Günel Natiq — Dev həsrəti

günel-natiq-ghjmn-300x228  O, dünya poeziyasının dev şairidir. Sevdaları onun olduğu qədər də bizimdir. Hər şeiri həyəcanlandırır, sarsıdır, əzab verir. Amma bu elə bir əzabdır ki, səni göylərə qaldırır!..

Yaşamaq bir ağac kimi tək və hür,
Və bir orman kimi qardaşcasına.
Bu həsrət bizim!

Nazim şeirində həsrət canlıdır; yaşayır, nəfəs alır, özün də fərqinə varmadan sənin hislərinə hakim kəsilir. Bu həsrət yoluxucudur, səni qarabaqara izləyir, özün də bilmədən ona yoluxursan və artıq başqa yolun qalmır; artıq onunla yaşamalı, onunla nəfəs almalısan. İnsanlara, dünyaya bu həsrətin gözüylə baxmalısan. 
Şeirlərinin birində şair dünyaya sevdiyi insanın gözləriylə baxır :

Gözlərin, gözlərin, gözlərin
Gün gələcək, gülüm, gün gələcək,
Qardaş insanlar bir-birlərinə
Sənin gözlərinlə baxacaqlar, gülüm,
Sənin gözlərinlə baxacaqlar.

Gün gələcək, insanlar dünyaya sənin gözlərinlə baxacaqlar. Nazim həsrətini anladıqdan sonra dünyaya həsrətin gözüylə baxırıq- Nazim Hikmətin hər şeydən böyük, güclü, üstün həsrətinin. Bu həsrəti üstələyə bilmirik, boylana-boylana qalırıq “mavi gözlü devin” dev həsrətindən.

Sən mənim əsirliyim və hürriyyətimsən,
Bürkülü bir yay gecəsi kimi yanan ətimsən,
Sən mənim məmləkətimsən.
Sən ala gözləində yaşıl titrəmələr,
Sən böyük, gözəl və müzəffər
Və qovuşduqca qovuşulmaz həsrətimsən.

Deyirlər, Nazim Bakını çox sevərdi, “burda özünü bir az Vətəndəki kimi hiss edərdi”. (Bu ifadədə “bir az” kəlməsinin öz anlamının sərhədlərinə sığmayan nəhəng ölçüləri diqqətimi çəkir). Onun “Bakıda oyanmaq” adlı şeiri var, həm İstanbula bənzədir Bakını, həm İzmirə. “Radiodan türkü səsləri gəlir”-yazır şair,-“Dil bulaq kimi axır”.

Həm yaxın, həm uzaq,
Bakıda oyanmaq.
Məmləkət qədər yaxın, məmləkət qədər uzaq idi şair. O məmləkət ki…
Məmləkətim, məmləkətim, məmləkətim!
Nə səndə tikilən papağım qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Şilə malı-son pencəyim,
köhnəldi, düşdü çiynimdən
Sən indi qalmısan ancaq
Saçlarımın ağında,
Ürəyimin infarktında
Alnımın qırışlarındasan, məmləkətim!
Məmləkətim, məmləkətim!

“Məmləkətin yollarını daşımış” ayaqqabının artıq gücü qalmamışdı, paralanmışdı. Məmləkətdə tikilən pencək də, papaq da öz ömürlərini başa vurmuşdular. Cansıza can verən həsrət isə ölümsüz idi…
“Türkiyə üçün çox darıxırdı”,- yazırdı İlya Erenburq -“Divanının üstünə türk malı olan parça örtmüşdü. Məni “Bakı” restoranına aparırdı. Dünya sülh sessiyasında bir türklə görüşəndə ondan heç cür ayrıla bilmirdi. “Şeirimin kökü yurdumun torpaqlarındadır”- yazırdı Nazim.

Yaşamağı öyrəndim,
Doğumun həyatın bitdiyi an olduğunu,
Aradakı zamanların ölümdən oğurlanan zaman olduğunu öyrəndim.
Cəlaləddin Ruminin ölümsüz sözləridir. Doğumdan ölümə bir addım var. Bu bir an da ola bilər, əbədiyyət də. Necə yaşayacağıqsa, elə də seçim edəcəyik. Hər şey bizim seçimimizdən asılıdır. Mövlana əbədiyyəti, sonsuzluğu seçdi… Nazim Hikmət üçün də “zaman”, “məkan” anlayışı yoxdur. Məkansız insan idi. Şeirlərinin birində deyir: “Aparın məni ilə bir yerə ki, özüm də bilmirəm hara”. Məkanı olmayan şair günlərin birində özünü Gülhanə parkında tapmışdı. Bir ceviz ağacıydı, Gülhanə parkında. Amma bu ceviz ağacının yüz min gözü vardı və yüz min gözlə baxırdı İstanbula. Həsrət şairin ürəyini yüz min gözə çevirmişdi və o, İstanbulu yüz min gözlə seyr edirdi. Bu sevgi doyumsuz idi və yüz min göz bu sevgini doya-doya yaşamağa yetməzdi, bu ağacın yüz min yarpağı onu sevənlərin göz yaşını silə bilməzdi…

Yarpaqlarım əllərimdir, düz yüz min əlim var,
Yüz min əllə toxunuram sənə, İstanbula.
Yarpaqlarım gözlərimdir, baxıram heyrətlə
Yüz min gözlə seyr edirəm səni, İstanbulu.
Yüz min qəlb kimi çarpar-çarpar yarpaqlarım.
Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Nə sən bunun fərqindəsən, nə polis fərqində.

