İsmayıl İmanzadə – “BİR ÖMRÜN YAŞIL YARPAQLARI”

    Nəsib Bayramoğlu  Kim deyibsə, yerində deyib,-hər işıq üzü görən kitab, hər yazılan uğurlu əsər öz müəllifinin solmayan söz çiçəkləri-yaşıl yarpaqlarıdır. İllah da bu əsərlər o vaxt hansısa yazarın mənəvi övladına çevrilir ki, sonrakı zamanlarda toz içində mürgüləyəcək kitab və yaxud  qeyri-peşəkarlıqla qələmə alınan əsər olmayanda. Ədalət naminə desəm, ömrünün ən müdrik çağlarını yaşayan istəkli həmkarım Nəsib Bayramoğlunun  qələmə aldığı əsərlərin, indiyə qədər işıq üzü görən kitablarının böyük bir qisminin zaman səddindən qorxusu yoxdur.

Hər şeydən qabaq Nəsib Bayramoğlunun təhkiyə dili sadə-anlaşıqlı, süjet xətti bitgin və əllaməçilikdən uzaqdır. O, köhnə dədələrimiz kimi söhbətcil olduğu qədər də görüb bildiklərini, müşahidə etdikləri hadisələri maraqlı yazılara çevirə bilir. Mən Nəsib müəllimi desəm ki, 1967-ci ildən tanıyıram, buna inanın. Düzdür, bu tanışlıq onun “Qafar əlavə edir” hekayəsinin, mənimsə “Şimşək” adlı şeirimin yer aldığı və “Gənclik” nəşriyyatının çap etdiyi “Gənc qələmlər” almanaxından başlayıb. Məhz bu hekayəni oxuyandan sonra o vaxtlar qiyabi olaraq tanıdığım Nəsib Süleymanovla (hekayə bu imza ilə almanaxda yer almışdı) iyirmi beş il qabaq Mingəçevirə gələndən sonra tanış oldum. Düzdür, həmin vaxtlarda Nəsib müəllimin başqa yazıları ilə tanış deyildim. Ancaq Mingəçevirdə yaşadığım ilk illərdən birində onun  qələmə aldığı əsərlərdən də halı oldum. Yeri gəlmişkən, o vaxtlar müəllifin özünə də demişdim, onun “Ovda” adlı povesti məni elə məftun etmişdi ki, sonrakı görüşlərimizin birində müəllifin özünə də bunu etiraf etməli olmuşdum…

Sonralar Nəsib müəllim ədəbiyyatla daha ciddi məşğul olmağa, 1995-ci ildən sonra kitablarını nəşr etdirməyə başladı. Onun ilk olaraq çap etdirdiyi “Qəribə dünya”sının “ayağı” düşərli oldu. Həm yazarı şöhrətləndirdi, həm də yeni əsərlər yazmağa sövq elədi. Sonrakı illərdə yazıçının “Boyunduruq”, “Arı və demokratiya”, “Mingəçevirdə qalan ömür”, “Yuvalar”, “Tənha məzar”, “Sirli dünya”, “Nağıl” və sairə adlı kitabları da oxucu ünvanı soraqlamağa başladı. Hər şeydən qabaq bu əsərlərin varlığı müəllifin məhsuldar bir yazar olduğunu ortaya qoydu. Yuxarıda dediyim kimi Nəsib Bayramoğlu hər şeydən qabaq həyatın hər üzünə yaxşı bələd olan bir söz adamıdır. Kimin səmimi, kimin riyakar olduğunu yaxşı anlayır, elə buna görə də qələmə aldığı əsərlərində bunu qabarıq şəkildə biruzə verməkdən çəkinmir.

Yeri gəlmişkən onu da xatırladım ki, Nəsib müəllim kitabını nəşr etdirmək üçün qapılara düşüb yalvar-yaxar etməklə, sponsor axtaran bəzi yazarlardan fərqli olaraq, demək olar ki, nəşr etdirdiklərinin hamısını öz halal zəhməti ilə əldə etdiyi qazancı hesabına edib. Hərdən mən onunla  bu məsələ ilə bağlı zarafat da etmişəm: “Allah arılara bərəkət versin, ay Nəsib müəllim, o həm sənin dolanışığın, həm də kitablarının sponsorudur…”

Yox, Nəsib müəllim təkcə arılardan, onların əsrarəngiz dünyasından yetərincə bilgili zəhmət adamı deyil, həm də yeri gələndə yaxşı bağban, peşəkar publistlərlə rəqabət aparmağa qabil qələm sahibi, sərraf söz bilicisi, nəşr etdirəcəyi kitabın üz qabığında yer alacaq rəsmdən ötürü yüz ölçüb, bir biçməyi bacaran dizaynerdir…

Bu günlərdə  yazışı həmkarımın avtoqrafla mənə bağışladığı yeni bir kitabıyla-“Yazdım, yazdılar”la da tanış oldum. Kitabdakı yazıların bir qisminə ayrı-ayrı vaxtlarda dövri mətbuatda rast gəlsəm də, onları təzədən oxudum. Və bir daha deyirəm, Nəsib müəllimin yazıları bütövlükdə təmiz və səlist ana dilimizin qaynaqlarına bənzəyir. Onun hər cümləsi, hər bir abzası ana südü qədər təmiz olan Azərbaycan dilinin qrammatik qydaları üstə köklənib.

Kitabdakı yazıların bir qismi jurnalistikanın çeşidli janrları ilə ifadə olunmuş müsahibələrdən, ayrı-ayrı müəlliflərin yazar barəsində əqələmə aldıqları ədəbi portretlərindən, nəşr etdirdiyi kitablar barədə oxucu rəylərindən ibarətdir. Bununla yanaşı müəllifin özünün zaman-zaman təmasda olduğu yaradıcı adamlar, görkəmli qələm sahibləri ilə bağlı xatirələri, canlı təmasları da oxucu diqqətindən qıraqda qalmır.

Elə bu məqamdaca vurğulamaq istərdim ki, müəllifin ayrı-ayrı illərdə əvvəl qəzet səhifələrində, sonralar isə kitablarında yer alan bəzi yazılarına-illah da xatirələrinin ən çox dil açdığı əsərlərinə-münasibət bir mənalı olmasa da, bütövlükdə yazıçı-publisist Nəsib Bayramoğlunun araya-ərsəyə gətirdiyi kitablarının əksər hissəsinə kiminsə irad bildirməsi fikrimcə düzgün hesab oluna bilməz. Sonda bir daha vurğulayıram ki, bir yazıçı kimi Nəsib Bayramoğlunun ötən yüzilliyin sonlarından üzü bəri işıq üzü görən kitabları onun ciddi bir söz adamı olduğundan soraq verir. Elə bu ovqatla da mən qələm yoldaşıma yeni-yeni uğurlar diləyir: “Bundan sonrakı vaxtlarda da halal zəhmətinin, halal sözünün barını-bəhrəsini görəsən”-deyirəm.

3  İsmayıl İmanzadə,

                    Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri

Yazıya 594 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.