AKİF ABBASOV UĞURLU MƏHƏMMƏD FATEH SULTAN MƏHMƏTİN HÜZURUNDA

akif abbasov (“Fateh Sultan Məhmət” romanından)

İsti adamın nəfəsini kəsirdi. Hava boğanaq olduğundan ağacın, yaxud hər hansı tikilinin kölgəsi köməyə yetə bilmirdi. Tər adamı yuyub aparır, az qalırdı boğulasan. Günəş altına çıxmaq təhlükəli idi. Adamı gün vura bilərdi və günvurmadan neçəsinin başı gicəllənib yolda-irzdə düşüb qalmışdı.

Belə havada döyüşə girmək çox çətin olardı. Bir neçə əsgəri artıq gün vurmuşdu. Həkimlər onların başının üstünü kəsdirmişdilər.

* * *

Fateh Sultan Məhməd  Yeni Sarayda (hazırda Topqapı Sarayı) taxtında əyləşmişdi

Haşiyə. Paytaxt Ədirnədən Konstantinipola köçdüyündənFateh Sultan Məhmət bu şəhərdə  bir saray tikilməsinə qərar verdi. Osmanlı sultanların əvvəlki iqamətgahından fərqlənsin deyə  bu möhtəşəm tikiliyə  “Yeni Saray”  adı verildi və o,   dörd əsr Osmanlı sultanlarının iqamətgahına çevrildi. Sarayının inşasına 1459-cu ildə başlanılmışdı. Fateh Sultan Məhmət  sarayın layihəsinin hazırlanmasında yaxından iştirak etmişdi. Bu mənada o, əsas  memarlardan biri sayılırdı. Digər memarlar  Əlaəddin Davud Ağa və Memar Sinan   idilər.  Tikinti 1465-ci ildə başa çatdı. Saray kompleksi dörd həyətdən və çoxlu kiçik binalardan ibarət idi.  Kompleksə həm də  məscidlər, xəstəxana, çörəkxanalar və digər tiklilər  daxil idi.  Burada təntənəli qəbullar keçirilir, əyləncə məclisləri qurulurdu  (“Yeni Saray”   XIX əsrdən etibarən Topqapı adlandırıldı). Saray hazırda muzey olaraq fəaliyyətdədir. Burada Həzrəti Məhəmməd peyğəmbərin əbası və qılıncı mühafizə olunur.

Uğurlu Məhəmmədi Fatehin hüzuruna  gətirdilər.

Fateh Sultan Məhmət  hündür və orta boylu, yay qaşlı, incə sifətli, qırmızı yanaqlı, dolğun vücudlu və  heybətli, zəhmli və qaşqabaqlı bir şəxs idi. Cod saqqalı, qara, qalın saçları vardı, qartal  burunlu idi.

Sultan II Məhmət diqqətlə və eyni zamanda sınayıcı nəzərlərlə onu süzdü. Fatehlə Uzun Həsən rəqib idilər. Uğurlu Məhəmməd Uzun Həsənin oğlu idi. Rəqib hökmdarın övladı Fatehə sığınmağa gəlmişdi. Ona inanmaq olardımı? Uğurlu Məhəmmədin öz atası ilə arası dəymişdi. Nə olsun? Hər halda bir can, bir qan idilər. Bu cavan oğlan Uzun Həsənin belindən gəlmişdi. Gec-tez barışa bilərdilər. Ata-oğul idilər. Öz  doğma atasından üz döndərən bir oğula bel bağlamaq olardımı? Məhəmməd bir müddət sonra Fatehə də arxa çevirə bilərdi.

Bütün bunlar barədə fikirləşən Fateh Uğurlu Məhəmmədə:

-Deməli, mənə pənah gətirmisən…-dedi.

Uğurlu Məhəmməd əlini sinəsinə qoyub baş əydi:

-Bəli, böyük fateh!

Onun cavabı Fatehin xoşuna gəldi.

-Sən əlində qılınc bizə qarşı vuruşmusan?  Malatya və Otluqbeli döyüşlərində neçə-neçə türkü qanına bulamısan.

