Fərruxə UMAROVA – Ağrı (səsli hekayə)

ferruxe(hekayə)

…Masanın üstünə göz gəzdirdi. Səliqəli idi. Sağda üst-üstə qalaqlanmış ağappaq kağızlar, içində bir neçə qələm olan qələmdan qoyulmuşdu. Daha sonra tərtəmiz, büllur külqabı, bir də balaca, zəngli saat var idi. Fikirləşdi ki, düz iki  il beş aydır ki, bu masa beləcə tərtəmiz, səliqəlidir. Düz iki il beş aydır ki, nə bu külqabı gecənin bir yarısınacan siqaret kötükləri, vərəq qırıntıları ilə dolurdu, nə o ağ kağızların nizamlı düzülüşü pozulur, nə də bu saat gecə saat dörddə çığır-bağır salır ki, daha bəsdir işlədin, dur yat, səhər qalxıb işə çatmayacaqsan. Birdən-birə bir vaxtlar səliqəsizliyə görə arvadının danlağı üçün qəribsədi: “Belə də tör-töküntülük olar? Heç olmazsa, qoy özüm səliqəyə salım.

- Dəymə”.

İndi daha doğrudan da yazı masasını arvadı öz istəyincə sahmanlayırdı.

Yenə ağrı ürəyinə hökm etməyə can atdı: “Daha bəsdir. Gör neçə vaxtdır ki, bu masaya yaxın düşmürəm, əlimə qələm almıram, bircə sətir də olsa yazmıram”. Yox, deyəsən nə vaxtsa yazmışdı bir sətir. Bəs hara qoyub görəsən? Bir sətir yazdı, sonra da oturub neçə saatsa gözlərini dikdi o sətrə. Elə-belə, heç nə fikirləşmədən, duyğusuz-filansız. Sonra da masanın siyirtməsini açıb elə o bircə sətirlik vərəqi qoydu ora.

Tələsik həmin vərəqi çıxarıb oxudu: “Qaragöz xanımın alagöz pişiyi”. Bəh, əcəbdir. Görəsən  hardan ağlına gəlib bu sarsaq söz?

Tez də fikrindən daşındı: – Sarsaq niyə olur ey? Bəlkə doğrudan da nə isə yazmaq istəmişəm.

Maraqlandı ki, görəsən daha nəyi var bu siyirtmədə? Əvvəlcə əlinə tələbəlikdən qalma gündəliyi keçdi. Açdı: “İki gündür ki, otuz qəpiyə aldığım bir buxanka çörəklə dolanıram. Tərslikdən qara çayım da qurtarıb. Neçə gündür ki, üstünə dəmlədiyim çay da tamam rəngini itirib. Heç olmazsa yavan çörəklə içirdim. Daha avtobusa da minmirəm. Piyada gedib-gəlirəm. Evə vurduğum teleqramdan da bir xəbər-ətər yoxdur. Evdəki vəziyyəti yadıma salanda heç güman da etmirəm. Təqaüd almağa isə hələ yeddi gün var. Bu gün yolum uzaq olduğundan dərsə düz dörd dəqiqə gecikdim. Sonra da institut radioqovşağında adım gecikənlər siyahısında çəkildi. Eybi yox. Sabah evdən bir az da tez çıxaram”.

Həmin günü xatırlamağa çalışdı. Görəsən səhəri gün bir də gecikmədi ki? Evdən necə, pul göndərdilər, yoxsa elə təqaüdəcən pulsuz qaldı? Gündəliyi qatlayıb yerinə qoydu. Daha sonra əlinə dörd il əvvəl yazdığı “Müharibə” pyesi üçün aldığı mükafatın diplomu keçdi. Əsərinin tamaşasını xatırladı; səhnədə xeyli qadın var. Hamısının da gözləri ac pişik hərisliyi ilə cansız, haldan düşmüş kişiyə dikilib. Kişi yumaq kimi bükülərək qorxu içində qadınların hərəkətlərini izləyir. Qadınlardan kimsə hökmlə dillənir: “O, mənim olmalıdır”. Digəri yalvarır: “Mənim körpəm atasızdır, verin onu mənə!” “Mən uşaq doğmaq istəyirəm” – daha bir səs eşidilir. Qadınlar Yer üzünün yeganə kişisinin üstündə biri-birinin saçını yolur, üzünü cırırlar. Ov üstünə hücum çəkən yırtıcılar kimi kişinin üstünə hücum  çəkirlər. Səslər ərşə qalxır: “Dəyməyin ona, o, mənim oğlumdur”, “Mən ana olmaq, uşaq doğmaq istəyirəm”, “Mənim balamın atasıdır o!”, “O, mənim qardaşımdır”, “O, mənimdir!”, “O, mənimdir!”

