İradə Aytel – Fahişə mələk

aytel(hekayə)

On-on iki yaşlı bir uşağın siqaret çəkməsi əslində ikrah hissi doğururdu. Amma qəribə idi ki, hamının nifrətlə baxdığı, iyrəndiyi bu pinti, yalançı, ağılsız, çirkin, kobud, özünü apara bilməyən, həm də böyüklü-kiçikli hamıya əl açan, dilənən bu “oğlan” uşağından mənim zəhləm getmirdi. Onu danışdırmaqdan, nə düşündüyünü, necə yaşadığını, nələr etdiyini bilməkdən çox zövq alırdım.

O, yeniyetmə yaşlarına çatanda, məlum oldu ki, əslində hamının oğlan kimi tanıdığı bu dilənçi qız imiş. Qəribə idi ki, o, hər vəchlə qız olduğunu gizlədirdi. Acığı gəlirdi ona “ay qız” deyəndə.
Maraqlı qız idi Sevinc. Heç kəsdən qorxmurdu. Əslində körpəlikdən üzü üzlər görən bu qızcığaz belə də olmalı idi. Hələ bu yaşında mən ona həm də dünyagörmüş deyirdim. Ona görə dünyagörmüş ki, Sevinc bazar adamından tutmuş, ziyalıya qədər müxtəlif adamların əhatəsində böyüyürdü və hamıyla da dil tapa bilirdi. Adamlar ondan zəhlələri getsə də qəbul edir, hətta əl tuturdular. Bəzən bu əl tutmalar Sevincin həyasızlığı bahasına başa gəlsə də, ona istəyərəkdən əl tutanlar da az deyildi.
Məndən pul istəməzdi heç vaxt. Bilirdi ki, özüm verirəm. Hərdən dərdini də mənimlə bölüşürdü. Bir dəfə mənə anasının şəklini də göstərmişdi. Elə anasına oxşayırdı. Qarayanız, qıvrımsaçlı, bir az da kişiyə məxsus kobud görkəmli.
Sevinc deyirdi ki, ata-anası rəhmətə gedib. O, məcburən xalası ilə yaşayır və xalası hər gecə ondan pul soruşur. İstəyir qazansın, istəyir də qazanmasın. Lap ac qalsın, amma pul gətirsin evə.  Sevinc də beş yaşından pul qazanmağa öyrəşmişdi. Qazanırdı.
Desəm ki, Sevinc həm də ağıllı qız idi,  inanmazsınız. Onun bir dəfə mənə elədiyi söhbətdən bu qənaətə gəlmişəm.        O, mənə dedi:
- Sən mənim yanımdakı qızı tanıyırsan?
Dedim:
- Sevinc, hansı qızı, o qarayanız göyçək qızı?
- Hə, onu deyirəm. Bax, (əlini bizdən bir az aralıdakı skamyada əyləşən qocaya uzatdı) həmin o gördüyün kişi, onu hər gün aparır, bir manat verir.
Sevincin haqqında danışdığı qızın on beş yaşı olardı. O da Sevinclə bərabər şəhər əhalisinə əl açır, çörək pulu qazanırdı. Doğrusu, mənim ona heyfim gəlirdi. O gözəl qız yenicə həddi-buluğa çatmışdı. Qara iri gözləri, düz saçları, yumru dodaqları, mütənasib boy-buxunu vardı. Sevincdən fərqli olaraq bu qızın mehribanlığı tez nəzərə çarpırdı.
Sevincin nişan verdiyi kişinin ən azı altmış yaşı olardı. Çox görmüşdüm həmin adamı bu parkda. Onu da deyim ki, mənim iş yerim parkın yaxınlığında olduğundan park “sakinlərini”, gələn qonaqları tanıyırdım. Üzü çopur-çopur, qulaqları, burnu qıp-qırmızı olan qocanın ağzında cəmi iki, ya üç dişi olardı. Çox vaxt da burada, elə həmin skamyada əyləşərdi. Əvvəllər mənə elə gəlirdi ki, bu qoca tənhalıqdanmı, yaxud hava almaq üçün gəlir parka. Sevincə dedim:
- Yaxşı adamdır da qıza əl tutur.
Mənim sözüm Sevincə əməllicə təsir elədi:
- Bəs mənə niyə əl tutmur? – deyərək səsini ucaltdı.
- Bəlkə sən özünü onun yanında pis aparmısan… – dedim. Əslində, əvvəlcədən ağlıma gələni deməkdən çəkinirdim. Çünki, bu çox iyrənc bir fikir idi. Hər vəchlə həmin fikri ağlımdan çıxarmağa çalışırdım.
Sevinc dedi:
- O qoca kişi hər gün qızı gizlin yerə aparır.
- Hara? – səsim həyəcandan titrəyirdi.
- Bax o yuxarıdakı kolluğa.
- Ay Sevinc, ağlına gələni danışma. O qoca kişidir, həm də bura polislər nəzarət edir , – dedim.
- Polis olmayanda aparır. Amma bilirsən, mən pula görə elə etmərəm.
Bax, onda bildim ki, Sevinc ağıllıdır. O biri qızı da həmin gündən sonra çox gəzdim başa salım ki, gözəlsən, özünü heyif eləmə, lakin tapmadım. Sevincin dediyinə görə qız harasa, başqa şəhərə getmişdi.
Aradan bir neçə il keçmişdi. İş yerimi dəyişmişdim. Mənim nə Sevinclə, nə də park “sakinləri” ilə heç bir əlaqəm yox idi. Təsadüfən yolum həmin parka düşdü. Elə yenicə skamyada əyləşmişdim ki, uzun xalat, üstündən də qalın jilet geyinən bir qadın mənə yaxınlaşdı. Üst-başından dilənçiliklə məşğul olduğu görünən bu qadının belə isti havada qalın paltarda olması məndə təəccüb doğurdu.
- Pul ver dəəə…
Səsi tanış gəldi. Başımı qaldırıb üzünə baxdım. Sevinc idi. Amma onun çöhrəsindəki yalançı, ağılsız, çirkin, kobud, görkəmdən əsər-əlamət qalmamışdı. Sanki qarşımda bir mələk dayanmışdı. Mən heyranlıqla o mələyə baxırdım. O mələyin çöhrəsindəki nur bircə anda bütün parkı başına götürmüşdü. Mələklərin insan cildinə girməsini bu yaşıma qədər belə yaxından müşahidə etməmişdim. Həm də həsədlə baxırdım o mələyə. Məni o mələkdən elə özünün səsi ayıltdı:
- Nə oldu, pul vermirsən?
- Sevinc, necəsən? Məni tanıdın? – dedim.
Dedi:
- Ey, tanıdım, pul ver.
Əlimi çantama atanda istər-istəməz onu başdan-ayağa süzdüm. Sevinc hamilə idi. Özümdən asılı olmayaraq dedim:
- Sevinc, sən hamiləsən?
- Ey, pul vermirsən heç vermə, – deyərək tələsik oradan uzaqlaşan Sevincin ardınca – Allah dardan qurtarsın, – dedim.
Arxaya döndü, hirsli-hirsli mənə baxaraq dedi:
- Heç qurtarmasın!
Onun mənə belə hirslənməsi, kobudluq eləməsi, məni çaş-baş salmışdı. Bilirdim ki, Sevincin nə isə dərdi var. Anlayırdım ki, üzünə qonan, çöhrəsini nurlandıran, məni ovsunlayan o mələk Sevincin daxilində bir fırtına yaradıb.
Evimə dönsəm də Sevinc gözlərimin önündən bir an da olsa getmirdi. Bir yandan ona hirslənir. Bir yandan acıyır, bir yandan da üzündəki nuru, o mələk simasını bir də görmək istəyirdim.