-Əlahəzrət, bu, müharibənin qanunlarıdır. O həyatımdan uzaqlaşmışam artıq. Osmanlı həyatı yaşayacağam.

-Bəs Uzun Həsən? Sənin atan necə olsun?

Uğurlu Məhəmməd udqundu. O bu barədə fikirləşmişdi. Bilirdi ki, Fatehin birinci sualı bu olacaq. Sultan II Məhməti  öz səmimiyyətinə inandırmaq çətin olacaq. Uğurlu Məhəmməd sözə başladı:

-Böyük hökmdar, atam Uzun Həsənlə aramda böyük uçurum yarandı. Bu uçurumu heç cür aşa bilməyəcəyəm. O heç zaman məni bağışlamayacaq. Mən ona xəyanət etmişəm. Xəyanət çox böyük günahdır. Bundan başqa, qardaşım Xəlil də qanıma susayıb. Əlinə keçən kimi axırıma çıxacaq.

Fatehin dinmədiyini, ona diqqətlə, göz götürmədən baxdığını görüb dedi:

-Fikirləşirsiniz ki, doğma atasına xəyanət edən bir şəxsə necə bel bağlamaq olar? Xəyanət etməyin acısını dadmışam. Ona görə də bir daha bu səhvə yol verməyəcəyəm.

Fateh öz-özünə: “Doğru buyurur. Uzun Həsənin əlinə keçən kimi bunun kəlləsini alacaq. Bu, sözsüz, belədir. Bu cavan artıq günaha batıb, bunun cəzasını çəkir. Yəqin nəticə çıxarıb ikinci xəyanətə yol verməz. Ona etimad göstərsəm, məni peşman etməz yəqin”.

Sultan II Məhmətin ürəyindən keçənlərdən Uğurlu Məhəmməd də, təbii ki, xəbərdar idi. Odur ki dedi:

-Sizə söz verirəm. Fatehə sədaqətli olacağıma and içirəm!

Fateh qaşını qaldırdı:

-Sözdə, yoxsa əməldə?

Uğurlu Məhəmməd tez:

-Əməldə, hökmdarım, əməlimdə, – dedi. –Bu andımı pozsam, qanım sizə halaldır.

Əslində Sultan II Məhmətin əlinə yaxşı fürsət düşmüşdü. Uzun Həsən Otluqbeli savaşında məğlub olandan sonra acığından zəncir çeynəyirdi. Vəziyyətini düzəltmək üçün güclü müttəfiqlər axtarır, Avropa dövlətləri ilə əlaqələrini genişləndirirdi. II Məhmət bunun qarşısını almaq, ona göz açmağa imkan verməmək, Ağqoyunlu dövlətini zəiflədib aradan götürmək barədə fikirləşirdi. Fateh Uzun Həsənlə yeni bir müharibəyə başlamaq istəyirdi. Odur ki, Xorasan hakimi Hüseyn Baykaraya bir məktub göndərdi. Xorasan hakimi məktubu oxuyub fikrə getdi.  Fateh Ağqoyunlu dövləti üzərinə getmək istədiyindən söz açır və bu müharibədə onu özünə müttəfiq hesab edirdi. Razılıq verərsə, iki tərəfdən Uzun Həsənin üzərinə hücum edərdilər”.

Xorasan hakimi məktubu cavabsız qoymuş, belə anlarda Uğurlu Məhəmməd öz ayağı ilə onun hüzuruna gəlmişdi. Bu, çox yaxşı variant idi. Öz məqsədi üçün Uğurlu Məhəmməddən istifadə edib Azərbaycan torpaqlarına yiyələnə bilərdi. Taxta Uğurlu Məhəmmədi çıxaracaq, faktiki ölkəni özü idarə edəcəkdi.

-Mənim ən yaxşı sərkərdələrimdən biri Rumeli bəylərbəyi Has Murad paşa sənin əlində ölüb. Otluqbeli döyüşündə mənimçin yaxşı tələ qurmuşdun… Bunları hara yazaq? Bizə qarşı, həm də bizimlə?!

