmə böyük maraq göstərir-Moskva Dövlət Pedaqoji Universitetinin magistratura və aspiranturasını bitirəndən sonra Bakı şəhərindəki məktəblərdən birinin rus dili bölməsində çalışır. Yubilyar alimin elmə yönəlik həvəsindən bəhrələnən qardaşı Manaf və onun həyat yoldaşı İradə xanım Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunda işləyirlər və hər ikisi kimya elmləri üzrə fəlsəfə doktorudur.

Həcm baxımından o qədər də böyük olmayan yazıda indiki günlərdə vüsalına çatdığı 70 yaşının sevincini çoxları ilə  paylaşmağa hazır olan və dayandığı ömrün zirvəsindən sabaha boylanan tanınmış bir alimin həyat yoluna və elmi fəaliyyətinə bələdçilik etməyə şalışdım. Elə buna görə də, sonda haqqım var ki, ona: “İstəkli, mehriban alim dostum, yubileyin mübarək!” sözlərini bir az da ucadan söyləyim.

İsmayıl İmanzadə

AYB Mingəçevir bölməsinin sədri

Yazıya 1127 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.