Səhər eyni vaxtda həmin parka yollandım. Sakit bir skamya tapıb əyləşdim. Gözlərim Sevinci gəzirdi. Təxminən bir saatdan sonra yaxınlıqdakı qadınların səsini eşitdim:

- Aaz, get dana, qarnına uşaq yerləşdirdiyinə, süpürgəçilik edib qazanaydın…

Səsə tərəf dönəndə Sevincin mənə baxdığını gördüm. Onu gördüyümü hiss edən kimi oradan uzaqlaşdı. Gözləməyimin yersiz olduğunu düşünüb geri döndüm. Lakin evdə heç cür qərar tuta bilmirdim. İçimdə hansısa səs “Sən Sevincə kömək etməlisən” – deyə məni durmadan dümsükləyirdi. Gecəni zorla yuxuya getdim. Yuxuda Sevinci gördüm. Ayaqları qan içində idi. Üzündəki mələk mənə elə qınaqla baxırdı ki, özümün özümdən zəhləm gedirdi…

İşə getməmişdən əvvəl birbaşa parka yollandım. Sevincin başı masanın ətrafında əyləşən üç oğlan, bir qıza qarışmışdı. Onlar nə barədəsə danışır, Sevincə baxıb qəhqəhə çəkirdilər. Sevinc isə əlini bayaqdan əli cibində olan oğlana tərəf uzadıb gözləyirdi.

Onlara yaxın bir masada əyləşdim.

- Ay Sevinc! – Səsimə gerı çevrildi. Cavanlar da təəcüblə mənə baxdılar ki, dilənçinin adını bu haradan bilir, niyə bilir… – Sevinc, gəl otur yanımda.

Bu sözüm oradakıları daha da təəccübləndirdi. Sevinc isə bayaqdan bəri onu lağa qoyan gənclərə acıq verirmiş kimi, geri çevrildi və mənə tərəf gəldi.

- Otur ay Sevinc, yaman istidi, otur sərin bir şey içək.

Sevinc qorxa-qorxa ətrafına boylandı və masanın yanındakı stulu çəkib oturdu. Mən ortada hərlənən ofisiantı çağırdım. O, əvvəl dilənçinin müştəridən pul istədiyini sanıb qıza hirsli-hirsli baxınca, mən üzümü Sevincə tutdum:

Sevinc, nə içək?

Sevinc məmnun halda ofisianta dedi:

- Gördün?

- Mən ofisianta sərin şirə gətirməsini xahiş elədim və Sevincə, – Sən də istədiyini de, – dedim.

- Mənə dönər gətir. – Bayaqdan bəri ətrafa yayılan dönərin ətri məni də vurmuşdu. Ancaq belə yerlərdə hazırlanan yeməyi istəmədim.

Gözlərim yaşarmışdı. Hamilə qadının yemək iyinə necə həssas olduğunu bilirdim. Həm də o qadının ki, ürəyi istədiyini tapa, yeyə bilmir. Üstəlik, Sevincin bütün günü müxtəlif şirniyyatların, yeməklərin əhatəsində olduğunu, lakin toxuna bilmədiyini dəqiq bilirdim.

Mətləbə keçməkdən qorxurdum. Qorxurdum ki, Sevinc yenə də məndən uzaqlaşar. Mənə elə gəlirdi ki, o, bu dəfə də getsə üzündəki mələk məni bağışlamayacaq. Müxtəlif söhbətlər ediridm. Köhnə iş yerimdən, parkdakı adamlardan və s. O da öz növbəsində mənə ayrı-ayrı macəralarını danışırdı. Birdən özümdən asılı olmayaraq dedim:

- Sevinc, xalan necədi?

Bir anlıq gözlərində nifrət qığılcımları çaxnaşdı. Xeyli susandan sonra dedi:

- Xalam ölsün, nətər olacaq, yaxşıdı. Onnan qalmıram daha.

- Bəs kiminlə qalırsan? – təəccüblə soruşdum. Və eyni zamanda fikirləşdim ki, yəqin ərə gedib. Ər evindədi. Bəs niyə dilənir?..

- Tək qalıram, ev tutmuşam.

- Bəs niyə, niyə xalangildə qalmadın?

- Zəhləm gedir onnan.