-Böyük fateh, döyüşdə hər şey olur. Ona qalanda bu döyüşlərdə mən də dördqardaş itirmişəm.

Fateh Uğurlu Məhəmmədi bir daha başdan ayağa qədər gözdən keçirdi. Boy-buxunlu, yaraşıqlı, qüvvətli qollara malik, yaxşı qılınc çalan və şir kimi döyüşə atılan bu cavan oğlan onun xoşuna gəlirdi. Rəqib oğlu olsa da.  Həm də Uzun Həsən artıq onu övladlıqdan çıxarmış, qanına susamışdı.

Ağlına gələn fikirdən Fatehin sifəti işıqlandı. Öz-özünə: “Bu sonranın işidir”, – fikirləşib qərarını bildirdi:

-Məni inandıra bilməsən də, nəsə sənə qanım qaynadı. Səni qəbul edirəm.

Ümidsiz halda Fatehin yanına gələn Uğurlu Məhəmmədin rəngi özünə gəldi, üzü güldü, belini dikəltdi:

-Minnətdaram, böyük fateh!

Fateh üzünü baş vəzirə tutaraq:

-Aparın, – dedi. –Özünü qaydaya salsın, dincəlsin, sonradan baxarıq.

* * *

Uğurlu Məhəmməd Konstantinopolda – Fateh Sultan Məhmətin sarayında idi. Fatehlə görüşündən günlər keçmişdi. Özünü, əyin-başını qaydaya salmışdı. Komandir libasında idi. Məşqlərdə iştirak edir, ox, nizə atır, zabitlərlə qılınc yarışına girir, güləşir, bir sözlə, məharətini, qüvvə və bacarığını göstərirdi. Göstəriciləri yüksək idi. Rəqiblərini öz hünəri, çevikliyi ilə mat qoyur, heyrətə salırdı. Oturuşuna-duruşuna fikir verirdi. Bilirdi ki, ona göz qoyurlar.

Sultan II Məhmət bəzən sarayın pəncərəsi önünə gələrək onun necə güləşdiyinə, qılınc oynatmasına baxar və razı qalardı.

Uğurlu Məhəmmədi boş vaxtlarında sarayın bağçasında gəzişirdi. Fatehin xanımlarının və qızının bağçaya çıxacağını biləndə dərhal çəkilib gedərdi. Heç nədən özünü təhlükəyə atmaq istəmirdi. Bir gün necə oldusa, Fatehin qızı Gövhərxan Sultanla üz-üzə gəldi. Qız yeddi incə bel qızla gəzintiyə çıxmışdı. Məhəmməd yalnız bir anlığa gözlərini qıza dikdi və sonra dərhal başını aşağı salıb yerində hərəkətsiz qaldı ki, qızlar ötüb keçsinlər.

Onlar aralandılar. Gövhərxan Sultan dayanıb baxdı. Gözünü Uğurlu Məhəmməddən çəkmədən:

- Uğurlu Məhəmməd deyilən sənsən?

Uğurlu Məhəmməd başını qaldırmadan:

-Mənəm, şahzadə, – deyə cavab verdi.

Gövhərxan Sultan gülümsəyərək şaqraq səslə:

-Pis deyilsən, – deyib qaçaraq özünü qızlara çatdırdı.

Uğurlu Məhəmməd başını qaldırıb gözlərini qızlara zillədi. Onların gülüş səsləri ətrafın sakitliyini pozurdu. Gövhərxan Sultan o biri qızlardan fərqlənirdi. İşvəli və gözəl idi. Yanaqları laləni, dodaqları püstəni xatırladırdı.

Məhəmməd birdən sanki yatmışdı, ayıldı. Ona kim icazə vermişdi ki, dayanıb Fatehin qızına – gözəllikdə tayı bərabəri olmayan Gövhərxan Sultana tamaşa etsin, hətta onunla söhbət etsin?!