Nazim hikm'tİnsan olmaq üçün sevməliydik. Yoxsa insan bədənində əsir ruhumuz necə azad ola bilərdi?.. “Qatarda üçüncü mövqedə”, “gəmidə göyərtədə” gedən insanlar insan olmağın necə bir həzz olduğunu necə anlaya bilərdi?.. Günəşin naz-qəmzəsini, suyun dalğınlığını, pişik balasının hislərini necə anlaya bilərdik? 

Sonacan anlayıb duya bilmədiyimiz şeylər vardı və bütün bunları duya bildiyi üçün o Nazim idi. Aşiq idi…
Kişi qadına dedi ki:
-Səni sevirəm,
amma necə?
Kilometrlərlə dərin, kilometrlərlə dümdüz, 
yüzdə yüz, yüzdə min beş yüz
yüzdə hüdudsuz kərə…
“Hər gün bir az da aşiq oluram”-yazırdı Nazim-“Təbiətə, insanlara, sənətimə, ideallarıma. Və çox şükür ki, aşiqəm. Bu eşq mistik mənada deyil. Mənə elə gəlir, bir tək insana, yüz milyonlarla insana, bir ağaca, bir ormana, tək bir fikir və düşüncəyə, bir çox fikir və düşüncəyə aşiq olmadan yaşamaq yaşamaq deyildir”.

Bir dənəm! 
Son məktubunda:
“Başım ağrıyır,
ürəyim dolu qəm”-
deyirsən.
“Yaşamaram səni asarlarsa,
səni itirsəm”-
deyirsən.
Yaşarsan, bir dənəm.
Qara duman kimi xatirəmi dağıdar küləklər.
Yaşarsan, qəlbimin qızıl saçlı bacısı,
Ən artıq bir il çəkər
iyirminci əsrdə 
ölüm acısı.

Nazim Hikmət harda yazırsa, yazsın- istər həbsxana divarları arasında, istər qürbətdə, istər doğma məmləkətində,- bütün şeirlərində yaşamaq yanğısı var. Şair üçün yaşamaq dərin fəlsəfədir. Həyata dair şeirlərindən çörək qoxusu gəlir. Mən yenə də bu həsrətlərin, sevdaların sirli-sehrli br ovqat içində yaşandığına və bizlərə də bu ovqatda gəlib qovuşduğuna inanıram. Yoxsa, bu şeirlərin bizim həyatımıza, ruhumuza bunca təsirini necə izah edə bilərik? Biz fərqinə varmadıqda belə, bu şeirlərin bizim ruhumuzu duyduğunu, yaramıza məlhəm olduğunu, nikbin ovqata köklədiyini, təsəlli olduğunu necə izah edə bilərik? Ən çətin anlarımızda təsadüfən aldığımız məktublarla bu şeirlərin qarşımıza çıxdığını, bizimlə dərdləşdiyini, “Nəyin bahasına olursa olsun, yaşayacaqsan, yaşamaq ciddi bir işdir”- deyə bizi həyata köklədiyini necə anlatmaq olar? Həyatda elə şeylər var ki, yalnız yaşanılır. “Okeanları görmək yox, yaşamaq lazımdır”,- deyirdi şair. 

Gəmilər keçməyir, uçaqlar uçmayır,
Sən yoxuydun
Qarşında divara dayanmışdım
Danışdım, danışdım, danışdım
Ağzımı açmadım.
Sən yoxuydun
əllərimlə toxundum sənə
əllərim üzümdəydi…

Xatırlayıram ki, Azərbaycan Radiosunun efirində Çingiz Aytmatovun həyatının özəl anları ilə bağlı veriliş hazırlayanda bu şeirdən istifadə etmişdim. Çingiz Aytmatovun dinləyicilərə çatdıqmaq istədiyim hislərinin tam ifadəsi olmuşdu bu şeirlər. İlahi bir səs kimi, söz kimi həmişə içimizdə, yanımızda olan bu şeirlər həmin anda da duyğularımızın içində öz yerini tapmışdı…

Çox-çox uzaqlardan gəlmişdi, çox-çox uzaqlardan… İnsanlara yaxın olduğu qədər də uzaq idi. Sevgilərə yaxın və uzaq. Məmləkətinə yaxın və uzaq… 2009- cu ildə Türkiyə dövlətinin verdiyi önəmli bir qərar Nazimi çox uzaqlardan arzusunda olduğu torpağa gətirdi. Həmin ilin yanvar ayının 5-də, 25 iyul 1951-ci il tarixində vətəndaşlıqdan çıxarılan Nazim Hikmətə Türkiyə vətəndaşlığı geri verildi. Şairin nəşini də Vətənə gətirmək arzusunda olan qəzetçilərdən biri yazırdı: “Məmləkətində bir köy məzarlığına göməcəklər səni. Başının üstündə ulu bir çinar, səmada günəş və bəyaz göyərçinlər olacaq. Sənin olmadı, bəlkə də bizim ən gözəl günlərimiz hələ yaşamadıqlarımız olacaq…”


AzNews.az 

    Yazıya (698) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.