AKİF ABBASOV – “CAMIŞ”

AKİF SON ŞƏKİL
(hekayə)
Söyüdlü kəndində Allahverdi ilə Xudaverdi deyilən iki mehriban qonşu vardı. Hərəsinin də 4-5 qızı, oğlu. Bu iki nəfər qonşu olmaqdan savayı yaxşı dost, yoldaş, sirdaş, Allah adamı idilər. Bunlara baxıb arvad-uşaqları da mehribanlaşmışdılar. Qadınlar bayramlarda bir-birinə pay göndərər, şəkərburanı, paxlavanı, şor qoğalını əvvəlcə birinin evində – onlarçın, sonra bu birisinin evində – bunlarçın bişirərdilər ki, hansınasa ağırlıq düşməsin. Beləcə Novruz bayramını şadyanalıqla qarşılardılar. Tonqal üstündən atılar, ağırlıqlarını-uğuluqlarını atardılar. Papaqatdı da öz yerində.
Kişilər toya-yasa bir gedər, bir oturar, bir qayıdardılar. Axşamlar mürəbbəli çay içə-içə gah bunun, gah onun yaşıllığa qərq olmuş həyətində nərd oynayardılar.
Bəzən bu iki ailə evin qarşısında qoyulmuş uzun və enli stolun arxasına yığışıb şam yeməyini də birgə yeyərdilər. İllah ki, bunlardan biri manqal qalayıb, şişləri manqala qoyanda.
Kənd əhli bu ili ailəyə baxıb həsəd aparar, bəziləri hətta onlardan nümunə götürməyə çalışardılar. Bəzisində alınırdı, bəzisində yox.
Əlqərəz, Allahverdi ilə Xudaverdinin ailəsi bir-birinə necə deyərlər “can deyib, can eşidirdi”.
Bu fani dünyada adama nə lazımdır? Xoş ünsiyyət və rəftar, güzəran, qarşılıqlı anlama, səmimi və düz olmaq, bir-birinin paxıllığını çəkməmək! Yaxşı qonşuya can qurban!
Amma qonşuluğun yazılmamış qanunları var. Vəzifəsindən, yaşından, cinsindən, varından-karından asılı olmayaraq insanlar qonşuluq qaydalarını gərək pozmasınlar.
Allahverdi bir ətək xərc çəkib pomidor, xiyar, bibər, badımcan şitilləri almış, cərgə və səliqə ilə onları əkmişdi. Göy-göyərtini də unutmamışdı. Baxırdın, ürəyin açılırdı. Təzə-təzə cana gəlirdilər. Az keçmiş pomidoru, xiyarı, bibəri, badımcanı uzağa getmədən elə həyətlərindəcə dərib yeyəcəkdilər. Öz əlinlə, öz zəhmətinlə əkdiyin məhsulun bəhrəsini görməyin özgə ləzzəti var.
Allahverdi öz həyət-bacası ola-ola bazara gedib yumurta, göy-göyərti, pomidor, xiyar, bibər, badımcan, kartof, soğan alanlara birtəhər baxırdı: “Boş sahəsi olan şəxs də bunlara pul verər? Hamısı tənbəllikdəndir. Tənbəllik basıb bunları”.
Allahverdi toyuq-cücə, mal-heyvan da saxlayırdı. Südü-süd, qatığı – qatıq, əti – ət! Mer-meyvəyə, giləmeyvəyə də pul verməzdi. Hər meyvə, giləmeyvə ağacından bir-ikisi vardı həyətində. Əncir, tut, alma, armud, ərik, albalı, gilas, şaftalı…
Xudaverdi də Allahverdi xasiyyətdə idi. Ondan geri qalmazdı. Həyət-bacanın bəhəri ailəsinin dadına çatırdı.
Günlərin birində üzqızardıcı hadisə baş verdi. Xudaverdi bir-iki gün Allahverdinin gözünə görünmədi. Zalxa da eləcə, Xuramandan gizləndi.