Uğurlu Məhəmməd bərk dilxor oldu. Başı ağrıyacaqdı. Ətrafda o qədər xəbər aparan vardı ki… O tez bağçanı tərk edib təlim keçənlərə qoşuldu.

Uğurlu Məhəmməd yanılmamışdı. Əlüstü Sultan II Məhmətə xəbər çatdı. Amma Fateh müasir, gözüaçıq, uzaqgörən, ağıllı və tədbirli şəxs idi.

Sultanın işarəsi ilə xəbərçi kənizin ovcuna pul basdılar. O da sevincək otaqdan çıxdı. Nəzarətçilər dayanıb gözləyirdilər. Fateh onlara getmək işarəsi verdi. Uğurlu Məhəmmədin Fateh tərəfindən cəzalandırılacağını, onlara bu barədə göstəriş veriləcəyini düşünən nəzarətçilər çiyinlərini çəkib kor-peşman bir kənara çəkildilər.

Onlar Sultan II Məhmətin planlarından xəbərsiz idilər. Aldığı məlumat Fatehi özündən çıxarmadı. Əksinə, Uğurlu Məhəmmədlə Gövhərxan Sultanın qarşılaşmasını xoş təsadüf kimi qəbul etdi.  Fateh siyasət adamı idi, tükü-tükdən seçməyi bacarırdı. Uğurlu Məhəmmədi Ağqoyunlu taxtında görürdü. Əgər o, Fatehin kürəkəni olsaydı, bu iş asanlıqla başa gələcəkdi. Sultan II Məhmət həm Uğurlu Məhəmmədlə bağlı şübhələrindən azad olacaqdı, həm də Azərbaycan torpaqlarına yiyələnəcəkdi.  Uzun Həsən Uğurlu Məhəmmədə qarşı qəzəbli olsa da,  oğlu  Uğurlu Məhəmməd taxt-tacın varisi və ən yaxşı namizəd idi. Uzun Həsəndən narazı qüvvələr, ağqoyunluların müəyyən hissəsi  Uğurlu Məhəmmədə dəstək duracaqdılar.

* * *

Fateh bu işi uzatmadı.  Məsələni Gövhərxan Sultanın anası Gülbahar Xatuna anlatdı:

-Qızınla söhbət et, fikrini öyrən. Vəziyyət qızımızın Uğurlu Məhəmmədə ərə verilməsini tələb edir.

Gülbahar xatun təəccüblə ərinə baxdı:

-Azəri türklərində belə bir məsəl var: qız evində toydur, oğlan evinin xəbəri yox…

Fateh qaşlarını çatdı:

-Bilirəm nə demək istəyirsən. Amma mən çox düşünüb-daşınmışam. Uğurlu Məhəmməd kürəkən olmaq baxımından yaxşı namizəddir.

Gülbahar Xatun:

-Bu təklif Gövhərxan Sultan üçün gözlənilməz olacaq.

-Həyatda o qədər gözlənilməz hadisələr baş verir ki. Sonrası yaxşı olsun təki.

-Birdən qızımız razılıq vermədi.

Sultan II Məhmət Gülbahar xatunun söz oynatmasından xoşu gəlmədi. Üz-gözünü turşutdu. Fateh öyrənmişdi,  adət etmişdi  ki, təklifi, qərarı əlüstü yerinə yetirilsin, sözü dərhal eşidilsin. Amma bu dəfə nədənsə Gülbahar xatuna acıqlanmadı. Sakitcə dedi:

-Bu izdivac heç bilirsən ərazimizin nə qədər genişlənməsinə səbəb olacaq? Bu, dövlət məsələsidir. Gövhərxan Sultan ağıllı qızdır. Mənim sözümdən çıxmaz. Uğurlu Məhəmməd heç də pis oğlan deyil. Qızımıza layiq cavandır.

Gülbahar xatun söhbəti uzatmadı. Ərini özündən çıxarmaq ona baha başa gələ bilərdi. Odur ki, tez dilləndi:

-Dərhal söhbət edər, anladaram.

Fateh:

-Bax belə, – deyib otaqdan çıxdı.

