– “4 günlük müharibə”dən sonra atəşkəs elan edildi və danışıqlar prosesi yenidən aktivləşdi. Sizcə, bu aktiv faza danışıqlarda Azərbaycan diplomatiyasının əlini nə qədər gücləndirdi?
– Azərbaycan danışıqlarda çox üstün mövqe əldə edib. Döyüş meydanındakı qələbənin davamı diplomatiyada olmalıdır. Ona görə ki, ermənilər orduları haqqında bir illüziya yaratmışdılar, öz ordularının məğlubedilməz olduğunu deyirdilər.
Bu səbəbdən də danışıqlarda güzəştsiz, maksimalist mövqe sərgiləyirdilər. Amma son döyüşlərdən sonra bütün illüziya dağıldı, Ermənistan cəmiyyəti böyük vahimə içərisindədir. Ermənistanın havadarları da təlaş keçirməyə başladılar. Azərbaycan ordusu Ermənistana sarsıdıcı zərbə vurdu, gələcək qələbələrin əsasını qoydu. İndi danışıqlar yolu ilə Ermənistana və havadarlarına Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının alternativinin olmadığını qəbul etdirməliyik.
– Artıq Rusiyanın 6 rayonun qaytarılması, daha sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi, Almaniyanın isə 7 bənddən ibarət həll planı olduğu bildirilib. Rusiyanın tanınmış politoloqu Sergey Markov da APA-ya müsahibəsində 5 rayonun bu ilin sonuna qədər Azərbaycana qaytarılacağını, Azərbaycandan bundan sonra Ermənistana qarşı blokadanı götürmək istəniləcəyini bildirib. Bu planları nə dərəcədə məqbul hesab edirsiniz?
– Bunlar mərhələli həll planıdır. Mərhələli həll planını Azərbaycan zaman-zaman dəstəkləyib. İndiki halda beynəlxalq hüquq pozulub. Beynəlxalq hüquqda zor tətbiq etməklə hər hansı şərtlərin irəli sürülməsi mümkün deyil, BMT-nin Nizamnaməsi bunu qadağan edir. Ermənistan beynəlxalq hüquq normalarını pozub. Əvvəl işğal olunmuş rayonlar azad edilməli, məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Bundan sonra isə Dağlıq Qarabağın statusu məsələsi müzakirə olunmalıdır. Ermənistan isə paket həll variantını, yəni Dağlıq Qarabağın statusunun müəyyən olunmasını, bundan sonra işğal olunmuş ərazilərin qaytarılması məsələsinə baxılmasını istəyir.
– Ümumiyyətlə, sülhməramlılar məsələsini real hesab edirsinizmi, Azərbaycan sülhməramlılar məsələsini müzakirə predmetinə çevirə bilər?
– Ermənistan təhlükəsizliyin təmini üçün sülhməramlılar məsələsini irəli sürür, bunu beynəlxalq təminat hesab edir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyirlər. Ancaq istənilən sülh sazişi imzalananda mütləq orada Azərbaycanın ərazi bütövlüyü və problemin də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair tərəflərin öhdəlik götürməsi açıq-aydın əksini tapmalıdır.
Yalnız belə olan təqdirdə sülhməramlılar ora yerləşdirilə bilər. Ancaq bu sülhməramlılar müddətli yerləşdirilməlidir. Tutaq ki, 22 ildir ki, atəşkəs elan olunub, danışıqlar gedir. Bundan sonra da sülhməramlılar o bölgəyə yerləşdirilsin, danışıqlar da 25-30 il davam etsin?! Azərbaycan bununla razılaşa bilməz. Sülhməramlılar orada olduğu üçün heç bir dövlət, o cümlədən Azərbaycan sülhməramlıların üzərindən keçə bilməz, bu, sülhməramlıların mənsub olduğu dövlətlərə müharibə elan etmək anlamına gələr. Ona görə də konkret müddət göstərilməlidir.
Eyni zamanda bu müddət ərzində Ermənistan Dağlıq Qarabağın statusu məsələsində konstruktiv mövqe ortaya qoymazsa, sülhməramlılar çıxmalıdır.
