(“Fateh Sultan Məhmət” romanından)
Ağ Şəmsəddin altında keçə alaçığın divarına söykənərək mürgüləyirdi. Çox yorğun idi. Beyni də, bədəni də yorulmuşdu. Tozlu-torpaqlı, səsli küylü, orda-burda mal təzəyi düşüb qalmış yol, günəşin qızmar və öldürücü şüaları lap canını almışdı.
Hənirti eşidib göz qapaqlarını araladı. Saçları pırtlaşıq, nimdaş köynəyinin yaxası açıq bir oğlan uşağı oğrun-oğrun içəri boylanmaqda idi. Görünür, alaçığa ayaq basmağa ehtiyat edirdi. Yaxasından yapışaraq çölə atacaqlarından qorxurdu. Yəqin aclıq ona güc gəlmişdi, qarnını doydurmağa yer axtarırdı. Belə anlarda qorxu da yaddan çıxır. Çox adamın özünə yavan çörək, şorba, ət suyu tapa bilmədiyi belə günlədə öz boğazına kim onu ortaq edərdi?
Ağ Şəmsəddinin əlində-ovcunda da az miqdarda pul vardı. Qənaətlə xərcləyirdi. Hələ gedib mənzil başına çatmamışdı. Bədxərclik etsəydi, qərib yerlərdə boynunu burub kimdən pul istəyəcəkdi?
Oğlan çıxmaq istəyəndə Ağ Şəmsəddin çiynindən basıb onu tərpənməyə qoymadı:
-O mənim qonağımdır. Onunçun yemək gətir.
Oğlan belini dikəltdi. Səliqəli və şıx geyimli, alicənab, nəcabətli, özünü ağayana aparan bu şəxsin qonağı olmaq şərəfinə nail olduğu üçün çox sevinirdi. Fəxrlə gözlərini xidmətçiyə dikdi. Öz-özünə dedi: “Hə, buna nə deyirsən?! Bu müdrik insan mənim himayədarımdır. Hünərin var dillən!”
Xidmətçi təzim edib çəkildi. Ona tapşırmışdılar ki, müştərilərlə xoş rəftar et, dolanışığımız onlardan çıxır. Onlarla dilləşmə, əllərini yumaq üçün su gətir.
Xidmətçilərin hədləri nə idi ki, artıq-əskik danışsınlar! Alaçıq sahibi qulaqlarından tutub atardı bayıra.
Ağ Şəmsəddin soruşdu:
-Adın nədir?
Onun xeyirxahlığından kövrələn oğlan tez:
-Mustafadır, ağa, – dedi.
Ağ Şəmsəddin mehribanlıqla onun əlindən tutdu:
-Deməli, Mustafa! Yaxşı adın var. Özün də yaxşı oğlana oxşayırsan. Mənə bundan belə ağa demə. Dost de, yoldaş de, Şəmsəddin de, Ağ Şeyx de. Mən ağa deyiləm, olmaq da istəmirəm. Mən qələm, din əhliyəm.
Mustafa qeyri-ixtiyari:
-Baş üstə, ağa, – dedi.
Ağ Şəmsəddinin qınayıcı nəzərlərlə baxdığını görüb əlavə etdi:
-Dilim öyrənib, nə edim. Təqsir dilimdədir.
Ağ Şəmsəddin təəssüfləndi:
-Dilində deyil, zəmanədəndir. Harınlanmış adamlar kasıblara qul, kölə kimi baxır, onlara ağa kimi yanaşmalarını istəyirlər.
Yeməyini yeyəndən sonra Mustafanın gözlərinə işıq gəldi. Üzünü Ağ Şəmsəddinə tutaraq:
-Şəmsəddin xocam, bu getməklə yolun hayanadır?
“Xocam” kəlməsindən xoşlanan Ağ Şəmsəddin dedi:
-Ankaraya gedirəm.
-Orada yaşayırsınız?
-Yox.
