Usta Vesəl – Bir anlıq ömür

20140302_193645(hekayə)

- Adə, şəlpəqulaq, o televizorun səsini qaldırsana, – deyə Qəmər arvad televizorun qabağında çöməlmiş altı yaşlı İbrahimə – Beytullanın sonbeşiyinə təpindi.
Şou verilişində iki məşhur müğənni biri-birinin bəhsinə analarına ağı deyirdi. Elə ürəklə oxşayırdılar ki… Yazıq arvadın bircə meyiti çatmırdı ortalıqda.
Qəmər arvad İbrahimin alındığını hiss eləyib, könlünü almaq istədi uşağın:
- Dədətarazın qulaqları ekranı təmiz tutub e…
- Ehh, ana, ana… Canın ölsün, ay ana, – səksən altı yaşlı Gülzaman qarı zarıdı.
- Az indikilər də anadımı? – dedi Mirvari nənə. – Odey mənim gəlinim… Heç bilmir uşaq harada veyillənir. Adam nə qədər güzgülənər, ay başınıza dönüm. Axırıncı dəfə mənim başıma daraq gəlin köçəndə dəyib, elə bilirsən indi daranıb.
Yaylığın kənarlarından çıxan birçəklərinə sığal çəkə-çəkə, Beytullanın arvadı Sonaya tərəf çevrilib:
- A qız gəlib otursana, – dedi.
- Gəlirəm, qoy çaydana baxım, gəlirəm, – Sona cavab verdi.
… Beytulla anasını canlandırmağa çalışdı gözləri önündə – bacarmadı.
Beytulla anadan yetim doğulmuşdu. Nənəsinin dediyinə görə, kənd xəstəxanası götürməmişdi gəlini, “Bizlik deyil”- demişdilər. Tərs kimi həmin gün təcili yardım maşınının sürücüsü Ağarza baş həkimin qoyunlarını çıxarmışdı bazara. Geciksə də, allah tərəfi, birbaşa xəstəxanaya sürmüş, ağappaq, maya kimi gəlini saman döşənmiş maşına mindirmişdi. “Hər adamın gəlininə belə yer düzəltmirəm a”, – deyə zarafat da eləmişdi Beytullanın nənəsi ilə…
Elə atasını da erkən itirmişdi… Dəstək uşaq idi onda. Həmişəki kimi günortaya gələn atası, traktoru evin arxasındakı dərədə, üzü yoxuşa saxlamışdı. Beytullanı qucağına alıb, traktora mindirmiş, “Heç nəyə əl vurma ha”, – deyə tapşırmışdı. Özü də pencəyini sərib traktorun kölgəsində uzanmışdı…
Atasının traktorun altında qalıb xıncım olan cansız bədəni hər yadına düşəndə əti ürpəşirdi. “ Qolum, qıçım sınaydı, ay dədə”, – deyib başqa şey düşünməyə çalışırdı…
Yenə məktəb illərini harayına çağırdı. Sevdiyi qızlar kadr kimi gözləri önündən keçdi. Ürək açan bir xatirə düşmədi yadına.
… Bir dəfə tarix müəllimi dərslikdə olmayan bir-iki şey danışdı: “ Azərbaycan tarixən qonşu dövlətlərin əsarətində olub, – dedi. – Bilirsinizmi, uşaqlar, -deyə əlavə etdi, – biz ərazi baxımından, güc baxımından İran, Rusiya, Türkiyə kimi qonşularımızdan çox kiçiyik. Biz zaman-zaman hansısa dövlətin əsarəti altında yaşamağa məcbur olmuşuq. Bu əsarət bizim dilimizdə, dinimizdə, əlifbamızda, adlarımızda öz izini qoyub, damğasını vurub. Diqqət edin, məsələn: “ Beytulla –allahın evi “ ərəblərin yadigarıdı bizə. “
Beytulla özündən ixtiyarsız ayağa qalxmışdı. Müəllim balaca gülümsünüb:
- Doğrudan, ay Beytulla, bu ərəblər indi öz başlarının hayındadılar. Onların yadından çıxarıblar bizi… Bizi indi daha çox iki böyük qüvvə narahat edir – ruslar və ingilislər. Sən belə elə, gördün ruslar gəlir, adını dəyiş – elə Domulla. İngilislər gələndə də, qoyarsan Homulla. Ən azından, rahat yaşayarsan da…
Babasının adını daşımaq onsuz da ürəyincə deyildi Beytullanın. O dərsdən sonra isə adı təmiz düşdü gözündən. Az zamanda hər kəs, sevdiyi qızlar belə onu Homulla, ya da Domulla deyə çağırmağa başladılar.
