Akif ABBASOV – “TATANXANIM”

akif abbasov (hekayə)

         Tatanxanım kasıb ailədən idi. Təhsil də görməmişdi ki, fərli bir işin qulpundan yaşışsın. Atası erkən dünyasını dəyişmişdi. Qalmışdı anasının ümidinə. Son illər xəstə olduğundan anası qalmışdı Tatanxanımın ümidinə. Yaşamaq, dolanmaq, geyinib-keçinmək lazım idi. Necə, nə ilə? Heç kommunal xərclərini ödəyə bilmirdilər. Qaz idarəsindən gəlib hədələyirdilər – “məhkəməyə verəcəyik”. İşıq idarəsi barmaq silkələyirdi – qışın oğlan çağında işıqsız qalacaqsınız!  Su idarəsindən gələnlər də “Başınıza çarə qılın. Suyunuzu kəsəcik, ayaqyoluna da gedə bilməyəcəksiniz, çaysız, hamamsız qalacaqsınız”.

         Zəminə arvad bunları eşidib göz yaşlarını sinəsinə tökürdü: “İlahi, gor nə gündəyik!”

         Tatanxanım gəlib-gedənə bir söz deyə bilmir, sıxılıb-boğulur, anasının halına baxıb ölüb-dirilirdi.

         İş tapmaq ümidi ilə açmadığı qapı qalmamışdı.  Bəzən “Özümüz iş axtarırıq, tapsan, bizə də xəbər ver” – deyib  onu dolayırdılar. 

         Tatanxanım gəzə-gəzə gəlib bir mağazanın qabağında dayandı.  Müdiri soruşub otağına girdi. Müdir başını qaldırıb baxdı. Soruşmağa ərinib çənəsini qaldırdı: “Yəni, buyur, nə sözün var”.

         Tatanxanım utana-utana, çəkinə-çəkinə:

         -Sizdə iş olar?

         -Özünə istəyirsən?

         -Hə.

         Varlı Karlıyev Tatanxanımı başdan ayağa süzüb:

         -Ay qızım, ay bala, əslinə baxsan, satıcı axtarıram. Amma satıcılıq sənin kimi nərmə-nazik, abırlı qız üçün deyil. Görürəm ana uşağısan. Sadəlövhsən. Üzün üzlər görməyib. Satıcı qız diribaş, şirin dil, istiqanlı ola gərək, hərəni öz dilində danışdıra, dindirə. Özündən çıxanı sakitləşdirməyi bacara. Bir az da əhlikef ola… Sən bunları bacarmazsan. Az keçər, ağlaya-ağla gələsən əminin yanıma ki, məni işdən çıxar…

         Tatanxanımın ümidləri qırıldı. Boş yer olduğu halda mağaza müdiri onu işə götürmürdü. Tatanxanımı ağlamaq tutdu:  

         -Varlı müəllim, çalışaram, öyrənərəm.

         Varlı Karlıyev:

         -Özünə əziyyət vermə. Mən insanları yaxşı tanıyıram. Gör neçə ildir mağaza işlədirəm. Gözəl-göyçək qızsan. Gəlib-gedənin hərəsinin ağzından bir avaz gəlir. Söyəni də olur, qışqıranı da, söz atanı da. Sırtılarsan, bala!

         Araya sakitlik çökdü. Varlı Karlıyev nəsə fikrə getmişdi. Birdən  ayağa qalxıb:

         -Bir iş var. Amma o da sənlik deyil. Daha doğrusu, sənin kimi qıza yaraşdırmıram.

         Tatanxanım cəld:

         -Nə işdir o? – deyə soruşdu.

         -Heç. İşin adını çəkib səni alçaltmaq istəmirəm.

         -Deyin, xahiş edirəm.

          -Xadimə yeri.

         -Olsun. Güman yerim, köməyim yoxdur. Heç olmasa bilərəm ki, ayda 5-10 manat alacağam. Anam xəstədir. Xahiş edirəm.

         -Üzr vurma. Sənə yaraşan iş deyil. Məni də qınayarlar ki, belə cavan, gözəl qızı xadimə götürmüsən.

         -Nə olsun, özüm istəmişəm.Kkim soruşsa, deyərəm, yalvar-yaxar edib bu işi almışam.

         -Adın nədir?

         -Tatanxanım?

         -Nə?

         -Tatanxanım.

         -Ay qız, Tatanxanım nədir? Birinci dəfədir belə ad eşidirəm.

         -Nə bilim, rəhmətlik atam “Tatan bala”, “Tatan bala” deyib məni əzizləyirmiş. O rəhmətə gedəndən sonra anam gedib adımı Tatanxanım yazdırıb ki, hər dəfə adını çəkəndə, elə bilirəm atan sağdır.

         -Bəs əsl adın nədir?

         -Mələkxanım.

