GÖY – İŞIQ – SƏS

11892138_1222222917804043_6910032793468251833_n(Xəzangül Hüseynovanın “Özümü axtarıram” kitabından sonra…)

 

“Özüm öz kitabımı vərəqlədikcə, oxuduqca poeziya deyilən bir dünyanın həzin pıçıltılarını eşidirəm. Ucu-bucağı görünməyən dərindən də dərin, təlatümsüz, sakit bir dənizin pıçıltısı kimi. Bilmirəm, şeirlərimlə dərdləşə biləcək kimsə olacaqmı? Olsaydı, dərddən, kədərdən yüklənən şeirlərim yüngülləşərdi”.

(X.Hüseynova)

Xəzangül Hüseynovanın yeni işıq üzü görən şeirlər toplusu şairin özünün yazdığı söz əvvəli ilə başlayır. Bu başlanğıc oxucuya kitab haqqında ipucu verir sanki. Bəli, bu kitabda zərif bir qadının ürək döyüntüləri, arzuları, sevinci o qədər həssaslıqla qələmə alınıb ki, oxucu hər bir sətrin üzərində əsir, qorxur ki, o zərifliyə xələl gətirə bilər. Və oxucu bu sakittəbiətli xanımın şeirlərinin həlimliyi ilə yanaşı, təsir gücünə heyran qalır. Hətta şairin üsyan xarakterli şeirləri də bahar küləyi kimidir, əsir, titrədir, lakin yerindən oynatmır. Bu əsim, titrətmə öz sözünü deyir və bu əsimdən yeni pöhrələr göyərir, küləkli payıza bar aparır…

Kitabın adı “Özümü axtarıram”dır. Oxucuda bir sual yaranır: dünya görmüş, müdrik yaşına varmış bir insanın özünü hələ də tapmaması doğrudurmu? Gənc şair –  yaradıcılığı cığıra düşməyən birisi üçün bu deyim qəbul olunardı. Bəs Xəzangül xanım?  O, nədən belə ada müraciət edib? Bu suallara cavab tapmaq üçün şairin şeirlərinə ayrı-ayrılıqda yox, bütövlükdə bələd olmaq gərəkdir. Şair “Öz” deyirkən, Göylərlə təmas quran, lakin gözə görünməyən, ona pıçıltılarla şeir yazdıran İlahi bir qüvvəni nəzərdə tutur, “Öz”ünü axtarır. O “Öz”ü isə şair tapmayacaq. O “Öz”ü şairin oxucuları zaman-zaman kəşf edəcək və o “Öz”də özünü görəcək, o “Öz”ə tapınacaq:

 

Bütövə kəsirəm, kəsrin tamıyam.

…Elə hamı mənəm, mən də hamıyam.

Tanrı dərgahına tutdum üzümü,

Tapa biləcəyəmmi görən özümü?

 

Və yaxud:

 

Öz içimdə öz sevgimi yaşatdım,

Xəyalımda özüm adlı yar tapdım,

Mən özümü özüm ilə qarıtdım…

 

Başqa bir örnək:

 

Üzüm Göy üzündə, gözüm yaş tökər,

Tapdınmı, ey Tanrım, Xəzangülü sən?

 

 

Və bir də oxucu diqqətindən yayınmayan, Xəzangül poeziyasının nəfəsi olan bir SƏS var onun şeirlərində.

 

Boylanıram Göy üzünə,

Boylanıram Yer üzünə.

Boylanıram hər sözümə,

Misraların arasında

Axtarıram o səsi!

 

O səsi bəzən Tanrı səsinə bənzədirik, bəzən şairin ruh qohumları – yaradıcı dühaların – Mövlanənin, Ulu Nizaminin, Füzulinin, Məhsətinin, Məmməd Arazın səsinə bənzədirik…

 

Ey Şeyx Nizami,

Ey Şah Nizami!

Ruh Nizami!

Ruhunu çağırmaqdan…

Heyim qalmadı axı…

***

Gəl, gəl dedin, ya Mövlanə, gəlmişəm!

 

“Bu, yetim kədərdir” şeirində Xəzangül xanım öz daxili kədərindən söz açsa da, yetimliyin rəsmini rəssam sayağı çəkə bilib, yetimliyin hıçqırtılarını bəstəkar sayağı nota düzə bilib…

 

“Bu kədər pərişan, dalğın kədərli,

Bu yetim kədərdir, qananı yoxdur”

 

Yetimlər nə qədər pərişan, dalğın olsa da onu kimsə yetimin özü qədər anlamaz.

“Bu yetim kədərdir, yananı yoxdur”– yetimə yanan da olmaz.

 “Bu yetim kədərdir, cananı yoxdur”– yetimin cananı da olmaz…

 

Şairin ictimai, fəlsəfi mövzulu şeirləri də kitabda yer alıb:

 

Barsız bir ağacı gözəllik sanib,

Əkirik həmişə göz qabağında.

Bar verən ağacı o vaxt ki, anıb –

Bar üçün baxırıq hər budağına.

***

Əgər arxlığını qəbul etsəydin,

Bəlkə də bir zaman çaya dönərdin.