Bildim ki, elə neçə gündür məni bir an da olsun sakit buraxmayan bütün sualların cavabı məhz burdan başlayacaq, odur ki, səbrlə dedim:

- Ay Sevinc, sən elə o vaxt da xalanı sevmirdin. Niyə ata-anan rəhmətə gedənnən sonra uşaq evinə getmədin.

- O qoydu ki… qonşularımız məni əvvəl uşaq evinə göndərirdi. Xalam gəldi ərizə yazdı ki, bəs mən onun doğma xalasıyam, uşağa özüm baxacam. Evimizi satıb pulunu götürəndən sonra məni pul qazanmağa göndərdi. Özü isə hər gün bir kişi ilə kefdə olur, evə cürbəcür qızlar, oğlanlar gətirirdi. Hələ neçə dəfə kişiləri evdə qalanda mən zirzəmidə yerdə yatmışam.

- Özün gedərdin uşaq evinə, qaçardın…

- Mənə uşaq evinnən bilirsən nələr danışırdı… orda uşaqları döyürlər, ac saxlayırlar, yekə qızların başına oyun açırlar… – Bu sözü deyəndə duruxdu, oturanda ona mane olan qarnına baxdı və susdu…

Söhbətin əsil məqamı idi. Dedim:

- Sevinc neçə aylıqdı?

Başını aşağı saldı və: – Bilmirəm, – dedi.

- Necə yəni bilmirsən, həkimə getməmisən?

- Ey, yox, nə həkim?

- Səni həkimə aparım, Sevinc?

- Yooox! – gözlərində bir ümid parıltısı, eyni zamanda qorxu gördüm.

- Sevinc, qorxma, – dedim, – həkimə getməyin vacibdi, görürəm ki, artıq böyükdür. Həm də bilərdik qızdı, oğlan…

- Eh, nə fərqi. Bir az susdu. İlk dəfə idi ki, Sevincin gözlərində yaş görürdüm. Gözlərini kirli əlləri ilə silib:

- Elə qorxuram… – dedi.

- Dəli, nədən qorxursan. Bu bütün qadınların başına gəlir. Hamı doğur daaa…

- Yox, mən qorxuram, ölməkdən qorxuram. – göz yaşlarını saxlaya bilmirdi. Mən də kövrəlmişdim. Söhbəti açmağıma peşman olsam da, Sevincə başqa cür yaxınlaşa bilməyəcəyimi də dərk edirdim. Ofisiantı çağırıb süfrənin pulunu verdim və ayağa durdum. Sevinc də qalxdı. Ətrafdakıların baxışları məni bezdirirdi. Sanki, mənim Sevinclə bir masada əyləşməyim böyük bir hadisə idi. Hamı diqqətini bizə yönəltmişdi.

Parkın sakit guşəsində skamyada əyləşdik.

Sevinc, neçə yaşın var? – soruşdum.

- On yeddi.

O, mənim bütün suallarıma sakitcə cavab verirdi.

- Bəs, uşağın atası kimdi?

- Bilmirəm. – Cavab qısa oldu.

- Ay Sevinc, necə bilmirsən?

Susdu. Hər şey mənə aydın olsa da, onun barəsində bütün detalları xırdalığına qədər bilmək istəyirdim.

- Axi, sən niyə yox idin? Sanki yalvara-yalvara dedi bu sözləri.

- Ay Sevinc, işim belə tələb edirdi. Uzaqda idim.

- Hə, neçə ay səni axtardım. Dedilər daha burda işləmirsən. Xalam məni evdən qovandan sonra… – Yenə gözləri doldu. Dedim:

- Bax, ay Sevinc, səndən böyüyəm, məni tanıyırsan. Çəkinmə, mənə hər şeyi danış. Çalışacam sənə kömək edim.