         -Hə, bu yaxşı addır. Lap Mələk kimi qızsan. Saf, sadə, tərbiyəli, qanacaqlı… İndi özün de, Mələkxanıma xadiməliyi necə tapşırım? Birinci dəfədir səni görürəm. Amma bu işi qıymıram sənə. Amma ürəyini sıxma, sənə iş verəcəyəm.

         Tatanxanım sevindi. Üzü güldü. Varlı Karlıyev sözünə davam etdi:

         -Sənin iş yerin mənim evim olacaq. Bizə bir qulluqçu lazımdır. Xətrinə dəyməsin. Qulluqçu deyəndə pis səslənir. Bilmirəm bu işin adını kim belə  qoyub?!  Qulluqçu deyəndə ki əslində əlin, ayağın quru olacaq. Bir mənəm, bir də arvadım. Oğuldan-uşaqdan bir varis yoxumdur. Olarsan bizim qız. Nə deyirsən? Mən səhər çıxıb axşam gəlirəm.  Bütün günü arvad evdədir. Zalımım qızı tənbəlin biridir. Durub qarnına yemək yeməyə də ərinir.

         Tatanxanımın diqqətlə qulaq asdığını görən müdir sözünə davam etdi:

         -Sənin vəzifən bilirsən nə olacaq?

         Tatanxanım dinmədi. Nə bilsin nə olacaq. Nə buyursalar, o da olacaq. Olsun da. Daş daşımayacaq,  yük qaldırmayacaq.

         -Evi-eşiyi yığışdıracaq, yeməyimizi-içməyimizi hazırlayacaqsan. Pal-paltar yuyub ütüləyəcəksən. Bir də otaqları yığışdıracaqsan. Hə, bir də tez-tez qonaqlarım olur. Yaxşı süfrə açarsan. 

         -Bəs bazarlıq?

         -Bazarlıq sənlik deyil. Sən alınacaq şeylərin siyahısını verəcəksən, sürücüm alıb gətirəcək.  Danışdıq?

         Tatanxanım çox sevindi. Dolana biləcəkdilər. Kommunal xərcləri kəllə çarxa çıxıb. İşığı, qazı yandırmağa qorxur, suyu damcı-damcı işlədirlər. Gündə üç dəfə yemək yeməlidirlər. Anası üçün həkimin yazdığı dərmanları almalıdır. Hansı pulla? Ata yox, qardaş yox, qohum-əqrəba da öz hayında. Kimə deyəsən onlara əl tutsun? Əl tutan da bir dəfə kömək edər, uzağı iki dəfə. Sonra üzünü çevirib gedər, deyər daha bundan belə məni narahat etmə.

         Tatanxanım başladı Varlı Karlıyevin evində quluqçuluğa. Cani-dildən çalışırdı. Dadlı yeməklər hazırlayırdı. Evdə çox yaxşı səliqə-sahman yaratmışdı. Otaqlar adamım üzünə gülürdü. Varlı Karlıyev də ona yaxşı pul verirdi.

         Hər şey gözəl idi. Evin xanımının xasiyyətindən, ədasından başqa. Gülmə Şəkərova Tatanxanımım gününü qara eləmişdi. Dəqiqə başı ona buyurur, üstünə qışqırırdı.  Gördüyü işlərin də hərəsində bir “əmma” tapırdı. Tatanxanın belə dözülməz  zamanlarda özünün qulluqçu olduğunu anlayırdı. Varlı Karlıyev arvadının xasiyyətini bildiyindən Tatanxanıma demişdi ki, Gülmə Şəkərovaya fikir verməsin, üzünə ağ olmasın.

Tatanxanım  çoxdan çıxıb gedərdi bu evdən. Dözə bilmirdi, bıçaq sümüyə dirənmişdi. Qarşısını kəsən iki şey idi: ailəsinin vəziyyəti, bir də Varlı Karlıyevin insanpərvərliyi. İşini atıb getsəydi, kim ona iş verəcəkdi? Yenə dilənçi gününə düşəcəkdilər. İndi evdə vəziyyət yaxşı idi, anası müalicə olunur, dərmanları vaxtlı-vaxtında alınır, evdə qazan qaynayırdı. Kommunal borcları da yox idi. İşığı, qazı, suyu genə-bol işlədirdilər.

İnsafən Varlı Karlıyev xeyirxah, rəhmdil, xoşrəftar adam idi. Arvadının əlindən o da bezara qalmışdı. Tatanxanım əvvəllər elə bilirdi ki, Gülmə Şəkərova təkcə onunla pis davranır. Sonra gördü ki, onun öz əri ilə münasibəti də dözülməzdir. Varlı Karlıyevin elə ki, qonağı gəlirdi, onlar çıxıb gedənə kimi Gülmə Şəkərova fısıldayırdı. Qonaqlar gedəndən sonra isə, evdə bir həşir qopurdu ki, gəl görəsən. Qonaq qəbul etməyini Varlı Karlıyevin burnundan tökürdü.  Qonaq deyəndə kim idi bu qonaqlar? Varlı Karlıyevin qohum-əqrəbası. Onlara necə deyəydi ki, bizə gəlməyin.

