Eynşteyn Atatürkdən nə xahiş etmişdi? – MƏTN

eynsteynDahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteynin dünyanın ən böyük lideri saydığı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə yollarının necə kəsişməsi, eləcə də Atatürkün Eynşteynə göstərdiyi xoş münasibət haqda söhbətlərə Türkiyənin azsaylı etibarlı mənbələrində rast gəlinir.
Eynşteyn alman rejiminin yəhudilərə olan pis rəftarı səbəbindən o zaman ( elə indi də ) xüsusi çəkiyə sahib olan Atatürkə xahiş məktubu göndərir. Mənbələrdə deyilir:
“Hitler rejiminin  güclənməsindən sonra yəhudilər nasist təzyiqindən qorunmaq üçün “Yəhudi nüfuzunu qoruma birliyi” adlı təşkilat yaradır və böyük alim Albert Eynşteyn onun fəxri sədri seçilir. Qurumun əsas işi hələ də Almaniyada nasist təhlükəsi altında yaşayan yəhudi elm adamlarını xilas
etmək olur. Eynşteyn onları xilas etmək üçün bir çıxış yolu tapa bilmişdi.
1933-cü il iyunun 17-də Türkiyə hökumətinə xahiş məktubu göndərib. Hökumətə, konkret olaraq baş nazirin ünvanına göndərilən bu məktub son dərəcə nəzakətli ibarələrlə zəngin olub. Məktubda Eynşteyn o zaman Almaniyada yaşayan alimlərin təhlükə altında olduğunu, eləcə də işlərində ciddi əngəllər yarandığını qeyd edirdi”.
Moderator.az həmin məktubdan bir hissəni təqdim edir:
“Mən sabiq xidmətkarınız professor Albert Eynşteyn
Almaniyada təzyiqlər altında yaşayan 40-dan çox elm xadiminin və tibb mütəxəssisinin Türkiyədə yaşayıb fəaliyyət göstərmələri üçün icazə vermənizi xahiş edirəm.
Haqqında danışdığım adamlar Almaniyada onlara qarşı tətbiq edilən qadağalar səbəbindən fəaliyyət göstərə bilmirlər. Amma onlar kifayət qədər təcrübə, dünyagörüş və savada malik olduğundan yaşayacaqları hər hansı ölkəyə fayda verəcəklərinə əminəm. Bu 40 insan bizim birliyə göndərilən çoxsaylı müraciətlər arasından seçilərək sizin ölkəyə tövsiyə edilir.
Onları qəbul etdiyiniz təqdirdə yüksək insani nümunə göstərməklə yanaşı, həmçinin öz ölkəniz üçün də faydalı nəsə etmiş olacaqsınız.
Bunu deməklə ən azından özündə cəsarət tapan, sabiq xidmətkarınız olmağı özünə şərəf bilən
professor Albert Eynşteyn”.
 
Elmin Nuri

Yazıya 654 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.