Bilirsənmi, darıxmağın yöntəmini,
İçin boyda çöl olursan.
Qaldırırsan saatları başın üstə
Bir gecəni nuş etməyə yad gəzirsən,
Çölündəki özgələrdə od gəzirsən,
Çölündəki özgələrdən əl umursan.
Bilirsənmi,
Darıxanda
Bir baxışda min ah olar,
Bir ümiddə neçə-neçə günah olar.
Bilirsənmi, darıxanda cığır düşər
yanağından bir işığa,
o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,
puçurlanar saçlarında bir gecənin min günahı,
puçurlanar buxağında bir öpüşün
bir ah boyda min tamahı.
“Ah” səsinə bədən-bədən uçunarsan,
bir ah boyda
savab edən günahkarsan!
Bilirsənmi,
Darıxınca bir gecədən bir səhərə kölgə düşər,
O kölgədən pəncərənə
Neçə-neçə dalan düşər,
şəhər düşər,
ölkə düşər…
Adam-adam, əlsiz-əlsiz
qol açılar, əl uzanar,
uzun-uzun yol yeriyən
baxışların yerə düşər,
bir ürəkdən,
bir bədəndən,
bir torpağa
yol salınar.
Bilirsənmi,
darıxınca için-için sökülər,
Göz yaşında gülər adam
Bilirsənmi,
Qara gecə bəyaz olar
O bəyaza bükülər,
Bir gecədə ölər adam!
Bilirsənmi,
darıxmaqdan ölər adam!
Bilirsənmi,
darıxmaqdan ölər adam!
Neçə gündür İradə Aytelin yuxarıdakı şeirində“için boyda çöl olursan…” ifadəsinin qüdrətini ölçməyə ölçü vahidi, müqayisə etməyə alilik axtarıram, tapmadım…
Şopen, Dali, Rembrant, E.İbrahimova və s. bu kimiləri içləri boyda çöl olsalar, bu “çölü” sığışdrmağa onlarla planet bəs etməzdi. Bu möhtəşəmlik xəyalımızda canlandırdığımız Cənnəti öz gözəlliyi ilə geridə qoyardı.Buna misal olaraq musiqimizin böyük fədaisi, lideri Flora Kərimovanın səsindəki ecazkar rəngləri gətirə bilərik. O rənglər sanki görən gözlərin nurudur və bu nur əbədidir, tükənməzdir. Bu əbədiliyi isə zamanında görüb dəyərləndirsək, haqqa çatardıq vəəsil böyük insanlar dünyada öz yerini tutmuş olardı (içi boş cibi dolu “böyük”lərdən fərqli olaraq).
Bildiyimiz kimi, insanlar iç dünyalarına görə bir neçə təbəqəyə bölünürlər: adi, yaradıcı, kriminal və s. İçi çirkabla dolu olan kriminal biri içi boyda çöl olsaydı… belələrinin yaratdığı dünyanın rəngini təsəvvür etmək belə dəhşətli olardı,iki böyüklər – yaradıcı və kriminal “dahilər” özlərindən kiçik təbəqələri sıxıb məhv edərdilər. Nəticədə, nagıllarda oxuduğumuz kimi, dünya xeyir və şərdən ibarət olardı.
Belə qənaətə gəlmək olur ki, cismimiz ruhumuzun (içimizin) qulaqbatırıcı, gözqamaşdırıcı əyər-əskiyini, yaxşı-pisini, kamil-cahilliyini ətrafa mane olmasın deyə yığıb-yığışdırmağımız üçün kiçik boxçadır.
Bilirsənmi, darıxanda cığır düşər
yanağından bir işığa,
o işıqda güzgülənər xəyal-xəyal sevişmələr…
Bu bölümdə müəllif “Güli-rüxsarinə qarşı gözümdən qanlı axar su” dühasının möhtəşəmliyinə söykənsə də, göz yaşları içərisində özü boyda günah, lakin bir anlıq sevgisiylə bütün ömrünə işıq olan (yaxud olacaq) xəyal-xəyal sevişməni o qədər bədii bir şəkildə ifadə edir ki, oxucu gözdən axan qanlı su bənzətməsindən bir addım kənarlaşır və İradə Aytel “ah”larının yalnız savab olacağına inanır. Bu isəəbədiyyətə gedən yol deyilmi? Burada insan fanilikdən uzaqlaşıb işıqlı cığırla addımlamaq, addımlamaq istəyir…
Bilirsənmi,
Darıxınca bir gecədən bir səhərə kölgə düşər,
O kölgədən pəncərənə
Neçə-neçə dalan düşər,
şəhər düşər,
ölkə düşər…
Adam-adam, əlsiz-əlsiz
qol açılar, əl uzanar,
uzun-uzun yol yeriyən
baxışların yerə düşər,
bir ürəkdən,
bir bədəndən,
bir torpağa
yol salınar.
Burada isə açılan səhərin gecə rəngində sözə çevrilməsinin özündəbir ustalıq var. Gecənin rəngi bildiyimiz kimi qara rəng olaraq nəzərdə tutulur, qara rəng isə özü boyda sirr deməkdir. Oxuducu o sirri çözməyə çalışır, bu çözüm isə “görünməyən yollarda”, “açılmayan qollarda” olsa da, nəhayətində bütün sirlərin düyün nöqtəsi olan intihardurur (bir ürəkdən,bir bədəndən,bir torpağayol salınar), düyünə düşürsən. Və anlayırsan ki, intihar özü də sevgi kimi darıxmaqdan doğur.
Dünyada insana içi boyda çöl olduğunu hiss etdirən darıxmaqdan böyük həsrət yoxdur deyərdim.
Əllərinə sağlıq, İradə. Ruhundan yaradıcılığa gələn yol həmişə bu günki kimi nurlu olsun.
Brilyant Ramazanqızı,
rəssam-sənətşünas
Yazıya 797 dəfə baxılıb