- Polislərdən zəhləm gedir… – Bu söz yerinə düşmədiyi üçün təəccüblənsəm də susdum. Bilirdim ki, Sevinc hər şeyi danışmağa hazırdır. – Xalam evdə məndən pul tələb edirdi. Polislər də harda görürdüsə qovurdular məni. Heç kəsdən pul alammırdım. Hər gün xalam məni söyürdü. Bir gün də  yenicə bir oğlan mənə pul verirdi ki, polisin səsini eşitdim: “Sənə demədim rədd ol burdan”. Canım boğazıma yığılmışdı. Dedim, özün rədd ol. Polis üzümə elə bir şillə çəkdi ki, dodaqlarımdan axan qan üstümə töküldü. Ağlaya-ağlaya parkdan yola çıxdım. Yolun kənarında bir maşın dayanmışdı. İçində də iki nəfər kişi. Biri mənə baxıb dedi: “Nə olub, niyə ağlayırsan?” cavab vermədim. Əlini cibinə salıb beşlik çıxardı və mənə uzatdı. Fikirləşdim ki, xalama verərəm, bu gün məni söyməz. Pulu alanda o birisi maşının pəncərəsindən mənə su uzatdı. “Al iç”. Suyu da aldım və başıma qaldırdım. Sonra ayıldım ki qaranlıq düşür. Ayaqlarım qan içində idi. Hər yerim ağrıyırdı, ən çox da qarnımın sancısı məni öldürürdü. Ətrafıma baxdım, heç yer tanış deyildi. Donumun ətəyinə də iki dənə on manat atılmışdı. Birtəhər ayağa durdum, yaxınlıqdakı suda üst-başımı yudum. Yolun kənarına çıxdım. Hərdən maşınlar gəlsə də heç birisi dayanmırdı. Bir avtobusa əl qaldıranda saxladı.

Xalam həmin gün yaman sevinirdi. İyirmi beş manat qazancı vardı – Bu arada özümü saxlaya bilmədim, dedim:

- Ay Sevinc, sən o maşındakıları tanımadın?

- Yox, bura adamına oxşamırdılar. Bakı dilində danışırdılar.

- Bəs maşınlarını?

- Yox, maşını da birinci dəfə idi görürdüm.

- Bəs niyə polisə getmədin? Axı onlar sənə dərman verib, zorlayıblar, bilirsən bu nə deməkdi?

- Eh polislərdən zəhləm gedir….

- Xalana da demədin, Sevinc?

- Yox demədim. Qorxdum. Sonra bir gün evə dönəndə xalam mənə yaman mehribanlıq göstərdi. Evdə də yenə həmişəki kimi yad kişi divana sərələnib oturmuşdu. Xalam mənə: “Get çim, saçlarını dara”, dedi. Kişinin baxışlarından bilirdim ki, burada nəsə var. Keçdim hamama yuyundum. Çıxanda xalam evdə yox idi. Kişi domba gözləri ilə məni süzdü, qorxdum, tez xalamı soruşdum. “Xalan getdi” – dedi. Çıxmaq istəyəndə kişi qapını xalamın bağladığını, açarı da özü ilə apardığını söylədi. Tir-tir əsirdim. Evdən qaçmağa başqa yer yox idi. Kişinin dəmir kimi barmaqları qollarımı əzirdi. Nə qədər çalışsam da ona gücüm çatmadı….

Sevinci dinlədikcə gözlərimdəm yaş axırdı. Mənə elə gəlirdi ki, getməsəydim, onu tək qoymasaydım bütün bunlar olmazdı. Özümü günahkar sayırdım.

- Birazdan kişi dəli kimi ayağa durdu. Xalama söyüşlər yağdırırdı ki, fahişəni mənə qız adıyla sırıyıb, nə qədər pulumu alıb. Və xalamın başına oyun açacağını deyirdi. Sən demə açarı xalam aparmayıbmış. Kişi açarı cibindən çıxardı. Qapını açdı və evdən gedəndən sonra mən də yığışdırılıb ordan qaçdım. Xalamla bir də üz-üzə gəlmədim.

- Bəs hara getdin ay Sevinc. Neynədin? – deyə soruşdum. Hər yerə… kim hara desə ora… Axırda da bir ev tapdım, indi pulunnan orda qalıram.

- Can, Ay Sevinc,  – dedim və onu qucaqlayıb saçlarını sığalladım.

