“İnsan dünyaya bənzər, – Səfərdədir əbədi”- böyük şairimiz Əli Kərimin misralarıdır. Gəncədə yaşayan, o bölgənin ədəbi həyatında sayılan, seçilən, ancaq şeirləri ilə digər bölgələrdə də oxuculara yaxşı tanış olan Xəzangül Hüseynova “Özümü axtarıram” şeirlər kitabına yazdığı müqəddimədə də deyir ki, “Dünya elə biz özümüzük”. Bəli, hansı şairin insanı, konkret olaraq özünü dünyaya bənzətməsi təşbehi min dəfə işlənsə belə, burada bir həqiqət var ki, hər bir insan, hər bir şair ayrıca bir dünyadır. Həmin bu balaca dünyaların özünün də fəsilləri, göyü, yeri, dağı, dənizi, meşəsi, yolu, rizi, əvvəli və sonu var. Xəzangülün – bu istedadlı şairənin də öz dünyası var və həmin o dünya onun şeirlərində çiçək açır, çaylar kimi çağlayır, dəniz kimi coşur, elə bu böyük dünyanın özü kimi nigarançılıq, təhlükə içində də çabalayır.
Xəzangül Borçalı mahalının Qırıxlı kəndində dünyaya göz açıb, təbii ki, saz-söz mühitində. Orta məktəbi qızıl medalla, Zərdabi adına Gəngə Pedoqoji İnstitutunun kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, bir il öz doğma kəndlərində müəllim işləmiş, 1972-ci ildən isə bütün həyatını Gəncə ilə bağlamış, uzun müddət N.Rəfibəyli adına orta məktəbdə müəllim və direktor kimi çalışmışdır. İndi isə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədridir. Ötən əsrin yetmişinci illərindən başlayaraq ilk şeirləri ilə mətbuatda çıxış etmiş Xəzangül xanım artıq yeddi şeirlər kitabının müəllifidir.
Bu qısa tərcümeyi-halı nəzərə çarpdırmaya da bilərdim, çünki şair bioqrafiyasında öncə vurğuladığım şair dünyasının sevincləri və təlatümləri əks olunmur. Amma tanıtma üçün bu lazımmış.
Xəzangülün şeirlərində mən üç Xəzangül obrazı ilə qarşılaşıram. Ən əvvəl müasir Azərbaycan qadınının və ziyalısının obrazı. Sonra gəlir dünyanın, insanlığın, gerçəkliyin mahiyyətinə varan, özünün dünyası ilə bu böyük dünya arasında bir harmoniya, bir ahəngdarlıq axtarışında olan bir insan – ana, qadın, azərbaycanlı obrazı. Və üçüncüsü – tamamilə fərdi, öz sevgisi, könül duyğuları ilə baş-başa qalan, zildən pıçıltıya, səssiz, qışqırıqsız bir ritmə enən fərqli bir obraz. Amma bü üç obrazın heç biri digərinə qənim kəsilmir, əslində, üçü də bir obrazdır, sadəcə, bir yoldan şaxələnir, sonra yenə öz əslinə qayıdır.
Xəzangül şeirə xalq poeziyasının, Borçalı aşıq mühitinin təsiri ilə gəlib, desəm, o qədər də doğru olmaz – təbii ki, hər şair şeirə gələndə doğulduğu mühitin ab-havasını da şeirə gətirir. Amma Xəzangül “köhnə havalarda” təzə söz deməyə can atdığı kimi, müasir şeirimizin digər yönlərinə də üz tutur. Ənənəvi qoşma, gəraylı texnikasına da yaxşı bələddir, sərbəst şeirə də. Əslində, müasir şair üçün nə vəznin, nə də şeir formalarının elə bir əhəmiyyəti yox. Təki ortada ağılla hissin, ürəklə beynin vəhdətindən yaranan ŞEİR olsun.
.
Tel-tel etdin a telli saz, qəlbimi,
O mizrabın, bu ürəyim, çal indii.
Fırtınamı, şahə qalxan seldimi,
Hisslərimin əllərində qal indi.
.
Hər mizrabda dirilirəm, ölürəm,
Göz yaşımı gizli-gizli silirəm.
Dərdləşirəm, dərdi sənlə bölürəm,
Dərd əlindən hönkürəcək dil, indi.
