Bakının mərkəzindən bir qədər kənarda, tünlük, dar məhəllənin burulub nisbətən seyrəkləşdiyi ərazidə yeməkxana vardı. Ora ilk səfərim də təsadüfən olmuşdu. Üç-dörd manata qarnını isti ətli şorbayla, kartof qızartmasıyla, küftəylə doydura bilərdin. İçəri səliqəli və işıqlıydı. Yeməkxananın sahibəsi Gülsüm adlı qadındı. Yaşı əllini adlamış Gülsümün şəvə saçları, uca boyu, dolu əndamı vardı. Yeridikcə bütün bədəni qəribə bir simmetriya ilə yırğalanırdı. Çox təmizkar olduğu ləkəsiz önlüyündən, tərtəmiz dırnaqlarından görünürdü.
Yeməklərin hamısını özü bişirərdi. Bir qız və bir oğlan da ona kömək edərdi. Çox mehriban idilər. Gülsümün yeməkxanası müştəri sarıdan korluq çəkməzdi. Çox az müştəriylə zarafatı vardı. Yaman razılıq edirdilər bu Gülsümdən. Qısa müddətdə bir qızı və bir oğlu olduğunu, onları tək böyütdüyünü, bu yeməkxananı da uşaqlarını istənilən ehtiyaca təbəssümlə yanaşa bilməsini təmin etmək üçün açdığını öyrəndim. Qızı tələbəydi, oğlu əsgərlikdən təzə qayıtmışdı. Gülsüm həvəslə danışardı ki, qoymuram ki, əllərini bir işə vursunlar. Bura gəlməyi də qadağan etmişəm onlara. Tələbə həyatıyla yeməkxanaçılıq dedi-qodusu düz gəlməz. Nə istəyirlər, alıram, qoy balalarımdan kamımı da istədiyim kimi alım. Sonra başlardı onları tərifləməyə. Güldükcə, altdakı qızıl dişləri ləngər vururdu.
Hardasa 2-3 ay ora yolum düşmədi. Amma Gülsüm üçün də, onun yeməkləri üçün də darıxmışdım. Əlimə pul düşən kimi tərpəndim yeməkxanaya. Gülsümün mətbəxdən səsi gəlirdi. Köməkçilərinə dedim ki, kartof qızartması gətirin. Gətirdilər. Nəhayət, Gülsümü görə bildim. Qocalmaq üçün olduqca az görünən bu 2-3 ayda çox dəyişmişdi. Tutqun, xəstəhal görünürdü. Rəngi də əvvəlki rəng deyildi. Gülmürdü də. İlk dəfəydi önlüyünü də çirkli görürdüm. Bu, əvvəlki Gülsüm deyildi. Yeməyi də həmişəki daddan çox uzaqdı. Candərdi bişirilmişdi elə bil. İçəridə məndən savayı bircə müştəri vardı. O da çıxıb getdi. Gülsümdən xahiş etdim ki, mənimlə otursun. Etiraz eləmədi. Öyrəndim ki, qızı tələbə yoldaşına qoşulub, qaçıblar Türkiyəyə. Onu qaçıran da elə türkdür. Anasıyla bütün əlaqəni kəsib. Gedəndən bir-iki dəfə danışıblar. Sonra anası heç yadına da düşməyib. Deyirdi ki, yarımcan qalmışam. İki əzizimdən biri getdi. İndi də könlüm açılmasa da, oğlum üçün çalışıram, ona görə yaşayıram. Yaxşı ki, o tamam başqadır. Mənim qədrimi artıqlamasıyla bilir.
Hər dəfə onu qəmgin görürdüm. Qızının gedişi sarsıtmışdı Gülsümü. Heç kimlə zarafat etmirdi. Müştəriləri də çox azalmışdı.
Yenə bir neçə ay ora yolum düşmədi. Başım qarışıq oldu. Sərin bir payız günortası yollandım Gülsümün yeməkxanasına. Onunla üzləşəndə zorla tanıdım. Qupquru qurumuşdu. Ətini tökmüşdü. Çox eybəcər görünürdü. Səliqəsiz, çallaşmış saçları üzünə daha pis ovqat verirdi. Sanki azca da beli əyilmişdi. Əvvəlki şuxluğunu, çevikliyini yadırğamışdı. Müştəri tamam qəhətə çəkilmişdi. Növbəti dəfə danışdıq. Oğlu da Gülsümü tək qoymuşdu. Dostlarına qoşulub işləmək üçün Rusiyaya getmişdi. Vaxt keçdikcə anasıyla əlaqəsi azalmış, axırda tamam kəsilmişdi. Beləliklə, Gülsümün ən çox qorxduğu şey baş vermişdi – artıq o, təkiydi. Deyirdi ki, daha kimin üçün yaşayacağımı bilmirəm. Sonra ölü kimi susurdu.
On-on iki gün sonra yenidən Gülsümün yeməkxanasına gedəndə oranı bağlı gördüm. Elan yazılmışdı ki, “satılır”. Çox kövrəlmişdim. Uşaqları ondan, osa sevimli yeməkxanasından qaçmışdı. İndi oranı başqa adamlar işlədir. Amma Gülsümün gülüşü, təmizliyi, yırğalana-yırğalana şaqqanaq çəkməyi ilə sevildi o yeməkxana.
Yazıya 634 dəfə baxılıb