İslamda kiminsə evini gizlincə dinləmək də haram sayılır – MARAQLI

Atəşin üzərindən tullanmaqla günahların bağışlanacağına inanmaq həqiqətən də avamlıqdır”

Novruzun İslama ziddiyətli olması barədə dindarlar arasında fikir dolaşır. Hətta bir ilahiyyatçı da münasibət bildirərək, əslində Novruzun Quranda da bəyənildiyini dilə gətirib. İlahiyyatçının sözlərinə görə, Taha surəsinin 57-59 – cu ayələrinin təfsirində, həmçinin Bəqərə surəsinin 243-cü ayəsində Novruzun İslamla bağlı olmasına dair sübutlar varmış.
Ancaq ilahiyyatçı alim Əkrəm Həsənov bunun həqiqətə uyğun olmadığını öz açıqlamasında dilə gətirdi:
“Biz Qurani-Kərimin təfsirinə baxdıqda Qurani-Kərimdə Novruz bayramı ilə əlaqədər bəzi ayələrin təfsirinə rast gəlirik. İslam dini mətnlərində Novruz bayramı məcusilərin bayramı olaraq bildirilmiş və Peyğəmbər hədislərində bu bayramın keçirilməsi qadağan olunmuşdur. Ancaq Novruz bayramı çox qədim zamanlara gedib çıxan bir bayramdır. Novruzla bağlı iddia edilən ayələr Qurani-Kərimin Taha surəsinin 57-59-cu ayələridir. Allah-təala həmin ayələrdə belə buyurur: “57. (Firon) dedi: “Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan (Misirdən) qovub çıxartmağa gəlmisən? 58. Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf çıxmayaq. Bu (ikimizə də) əlverişli bir yerdə olsun!” (Görək kim-kimə qalib gələcək!) 59. (Musa) dedi: “Sizə verilən vədə sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!”.
Əlbəttə Quran ayələrinin izahını vermək üçün təfsir qaynaqlarına müraciət etmək zəruridir. Biz də öz növbəmizdə Quranın təfsirlərinə baxdıq və bu ayələrin Novruzla əlaqəsinin olmadığını, heç buna işarə olunmadığını belə gördük. Bu ayələrdə məqsəd Fironun Musa peyğəmbərə vaxt verməsi və ondan möcüzə gətirməsini tələb etməsidir. Bütün təfsirçilər orada keçən yerin isə müəyyən bir ərazi və ya şəhər olması yox, sadəcə düz bir yer olmasıdır. Fironun düz bir yerdə olmasını şərt qoymuşdur ki, bütün insanlar bu edilən sehri görə bilsinlər. Bayram günü məsələsinə gəldikdə isə bildiyimiz kimi İslamdan əvvəl də Aşura günü mübarək gün kimi qeyd olunur və bayram günü keçirirlirdi. Məhz həmin bayram günündə insanlar bir yerə  cəm olunurdular. Çoxlu insanların iştirak etməsi üçün də möcüzə göstərməyi bayram gününə təyin edirdilər. Bəzi təfsirçilər isə bu bayram gününün Misir camaatına məxsus bir gün olması və həmin günü bəzənmələri səbəbi ilə bu günə təyin etməyi qərarlaşdırırlar. Təfsirçi Dəhhaq bu günün Şənbə günü olması, başqa təfsirçilər isə Novruz bayramı olmasını qeyd ediblər. Bu günün Novruz bayramı olmasını deyən bəzi təfsirçilər vardır. Təfsirçi alim Sələbi bu günün Novruz bayramı olduğunu demişdir. Digər təfsir alimlərindən də bu günün Novruz günü olduğu xəbər verilib. Ancaq bildiyimiz kimi islam dininə görə Novruz bayramı qeyd olunmur. Buna baxmayaraq bəzi dini cərəyanlar Novruzu islamlaşdırdılar. Yəni Novruzun Islam bayramları halında keçirilməsinə səy göstərdilər. Novruz bayramını bəzi cərəyanlar Həzrəti Əlinin (Allah ondan razı olsun) hakimiyyətə gəlməsi ilə əlaqələndirdilər. Son dövrlərdə yəhudilikdə və xristianlıqda dinin əslinin dəyişdirilməsi prosesi həyata keçdiyi kimi bu İslama da sirayət etdi. Bəzi islam cərəyanlarında belə əsli olmayan nəticəyə gəldilər ki, Novruz bayramı eyni zamanda Həzrəti Əlinin (Allah ondan razı olsun) doğulması, taxta çıxması, həyat yoldaşı Fatimə ilə evləndiyi gün kimi təqdim olundu. Hətta bu yolunu azmış firqələr Novruz bayramını Məhəmməd peyğəmbərin peyğəmbər göndərilməsi günü kimi qələmə verdilər. İnsanları bu yalanlara inandırdılar. Hətta savadsızlıqda həddi aşanlar guya Azərbaycanın qədim peyğəmbəri Cəmşidin taxta çıxması günü kimi Novruza yalanlar qatdılar.