Sevinc gülümsündü:

- Bax, tərpənir.

Əllərimi qorxa-qorxa, həyəcanla onun qarnına qoydum. Əlimin altında canlı hiss etdikcə, sanki dünyanı mənə verirdilər. Balaca, şıltaq uşaq kimi sevinirdim:

- Ay Sevinc, həə, bir bax, Ay Allah, tərpənir. Təpikləyir deyəsən. Amaan, aaz, yoxsa bu oğlandı. Futbolçu olacaq. Yoox, qızdı, mən qız isəyirəm qııız…

Sevinc də göz yaşları içərisində sevinirdi. Onun üzündəki nur çoxalmışdı sanki. Mənə elə gəlirdi Sevincin üzünə qonan mələk mənə yuxudakı kimi qınaqla yox, indi məhəbbətlə baxır. Tez ayağa durdum.

- Sevinc, dur, dur həkimə gedək, görək nə deyir. Görək nə qədər qalıb balaca mələyimizi qucağımıza almağa.

Xəstəxanada tanış həkimlə rastlaşdım. O, Sevinci müayinə etdikdən sonra doğuşa cəmi iki həftə qaldığını söylədi. Lakin, Sevincin ürəyində problemlər olduğunu, vaxtında həkimə müraciət etmədiyinin bu sorumu daha da artırdığını bildirdi. Sevinsəm də, fikir məni götürmüşdü: “Sevincin ürəyi xəstədir”.

Sevinci öz evimə gətirib ona hər cür qayğı göstərib, bütün dava-dərmanlarını vaxtlı-vaxtında elətdirsəm də, ürəyim səksəkədən ayrılmırdı. “Sevincin ürəyi xəstədir”  səhər yuxudan duranda da,  gecə yatanda da kimsə durmadan bu sözləri mənə pıçıldayırdı. Rahatlığım itmişdi. Bir vaxtlar gördüyüm yuxunu daha tez-tez görürdüm. Sevinc ayaqları qan içində mənə baxırdı.

Ha müalicə olunurdusa ayaqlarının şişi azalmır, getdikcə daha da artırdı. Həkimi bunun ürəyi ilə bağlı olduğunu söyləyirdi. Hətta, doğuş zamanı onun yaxınlarının dilindən yazılı ərizə lazım olduğunu da deyirdilər. Çünki, Sevincin doğuşu birbaşa ölümlə mübarizə demək idi. Bütün bunları Sevincdən gizlətsəm də, xalasına xəbər verməyi, dilindən kağız almağı qərarlaşdırdım. Xalasını görmək istəməsəm də, həkimin otağında məcburən rastlaşmalı olduq. Köklükdən nəfəsi kəsilən təxminən 50 yaşlarında bu qadının üzündən ifritəlik yağırdı. Hətta, Sevincin xəstəliyi barədə ona deyəndə belə, sifətində heç bir təəssüf ifadə olunmadı. Üstəlik ona necə qayğı göstərdiyini, doğma ana olduğunu söyləməkdən çəkinmir, Sevincin qədirbilməzliyini dönə-dönə vurğulayırdı. Həqiqəti bilsəm də susurdum. Fikrim yalnız və yalnız xəstənin dardan qurtulub sağalmasında dolaşırdı.

Sevinci xəstəxanaya yerləşdirmişdim. Doğuşa bir neçə gün qalmışdı. Ona heç nə deməsəm də çox qorxurdum. Ona ürək-dirək verir, doğuş barədə müxtəlif yalanlar uydurur, lətifələr söyləyirdim. Amma mənim heç bir sözümə əhəmiyyət vermir, “doğa bilməyəcəm” – deyir, kədərli üzünü yana çevirirdi.

Sevincin üzündəki mələk hər dəfə mənə boylananda vicdan əzabi, çəkir, özümü günahkar sayırdım.