Bax, belə-belə işlər.

Hərdən Tatanxanım fikirləşirdi: “Görəsən bu qadına nə lazımdır? Topdağıtmaz evin-eşiyi,  xanımlar kimi dolanışığı, əladan əla geyimi-keçimi, istirahəti, pulu, əyləncələri…Avtobus, metro nədir bilmir. Hara lazımdır sürücü aparır. Kinoya, konsertə, ad gününə, toya…”

 Tatanxanımın isə ülə günü olub ki,  metroya minməyə 5 qəpik tapmayıb. 

Bir dəfə Gülmə Şəkərova ərini haldan necə çıxardısa, Varlı Karlıyev onun qolundan tutub küçəyə atdı:

-Daha sən adda mənim arvadım yoxdur. Get, hikkəni atanın, ananın yanında yerit…

Gülmə Şəkərova istehza ilə ona baxaraq:

-Baxarıq. Dalımca gəlib yalvaracaqsan ki, evə qayıdım. Onda baxacağam halına.

Amma Varlı Karlıyev onun dalınca getmədi. Üzünü Tatanxanıma tutub:

-Mənə ərə gələrsən? – deyə xəbər aldı.

Tatanxanım key-key onun üzünə baxdı.

Varlı Karlıyev təkrar etdi:

-Deyirəm mənə ərə gələrsən? Onsuz da o gorbagor qızı mənə arvadlıq eləmirdi. Əlini ağdan qaraya vurmurdu. Qudurmuşdu köpəyin qızı. Yaxşı ki, rədd olub getdi.

Varlı Karlıyev Tatanxanıma yaxın gəldi: 

-Onsuz da evin bütün işlərini sən görürdün. Evin qulluqçusu da sən idin, xanımı da. Bu evin xanımı olmağa sən layiqsən. Əlini mənə ver.

Tatanxanın əlini uzatdı. Varlı Karlıyev onun əlindən tutub:

-İndi de görüm, mənə ərə gələrsən? – deyə xəbər aldı.

Tatanxanımın gözləri doldu. 

Bu mağaza müdirləri, satıcılar haqqında çox hədyanlar eşitmişdi. Deyirdilər,  ataları da, anaları da puldur. Gözləri puldan başqa heç nə görmür. Sən demə, yalan imiş. Varlı Karliyevin var-dövləti aşıb-daşırdı. Amma özünü çəkmirdi, başqalarını incitmirdi, mərdimazar deyildi. Əlindən ancaq yaxşılıq gəlirdi.  İşi, gücü, ticarəti, varı-dövləti, hər şeyi vardı. Bu neçə müddətdə bircə dəfə də Tatanxanıma əyri gözlə baxmamış, xətrinə dəyən söz deməmişdi. Köməksiz vəziyyətindən istifadə edərək ona əl uzatmamışdı. Həmişə ona qayğı ilə yanaşmış, iş vermiş, maaş kəsmişdi. Tatanxanım da, anası da Varlı Karliyevin sayəsində özlərinə gəlmişdilər.

 

İndi bu adlı-sanlı, dövlətli insan evində qulluqçu işləyən, otaqları yığışdıran kasıb bir qızla  evlənmək istəyirdi. İlahi bunun necə böyük ürəyi varmış! Sevindiyindən Tatanxanımın dili söz tutmurdu. Odur ki, başının işarəsi ilə, razı olduğunu  bildirdi.   

Varlı Karlıyev seçimində yanılmadı. Tatanxanım həqiqətən Varlı Karlıyevə yaxşı arvad oldu.  Yalnız onunla evlənəndən sonra evində bir gün, rahatlıq gördü. Bir qızları da oldu. Adını Leyla qoydular. Varlı Karlıyev Tatanxanımın razılığı ilə onun adını dəyişdirib Mələkxanım yazdırdı.

….İllər keçdi. Varlı Karlıyev dünyasını dəyişdi. Tatanxanımın anası da dünyadan köçdü. Varlı Karlıyevin topdağıtmaz evi-eşiyi vardı. Uzun illər mağazada müdir işləmiş, yaxşı pul qazanmışdı. Əlinə düşən pulları qızıl onluqlara dəyişib yığmışdı başının altına. Var-dövlət, ev-eşik – hamısı Tatanxanıma qalmışdı.