Novruzu o qədər islama bağladılar ki, bu gün Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı, Nuh peyğəmbərin gəmisinin quraqlığa çıxdığı gün kimi insanlara aşılandı. Əslində müsəlmanların Ramazan bayramı ilə Qurban bayramından başqa keçirəcəkləri digər heç bir bayramları yoxdur. Bu iki bayramdan başqa olan bayramlar, sonradan çıxarılmış, dinə olunan yeniliklərdən biridir. İslam dini mənbələrinə baxdıqda bu bayramları qeyd etməyin icazəli olmadığını görərik. Mənim burada qeyd etdiyim məsələlər islamın bu bayrama mövqeyini göstərir. Əlbəttə bizim camaatımız da müsəlman bir xalqdır və bu bayramı çox təntənə ilə qeyd edirlər. Bu bayramı xüsusi ilə islam adına çıxanlar da əsasən İrandan təhsil alıb gələn şəxslərdir. Hər bir məsələdə, xüsusi ilə şəriət məsələsində söz deyən, fikir bəyan edən şəxs mütləq böyük bir dəlilə əsaslanmalıdır. Biz Novruz bayramını qeyd etmək haqqında tutarlı dəlillərə sahib deylik. Açıq danışaq ki, bu barədə əlimizdə olan dəlillərin hamısı tarix boyu dədə-babalarımızın təkrarladığı adət-ənənədir. Bu da heç bir vaxt həqiqətin yerini verə bilməz. Bu gün bütün dünyada və bizim ölkəmizdə də bu bayram təntənəli şəkildə qeyd olunur. Əlbəttə islama zidd olan bir çox haramlara, israfçılıqlara yol verilir. Cəmiyyətimizdə də İslam dini təbliğ olunur. Buna baxmayaraq sevindiricidir ki, gənclər özləri artıq bu məsələləri araşdırırlar, oxuyurlar, nəyin doğru, nəyin yanlış olduqlarını müəyyən edə bilirlər. Novruz bayramında da artıq çox təkmilləşdirmələrə getmişik. İnsanın inancı doğru olduqda yanlışdan özü çəkinə bilir. Bu səbəblə bu qeydlərimiz heç kimi narahat etməməlidir. Çünki hər kəsin vicdan azadlığı, söz azadlığı, bu və ya digər şəkildə bilməyənlərə həqiqəti çatdırmaq azadlığı vardır. Biz əlbəttə bu qədər camaatımızın və gənclərimizin mövqeyini dəyişmək üçün bu araşdırmanı ortaya qoymuruq. Bu vəziyyətdən Allaha sığınırıq. Yaxud da kiməsə sən bu bayramı qeyd etmə də demirik. Bu məsələdə heç bir qadağa qoymaq və ya kimisə bu işdə məcbur etmək haqsızlıqdır. Bu həm dövlətimizin qayda-qanunlarına, həmdə ümumi cəmiyyətimizin hələ öz adət-ənənələrinə yenicə qayıtdığı bir şəraitdə qarşısının kəsilməsi kimi də başa düşülə bilər. Belə səhv anlaşılmaqdan da Allaha sığınırıq. Çünki biz hamımız bu cəmiyyətin içərisindəyik və istər-istəməz bu adət-ənənələri ən azından yaşayırıq.
Hamımızın evimizdə hər yaz bu təmtəraqllı bayram qey olunur, özümüz də bişirilən şirniyyatlardan yeyirik.
Novruz bayramı bizim ölkəmizin qədimi bayramlarından biridir. Ölkəmiz də müstəqil ölkə olduğu üçün adət-ənənələrini qoruyub saxlayır, yaşadır. İslam da belə vəziyyətdə sadəcə dinə zidd əməlləri qadağan edə bilər. Ancaq Novruz bizim xalqın çoxluğunun qəbul etdiyi, keçirdiyi bayramlardan biridir. Xüsusi ilə yazın gəlişinə insanlar sevinirlər. İnsanların çoxu bu bayramı dini bayram kimi qeyd etmirlər. Sadəcə yazın gəlişinə sevinclərini ifadə etmək üçün bu bayramları qeyd edirlər. Burada İslam yalnız insanlara haramı qadağan edə bilər. Məsələn, əvvəl Novruz bayramlarında qapılara papaq atanlar indi deyirlər ki, papaq qeyrətdir və onu qapıya atmaq olmaz. Doğrudur, bu da bilgisizlikdən qaynaqlanan sözdür. Çünki, papaqla heç vaxt insan öz əxlaqını göstərmiş sayılmaz. Bunlar sadəcə qədimdən qalan deyimlərdir. Yaxud da islam dilənməyi qadağan etdiyi üçün indi çoxları papaq atmağı da xoş görmürlər. İslamda kiminsə evini gizlincə dinləmək də haram sayılır. Yəni qədimlərdə insanlar evlərin qapısını pusub orada olan söz-söhbətləri dinləyirdilərsə indi artıq bunun doğru olmadığını insanlar etiraf edirlər. Bu heç nəinki dinlə, ağılla və mənqitlə də doğru əməl sayıla bilməz. Ya da atəşin üzərindən tullanmaqla günahların bağışlanacağına inanmaq həqiqətən də avamlıqdır. Ya da bütün problemlərin odun üzərinə töklüməsi kimi bir inanc  da batildir. Bunu da insanlar dərk edirlər. Ümumən həqiqətən də İslam mənbələrinə baxanda Novruzun İslamla heç bir əlaqəsinin olmadığı gün kimi insana aydın olur.

Yazıya 474 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.