Səslər beynində əks-səda verdi, qulaqlarını tutub büzüşdü. Yer üzünün müharibədən sonrakı yeganə kişisinin halını indiki kimi dərindən duyduğu olmamışdı: – Bu sevgini kimə verim, ilahi?!

Fikirləşdi ki, görəsən indi necə yazardı

o pyesi? Sonra da birdən-birə ona elə gəldi ki,  heç o pyes olmayıb, o surəti də heç özü yaratmayıb. O kişi sağ-salamatdır və bu anlardaca hansı küncdənsə ona baxır. “Sən o qadınların əlindən necə çıxdın, qardaş? Onlar ki, səni didim-didim eləmişdilər?!” – ürəyində soruşdu.

Sonra əlinə mənzilinin orderi keçdi. Ona elə gəldi ki, indi bu orderə olan nifrəti kimi heç vaxt heç nəyə, heç kimə qarşı belə nifrəti olmayıb ürəyində. Orderi əlinə alan gündən qələmi əlindən qoymuşdu.

… Kənddən qayıdanda evinin taxta qapısının yerində seyf qapı görmüşdü… Əvvəl inanmadı. Elə bildi səhv düşüb. Təzədən geri dönüb mərtəbələri bir də saydı; üçüncü mərtəbə, qırx iki nömrəli mənzil. Axı necə səhv sala bilərdi? Bəs onda bu dəmir qapı nə idi? Qonşunun qapısını döydü. Qonşu: – Qapını dünən gəlib salıblar. Dedilər ki, evi alıblar. Telefon nömrəsi yazıb qoydular ki, nə vaxt gəlsən zəng elə, gəlib qapını açsınlar, şeylərini götür. Vallah, qonşu, biz də məəttəl qaldıq. Dedik yəqin özünüz məsələdən xəbərdarsınız, – söylədi.

Ardına qulaq asmağa səbri çatmadı. Qonşunun uzatdığı telefon nömrəsi yazılmış kağız  parçasını alıb pillələri düşməyə başladı. Qonşu daha bir vacib bildiyi məlumatı çatdırmağa tələsdi: – Hə, qapısalan bir də dedi ki, qardaşı mərkəzdə müstəntiq işləyir.

Küçəyə çıxanda əvvəl hara gedəcəyini kəsdirə bilmədi, əslində, heç ayaqları da yerimirdi. Yeganə hiss etdiyi şey ürəyinin sıxılması idi. Ürəyi elə sıxılırdı ki, az qalırdı nəfəsini kəssin.

- Qardaş, bəlkə bir kömək lazımdır?

Ürəyini ovuşdurdu. Başı ilə “yox!” işarəsi verdisə də, müraciət edən adam vəziyyətin ciddiliyini anlamışdı:

- İcazə verin kömək edim. Aptek ikiaddımlıqdadır, – dedi.

Qolundan tutub xırda addımlarla aptekə gətirdi. Aptekçi onu tanıyırdı…

…Yenə qulaqlarına dünyanın yeganə kişisinə sahib olmaq istəyilə inadı siyrilmiş qılınca dönən qadınların ah-naləsi doldu. Qadınlar dırnaqları ilə  parça-parça edib hərəsinin əlinə bir tikəsi keçmiş dünyanın yeganə kişisindən öz kamını almağa çalışırdılar. Dırnaqlardan qan süzülürdü. Müharibələrdən sağ çıxmış dünyanın yeganə kişisini qadınlar öz istəklərinin əli ilə məhv etmişdilər.

…Dərman içəndən sonra ürəyindəki sıxıntı azalmasa da, ayaqları yeriyə bilirdi daha.

Yeddi il idi ki, o evdə yaşayırdılar. Ev sahibi qoca arvad idi. Xeyli vaxt idi ki, ölmüşdü. “Yuxarıdan” da söz vermişdilər ki, evi onun adına keçirəcəklər. Zarafat deyil, düz yeddi ildir ki, yaşayırlar o evdə. Üstəlik, lazımlı adamı da gücü çatdığı qədər razı salmışdı. Vaxtı itirmədən  “lazımlı” adamın yanına getdi:

- Deyirlər sizin xəbəriniz var qapı məsələsindən.Lazımlı adam süni bir təəccüblə qaşlarını dartdı:

- Kim deyir?