… Əlində padnos çay gətirən, Beytullanın ağır çəkili arvadı Sona hıqqana-hıqqana Qəmər arvadın yanında çökdü.
- Gəl çıx da, ay qız, – dedi Qəmər arvad.
- Kişi necədir, az, – soruşdu Mirvarıi nənə. – Ağızdan diridimi heç olmaya?
- Diri nədir, ay arvad, – Sonanın gül ağzı açıldı. -Dəyirman kimi üyüdür. Az, xəstə mənəm ee… Vallah heç kim inanmır. Elə bilirlər bəxtəvərçilikdən şişirəm. Ayaqlarımın ağrısından az qalıram divara dırmaşım. Sən Allah damarlarıma bax mənim – zol-zol durub. Ağrımayan yerim yoxdu daha. Çürütdüm gül kimi ömrümü, puç elədim. Nə uşaq yanır adama, nə ər. Hamısı bekaradı, hamısı hədərdi…
Sonanın əsli obaçı idi, dədə-babadan mal-qara, qoyun-quzu saxlamaqla məşğul olmuşdular. Onu Beytullaya balıqsatan arvad ürcah eləmişdi.
Bir gün bu balıqsatan arvad, lap nağıllardakı kimi, həsir zənbilini götürüb, rezin qaloşlarını geymiş; el-el, oba-oba dolanıb, üz tutmuşdu Beytullanın əmisigilə. Beytullanın əmisi arvadı Könülü xəlvətə çəkib, “ Ay bacı, bu sağırı döllükmü saxlayırsınız”, – deyə soruşaraq, söhbətə giriş vermişdi. Və yavaş-yavaş od parçası; bir az qara olsa da, şipşirin; ətli-canlı; pətənək kimi obaçı qızı Sonanı canı-dildən vəsf eləmişdi. Bütün bunlardan bir şey çıxmayacağına əmin olandan sonra isə, axırıncı kartı açmışdı:
- Müxtəsəri, ay Könül, bu qız qız deyil ha – süd gölüdü, ətdi, yağdı. Hələ bunun qaymağını, pendirini, qatığını demirəm.
Beytulla təsadüfən balıqsatan arvadın xüsusi vurğu ilə dediyi qatıq kəlməsini eşitsə də, söhbətin məğzindən ancaq səhəri xəbər tutmuşdu…
Elçilikdən dərhal sonra Sonanın böyük qardaşı qərar qəbul eləmişdi: “ O gədəni toya qədər buralardan keçən görsəm, uzun qulaqlarınını kəsib çoban iti qayıracağam. Baxın mən sözümü dedim…”
Əslində bu qərar Beytullanın ürəyincə idi. Birincisi ona görə ki, obada elə köpəklər var idi, qızın qardaşı onların yanında toya getməli idi. İkincisi və ən əsası isə… qız heç ürəyincə deyildi Beytullanın.
Beytulla qonşu kənddə yaşayan, özündən altı yaş böyük Fəxriyyə adlı bir fahişəni sevirdi. Bilirdi onu sevmək olmaz … amma, sevirdi. Hər kəsdən, hər şeydən artıq sevirdi. O Beytullanın tanıdığı ilk qadın idi. O Beytullaya yalandan da olsa, “Səni sevirəm, sən əsil kişisən, sən çox güclüsən”, – deyən ilk varlıq idi. O bircə dəfə də olsun, Beytullanı uzun qulaqlarına, balaca boyuna görə məzəmmət eləməmişdi.
… Televizorda oxşama deyən müğənnilərdən biri, indi şövqlə anaya aid mahnı ifa edirdi. Öz toyunda bu mahnıya doyunca oynadığını xatırladı. Bir az da içkili idi onda. Toyxananı almışdı başına. Oynaya-oynaya gözlərindən süzülən yaşı uşaq kimi əlinin arxası ilə silir, tez-tez burnunu çəkirdi. Sərpayı Murad müəllim mikrafonu götürüb, “ Bəsdi də, ay Homulla, ya ağla, ya da oyna”, – deyincə oynamışdı.