.
A telli saz, tellərimi yolummu?
Yol axtaran dəli dərviş olummu?
Qollarımı kəşkül edib çalımmı?
Qorxuram ki, odsuz yanar qol indi.
.
Qoşmadır, özü də müasir qoşma. Saza, aşıq dünyasına heyrətin, heyranlığın ifadəsi olan bir şeir. Və deyim ki, Xəzangülün bir çox şeirlərində kökə, ilkinliyə, yurda bağlılığın ifadəsi təbiidir, tamamilə millidir. 2013-cü ildə Xəzangül xanım öz doğma, doğulduğu kəndə gəlir, əbədi-əzəli yurd yerinə bir daha iman gətirir. O, Qırıxlıda bir bülbülün nəğməsini – cəhcəhini eşidir və o bülbülün səsində mürgüləyən duyğularının oyandığını hiss edir, ata yurdu qarşısında baş əyir və o bülbülün səsində “Sarıtel” havasının sədasını eşidir. Və kəndə bağlılıq bir an onu tərk eləmir, özünü bir insan kimi dərk etməsinə, mənən təmiz və saf duyğularla yaşamasına dəstək olur:
.
Bir səmimi söhbət üçün yananda,
Soyuq qəlbin soyuğuna donanda,
Həsrətimin daş yandıran anında,
A kəndim, kəsəyim, səni anıram.
.
Şeytan girib ürəyimdə yurd salsa,
Perikərək arzularım dağılsa,
Ünsiyyətim, məhəbbətim azalsa
Ay nənəm, ay nənəm, səni anıram.
.
Bütün şeirlərində Xəzangül öz fərdi hisslərini bəyan edir, bəzən sırf şəxsi duyğularından, taleyindən söz açır, bəzən də bu fərdilik öz sərhədini aşır. Dərdləşmək üçün, könül harayını bəyan etmək üçün təkcə ürəklə söhbət eləmək azdır. Odur ki, şairə öz dərddaşlarını, “yetim kədəri”nin dərmanını axtarır və gəlib ulu Şeyx Nizaminin məqbərəsi qarşısında pıçıltıyla söyləyir ki:
.
Ey Şeyx Nizami!
Ey Şah Nizami!
Ruh Nizami!
Ruhunu çağırmaqdan,
İçimdə bağırmaqdan,
Heyim qalmadı axı.
.
O, Nizamiyə “gəl ruhumu xilas eylə” söyləyir. “Millətimin dar günüdür, Görürsənmi yurd-yuvama, Uzanıbdı xain əli”. Allaha, Zamanın sahibinə ünvanlanan şeirlərdə də öz ruhunu əzablardan xilas etmək istəyini gizlətmir. Ümumiyyətlə, Xəzangül xanımın şeirlərində Ucalara böyük ehtiramı hiss edirik. Nizamiyə, Məhsəti Gəncəviyə, Mirzə Şəfiyə, Məmməd Araza, Nəriman Həsənzadəyə, Zəlimxan Yaquba ünvanlanan şeirlər qətiyyən ənənəvi mədh xarakteri daşımır, bunlar əzabkeş ruhun axtarışlarıdır ki, o böyük şəxsiyyətlərin timsalında özünü dərk etməyə yönəlir. Və günlərin bir günündə Ulu Öndərin məzarı önündə dillənir:
.
Mən sənin ruhundan utanıram.
Yalvarıram
Göstər mənə çətinlikdən
Keçmək üçün,
Dözüm adlı yolu Heydər!
Göstər sağı, solu Heydər!
Haqq deyilən yolu Heydər!
Elə heyrət, elə qüdrət, elə qüvvət
timsalısan,
Göydən gələn elçilər tək
Peyğəmbərlər misalısan.
Sənə ölüm yaraşmayır.
.
Xəzangülün şeirlərində təbiətlə bağlılıq-ağacı, çölü-çəməni, meşəni, dağları, quşları sevmək duyğusu çox güclüdür. Amma yenə vəsf yox. İnsan təbiətə, onun gözəlliklərinə vurğun kəsilə bilər, amma təbiətlə özü arasında bir harmoniya hiss edəndə, insan təbiətin bir parçasına dönür və təbiət də insanlaşır.
