ADİL CƏMİLİN MİNGƏÇEVİRDƏ YUBİLEYİ KEÇİRİLDİ – fotolar

DSC_0150Mingəçevirdə sözə-sənətə dəyər verən insanların xeyir-duaları ilə görkəmli şair-publisist, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Adil Cəmilin anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin təçkilatçılığı, şəhər İcra Hakimiyyətinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Biliyinin dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında düzənlənən tədbirin aparıcısı-AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə sözlü-nəğməli gecəyə qatılan ədəbiyyat sevərlərə xitabən demişdir:

Bir həzin nəğmədir Araz da, Kür də

Heç vaxt geri dönməz bu çağlar bir də.

A dostlar, bu axşam Mingəçevirdə

Nə çəmənə, nə də bağa gəlmişik.

 

Bitib tükənməzdir sevgisi elin,

Səsi-sorağı var hər ötən ilin.

Şairlər şairi Adil Cəmilin

Sənətindən söz açmağa gəlmişik –

Misra-misra saflaşmağa gəlmişik.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Elşən Əzim yubiliyarın vətən sevgisi, Qarabağ göynərtisi və əzəli-əbədi məhəbbətdən bəhs edən şeirləri barədə danışandan sonra, rəhbərlik etdiyi 35 saylı Kəlbəcər rayon köçkün orta məktəbin bir neçə şagirdi Adil Cəmilin düşmən tapdağı altda qalan torpaqlarımızın harayını əks etdirən şeirlərini əzbər söylədilər.

Yubiliyarla birlikdə paytaxt Bakıdan gəlib yubiley şənliyinə qatılan məşhur ədəbiyyatşünas alim, professor Şirindil Alışanlı Adil Cəmilin ədəbi yaradıcılığından bəhs edən çıxışı ilə hamıya unudulmaz anlar bəxş etdi.

Tədbirin ayrı-ayrı məqamlarında yubiliyar şairin “O gün”, “Duz həqiqəti” və “Qürbət qiyaməti”  adlı şeirlərini obrazlı şəkildə canlandıran MDDT-nın aktyorları-respublikanın xalq artisti Ella Yaqubova, Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Vüsalə Quliyeva, Paşa Salmanov, Turqut Məsimli və musiqi hissə müdiri Elnur Rəsulov tamaşaçıların alqışlarına layiq görüldülər.

Bölgədə və onun hüdudlarından uzaqlarda tanınan Aşıq Dumanın ifasının ardınca

yerli İcra Hakimiyyətinin rəsmisi  Sahib Əliyev şəhər rəhbəri İlham İsmayılovun təbrik və xeyir-dualarından söz açandan sonra AYB Mingəçevir bölməsinin hədiyyələrini-fəxri fərman və şairin mingəçevirli rəssam Abdulla —- tərəfindən çəkilmiş portretini yubiliyara təqdim etdi.

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov təmsilçisi olduğu təşkilat rəhbərliyinin yubiliyara ünvanlanmış məktubunu  oxuyandan sonra özünün  də xoş arzularını da dilə gətirdi.

Yubiley gecəsinə qonaq qismində qatılan tanınmış şair Mirsəyyaf  Zamanlı Adil Cəmili çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri kimi dəyərləndirib, çıxışını bir şeirini söyləməklə tamamladı.

İndiki günlərdə ulu aşıq sənətinin görkəmli nümayəndəsi Ədalət Dəlidağlı isə alqışlara layiq görülən bənzərsiz ifaları ilə sözlü-nəğməli yubiley gecəsinə sözün əsl mənasında öz “damğasını” vurdu.

Şairin illər öncəsi məzunu olduğu şəhər 9 saylı məktəbin və 11 saylı tədris ocağının şagirdləri Adil müəllimin  insanlara, o cümlədən gənc nəslə vətən sevgisi aşılayan şeirlərindən nümunələr söyləyəndən sonra, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri-şair Fəxrəddin Əsəd istedadlı həmkarının söz sənətinin yüksək dəyər kəsb etdiyini vurğulamaqla, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Vaxtıyla Adil Cəmillə birlikdə  şəhərin  9 saylı orta məktəbində oxuduğunu fərəh hissiylə bildirən Rizvan Mikayıllı, yerli yazarlardan AYB üzvləri Nəsib Bayramoğlu, Zümrüd Rəhimova və  Mingəçevir Turizm Kollecinin istedlı qələm sahibi kimi tanınan  müəllimi Əşrəf Əsgərov da  çıxış edərkən yubiliyar  sənətkarın bəşəri və milli-mənəvi dəyərlərə söykənməklə insanlara nəcib hisslər aşılayan poeziyasının təsir gücündən və ona yönəlik oxucu sevgisindən söz açdılar. İstedadlı gənc şair, Prezident mükafatçısı Səxavət Kəlbəcərli isə özünün qələmə aldığı yeni şeirlərindən birini söyləməklə hamını məmnun etdi.

Mingəçevir Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Flora Namazova Adill Cəmillə eyni gündə və eyni məkanda çeşidli mövzularda müdafiə etdikləri elmi işlərlə alim titulu qazandıqlarını fərəh hissiylə dilə gətirib, türk dilli xalqlardan olan qırğızlara məxsus “Manas” dastanının ölkəmizdə ilk tərcüməçisi və tədqiqatçısı olan həmkarını həm peşəkar qələm sahibi, həm də istedadlı alim kimi dəyərləndirdi.

Mingəçevirdə hamının saz havalarının mahir ifaçıları kimi tanıdığı Aşıq Qoşqarın və Aşıq Hikmətin balabançı Fərəcin müşaiyəti ilə  Adil Cəmilin şeirləri əsasında təqdim etdikləri mahnılardan sonra, yubiliyar şairin qohumları adından çıxış edən Hacı Sərdar Xankişiyev sevinc hissini hamı ilə bölüşdü.

Sonda yubiliyarın özü çıxış edərək sazlı-sözlü gecənin təşkilatçısı olan AYB-nin Mingəçevir bölməsinə, şəhər İcra Hakimiyyəti və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin rəhbərliklərinə minnətdarlığını bildirməklə, tədbirə qatılan və ünvanına xoş  sözlər deyən hər bir kəsə təşəkkür edib, bir neçə şerini oxudu.  Və tədbir öncəsi sərgidə nümayiş etdirilən kitablarını avtoqrafla oxuculara bağışlayıb, onlarla birlikdə xatirə şəkilləri çəkdirdi.

Yaxın-uzaq ellərdə görkəmli şair-publisist, tərcüməçi və məhsuldar alim kimi tanınan Adil Cəmilin sənətini yüksək dəyərləndirən sənətsevərlərin qəlbində yubiley geçəsi al-əlvan çalarları ilə şirin xatirələrə çevrilib, yaddaşlarda iz saldı.

DSC_0182

 

CABİR QƏDİMOV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

DSC_0150

 

 

 

 

 

 

 

DSC_0134

 

 

 

 

 

 

DSC_0068 (1)

 

 

 

 

 

 

20191101_173950[1] (1)

 

 

 

 

 

 

 

20191101_114153[1]

 

 

 

 

 

 

 

 

 

20191101_151908[1]

 

 

 

 

 

 

 

 

DSC_0153

 

 

 

 

 

 

Yazıya 798 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.