… Toy qurtarandan sonra, sağdışı Fərəc bir-iki məsləhət vermiş, xüsusən də, bərk-bərk tapşırmışdı ki, gərdəyə girəndə bissimillah deməyi unutmasın. Beytulla Fərəcin məzələndiyini düşünüb, şübhəli-şübhəli onu süzmüşdü. “ Bəlkə çıxanda da əlhəmdülullah deyim?” – deyə soruşmuşdu. Fərəc qarnını tutub, doyunca güldükdən sonra, “ De, qardaş, de. Gördün alınmır, onda da tfu, lənətullah deyərsən”, – deyib uğunmuşdu.
… Qəfil ildırım çaxdı elə bil. Beytullanın bayaqdan pəncərəyə zillənən gözlərini ağappaq işıq qarsadı. Bu onun ağappaq, maya kimi anasının ruhu da ola bilərdi, Sonanın toy gecəsi geydiiyi gəlinliyi də… İçini hıçqırtıya bənzər səslə elə çəkdi ki, bütöv bədəni boşaldı. Sonra ağappaq, uzun ətəklərini külək oynadan Fəxriyyə gəldi gözlərinin önünə. Qıpqırmızı lalələr açmış çəmənlikdə uşaq kimi qaçmağa… şehdən islanıb, palçıq yığan ayaqqabılarını tullayıb qaçmağa başladı. Sonra ağzı üstə düşüb, göy otların torpağa qarışan qoxusunu var gücü ilə içinə çəkdi.
Otların, lalələrin arasından İbrahimin sevincdən parlayan üzünü gördü. Qollarını açıb atasına doğru qaçırdı. Beytulla xoşbəxt idi. Beytulla hələ belə xoşbəxt olmamışdı. Ağladı… ilk dəfə sevincindən ağladı. Göz yaşını otların, çiçəklərin şehinə qarışdırdı. Üz-gözü, bədəni suyun içində idi – cumculuq su olmuşdu. Birdən İbrahimin qışqırtısını eşitdi. “Ata, ay ata”, – deyə qışqırırdı İbrahim. Uşağı ilan çaldı, nəydi, – deyə uzandığı yerdən dikəlməyə çalışdı.
Gözlərini açanda ona dəyməyə gələn qonşu arvadları başının üstünə toplaşan gördü. Mirvari nənə Qəməri dümsükləyib, “Ay qız, uşağın ürəyi partladı, çölə çıxar onu”,- dedi. Sona məhrəba ilə ərinin boyun-boğazını, bədənini silə-silə, “ şükür, çox şükür keçdi”, – dedi. Beytulla yazıq-yazıq arvadının gözlərinə baxdı. “Qoyma ölüm”, – demək istədi… dili dönmədi. İki damla yaş yanaqları uzunu süzüldü.
Özü elədi… özü. Həmişə Allaha yalvarardı ki, ömründən kəsib boyuna calasın. İndi bu istəyi ona çox mənasız görünürdü. Axı deyə bilərdi… deyə bilərdi ki, məsələn, qulaqlarından kəsib boyuna calasın allah. Niyə demədi axı… Beytulla yaşamaq istəyirdi. Nə yaşamışdı, nə görmüşdü axı? Qırx səkkiz illik ömrünün haradasa yarısı at belində keçmişdi. Qayınatasına çobanlıq eləyib, aran-yaylaq gəzmişdi… Həyat nə qədər acı, amansız olsa da, ölüm nə qədər şirin, çəkici olsa da yaşamaq istəyirdi. Bilmirdi niyə… bircə onu bilirdi ki, yaşamaq istəyir.
Başını ehtiyatla çevirib, qorxa-qorxa pəncərəyə baxdı…
Pəncərədən ildırım kimi çaxan ağappaq işıq gözlərini qarsadı. İçini hıçqırtıya bənzər səslə elə çəkdi ki, bütöv bədəni boşaldı.
… Televizorda iki məşhur müğənni biri-birinə qoşulub ana mahnısı ifa edirdi.

Yazıya 613 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.