“Bu gün səlahiyyətli insanlardan biri ilə bir məclisdə söhbətim oldu. Soruşdum ki, niyə yoxsul insanlar üçün simvolik qiymətlərlə öz hüzür məclisini keçirməyə kömək göstərmirsiniz? Sağ olun, tikmisiniz, təmirli mərasim yerləriniz var, Allah qatında da savaba yazılar ki, neçə-neçə imkansız insanın vəziyyətini yüngülləşdirərsiniz.
Axı hamımıza bəllidir ki, bizim qondarma müsəlmanları tarix boyunca inandırıblar ki, ehsan əsasən yeməklə qarın doyurmaqdan ibarətdir və bir çox aztəminatlı insanlar qəfildən yaxınları vəfat edəndə yası yola vermək üçün bir çox hallarda borca girirlər. Bunlara izah etmək olmazmı ki, yeməyə çəkilən xərcləri mərhumun ailəsi üçün sərf etmək daha doğru olar? Gəlib rahatca çayla-qoğalla mərasimlərini keçirsinlər və sıxıntıya düşməsinlər? Həmsöhbətim and-aman etdi ki, istər Keşlədəki mərasim evində, istər də Babək prospektində yerləşən mərasim yerində məhz yeməksiz ehsan nəzərdə tutulmuşdu, adam öz çayını və qəndini gətirirdi və sadəcə yüngül məbləğdə qazın-işığın pulunu ödəyirdi.
Lakin bu cür əlverişli şərtlərə baxmayaraq, ən yoxsul insan belə mütləq yemək vermək istədiyini bildirirdi və razılıq verməyəndə gedib çadıra pul verib qurdururdu ki, orada yemək ehsanı versin. Və həmin mərasim yerlərində elə olurdu ki, üç-dörd ay kiminsə məclisi olmurdu. Axırda məcbur qalıb yeməyə icazə verdik ki, zallar boş qalmasın. İndi buyurun, birinin pulu artıqlıq edir, özünü bu formada təqdim edir, bəs bu yoxsullara nə gəlib, Məhəmməd peyğəmbər belə mərasim keçirməyi deməyib, ağlı başında olan din alimləri tövsiyə etməyib, o zaman bu xərcin altına girməyə dəyərmi? Ötən günlərdə tanıdığım insanlardan biri məndən atasının yas mərasimi ilə bağlı məsləhət alırdı. Dedim ki, sadə məclis keçir və ancaq çay-xurma-halva ehsanı ver. Bir ziyalı nümunəsi göstər ki, başqaları da bu davranışı mənimsəsinlər. Söylədi ki, uzaqdan gələnlər var, yeməyi onlara görə vermək məcburiyyətindəyəm.
Fazil Mustafa. millət vəkili
Yazıya 686 dəfə baxılıb