Nə baş vermişdi?
Sən demə, gecə hamı yatandan sonra Xudaverdinin camışı kəndirini qırıb qonşunun həyətinə keçmiş, əkin yerini ayaqlamış, Allahverdinin bütün zəhmətini puça çıxarmış, ruzisini kəsmişdi.
Xudaverdi bundan sübh çağı xəbər tutmuş, dəyənəyi əlinə alaraq, özünü Allahverdinin həyətinə atmış, camışı dəyənəyə tutmuşdu: “Ay çər dəymiş, gör bir nə iş tutdun! Bizi rüsvayi-cahan etdin!”
Amma çifayda. Olan olmuşdu.
İndi evdə sakitcə oturaraq qonşunun nə zaman üstlərinə gələcəyini, söyüb-yamanlayacağını gözləyirdi. Bir gün keçdi, iki gün keçdi. Səs-soraq çıxmadı. Üçüncü gün Allahverdi qapını döydü:
-Ay qonşu!
Onun səsini eşidən Xudaverdi ayağa sıçradı. Qeyri-ixtiyarı arvadına baxdı. Zalxa çiyinlərini çəkdi.
-Xudaverdi, can qurban, təqsirkarıq, Allahverdi nə desə, cavab vermə, üzünə qayıtma. Kişi haqqını tələb edir də. Kim dözər buna?
Xudaverdi başı ilə təsdiq edib daha dayanmadı, qapıya çıxdı. Allahverdi hirsli deyildi. Bəlkə əhvalı bir az da yaxşı idi. O, Xudaverdini büzüşmüş, balacalaşmış, acizləşmiş görüb:
-Sənə nə olub, qonşu? Heç özündə-sözündə deyilsən. Zalxa bacı da görünmür. Gözümə bir təhər dəyirsən. Xəstələnməmisən ki?
Xudaverdi titrək səslə onun sualına sualla cavab verdi:
-Səncə necə olaram? Əzilmiş pomidor kimi.
Allahverdi narahat oldu. Qaşları düyünləndi:
-Niyə, ay kişi? Əzilmiş pomidor kimi neyçin?
Xudaverdi başını aşağı saldı:
-Nə üzlə gözünə görünüm?
Allahverdi mat-məəttəl qalmışdı: “Görəsən qonşuya nə olub? Halı pərişandır”.
-Bu nə sözüdür?
-Başı batmış camış kəndirini qırıb keçib siz tərəfə. Əkində-biçində israhat qoymayıb. Neçə gündür əlimizi yanımıza salıb kor-peşman gözləyirik ki, nə zaman gəlib bizim abrımızı ətəyimizə tökəcək, dişinin dibindən çıxanı da deyəcəksən. Nə desən – haqlısan!
Allahverdi əlini onun çiyninə qoydu:
-Nə danışırsan, qonşu? Elə şey olar?
Xudaverdi peşman:
-Vallah düz sözümdür, – dedi. –Sən yaxşı adamsan. Başqası olsaydı tufan qoparardı. Bu neçə gündə nə bir kəlmə danışdın, nə də dedin.
Allahverdi gülərək əllərini bir-birinə vurdu:
-A qonşu, ay Xudaverdi, biz təkcə qonşu deyilik, qardaşıq. Gor yoldaşıyıq. Belə xırda-xuruş işlərə görə heç sənin üstünə gələrəm?! Qəsdən etməmisiniz ki… Ağzında heyvan deyirsən. Özü də dilsiz-ağızsıq heyvan. Anlasaydı – eləməzdi. Kefini pozma. Olan şeydir. Təki elə dərdimiz belə şeylər olsun. Əgər buna görə səsimi başıma atsaydım, mən də olardım CAMIŞ!
Xudaverdi yaxınlaşıb Allahverdinin boynunu qucaqladı. Onun gözləri yaşarmışdı.

 

 

Yazıya 518 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.