***

Əlinə balta aldın,

Kəsdin səni qucan

Budaq qollarımı

***

Ölümün ki, nə cənnəti,

Cəhənnəmi olmayanda…

 

Və burada şair o sonuncu üç nöqtəni ustalıqla oxucuya göndərir. Hərə özlüyündə o nöqtələrin yerini doldurur. Birimiz düşünürük: “Ölümün cənnəti-cəhənnəmi olmayanda bu ölüm ölümdən betər olar”, başqa birimiz ölümün cənnət-cəhənnəm arasında körpü olduğunu ağlımıza gətirir, bu körpünün hansı tərəfinə keçməyin necə yaşamağından asılılılğını anlayırıq. Lakin hansı tərəfə yozsaq da bir nəticəyə gəlirik: deməli, ölüm özü də əbədi deyil, ölüm əbədiyyətə sadəcə yoldur. Və ən əsas nəticə yenə də nöqtələrin üzərinə düşür: şair bu nöqtələrlə bəşəriyyətə hər bir sonun əslində sonsuz olduğu ismarıcını göndərir (?!)…

Xəzangül xanımın şeirlərində saxta pafos yoxdur. O, vətənin bu günkü durumunu əlində şüar edib misralarına “səs-küy” qatmır. Onun Vətənə olan sevgisinin sərhədsiz sərhəddini elə aşağıdakı örnəkdən görürük:

 

And verirəm Yerə, Göyə,

Azərbaycan Dövlətinə!

 

O, sevgi şeirləri yazır, sevgi ömrü yaşayır, sevgi əzabı çəkir, ayrılığın ağrısını duyur, sevinir, qəmlənir, ağlayır, gülür…

 

Onda nəfəsində gərək mən olam,

Onda hər kəsində gərək mən olam!

***

Bəlkə aramızda Kərəm közüdür,

Nə mən sənin oldum, nə də sən mənim…

 

***

Məni məndən alıb gedən,

Sən hardasan?

 

Bu örnəklərə ayrı-ayrılıqda diqqət edəndə oxucuya elə gəlir ki, şair bəndəyə bənd olub, şair, bəndənin ayrılığına yanır. Lakin Xəzangülün iç dünyası – şeirləri ilə yaxınlaşanda, dostlaşanda fikirlər tamamilə alt-üst olur və insan ağlınin belə bir üslubdan istifadə edərək poeziyaya yüksəlmək ustalığına heyranlıq yaranır. Əslində şair bəndəyə yox, o bəndəni xəlq edənə vurulub. Əslində şair bəndəni yox, o bəndəni xəlq edəni gözləyir, Xaliqin ayrılığına dözmür, Xaliqin həsrətini çəkir, Xaliqin səsini eşidir. “Işıq sevgilim” şeirində biz onun sevgilisini tam yaxından tanıyırıq

 

Ey işıq sevgilim,

İşığına bələnimmi?

Göydən yerə nur seli tək ələnimmi?

 

Onun sevgilisi Göylərdədir, onun sevgilisi əlçatmazdır. O, sevgilisinə bir addım yaxınlaşsa da, yenə vüsalına qovuşammır və işıq sevgilisinə qarışıb nura dönmək, yer üzərini işığa qərq etmək istəyir. Bəlkə elə o İşıq – sevginin özüdür? Bəlkə elə şairin sevgilisi – Ali, Ulu, Əbədi olan nur çöhrəli sevginin özüdür…

***

Oxucuya məlumdur ki, Xəzangül xanımın şeirlərinin əksəriyyəti azad səmada səfini pozmadan qanad çalan durnalardır – yəni bu şeirlər sərbəstdir, qafiyə, heca, bölgü çərçivəsindən uzaqdır.  Yenə deyirəm, səfini pozmadan!

Mənim diqqətimi ən çox cəlb edən özünəməxsusluqdan biri də şairin sərbəst şeirlərinə bayatı qatmasıdır. Mən də təxminən bu üslubda bir-neçə şeir qələmə almışdım və mənə elə gəlirdi ki, bu səpkidə yalnız mən yazıram. Lakin, Xəzangül xanımın illər öncə yazdığı şeirlərində bu üslubu görəndə sevindim, sevindim ki, ruhum bu şair xanımın ruhunu görə bilib.

…Şairin anası döyüşə üç qardaş yola salır, qardaşlar dönmür, bu dönməzlik bacının sinəsində dağ olur…  Şair “Nifrət etdiyim ad” şeirində müharibəyə, davaya etirazını göstərməklə yanaşı, sülhə durna qanadı – bayatı ilə ağı deyir:

 

Əzizinəm, daş dərdim,

Daşlara sirdaç dərdim.

Hərb adlı əjdahaya

Üç qardaşı göndərdim.