-Xeyirdirmi?
Ağ Şəmsəddin dedi:
-Hacı Bayram Vəli ilə görüşməliyəm.
Mustafa suallarına ara vermirdi:
-Dostsunuz, yoxsa tanış?
-Nə dost, nə də tanışam. Hələ tanış olacağam. Onu heç haradan tapacağımı da bilmirəm. Gərək soraqlaşam.
Ağ Şəmsəddinin yaxşılığının əvəzini çıxmaq üçün əlinə fürsət düşdüyündən sevinən Mustafanın üzü güldü. Üzümü ona tutaraq:
-Onu tapmaqda sizə kömək edərəm. Mən də Ankaraya gedirəm. Hacı Bayram Vəlini Bazar meydanında görə bilərsiniz.
Ağ Şəmsəddin təəccüblə ona baxdı:
-Bazar meydanında? Evi-eşiyi yoxdur? Bəs müridlərini başına harada toplayır?
Mustafa dedi:
-O, müridləri ilə Bazar meydanında dayanıb gəlib-gedəndən vergi yığır?
Ağ Şəmsəddinin ümidləri qırıldı:
-Vergi yığır? Padşah adamıdır, darğadır, kəndxudadır nədir? Belə işlərə niyə baş qoşur? Mən isə onu ciddi bir insan bilirdim.
Hacı Bayramı tanıdığını və Ağ Şəmsəddini onun yanına aparacağını söyləyəndə Mustafa bunu xoş niyyətlə demişdi. Bununla Ağ Şəmsəddinə kömək göstərmək istəyirdi. Onun isə əvvəlcə sevindiyini sonra isə dilxor olduğunu görən Mustafa da pərt oldu. Dostunun könlünü almaq üçün dedi:
-Niyə əhvalınız pozuldu? O ki vergini özü üçün yığmır, yığdırmır. Yığılan məbləğ yoxsullar arasında bölünür. Mənə də pul veriblər. Alıb bir müddət ailəmizin ehtiyacını ödədim. Yenə Hacı Bayramın yanına gedirəm. Kasıblıq belimizi əyib.
Ağ Şəmsəddin təəssüf içərisində idi:
-Bu yolla kasıbçılığı aradan qaldırmaq olmaz. Dilənçi payından Fatıya tuman olmaz.
Ağ Şəmsəddinin əhvalı pərişan idi. Bu qədər yolu qət edib gəldiyinə peşman olmuşdu. Hələ ən azı 200 kilometr də yol getməli idi. Göynükdən Ankaraya 250 kilometrdən çox məsafə vardı. Lakin qərara aldı ki, gedib həqiqəti öz gözləri ilə görsün. “Əgər Mustafa dediyi həqiqətdirsə, onda geri dönüb Hələbə üz tutacağam. Hələbdə adlı-sanlı bir sufi şeyxi yaşayır. Zeynalabdin Hafi. Dərslərimi ondan alaram.
* * *
Ağ Şəmsəddin sübh çağı oyandı. Mustafa ona sığınıb yatmışdı. Onu oyatdı:
-Oğul, oyan. Günəş başımızın üstünü almamış yola çıxaq.
Mustafa dərhal qalxdı. Üzü gülürdü, rəngi durulmuşdu. Sanki ömründə belə rahat və qayğısız yuxuya getməmişdi. Kasıbçılığın üzü qara olsun! Nə normal uşaqlıq, nə gənclik, nə də qocalıq həyatı keçirə bilirsən. Bütün yaş dövrlərində əzab-əziyyət, məşəqqət, çətinliklər və təhqirlər səni müşayiət edir.
Ankarada olarkən onun-bunun qapısında bir qarın çörəyə işləyər, ya da cüzi para alardı. Buna da şükür! Ac qalmaqdan ki, yaxşıdır. Gecələr də kol dibində, ağaclara söykənərək, xarabalıqlarda keçirərdi. Yatmağa qoysaydılar. Buradan oraya, oradan buraya qovulardı.