…Həkimlər əl-ayağa düşmüşdü. Birazdan Sevincə narkos vurulacaqdı. Sancıdan qovrulduqca əllərimdən bərk-bərk yapışırdı. “Məni tək qoyma, bacı, noolar qoyma”- deyə, yalvarırdı. İçimdə yansam da üzə vurmamağa çalışır, “Ay Sevinc, di ha, sənin yerinə mənmi doğum” – deyə zarafat etmək istəyirdim. Niyəsə anası yadına düşmüşdü. Sancının içərisində tez-tez anasını çağırırdı. Anasının doğuş zamanı öldüyünü isə ilk dəfə idi ki, mənə deyirdi. Xalasına lənət oxuyurdu. “Ay Sevinc, qurban olum sakitləş”, deyə yalvarsam da mənə əhəmiyyət vermirdi. Hətta mənə elə gəlirdi ki, bircə kecənin içində Sevincin saçına dən düşmüşdü. O on yeddi yaşlı qızcığazın, on yeddi yaşlı mələyin saçları ağarmışdı…

- Sən bilirsən dəəə, bilirsən ki beş yaşımnan, atam öləndən zülüm çəkmişəm. Utana-utana dilənçilik etmişəm. Özümü elə aparırdım ki, guya kobudam, tərbiyəsizəm, qəsdən siqaret çəkirdim ki, hamının mənnən zəhləsi getsin. Pis sözlər danışırdım. İstəmirdim utandığımı kimsə görsün. Adamlar mənə pulu yazıqları gəldiyi üçün vermirdilər. Onlar mənnən iyrənirdilər, zəhlələri gedirdi. Kişilərdən də mən iyrənirdim. Amma məcbur idim onların dediyini eləməyə. Ev kirayəsi verməli idim. Yemək yeməli idim. Bilmirdim hamilə olduğumu. Ürəyim bulananda, özümü piss hiss edəndə də bilmirdim. Sonra ilk dəfə bir kişi, “Rədd ol – qarnında uşaq ola-ola nə gəzirsən burda” – deyə məni kənara itələdi. Onda bildim həkimə getmək lazımdır. Lakin gedəmmədim, qorxdum. Sonra camaat bildikcə onlardan qaçmağa çalışırdım. – Əllərimi götürüb öpməyə başladı – Sənnən də utanırdım deyə qaçırdım.

Özümü saxlaya bilmirdim. Hönkürüb ağlayırdım. – Ay Sevinc, qadan alım, belə eləmə, desəm də özümə gücüm çatmırdı. – Bax gör nə qəşəng bəbəmiz olacaq. Özü də oğlandı. O qoymayacaq sən acı çəkəsən, – desəm də Sevinc mənim sözlərimə əhəmiyyət vermirdi.

Tibb bacısı narkos vurmaq üşün otağa girdi. İşarə ilə mənə “çıx” desə də, Sevinc əllərimdən yapışıb, – Getmə – deyə yalvarırdı. Tibb bacısı çətinliklə gülümsədi və:

- Yaxşı, getmir, sən doğanda da burda duracaq, – dedi.

Sevincin damarına narkos yeridikcə gözləri yumulurdu. Onun üzündəki mələk mənə gülümsünə-gülümsünə baxırdı. O təbəssümün səbəbini anlamasam da içimdə o mələyə yalvarırdım, “Sevincə kömək ol” – deyə yalvarırdım.

Onun əlləri tam boşaldı. Həkim içəri girəndə tibb bacısı xəstənin əməliyyata hazır olduğunu söylədi.

Dəhlizdə adamlar çox idi. Kimi həyəcanla  doğuşdan cavab gözləyirdi, kimi yeni dünyaya gələn əzizinin sevincini yaşayırdı, kimi yavaş-yavaş sancı çəkir, doğuşa növbə gözləyirdi.

Mən də gözləyirdim. Həyəcanla gözləyirdim. Mələyin mələyimi qoruyacağına ümid edərək gözləyirdim…  Rəngi saralmış həkimi, tir-tir əsən tibb bacılarını, ayaqlarımı bükəcək, məni elə xəstəxana dəhlizindəcə yerə çökdürəcək xəbəri  gözləyirdim…

 

Gəncə-2010

Yazıya 1487 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.