 

Sonda deyir:

 

Amma müharibə anamın

Göz yaşını silmədi,

Dayılarım gəlmədi…

 

Xəzangül yaradıcılığında bir söyüd obrazı da var. Şairin tapındığı, söhbətləşdiyi, dərdləşdiyi Göy – İşıq – Səs sevgilisi ilə yanaşı bu obraz da canlıdır, bu obraz da yaşayır, Salxım Söyüdlə dərdləşəndə söyüdün qollarını açaraq şairi sinəsinə basdığının şahidi oluruq. “Yenə Salxım Söyüd” adlı dərdləşməsində mənim diqqətimi çəkən şairin poetikası oldu. Atasının, qardaşının, doğmalarının ölümünün ağrısını söyüdlə bölüşən şair anasının gəncliyinin öldüyünü belə ifadə edir: “Anamın şux yerişi öldü, Sevinci gülüşü öldü” İlahi, dərd altında qatlanan bir ananın mənəvi ölümünü bundan ağrılı ifadə etmək olardımı? Ananın gülüşü, yerişi, duruşu, sevinci öləndən sonra ana da ölür və ana öləndən sonra güvəndiyin bəxt də sənə asi çıxır, bax, onda bəxtini dara çəkmək istəyir insan:

 

Mən bəxtimin güvəncini,

Dar ağacdan asmalıyam

Qoy bəxtimin qarası da

Dar ağaca çəkilsin!

 

Xəzangül Hüseynova ədəbiyyata sıçrayışla, sürətlə qədəm basıb. Lakin onun uzun illər məktəb direktoru – məsuliyyətli iş adamı olması yaradıcılığına ciddi əngəllər törədib. Bu əngəllərə ilk dəfə diqqət edən,  üzülən böyük yazıçımız Qərib Mehdi öz şagirdinə dönə-dönə “bu yoldan dön”, “yaradıcılığına asi olma”, “rəhbər vəzifə sənin şair qəlbini sərtləşdirəcək, şeirlərinin qanadlarını sındıracaq”, – desə də, Xəzangül müəllimə bu həqiqəti illər sonra qəbul edib və “Ay Dədə Qərib” adlı qoşmasında sanki beşikdəcə boğulan şeir balalarından üzr istəyir…

 

Elə fəda etdim, elə özümü,

Unutdum şeirimi, vəhyli sözümü,

Güvəncim döndərdi heçə əzmimi,

Əli boş qoyandı, ay Dədə Qərib!

 

Nafilə! Zaman o tumurcuq şeirləri vəzifə qanadlarında uzaqlara apardı. Apardı və:

 

Nə tez örtdüm qara zülfə ağ şalı,

Yaş görməmiş yaşlılara qatıldım…

 

– misralarına qədər uzaq etdi illəri. Artıq bu uzaqlıq 65 yaşa boylananda şair üsyan etdi zamana – zamanın insanına:

 

Ey insanlar!

65 yaşı zibil kimi

Tullamayın bir kənara!

Bu, yanlışlıq,

Sitəm, yara!

Bu,  tarixə xəyanətdir!

Bir divandır!

65 yaş

Qoca deyil,

O cavandır!!!

 

 

Şairlərin əksəriyyəti ölümlə söhbət edir. Və o söhbətlərin çıxarışı olaraq övladlarına vəsiyyət xarakterli şeirlər yazır. Xəzangül xanımda da belə şeirlər var, lakin tam fərqli səpkidə. O, övladına necə yaşamağı nəsihət etmir, o, ovladına güvənir, o, ağrılarını qabardaraq övladının ürəyini üzmür. Diqqət edin, o, övladına nə deyir:

 

Ömür boyu

Mənlə dərdləşən

Şeirlərim, sirdaşlarım var,

Onları tapşırıram sənə,

Tapşırıram dönə-dönə!

 

Şeir balalarını can balalarına tapşırandan sonra İlahiyə üz tutur:

 

İlahi, göyçək kimi öldür məni,

İlahi, çiçək kimi öldür məni – deyir.

 

…bu dünya atam idi,

Anam idi, qardaş idi…

O dünyaya köç eylədilər.

Sənə nifrət edə-edə

Səninlə qohum oldum (o dünya).

…Daha qorxmuram səndən

Nə vaxt məndən can istəsən hazıram,

Səndə əmanətim var (o dünya).

 

–          deyərək, o dünyaya meydan oxuyur….

Xəzangül Hüseynova Gəncə ədəbi mühitinin yetirməsidir. O, Borçalı mahalında anadan olub. 70-ci illərdən başlayaraq şeirləri çap olunur. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən isə Türkiyə-Avrasiya Yazarlar Birliyinin üzvüdür. Xəzangül Hüseynova 7 kitab müəllifidir. “Qaya üstə bitən çiçək” (1988), “Yeddinci göylə söhbət” (1996), gürcü dilində “Ekvebi” (1998), “Ömür şikəstəsi” (1998), “Günəş məni aldadır” (2000), “Könlümdən baxan günəş” (2008), türk dilində “Bitmeyen hazan” (2008).

Şairin “Məhəbbətin qənimi” adlı mənzum pyesi Gəncə şəhər C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.

Hal-hazırda şair AYB-nin Gəncə bölməsinin sədridir.

10545001_912977888715890_595379540_n

İradə Aytel

“Cümhuriyət qəzeti”

Yazıya 1168 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.