Həmçinin əgər Laçın dəhlizi saxlanılırsa, eyni ilə həmin dəhliz və təhlükəsizlik zolağı Naxçıvanla Azərbaycanın arasında da yaradılmalı, ora da beynəlxalq təhlükəsizlik qüvvələri yerləşdirilməlidir. Çünki Naxçıvanı da Azərbaycanla birləşdirən dəhliz yoxdur. Blokada götürülürsə, ikitərəfli götürülməlidir. Laçın dəhlizinə hansı status veriləcəksə, Naxçıvanla Azərbaycan arasında, yəni Mehridə, tarixi Zəngəzur torpağında da o statusda dəhliz yaradılmalıdır. Azərbaycan bunu tələb etməsə, çox böyük yanlışlıq olar. Ərazi mübadiləsi də danışıqlar predmeti ola bilər.
Amma reallıq budur ki, Dağlıq Qarabağ probleminin dağıntılarsız, böyük itkilərsiz həlli Rusiyadan asılıdır. Azərbaycan isə indiyə qədər gözləyib ki, bəlkə həm Rusiyanın, həm də Ermənistanın dövlət siyasətində bir dəyişiklik baş verə bilər. Amma şəxsən mən Ermənistanın Rusiyasız bu problemin həlli istiqamətində hansısa addım ata biləcəyini düşünmürəm. Ona görə də Azərbaycan Rusiya ilə müəyyən danışıqlara gedə bilər. Rusiya bu problemin həllinə töhfə versə, o zaman biz Rusiyanın bölgədə marağını təmin edə bilərik. Söhbət burada Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına qoşulmasından gedir. Açıq deyirəm ki, mən bunu mümkün sayıram. Amma Rusiya hətta bizim belə istəyimiz qarşısında da münaqişəni qoruyub saxlamaq istəyəcəksə, o halda Azərbaycan nəinki həmin qurumlara üzv olmalı, əksinə, bu dəfə artıq ən ağır variant, hərb yolu ilə torpaqların azad olunması üstündə ciddi düşünməlidir.
– Bu hərbi əməliyyatlar zamanı hər iki tərəfin itkiləri oldu. Şəhidlərimiz dəfn olundu. Amma Azərbaycanda hələ də şəhidlərin sayının gizlədilməsi, adlı siyahıların verilməməsi ilə bağlı ittihamlar var. Sizin bu məsələyə münasibətiniz necədir? Şəhidlərin sayı və adlı siyahısı açıqlanmalı idimi?
– Qətiyyən. Azərbaycan tamamilə doğru siyasət yürüdərək, adlı siyahını açıqlamadı. Bu, müharibənin ən adi qaydasıdır. Müharibə sona çatmamış, müharibənin ilkin dövrlərində tərəflər ikiləri açıqlamırlar. Ermənistan tərəfdə böyük çaşqınlıq yaranmışdı. Ermənilər Xankəndidən, o cümlədən sonralar məskunlaşdırılmış ermənilər Dağlıq Qarabağdan, Şuşadan qaçırdılar. Ermənistan daxilində böyük çaşqınlıq, tam ruh düşkünlüyü yaranmışdı. Belə vəziyyətdə Azərbaycanın itkiləri ilə bağlı məlumatlar yaymaq, Ermənistanın vahimədən, təlaşdan yaxa qurtarmasına, toparlanmasına, öz ideoloji işini gücləndirməsinə imkan yaratmaqdır. Bunu edənlər sözün həqiqi mənasında düşmənə birbaşa xidmət edirlər.
Şəhidlərin bəzilərinin gizli dəfn edilməsi ilə bağlı iddiaları səsləndirməkdən böyük ləyaqətsizlik ola bilməz. Bu döyüşdən sonra xalq arasında həm qələbənin, həm də şəhidlərimizə bu cür yüksək diqqət göstərilməsinin nəticəsi olaraq iqtidara böyük inam yaranıb. Məsələn, mən Naxçıvanda şəhid leytenant Qabil Orucəliyevin yas mərasiminə getmişdim. Şəhid olmamışdan bir həftə əvvəl övladı dünyaya gəlib. O, övladının adqoyma mərasiminə gələcəkmiş, qismət olmayıb. Bir xırda detalı deyim. Şəhidin dəfni günü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da anası rəhmətə getmişdi. Amma Vasif Talıbov anasının cənazəsini qəbul etməmişdən əvvəl şəhidin yasında iştirak edib. Biz yasa gedəndə şəxsən mənə dedilər ki, camaatın həmin vaxt Vasif Talıbovun anasının rəhmətə getməsindən xəbəri yox imiş.