Dərdinin çoxluğundan insan daşa dönmək istər ki, daş dilini də öyrənsin, öz dərdini daş dilində dilləndirsin. Durnalara üzünü tutub deyər ki: “Bu dünyanın pisliyindən qaçaydım”, payızı öz ömrünə qatar ki: “Bu payız könlümün yarası oldu”. Bir ağacın kəsilən budağının ağrısını yaşayar. Və üzünü qosqoca dağlara tutub deyər ki:
.
Dərdlərimi söyləməyə kimim yox,
Sən əzizim olarsanmı, a dağlar?
Mizrabımı çəkmək üçün simim yox,
Sazım, sözüm olarsanmı, a dağlar?
.
Təklənmişəm, əhdi-peyman bağlayaq,
Gəl yarım ol, sevgi ilə çağlayaq.
Bu istəkdən kövrələrək ağlayaq,
İki gözüm olarsanmı, a dağlar?
.
Sirdaşım yox, sirdaşım ol gəl mənə,
Qaya bacım, dərd daşım ol gəl mənə.
Xəzangüləm, qardaşım ol gəl mənə,
Alın yazım olarsanmı, a dağlar?
.
“Özümü axtarıram” kitabında çoxdu sevgi şeirləri və bu şeirlər sevən bir qəlbin iztirablarını əks etdirir. Ancaq bu şeirləri təkcə “iztirab şeirləri” kimi səciyyələndirmək doğru olmazdı. Çünki hər bir kədərin, iztirabın içində də işığa, aydınlığa, məchulluqdan məlumluğa yol görünür. “Bu nə məhəbbətdir, tuş oldum Allah!” söyləyən sevdalı bir ürək əgər eşqlə döyünürsə, o zaman kədərə də, qəmə də sirdaş olar. Təbii ki, hər bir sevgidə mütləq vüsal axtarmaq, qovuşmaq niyyəti duyulur, amma kədərlə yaşamağın da iki üzü var-biri ağlamaq, sızlamaq, o birisi isə füzuliyanə bir “şövqlə” sevgini qəmin cəfasında görmək. O qədər böyük qəm ki: “Bəirin başına qoysan, çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab oynar”. Deməli, kədərlə yaşamaq heç də həyatdan, sevgidən üzülüşmək, məzar arzulamaq deyil, o sevgiylə, o sevdayla yaşaya-yaşaya ümidlənməkdi.
.
Bu kədəri tanrı, necə ovudum,
Onda gərək hər an mən alov udum,
Bu kədər sac oldu, yandım, qovruldum,
Bu yetim kədərdir, anası yoxdur.
.
Xəzangülün şeirlərində ictimai motivlər də diqqəti cəlb edir, hiss edirsən ki, həyatımızın, müstəqilliyimizin sevincləri onun şeirlərində öz əks-sədasını tapır və arzu edərdik ki, belə şeirlərin sayı çox olsun.
Amma bu kitabdakı şeirlərin bir çoxuna xas olan qüsuru şairənin nəzərinə çatdırmaq istərdim. “Mən kiməm ki?”, “Məktub”, “Can, can ay xəzan”, “Qovaq ağacları-qonaq ağacları”, “Nifrət etdiyim ad”, “Gecə yolu haqqında ballada” və daha bir neçə şeirdə uzunçuluq, mətləbi ifrat dərəcədə çözələmək diqqətdən yayınmır. Özü də bunlar daha çox sərbəst şeirlərdə özünü göstərir.
Uzunçuluq şeirin bəlasıdır və müəllif mümkün qədər, məsələn, 100 misrada ifadə olunan mətləbi ustalıqla iyirmi-otuz misrada əks elətdirə bilər. Bir də kitabdakı şeirlər müəyyən mövzular üzrə bölgülərə ayrılsaydı, yaxşı olmazdımı?
Bu yazını başa çatdıranda kitabın adını xatırladım – “Özümü axtarıram”. Təbii ki, insan bütün ömrü boyu özünü axtarır (dünyanı və özünü dərketmənin başqa yolu yox!). Amma bir şair kimi Xəzangül Hüseynovanın özünü axtarmağına elə bir ehtiyac yox. Müasir poeziyamızda onun öz yeri, öz açdığı yolu var.
Adalet.az
Yazıya 680 dəfə baxılıb