- Qapısalan qonşulara özü deyib ki, guya siz…

- Əşşi, özünüz ağıllı-savadlı adamsınız. Ara söhbətidir. Mənim hardan xəbərim olacaq? Sən narahat olma. Get evə, araşdırarıq, görək nə məsələdir.

- Düzü, heç bilmirəm hara gedim! Qapı dəmirdən, açmaq olmaz, özgə kimin evinə gedəsən?

- Əgər qalmağa yerin yoxdursa gedək gecəni bizdə qal. Zarafat eləmirəm.

- Yox, yox.

Çölə çıxanda kişidən şübhələndiyinə özü də xəcalət çəkdi. Doğrudan da kişinin oğlunun xəbəri yoxmuş.

Araşdırmaq uzun çəkdi. Bu dəfə arvadı ilə getdi “lazımlı” kişinin yanına.

Elə həmin gündən başladı içindən sökülməyə. “Lazımlı” kişi heç oturmaq da təklif etmədi onlara. Bilirdi ki, “lazımlı” adamın əyləşmək təklif etməməsi insanın burnunu silməsi kimi adi bir haldır. Bununla belə bu hörmətsizlik üçün arvadından utandı.

Daha sonra … daha sonra ömründə açmadığı qapıları açmağa məcbur oldu. Hər dəfə də yolunu həmin tanış aptekdən saldı.

…Burnuna “karvalol”un tanış qoxusu gəldi. Ev əhvalatını fikrindən qovmağa çalışdı. Saatın zəngini burdu. Otağı yeknəsəq zəng səsi bürüdü. Xeyli qulaq asdı. Sonra barmağını saatın “papağının” üstünə qoyub bir az da səssizliyi dinşədi.

Ağlına gəldi ki, görəsən o, dünyanın yeganə kişisinin yerinə olsaydı, nə olardı? Həmişə bəxtindən gileyli arvadı bu dəfə özünü xoşbəxt hiss edərdimi?

Əlini yenidən siyirtməyə atdı. Bu dəfə əlinə divar təqvimindən qopardılmış bir vərəq keçdi. O təqvim vərəqini divardan oğlu anadan olan gün cırmışdı. Vərəqin ağ yerlərinə isə özü müxtəlif qeydlər etmişdi; oğlunun anadan olduğu günün saatı, iməklədiyi, yeridiyi, dil açdığı günləri səliqə ilə qeyd etmişdi.

İndi oğlu əsgərlikdən şikəst qayıtmışdı…

Ayağa qalxdı: “Belə olmaz. Belə davam edə bilməz. Mütləq nə isə etməliyəm. Mütləq”. Otağına yenidən dünyanın yeganə kişisinin baxışları doldu. Kişinin baxışları imdad diləyirdi: “Dünyanın yeganə dərdi dünyanın yeganə kişisi olmaqdır”.

Qələmi əlinə aldı: “Yazmalıyam. Heç olmazsa ürəyimi boşaltmalıyam. Bəlkə onda ürəyim yumşala, hissi, duyğusu özünə qayıda. Yoxsa lap daşa dönüb”. Əlindəki qələmindən vərəqin  ortasına bir nöqtə düşdü. Nöqtəni yavaş-yavaş qaralayıb iriləndirdi.

Ayağa qalxıb otaqda var-gəl etməyə başladı. Qapıya sarı baxanda  arvadını gördü. Qapıya söykənib səssiz-səssiz ağlayırdı. Ürəyindən keçirdi ki, kaş o da beləcə göz yaşı tökə-tökə ağlaya biləydi.

Yaxınlaşıb arvadının başını sinəsinə sıxdı. Arvadı bu dəfə hıçqıra-hıçqıra hönkürməyə başladı. Arvadının göz yaşlarını barmaqlarının ucuna alıb əvvəl dilinin ucu ilə tamsındı, sonra öz gözlərinə sürtdü. Arvadı təəccüblə ona baxdı. Gülümsədi arvadının təəccübünə qarşı. “Get, yat” – dedi.

Arvadı gedəndən sonra işığı söndürüb yenidən yazı masasının arxasında əyləşdi. Bu dəfə heç nə yazmağa cəhd etmədi. Otaq qaranlıq idi.

Yazıya 456 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.