Mən orda camaatın Vasif müəllimin bu hərəkətindən necə təsirləndiyinin özüm şahidi oldum. Adətən, ana itkisi kimi ağır itki baş verəndə insan öz ailəsi ilə bir yerdə olur. Amma Azərbaycan dövlətini təmsil edən şəxs kimi torpağımız uğrunda şəhid olmuş insanın ailəsinin kədərini öz kədərindən ayırmaması, birinci şəhidin yas mərasiminə gedib, sonra anasının dəfninə yollanması insanlarda xüsusi ehtiram yaratmışdı. Siyasəti bir kənara qoyduq, bu, bir insanlıq məsələsidir. Bundan sonra durub deyəsən ki, guya şəhid gizli dəfn olunur, bundan böyük ləyaqətsizlik ola bilməz. Digər tərəfdən, şəhidlərin adlı siyahısı eyni vaxtda verilməyibsə, bunu hansısa şəhidə diqqətsizlik kimi təqdim etmək tamamilə yanlışdır. Şəhid məzarları başında yaylım atəşi açılmaqla, tabutları dövlət bayraqlarına bükülməklə, həmin bayraqların sonradan onların ailələrinə təqdim edilməklə dəfn edildilər. Bütün bunlar hamının gözü qarşısında baş verib, media da işıqlandırıb. Ona görə də bu cür açıqlamalar verən insanları haqlı olaraq adamlar ləyaqətsizlikdə ittiham edir və gedib qapılarının ağızlarında bu ləyaqətsiz hərəkətlərə etirazlarını bildirirlər.
– Qapının ağzından söz düşmüşkən. Bu günlərdə Əli Kərimlinin evinin qarşısında keçirilən aksiyalara münasibətiniz necədir?
– Əvvəla, bu aksiyalar nəyi ortaya qoydu? Yenə təkrar edirəm, şəhidlər gizli dəfn edilir demək ləyaqətsizlikdi, buna etiraz etməmək sadəcə, mümkünsüz idi. İkincisi, demək ki, niyə atəş dayandırıldı, müharibə davam etməlidir, bu, siyasi riyakarlıqdır və buna da etiraz olunmalıdır. Əli Kərimlinin sonuncu Avropa səfərlərindən birində Avropa Komissiyasında çıxışı “Azadlıq” qəzetində dərc olunmuşdu. Hətta qəzetdəki yazının altında qeyd kimi yazılmışdı ki, Əli Kərimli ingiliscə danışıb. Əli Kərimli orada demişdi ki, Azərbaycanda və Ermənistanda indiki hakimiyyətlər qalacağı təqdirdə sülhə təhlükə var. Bu o deməkdir ki, birdən bu iqtidar müharibə edər, mən hakimiyyətə gəlsəm, arxayın olun, ermənilərə güldən ağır söz deyilməyəcək. İndi belə bir adam çıxır, deyir ki, atəş niyə dayandırılıb?! Əlbəttə, insanlar evinin qarşısında toplanıb belə bir insanı riyakarlıqda ittiham etməlidirlər.
Məsələnin digər tərəfinə gəlincə, Əli Kərimli beynəlxalq təşkilatlar, xalq qarşısına çıxıb deyir ki, Azərbaycanda insanların sərbəst toplaşma azadlığı uğrunda mübarizə aparır. Səmimi olan insanın indi çıxıb mətbuata bu cür çaşqın durumda “mənə qarşı təzyiqlər, hücumlar var” deməsi riyakarlıqdır. Kim istəyir, gəlib bizim evin qarşısında mitinq keçirsin. Təhqirlərə yol verilsə, mən həmin insanları ədəb-ərkana çağıraram. Əslində Əli Kərimli sevinməli idi ki, gənclər öz sərbəst toplaşmaq hüquqlarından istifadə edib. Yoxsa fikirləşir ki, bu hüquq yalnız ona və tərəfdarlarına məxsus olmalıdır.
Əgər o aksiyalarda kimsə etik davranış qaydalarını pozubsa, gələcəkdə siyasi mədəniyyətin inkişafı ilə o da aradan qalxar, çünki elə bunun uğrunda mübarizə aparırıq. Amma dərhal həmin insanları təhqir etmək, yaxud əgər səni orada kimsə təhqir edibsə, sən də onu təhqir etsən, sənin o təhqirə yol verən adamdan nə fərqin var?! Deməli, mahiyyətin və dünyagörüşün də heç nə ilə fərqlənmir.