Ağ Şəmsəddini Bazar meydanının da harada olduğunu bilmirdi. Mustafa onu buraya gətirdi. O, üzünü Mustafaya tutaraq:
-Saat 11-dir, – dedi. -Hacı Bayram gözümə dəymir. Mən sənə dedim axı, o, belə alçaldıcı, xırda-xuruş işlərlə məşğul olmaz. Ağır oturar, batman gələr. Sənə inanmağım gəlmir. Gəl onun yaşadığı, müridləri ilə görüşdüyü yerə gedək.
Mustafa yerindən tərpənmədi:
-Mən onun nə evini, nə də müridləri ilə görüşdüyü yeri tanıyıram. Bir az səbir etsək, onun buraya gəldiyini görərik.
Söz Mustafan ağzından çıxar-çıxmaz Hacı Bayram Vəli yanında bir neçə mürid Bazar meydanında göründü. Mustafa haqlı idi. Yaşlı, ağsaqqal və nurani bir şəxs, üləma bazardakılara müraciətlə dedi:
-Kasıblara əl tutmaq uca Allahın diləyidir. Həzrəti Məhəmməd peyğəmbərin buyruğudur. Biz kasıblar üçün ianə toplayırıq. Kimin imkanı varsa, əl tutsun. Sizin bu yaxşılığınız yerdə qalmaz.
Hamı bilirdi ki, Hacı Bayram bu pulları özü üçün yığmır, yoxsullara paylayır. Bununla onların cüzi də olsa, ehtiyacları ödənilir.
Fəqət Ağ Şəmsəddin inadından dönmürdü. Bu qənaətdə idi ki: “Hər halda bu hərəkətşeyxə yaraşmaz!”
O, özünü çox pis hiss edirdi. İnamın özünü doğrultmaması, inamın itirilməsi çox ağır zərbə idi. Ağ Şəmsəddin Hacı Bayrama yaxınlaşmadan döndü və bazardan çıxdı. Mustafa da onun ardınca. Onlar görüşüb ayrıldılar.
* * *
Hacı Bayram Vəli bazar meydanında idi. Müridləri də yanında. Amma bu gün səsi nə isə zəif çıxırdı. Bir azdan lap kəsildi. Əlini müridlərindən birinin çiyinə dayaq duraraq:
-Halım qarşdı, mənim qolumdan üsulluca tutub bir kənarda otuzdur.
Tez Hacı Bayramın qollarından yapışaraq onu qollu-budaqlı, yaşıl yarpaqlı ağacın kölgəsində qoyulmuş stolun arxasında əyləşdirdilər. Əvvəlcə elə bildilər ki, istidən ürəyi sıxılıb. Sərin su gətirib içirtdilər, başladılar yelpicləməyə, əl-üz dəsmalını isladıb sərin su ilə qollarını, sinəsini silməyə.
Hacı Bayram əlinin işarəsi ilə başa saldı ki, məsələ siz düşünən kimi deyil. nəfəsi təngimiş halda dilləndi:
-O, Şəmsəddin idi. Mənim yanıma gəlmişdi. Baxdı, amma bəyənmədi. Elə bildi dilənçilik edirəm. İndi çıxıb gedir. Saxlayın onu!
İki mürid Ağ Seyxin dalınca qaçdı. Yanındakı müridlərdən biri soruşdu:
-Şeyx, kimdir bu Şəmsəddin? O gün dua zamanı da ucadan onun adını çəkdiniz. Siz tanışsınız, yoxsa qohum?
Hacı Bayram qayğılı və fikri dalğın:
-Tanış deyiləm, qohumum da deyil, – dedi.
Mürid heyrətləndi:
-Bəs adını haradan bilirsiniz? Onun haqqında danışıblar, yoxsa xəbər göndərib onu sizə tapşırıblar?
