Əbülfət MƏDƏTOĞLU: ALTMIŞI AŞIRDIM…

Onun 28-i mənə güc gəldi

Ebulfat_Memedoglu_yazar

Yəqin sizdə də belədi, yola saldığımız və yaxud arxada qalan hər şey üçün bir qəribsəmək hissi yaşayırıq. Yəni mən ömrümün demək olar ki, son illərində daha çox qəribsəməyə başlamışam. Xüsusilə doğulduğum torpaq üçün… dünyasını dəyişmiş dostlarım, doğmalarım üçün… görə bilmədiyim yerlər üçün… əlaqə qura bilmədiyim həmfikirlərim üçün… bir də təbii ki, itirdiyim zaman üçün… Bax, bu mənada dostlardan, doğmalardan, oxuculardan 60 yaşımla bağlı eşitdiyim, aldığım, oxuduğum bütün xoş sözlər məni bir az da çox kövrəldib, məni bir az da çox qəribliyə çəkibdir…

Hələ orta məktəbdə oxuyanda kəndimizdə yaşca özümdən böyüklərə bir qəribə maraqla, nəzərlərlə baxırdım. Düşünürdüm ki, filankəsin 60 yaşı var, 70 yaşı var, 90 yaşı var… Və düşünürdüm ki, bu 60-ı, 70-i, 80-ni necə yaşayıblar, necə yaşamaq olar? İndi həmin o düşüncəmə, o münasibətimə görə, daxilən özümdən utanıram, öz sadəlöhvlüyümə görə özümü qınayıram. Sən demə, yaşamaq olurmuş. Doğrudur, kəndimdə barəsində düşündüyüm adamlar həqiqətən yaşayıblar o illəri. Mən isə bu 60 ilin düz 28 ilini ağrı-acıyla, xatirələrlə, həsrətlə, nisgillə, necə deyərlər, tikan üstündə yaşadım, daha doğrusu, mövcud oldum. Çünki gözümü açanda gördüklərimin hamısından uzaq düşdüm. Özü də könüllü yox, silah gücünə… yaralarımdan qan axa-axa… Və indi bütün bunları düşünə-düşünə 60-ın necə gəlib keçdiyindən xəbərsizəm deyə bilmirəm. Çünki dediyim həmin zaman kəsiyi səhəri mənə kipriklərimlə açmaq, gecəni dağı arana daşımaq işgəncəsi yaşadıbdı. Hətta elə anlar olub ki, “bu gün sondu, bu gün hər şey bitər!” – deyə düşünmüşəm. Lakin Tanrı iradəsi hər şeydən və hər kəsdən güclü olduğuna görə, mənim çıxardığım qərar, mənim inandığım nəticə havada qalıbdı…

Və mən indi bu 60 yaşın notları üzərində nə qədər özümü kökləsəm də 60-ın içərisindəki 28 daha güclüdür. Onun səsi daha bərk çıxır… onun ötkəmliyi daha çox hiss olunur. Ona görə də:

İndi

əlim çənədə,

gözlərim pəncərədə,

xəyalım uzaqlarda…

səhərdən

çıxıb getmişəm

lap yaxşı etmişəm –

bu şəhərdən…

Tuğdayam

qurşağa qədər

qarın içində –

dağdayam…

istəyirəm

qar kimi

xışmalayam zamanı…

saxlayam

barmaqlarımın arasında!

İstəyirəm qayalardan sallaşan

buz sırasında

yer tutmaq,

unudulmaq

səndən başqa

hamını!

Amma

bir Allah görür

bir də sən

harda olduğumu

bu qarın içində

hıçqırıqlara boğulduğumu…

… şəhərdə

əslində

dörd divardan ibarət

dibçəkdə yaşamaq

mövcud olmaqdı…

Tuğda –

qurşağa qədər

qarın içində

buz-daş olmaq

yaşamaqdı, yaşamaq…

İndi əl çənədə

göz pəncərədə

ad günümdə

süfrə başında

oturub

geri qayıtmağımı

gözləyir

sakitcə uşaqlarım

hələ də…

 