* * *

Gülbahar xatunla Gövhərxan Sultan qarşı-qarşıya oturmuşdular:

-Qızım, ömrüm günüm, canım, həyatım, heç bilirsən səni niyə çağırtdırmışam?

Qız başını yellədi:

-Xeyr, bilmirəm, validəm. Deyərsən – bilərəm.

Gülbahar xatun söhbətə başladı:

-Onda deyirəm, bil. Atan səni ərə vermək istəyir.

Bu təzə xəbər Gövhərxan Sultanda dərin maraq yaratdı. Yerində dikəldi:

-Doğrudan? Demək, atam məni ərə vermək istəyir, sən isə razı deyilsən…

Gülbahar xatun qızının qolundan tutdu:

-Yox, mən elə demədim. Yəni sənin artıq ərə getmək vaxtındır. Evdə qalıb un çuvalına tay olmayacaqsan ki…

Gövhərxan Sultan gözlərini dolandırıb işvə-naz  və eyni zamanda təəccüblə anasına baxdı:

-Ay ana, evdə qalıb un çuvalına tay olmaq deyəndə niyə narahat olursan ki? Mənim nə yaşım var? Allah-taala mənə də bəxt verər.

-Verib, qızım. Tanrı sənə qapı açıb.

Gövhərxan Sultan daha dözə bilmirdi. Anası söhbəti niyə belə uzadırdı. Biryolluq desin, onu intizardan qurtarsın.

-Validəm, deyirsən, tanrı mənə qapı açıb. Məgər qapım bağlı idi?  Yaxşı, de, görüm, atam məni kimə ərə verir?

Gülbahar xatun axır ki, dedi:

-Uğurlu Məhəmmədə.

Gövhərxan Sultanın ağlına gəlməyən bir möcüzə baş vermişdi. Atası onu  – sevimli qızını rəqibinin oğluna ərə verirdi. Nə  əcəb?

-Yaxşı, ay ana, Osmanlıda bir ər, bir kişi tapmadınız mənə? Məni Ağqoyunlu yurduna gəlin köçürürsünüz?

Qızının daş atıb, başını tutacağından narahat olan Gülbahar xatun əlini yellədi:

-Yox, ay qızım.  Ağqoyunlu torpaqlarında nə işin? Uğurlu Məhəmməd Fatehin xidmətindədir. Burada – sarayda yaşayacaqsan. Gözümüzün qabağında olacaqsan. Siz ailə qurandan sonra Sultan Məhmət Uğurlu Məhəmmədi Sivasa hakim göndərəcək. İstəsən onunla Sivasa gedərsən.

Gövhərxan Sultan bir anlığa fikirləşib dedi:

-Hə, yadıma düşdü. Deyirlər sizin o tərifli Məhəmmədiniz atasının – Ağqoyunlu hökmdarı Uzun Həsənin üzünə ağ olub. Ona asi olub, onun iradəsi ziddinə gedib, üsyan qaldırıb. Məni niyə beləsinə  ərə verirsiniz? Bezdirmişəm sizi? Sabah məni də yarı yolda qoyar, atar, atasının yanına yollanar.

Gövhərxan Sultan ayağa qalxıb qızını qucaqladı, onu sakitləşdirməyə çalışdı:

-Yox, məsələ sən deyən kimi deyil. O, atana – Fatehə oğul, sənə yaxşı ər olacaq. Fateh belə fikirləşir.

Gövhərxan Sultan  dərin düşüncələrə daldı:

- Uğurlu Məhəmməd özü məni istəyir, yoxsa Fateh atamız ona elçi düşəcək?

Gülbahar xatun dinmədi. Gövhərxan Sultan:

-İşə bir bax. Dünyada əcəb qəribə əhvalatlar baş verir. Mənim üzümü bu gün görüb. Onunla yalnız bircə kəlmə  danışmışam. Əlüstü eşq elan edir…

Gülbahar xatun aydınlaşdırdı:

-Bu məsələnin siyasi tərəfi var. Atanın sözünə qulaq asmalısan.

 

Yazıya 552 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.