Hacı Bayram dedi:
-Haqqında da eşitməmişəm. Hansı əməlin sahibi olduğunu da bilmirəm. Heç kim də onu mənə tapşırmayıb.
Hacı Bayram bu sözləri ilə başına toplaşanları bir qədər də təəccübləndirdi. Sonra sözünə davam etdi:
-Adını isə uca Tanrı mənə diktə edib, mənə deyib: “O gələcək, çox yaxında gələcək. O, dövrün yeni doğan ulduzu olacaq. Həm cana səfa, həm könüllərə məlhəm qoyacaq birisi olacaq! Onun ruhu, könlü çox ağdır. O şəxs, Ağ Şəmsəddin olacaq! Osmanlıların yüksəlişi, Konstantinopolun mənəvi fatehi olacaq!
Müridlər gəlib çıxdılar. Lakin Ağ Şəmsəddinsiz. Hacı Bayram Vəli təlaşla:
-Bəs Ağ Şəmsəddinsiz niyə?
-Ha axtardıq, fəqət tapa bilmədik. Sanki yağlı əppək olub göyə çəkilmişdi.
Hacı Bayram:
-Çıxıb getməyinə baxmayın. O gələcək! Onun boynuna müqəddəs bir zəncir keçirilib. Ondan yaxa qurtara bilməz!”
* * *
Ümidləri doğrulmadığından bərk dilxor olmuş Ağ Şəmsəddin Bazar meydanında dayanmayıb iti addımlarla oranı tərk etdi:
-Mən elm öyrənməyə gəlmişdim. Sən demə, Hacı Bayrama şagird olsaydım, bu müridlər kimi məni də yoxsullar üçün sədəqə yığmağa məcbur edəcəkmiş. Mənə lazımdır bu?
Ağ Şəmsəddin indi sufi şeyxi Zeynalabdin Hafiyə pənah aparırdı. Az getdi, çox getdi axır ki gəlib Hələbə yetişdi. Hələbdə bir nəfər Allah adamına qonaq oldu.
Sakit hava idi. Saysız-hesabsız ulduzlar səmanı işıqlandırmaqda idi. Otaq bürkülü idi. Ağ Şəmsəddin pəncərəni taybatay açdı. Gözü yasəmən ağaclarına sataşdı. Yasəmənin bihuşedici ətri yavaş-yavaş otağa yayılırdı.
Yatağa uzandı. Bu komada gecələyərkən yuxu gördü. Gördü ki, boynunda qızıl suyuna çəkilmiş bərli-bəzəkli, göz oxşayan bir zəncir var. Həmin zəncir ona həzz və zövq vermir, sevinc gətirmir. Əksinə boynuna sarılaraq onu boğur. Nə qədər əl-qol atırsa, bu onun köməyinə yetmir, get-gedə nəfəsi daralır. Birdən gözləri uzaqlarda bir adama sataşdı. Fikir verib gördü ki, boynundakı zəncirin ucu həmin adamın əlindədir. Diqqətlə baxdıqda həmin şəxsin Hacı Bayram Vəli olduğunu gördü”.
Ağ Şəmsəddin hövlnak yataqdan qalxıb salavat çevirdi: “Bissimilalah-ir-rəhmani-rəhim”, – dedi. Öz-özünə fikirləşdi: “Hacı Bayram onu səsləyir: Yanıma gəl. Gec-tez onsuz da gələcəksən. Sən zəncirlənmisən, zəncirinin ucu məndədir!”
Ev sahibləri – qoca kişi ilə ağbirçək qarı süfrəyə çay və başqa nemətlər qoyaraq:
-Bir loxma ye, – dedilər.
Ağ Şəmsəddin yağ yaxdığı və arasına pendir qoyduğu yaymanı dürməkləyərək yeməyə, şirin çay içməyə başladı. Ayağa qalxanda ev sahiblərinin hər ikisinin əllərindən öpdü, razılığını bildirib, xudahafizləşdi. Sonra gəldiyi yolu geriyə getməyə başladı. Ankaraya – Hacı Bayram Vəlinin yanına gedirdi.