***

Yeni ilin birinci həftəsi başa çatdı. Əslində bu təqvim dəyişməyidi. Yenə həmin işləri görürük… yenə həmin yollardan keçib gedirik… yenə əlimizdə bazar zənbili, meyvə- tərəvəz köşkünə, çörək dükanına üz tuturuq… Deyəcəksiniz ki, min illərdi bu belədi, belə də olacaq. Amma səbrli olsanız, mənim də, sizin də bildiyiniz həmin o gerçəyə iynə ucu boyda bir əlavə edərdim. Deyərdim ki, min illərin həqiqətinin zamana, cəmiyyətə uyğunlaşması bizə belə bir fikir söyləmək imkanı verir ki, guya heç nə dəyişməyib tarixin təqvim səhifəsindən başqa. Yox, gəlin razılaşaq ki, bu təqvim əhvalımızda da, səhhətimizdə də, lap elə bazar zənbilimizdə də özünü göstərir. Sadəcə, biz eyni harmoniyanın, eyni hadisələrin içərisində yaşadığımızdan bunu hiss etmirik, ya da hiss etmək istəmirik. Bax, ona görə də biz hər birimiz ayrı-ayrılıqda və yaxud toplum halında “nə dəyişib?” sualını etinasızlıqla qarşılayır və yola da veririk… Bütün bu dediklərimi, bu yazdıqlarımı özüm-özümə bir sual olaraq zaman-zaman ünvanlamışam. 60 yaşın tamamında isə onu daha kəskin bir şəkildə özümə tuşladım. Və onda birmənalı şəkildə dərk etdim ki, sən demə, təqvimlərin yuvarlaq olan məqamları, yəni onun insana ötürülməsi həmişə düşündürücü məqamlar qoyur qarşıya. Bax, şəxsən mən 60 illiklə bağlı qurduğum xəyalı, etdiyim duaları, yaşadıqlarımı, gözləntilərimi və bütövlükdə mənə olan münasibəti məhz bu zaman kəsiyində, məhz bu doğum günündə yetərincə gördüm, duydum, yaşadım. Çevrəmdə olanların çevrəsində olduğunu və yaxud olmadığını da gördüm. Diqqət, sevgi yönəltdiyim kəslərin mənə diqqət və sevgilərin olub-olmadıqlarını da aydınlaşdırdım. Ümumiyyətlə, dayandığım müstəvidə cəmiyyət üçün, ailəm üçün, dostlarım üçün, Allah üçün, həm də sənin üçün kim olduğumu dərk etdim. Gördüm və qəbul etdim ki, mənim bu məmləkətdə, bu cəmiyyətdə, bu camiyədə, bu kollektivdə yerim hardadı… mənə olan münasibətin olçüsü nə qədərdi… və ümumiyyətlə, mən bu dediklərim üçün kiməm?! Hər halda, sualın və yaxud da fikrin yozumu hər kəsin öz ixtiyarındadı. Mən tam mənada anladığım isə odur ki, iki ayağın ola-ola bir ayağımın üstündə dayanmaq həm özünün özünə, həm də səni bu formaya, bu şəklə salanlara acı bir gülüşündü, istehzandı. Sən demə, bu həyatın ən böyük mükafatı elə onun istehzası imiş. Ona görə də ilin ilk şeirini yazanda ağlıma bu fikir gəldi.

 

Bu da bir bəlli tarix –

Bu da dincəldiyim yer…

İllərin ayrıldığı –

Mənim incəldiyim yer…

 

Arxada çox xatirə

Kim yaza, kim bitirə…

Məni çətin gətirə –

Başda cin gəldiyim yer…

 

Sevgim haqq verən zülüm

Soyumayıb hələ külüm…

Saxlayan deyil, gülüm –

Mənlə kin gəldiyim yer…

 

Bəli, həyatın gerçək üzü heç nəyin geri dönməyəcəyidi. Hətta çayın qarşısını kəsib öncədən axmış suları üzü geri qaytarmaq mümkün olmadığı kimi, illəri, ayları, günləri də geri səsləmək mümkünsüzdü. Sadəcə, biz o ötüb gedənləri xatirə şəklində, xatirə biçimində təzələyirik, yeniləyirik. Və hətta hərdən həmin o xatirəni danışanda. gözümüz önünə gətirəndə deyirik ki, “elə bil dünən idi, ağaca dırmaşdığımız, qoyun-quzu dalınca qaçdığımız, dağ çayında çimdiyimiz günlər…”. Dilimizdəki “elə bil” sözü həm təsəllidi, həm də təəssüf. Bununla özümüzü ovuduruq… bununla dünənimizdən möhkəm-möhkəm yapışırıq… Və elə bilirik ki, bunu tutub saxlayacağıq. Amma…

