Azərbaycanda olanda bir yazar dostumla kitablaşmışdıq. Mən ona öz kitabımı imzalayıb verdim, o da mənə. Sonra kitablar üzərinə söhbət etdik. Oxuduğum hər kitab haqqında nəsə yazmaq, şərh etmək adətim deyil. Kitab məni təsirə salmalıdır, içindəkiləri yaşatmalıdır ki, mən bunu dışarıya çıxara bilim. Akşin Xəyal yazdıqları ilə mənə yaşamadığım, görmədiyim, haqqında sadəcə kitablardan oxuduğum bir müsibəti yaşatdı. Hadisələri bu qədər sadə, bu qədər səlis və axıcı, həmçinin bir az da dərinə getsək, bəsit, amma öz şəkildə ifadə etmək yazar bacarığıdır.
Axşam yeməyindən sonra bir fincan qəhvə dəmlədim, balkonda oturub kitabı açdım. Kitabda ilk sevdiyim nüans uzunçuluq olmadan maraqlı təhkiyənin olması idi. Lazım olanı alırdım və gərəksiz uzatmalar olmadığı üçün birnəfəsə oxuyurdum. Bir oxucu kimi bu, mənim kitab şərhində öncül kriteriyamdı. Oxucunu yormaq olmaz. Qəhvəmin nə zaman bitdiyini unutmuşam, qəhvənin yanında lokum da vardı, onu necə yeməyimdən xəbərsizəm. Gerçəkdən. Tam mübaliğəsiz.
23-cü səhifədə yanımda çizgi film izləyən qızımın xorultu səsinə diksindim, başını dizimə qoyub yatmışdı. Neçə dəqiqə keçdiyini bilmirəm.
Davam edirəm. Hadisənin içindəyəm rəsmən. Sanki Elnurə (əsərin baş qəhrəmanı) mənəm. Onun yerinə mənə yumruq dəyir, mənim atamın başı kəsilir, mənim müəlliməm gözümün önündə zorlanır, erməni Samvel mənə hər gecə təcavüz edir. İlahi! Dəhşəti dəhşətləşdirmədən təqdim edən yazarın hadisələrə keçidi o qədər mükəmməl və axıcıdır ki. Oxuyarkən ürəyim çırpınır. Mən Xocalı soyqrımını yaşamamışam, şahidi olmamışam. Sadəcə ara-sıra “yenə atırlar” sözünü eşitmişəm. Müharibədən yaddaşımda qalan və şahidi olduğum yeganə şey budur. Mən 29yaşımda Xocalı faciəsini yaşadım Akşinin bu kitabı ilə. Bu, yazar qələminin uğurudur, bu, təhkiyənin mükəmməlliyidir. Hər kitab yaşanmır, hər əsərdə mütləq hadisələri hiss etmirsən, obraza çevrilmirsən. Akşin bunu bacarıb.
Mən kitabı oxuyarkən içimdə intiqam hissi qalandı.
Digər tərəfdən, üzvü olduğum toplumdan iyrəndim. Əsir düşən və bütün millətinin intiqamını alan mərd bir qadını bağrına basmaq yerinə, dışlayan, ələ salan bir toplumun fərdi olmaqdan utandım.
Bəli, Elnurə əsir düşdü, Elnurəyə neçə-neçə erkəklər təcavüz etdi, Elnurə kimliyini belə bilmədiyi ermənidən hamilə qaldı və övladını öldürmədi. Dünyaya gətirdi. Elnurəni və oğlunu Azərbaycan toplumu öldürdü. Mən, sən, o - biz öldürdük ana-balanı.
Akşin Xəyal Azərbaycan ədəbiyyatında iz qoyacaq, adını bugünkü ədəbiyyata yazdıracaq bir yazardı. Azərbaycandakı məsul nəşriyyatlardan bu kitabı ikinci nəşrə hazırlamağı və bütün kitab evlərində satışa çıxarmağı, həmçinin kitabxanalara çatdırmağı rica və tələb edirəm! “Mənim erməni oğlum” Azərbaycan tarixi nümunəsidir.
Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya
Yazıya 585 dəfə baxılıb