* * *
Hələbdən Ankaraya qayıdan Ağ Şəmsəddin Bazar meydanına gəldi. Yol yorğunu idi. Yolun yorğunluğu hələ canından çıxmamışdı. Burada öyrəndi ki, neçə müddətdir Hacı Bayram Vəli və onun müridləri daha buraya gəlmirlər. Bazarın ortasında dayanıb fikrə gedən Ağ Şəmsəddinin gözləri balaca bir əl arabasında yük daşıyan yeniyetmə oğlana sataşdı. Bu, Mustafa idi. Onu səslədi:
-Mustafa, Mustafa!
Mustafa ayaq saxlayıb boylandı. Ağ Şəmsəddini görüb sevincindən bilmədi nə etsin. Onun üstünə yüyürdü. Qolları arasına atılıb onu qucaqladı:
-Şəmsəddin əmi, məni bağışla. Yükü çatdırım, gəlirəm. Yoxsa sahibi acıqlanar.
O, cavab gözləmədən gözdən itdi. Az sonra gəlib çıxdı. Ağ Şəmsəddin:
-Nahar etmisən?
-Yox.
-Mən də acam. Gəl əvvəlcə nahar edək, sonra dərdləşərik.
Onlar aşxanaya girdilər.
-Nə yeyək?
Mustafa çiyinlərini çəkdi. Həm də o desəydi, ağ olardı. Pulunu Ağ Şəmsəddin verəcəkdi. Qoy Ağ Şəmsəddin özü sifariş versin. Mustafaya lazımdır ki, ac qarnına nə isə bir şey düşsün.
Ağ Şəmsəddin:
-Etiraz etmirsənsə, pendirli,lahmacun gəlsin, -dedi. Sonra xörəkpaylayana müraciətlə:
-Pendirli lahmaçuna nə daxildir?
Xörəkpaylayan saydı:
-Quzu əti, soğan, pomidor, holland pendir, bibər.
Mustafanın ağzı sulandı. İştahasını sazladı. Günorta saat 3 olardı. O isə, səhər tezdən yediyi bulkanın üstündə idi.
-Yaxşı, iki pay gətir.
Xörəkpaylayan getmək istəyəndə:
-Hələ bir dayan, sözümü qurtarmamışam, dedi. -Toyuq şişə nə əlavə edirsiniz?
-Toyuq, kəklikotu, şirin bibər, sarımsaq.
-İki pay da ondan. Sonra su, göy-göyərti olsun.
Xörəkpaylayan getdi. Ağ Şəmsəddin Mustafaya:
-Gedək əlimizi-üzümüzü yuyaq, – dedi, – həm təmizə çıxsın, həm də sərinləyək.
Yuyunub gəldilər. Yeməkləri stolun üstünə düzülmüşdü. Tələsmədən nahar etdilər. Sonra söhbətə başladılar. Sözə Mustafa başladı:
-Şəmsəddin əmi, Hələbə getmişdiniz, nə əcəb Ankaraya qayıtdınız?
Ağ Şəmsəddinin bığaltı güldü. Əlini qaşına çəkərək:
-Hələb mənlik deyilmiş, – dedi. -Fikirləşdim ki, mən Hacı Bayran Vəlinin yanında olmalıyam. Ona görə qayıtdım. Amma indi onu tapa bilmirəm.
-Onun yerini məndən soruş. Hacı Bayram Vəli müridlərilə tarlada çalışır.
Mustafa aşxananın qabağında bir yer tapıb əl arabasını orada qoydu, xörəkpaylayana yalvar-yaxar elədi ki, arabadan muğayıt olsun, indi gəlir.
-Arabanı aparsalar sahibkar atamı yandırar. İnan ki, öldürər. Kimi çox istəyirsənsə ona and verirəm. Məni pis vəziyyətdə qoyma.