Hər kəsə bəllidir ki, bu günün real mənzərəsi iqtisadi və sosial problemlərdi. Biz o qədər bu problemlə yüklənirik ki, mənəvi aşınmamız hiss olunmur. Bizə elə gəlir ki, hər şey yerindədi. Sadəcə çatmayan maddi ehtiyaclardı. Amma…

Amma düşdüyümüz şərait, qarşılaşdığım həmsöhbətlər bəzən səviyyə baxımından maddiyyatı üstələyə bilir. Və onda maddiyyat uğrunda çarpışmamızdan sıxılırıq, özümüzü qınayırıq. Hətta nələri unutduğumuzu, nələrdən yan keçdiyimizi yaddaşımıza yazıb onlarla məşğul olacağımızı düşünürük. Təəssüf ki, bu da bir an çəkir… təəssüf ki, yenə çax-çax öz işini görür. Mən də elə bu 60 illik məqamın vərəqlərini çevirdikcə həmin o unutduqlarım, yanından keçdiklərim önündə susdum. Bu da bir növ üzrxahlığım idi özümün-özümdən. Nə isə…

Hə, bütün olanların və yaşananların içərisində hər an mənimlə çiyin-çiyinə dayanan, məni tərk etməyən və daha çox sığındığım hisslər var ki, onları mən özüm də zaman-zaman sözə, misraya çevirmişəm. Və beləcə, dərdimi, sevincimi özümlə, qələmimlə bölüşmək istəmişəm. Hətta 60 yaşımın ilk şeirində də o dərdləri, o qəmləri unutmaq ağlıma gəlməyib. Əksinə, yazmışam ki:

 

Kədərim dil-dil ötür

Ay bitmədən il ötür…

Elə bil bülbül ötür –

Yaralarımın üstə…

 

Gözün dibi bulanır

Kipriklərim sulanır…

Dərd ilan tək dolanır –

Yaralarımın üstə…

 

Haqqa açıq əl uzun

Yoxdu yuyan əl, üzün…

Bir qom bənövşə düzün –

Yaralarımın üstə….

 

***

Bəli, ilin əvvəli və yaxud da ötən ilin sonu… Bütünlüklə bunları üz-üzə gətirib bir müstəvidə görüşdürəndə ilk ağlıma gələn bu oldu ki, yaşadıqlarım alın yazımdı, taleyimdi. Və mən bu alın yazıma, bu taleyimə əsir düşmüşəm. Onun nazıyla oynamaq, onun yükünü çəkmək boynumun haqqıdı. Və deməli, bu taleyin, bu yazının işığı da, zülməti də qaçılmazdı. Və bir də yaşadığım 60 ilin heç olmasa bir həftəsi, lap elə bir günü insanlığa, ətrafımda olanlara yaxşı nəsə veribsə, deməli, 60-ın alın yazısı olması sevindiricidi.

O ki, qaldı sənə… Sən də düşün ki, bu 60 ilin kinoversiyasının baş qəhrəmanı sənsən. Ona görə də:

 

Heç kim üçün üzülmə

Ürəyini sev, yaşat…

Mən cəhənnəm yolçusu –

Sən bu gölə bir daş at…

 

Duyğuların, dincliyin

Ömrünə naxış olsun…

İslandığın – sevincdən –

Çilənən yağış olsun.

 

Nə qaşların çatılsın

Nə dodağın büzülsün…

Qarşına çaşıb çıxan –

Kədər özü üzülsün…

 

Tut üzünü Tanrıya

Mələk əllərini aç…

Cənnətə qəlbin boyda –

Sən özün də işıq saç…

 

Heç kim üçün üzülmə…

Öz dünyanı seç, yaşa!

Ürəyini özünlə –

Götür, başa keç, yaşa!..

 

Hə, mənim 60 yaşımın oxuculara, “Ədalət”ə nə verdiyini, oxuculara və “Ədalət”ə nə qədər gərəkli olduğumu bilmirəm. Bəlkə də bu barədə düşünməyim də yersizdi. Amma mən əlimi ürəyimin üstünə qoyub deyirəm ki, oxucuları da, “Ədalət”i də çox sevirəm. Qarşı tərəf öz seçimində sərbəstdi…

“Ədalət qəzeti”

Yazıya 473 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.