Elşən Əzim – “Bir ovuc Xocalı torpağı”

elşənəzim30Götür, bir ovuc XOCALI torpağını sıx!
Bir içim qan çıxacaq
içə bilməyəcəksən,
nə də qanlı əlini
aça bilməyəcəksən.
Barmaqların arasından
qan yerə töküləcək,
qan yenə töküləcək,
yenə yerdə qalacaq.

Qəlbimizi qubar edən,
dilimizi qabar edən
bir söz əzbərləmişik:
“bu qan yerdə qalmayacaq”
Bu şüarın qara, yekə hərfləri
Xocalının torpağına
xal-xal düşən
qana bənzəyir.
Öldürülən körpənin
oyulmuş gözlərinə bənzəyir.
Bu şüar
qorxağın döyülərkən
qaçaraq söylədiyi
“baxarsan”, “görərsən”
sözlərinə bənzəyir.

Qan yerdən əl çəkən deyil
onu özbaşına qoysan.
Yenidən qızaracaq,
yenidən sulanacaq
qanı göz yaşına qoysan.
Qanı nəyə bənzədim mən,
ona təşbeh sayılacaq
hansı fikir, hansı deyim?
o havaya buxarlanmır,
o havayı buxarlanmır
qan su deyil.

Qanı yerdən qaldırmaqçün
gözündəki qorxunu yıx.
Götür bir ovuc Xocalı torpağını sıx.
Qanla dolacaq ovcun
çırp üzünə,
dolsun gözünə.
Sonra da bax qançanağı gözlərinlə
düşmənə sarı.
Bax onda şüarçılar
söyləsin qışqıraraq
haqqında danışdığım
pafoslu şüarı.

Yazıya 622 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.