Mustafa Ağ Şəmsəddini Hacı Bayram Vəlinin yanına aparıb üzrxahlıq elədi:
-Mən qaçım. Görüşərik. Araba sarıdan belim bağlı deyil. O qədər anasının əmcəyini kəsən var ki. Apararlar.
Hacı Bayram Vəli həqiqətən müridlərini yanına alaraq tarlada işləyirdi. Havanın istisində tər-qana batmışdılar. Hacı Bayram Ağ Şəmsəddinin görüşmək, salamlaşmaq üçün uzatdığı əlini bir xeyli havada saxlatdırıb, nəhayət, barmağının ucunu irəli uzatdı. Görüşdülər.
Ağ Şəmsəddin pərt idi. Buraya gəldiyinə peşman olmuşdu: “Çıxıb getmişdim. Niyə qayıtdım. Mənə nə olursa – haqqına olur”.
Hacı Bayram saymamazlıq edirdi. Sanki onun varlığını unutmuşdu.
Ağ Şəmsəddin müridlərə qoşulub işləməyə başladı. Nahar vaxtı idi. Fasilə elan olundu. Tarlanın bir yanında çardağın altındakı uzun taxta stolda süfrə salınmışdı. Müridlər əl-üzlərinə su vurub süfrə arxasına keçdilər. Müridlərə yeməyi stolun başında oturmuş Hacı Bayram çəkirdi. Hamıya yemək ötürüldü. Ağ Şəmsəddindən başqa. Fariz adlı mürid dilləndi:
-Mürşidim, bu cavan oğlan qaldı.
Hacı Bayram dinmədi. Çənəsini işlətdi. Hacı Bayramın hərəkətindən son dərəcə təsirlənən Ağ Şəmsəddin sakitcə ayağa qalxıb tarlaya keçdi: “Ay canım, bu necə adamdır? Qonaqla qonaq kimi davranmır. Belə də şeyx, mürşid olar? Yaxşı ki, bayaq nahar etdim, yoxsa acından ölərdim”
Müridlər tarlaya çıxanda Ağ Şəmsəddin xeyli iş görmüşdü.
Süfrə hələ yığışdırılmamışdı. Ağ Şəmsəddin çardağın altına getdi. Qazanı, nimçələri yığıb aparıb yudu.
Ertəsi gün səhər tezdən aşxanada yeməyini yeyən Ağ Şəmsəddin tarlaya gəldi. Xeyli iş gördülər. Dünənki vəziyyət bir daha təkrar olundu. Bu dəfə Ağ Şəmsəddin yerindən tərpənmədi. Hacı Bayram hamıya yemək çəkəndən sonra qazanı bir tərəfə itələdi. Ağ Şəmsəddin yenə yeməksiz qalmışdı. Hacı Bayram və müridlər nahar etməkdə idilər. Utanmağın, çəkinməyin yeri yox idi. Bu vəziyyət nə qədər belə davam edəcəkdi?
Ağ Şəmsəddin ayağa qalxıb qazana sarı getdi. Təmiz boşqablardan birini götürüb qazanın dibində qalmış yeməkdən özü üçün çəkdi, çörək də götürüb yerinə keçdi və yeməyə başladı. Hacı Bayram üzünü ona tutaraq:
-Zəncirlə zorla gələn qonaq belə qarşılanar! Bildin?
Ağ Şəmsəddin başı ilə təsdiq etdi. Hacı Bayram yeməyinin üstündən durub ona yaxınlaşdı:
-Mən səni sınayırdım. Sınaqdan yaxşı çıxdın. Bundan belə sən müsafir yox, mənim müridimsən! Çalış yaxşı mürid olasan. Sən öz hərəkətin və səbrinlə mənin ürəyimi ovladın, qəlbimə girdin!
Hacı Bayram bu sözləri deyib Ağ Şəmsəddini qucaqladı və öpdü.
Yazıya 448 dəfə baxılıb