Bundan başqa bu adam fikirləşir ki, hay-həşir salıb özünün “Milli Şura” rüsvayçılığını unutdura bilər. Onların nə prezident seçkiləri öncəsi Putinə məktub yazıb pişiklənmələri yaddan çıxmayıb, nə də ölkənin siyasi kursuna dair referendum keçirəcəkləri barədə götürdükləri ohdəlikləri…
Sadəcə, indi hamı başa düşür ki, Əli Kərimli kimilər adamların vətənpərvərlik hisslərindən istifadə edərək siyasi hakimiyyətə gəlmək istəyirlər. Onun atəşin dayandırılmasının əleyhinə çıxış etməsinin səbəbi xalqın əhval-ruhiyyəsinin həddindən artıq yüksək olması ilə bağlı idi. Gördü ki, qətiyyətli addımları və ortaya qoyduğu xarakter, şəhidlərə hörmət prezidentin xalq arasında populyarlığını xeyli dərəcədə artırdı. Onu da deyim ki, Əli Kərimli münaqişənin ilk günündə tamam fərqli bəyanat vermişdi. Dövlət rəsmiləri də bunu gördülər və o addıma uyğun reaksiya verdilər. Hətta Ramiz Mehdiyev kimi təcrübəli siyasətçi bildirdi ki, Azərbaycanda iqtidar, müxalifət, ölkə mətbuatı, hamı özünü əsl vətənpərvər kimi göstərdi. O cümlədən Əli Kərimlinin verdiyi ilk bəyanat da o kateqoriyadan idi. Lakin sonradan Əli Kərimlinin yenə xisləti, hakimiyyət hərisliyi imkan vermədi, ya da sözsüz ki, ona xaricdən komanda gəldi ki, sən nə edirsən?
Bir detalı da xatırlatmaq istəyirəm. Ermənistanın keçmiş xarici işlər naziri son açıqlamalarında Ki-Uest sənədlərini xatırlatmışdı. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Ki-Uest danışıqları ərəfəsində sızan informasiyalara əsasən təqdim edilən həll variantı heç də Azərbaycanı qane etmirdi. Azərbaycana həmin həll variantına razı olması ilə bağlı təzyiq var idi. O vaxt AXCP Rəyasət Heyətində qərar qəbul etdik ki, mitinq keçirək. Rəyasət Heyətinin üzvü kimi mən də o qərara səs verdim. Bundan sonra başqa partiyalarla da danışıqlar başladıq. Həmin vaxt ABŞ-ın Azərbaycandakı səfiri Əli Kərimlini yanına çağırdı və mitinqi təxirə salmağı tələb etdi. Bunu mənə üçüncü şəxs yox, məhz Əli Kərimlinin özü danışıb. Həm də açıq dedi ki, səfir ona söyləyib “imkan verin bu problemi Heydər Əliyevin əli ilə təmizləyək, sonra siz rahat gəlib hakimiyyətdə oturun”. O dedi ki, səfir İsa Qəmbər və Etibar Məmmədovla da danışacaq. Daha sonra Əli Kərimli Rəyasət Heyətini çağırdı və o, mitinqi təxirə saldı.
İndi belə bir adamın müharibənin davam etdirilməli olduğu barədə çağırışını kim ciddi qəbuledər?! Əksinə, insanlar fikirləşdilər ki, yenə də təxribat var, yenə də hansısa xarici gücün buradaoyunları var. Əli Kərimli də yenə də hansısa xarici marağa görə belə edir. Bəlkə də bəzi dövlətləristəyirlər ki, müharibə qızışsın. O zaman onların hansı mövqe sərgiləyəcəyi bizim üçün bəlli deyil. Ona görə də verilmiş pafoslu bəyanatlara söykənib, onun fonunda emosiya ilə qərar qəbuletmək olmaz.
Artıq adamlar ağı qaradan seçməyi bacarır. Ona görə gənclərin Əli Kərimlinin evi qarşısında toplaşaraq o cür etiraz etməsini tam normal qəbul etmək lazımdır.(apa)
Yazıya 656 dəfə baxılıb