İndi Tatanxanım  olmuşdu rayonun sayılıb-seçilən, varlı xanımlarından biri. Belə varlı xanımın qızını heç qoyardılarmı evdə qalsın?! Qohumu  Mahmud  kişi dərhal elçi gəlib  Leylanı aldı oğlu Məlikə. Məlik də oldu dünyanın xoşbəxti.   Qayınanası layiqli, ləyaqətli qadın, həyat yoldaşı Leyla da sədaqətli, gözəl xanım. Maddi tərəfi də ki, məlum! Kefi kök idi.

Bir dəfə oturub televizora baxırdılar. Birdən necə oldusa Məlik Leyladan soruşdu:

-Leylacan, sənin ananın adı nə idi?

Leyla təəccüblə ona baxdı:

-Anamın adını bilmirsən ki, məndən soruşursan? Mələkxanımdır da.

-Yox, indiki adını demirəm, əvvəlki adını.

-Tatanxanım.

-Yox, nə Tatanxanım? Tatanxanım deyildi.

-Belə çıxır ki, mən anamın əvvəlki adını bilmirəm?! Tatanxanım idi.

-Tapmadın. Daha doğrusu, bilmədin.

-Necə bilmədim?

-Sənin ananın adı Lapdanxanım olub.

-Nə Lapdanxanım? Tatanxanım idi. Lapdanxanım niyə?

Mərdan:

-İndi deyərəm niyə. Eşitdiyimə görə anan Varlı dayının evini yığışdırırmış. Yəni onun qulluqçusu olub.

Ərinin belə danışmağı Leylaya xoş gəlmədi: “Bu nə çərənləyir?”

-Hə, nə olsun? Burda nə var ki?

-Birdən Varlı dayı arvadı Gülmə Şəkərovanı qovub ananı özünə arvad edib, hə?

-Hə, nə olsun ki?

-Ətrafda arvadını boşayıb başqa arvad alan nə qədər adam var… Lapdanxanımın bura nə dəxli var?

-Dəxli budur ki,  Tatanxanım birdən-birə Lapdanxanım olub. Yəni var-dövlətə lapdan yiyələnib.

-Ananmı dolayırsan?

-Dolamaq niyə?

-Məlik, atam elə belə gic-gic danışıqlara və axmaq hərəkətlərə görə əvvəlki arvadını evdən qovub. Gülmə Şəkərova onun da, var-dövlətin də qədrini bilmədi, ona görə hamısı əlindən çıxdı. Anam isə başını aşağı salıb, sənin dediyin kimi, qulluqçuluq edirmiş. Hə, düz deyirsən, ev yığışdırırmış, qab yuyurmuş, süfrə salıb, süfrəni yığışdırırmış, hətta…hə, ürəyin yerinə gəlsin, ayaqyolunu da təmizləyirmiş…

Leylanın gözləri dolmuşdu. Əri onun ürəyini sındırmışdı.

Məlik onun ağladığını görüb irəli yeridi, sakitləşdirmək istədi. Leyla onun əlini kənara itələyib, söhbətinə davam etdi:

-Anam, bir əlcə çörəyə möhtac olub,  zəhmətkeş, başıaşağa, namuslu, ismətli  qadın olduğundan atamın rəğbətini qazanıb. Anam – varlı Karlıyevə – atama sədaqətli idi. Ona görə də var-dövlət yiyəsi oldu. Bir də burada qəribə heç nə yoxdur. Varlı Karlıyev mənim atamdır, ona görə atamın var-dövləti mənə, mənim anama, onun arvadına  qismət olub. Biz başqasının yox, atamın çörəyini yeyirik. Anam da, mən də, sən də. Məni məcbur elədin deməyə: zarafatın həddi-hüdudu var. Adamla onun ürəyini parçalayan, onu alçaldan belə zarafat etmirlər.

          Söz gəlib, gərək deyəm: mənim anam Lapdanxanım deyil, o, qanuni, kəbinli ərinin var-dövlətinə yiyələnib, sən isə anamın varının-dövlətinin sahibi olursan. Bu gedişatla ola bilsən əgər. Lapdanxanım deyirsən. Yəni hazırına nazir olan? Eləmi? Hazırına nazir olan əslində sənsən. Ətrafında, qonum-qonşuda, qohumlarda kasıb, az təminatlı ailələrdən olan qızlar yox idimi? Niyə onlardan biri ilə evlənmədin? Məni seçdin. Bu, səbəbsiz deyildi. Tatanxanım kimi varlı qadının qızı idim. Deməli, lapdan qapan sən olmusan, anam yox! Ona görə də sənə gərək  Lapdanqapan deyək!   

        Məliki tər basdı.  Başına sanki qaynar su tökdülər. Çox pərt və peşman olmuşdu. Yersiz zarafatının belə nəticələnəcəyini gözləmirdi. Belə yerdə deyirlər ki, zarafat dostluğun qayçısıdır! Məlik lal-dinməz papağını götürüb evdən çıxdı.

                                       Bakı, 09 noyabr 2019-cu il

 

  

Yazıya 598 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.