Filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, “Xəbərlər” Mətbuat Agentliyi Azərbaycan şurasının sədri, Atatürk adına Türkiyə yüksək Humanitar Elmlər Cəmiyyəti Dil Qurumunun müxbir üzvü, Konya və Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru olmuş Abbas Zamanov haqqında nəsə bir söz demək və ya yazmaq hər bir alim, tədqiqatçı üçün fəxr və şərəfdir.
Zəngin elmi fəaliyyəti ilə milli ədəbiyyatşünaslığın məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərən Abbas Fəttah oğlu Zamanovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 07 oktyabr 2011-ci ildə Sərəncam imzalamışdır.
“Abdulla Şaiqin həyatı və yaradıcılığı” (Bakı: 1956, 22 səh.), “Müasirləri Sabir haqqında” (Bakı: 1962, 324 səh.), “Sabir və müasirləri” (Bakı: 1973, 282 səh.), “Əməl dostları” (Bakı: 1979, 372 səh.), “Sabir gülür” (Bakı: 1981, 260 səh.), “Sabir bu gün” (Bakı: 1985, 350 səh.) və s. bu kimi sanballı əsərlərin müəllifi kimi tanıdığımız tənqidçi, ədəbiyyatşünas, mətnşünas, tərcüməçi, eləcə də səmimi, gözəl dostluq telləri quran Abbas Fəttah oğlu Zamanov ədəbi fəaliyyətə 1929-1937-ci illərdə çap etdirdiyi publisist və elmi kütləvi məqalələrlə başlamışdır. İstedadlı qələm sahibi olan Abbas Zamanovun məqalələri, oçerkləri tez bir zamanda Azərbaycanda və onun hüdudlarından kənarda, o cümlədən Türkiyə, İran, İraq, Bolqarıstan, Avstriya, Almaniya və s. kimi ölkələrdə tanınır və tədqiq, təhlil olunur. Akademik İsa Həbibbəylinin sözləri ilə desək “elmi mühitimizdə Abbas Zamanov vətəndaşlığı və zəhmətkeşliyinin yeri hər zaman görünür”.
Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərən Abbas Zamanov Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Süleyman Sani Axundovun, Seyid Hüseynin, Hənəfi Nəzərlinin, Seyid Əzim Şirvaninin, Sultan Məcid Qənizadənin, Qasım bəy Zakirin, Hüseyn Cavidin və b. əsərlərini nəşr etdirmiş və elmi tədqiqi yöndən araşdırmışdır.
Qeyd edək ki, görkəmli alim və pedaqoq Abbas Zamanova hələ balaca yaşlarından söz sənətinin incəliklərini və dərinliklərini sevdirən onun məşhur müəllimləri Hüseyn Cavid və Abdulla Şaiq olmuşdur. Bakı müəllimlər seminariyasında oxuyan Abbas Zamanov keçən mənalı günlərini belə xatırlayır: “Seminariyada ədəbiyyatdan Hüseyn Cavid və Abdulla Şaiq dərs deyirdilər. Onlar ədəbiyyatı tələbələrə elə dərindən sevdirirdilər ki, hamının ürəyindən yazıçı olmaq keçirdi. Eşitdiyimə görə, riyaziyyat müəllimi Səmədbəy Acalov bir dəfə yarıciddi, yarızafat Abdulla Şaiqə belə deyibmiş: “Mirzə Abdulla, tələbələr gecə yuxuda da ədəbiyyat görürlər. Bu, Cavid əfəndi ilə sənin işindir. İnsaf eyləyin, qoyun bu yazıqlar başqa fənləri də öyrənsinlər”.
Abbas Zamanov ömrünün və tədqiqatının çox hissəsini demək olar ki, Azərbaycan satirik şeirinin bayraqdarı Mirzə Ələkbər Sabir irsinə həsr etmişdir. Bütün elm xadimlərinin də yaxşı bildiyi kimi, Abbas Zamanov Sabiri və onun müasirlərini xalq təbiri ilə desək iynədən sapa tədqiqə cəlb etdiyinə görə, Ali Attestasiya Komissiyası işə böyük dəyər verərək ona birbaşa elmlər doktoru alimlik dərəcəsi vermişdir.
Sabir vurğunu olan Abbas Zamanov “Şairin dünya şöhrəti” adlı yazısında maraq dolu olan bir əhvalatı belə xatırlayır: “Bir neçə il əvvəl Təbrizin məşhur ədəbiyyatşünası, mərhum Hacı Məhəmməd Naxçıvaninin oğlu Əli Naxçıvani Tehrandan qocaman ədibimiz Qulam Məmmədliyə bir məktub göndərmişdi. Həmin məktubda deyilirdi: “Hophopnamə”nin köhnə nəşrindən bir nüsxə düşsə, min tümənə alaram”. Qulam Məmmədlinin xahişi ilə mən həmin kitabdan bir nüsxə Naxçıvaniyə göndərdim və ona yazdım: “Sabiri sevənlərə biz “Hophopnamə”ni təmənnasız göndəririk. O ki qaldı min tümən məsələsinə, deməliyəm ki, mənim aləmimdə dünyanın bütün daş-qaşı bir yerə toplansa, yenə də “Hophopnamə”nin qiymətini ödəməz”.
Abbas Zamanovun apardığı tədqiqlərdə, necə deyərlər yaxşı mənada bir konkretlik hökm sürür. Yenə də yaxşı bildiyimiz kimi, bir çox görkəmli tədqiqatçı alimlər, o cümlədən Əliabbas Müznib, Seyid Hüseyn, Əziz Mirəhmədov, Cəfər Xəndan, Məmməd Məmmədov və başqaları “Nə işim var” (“Millət necə tarac olur-olsun, nə işim var”) satirasının Mirzə Ələkbər Sabirə məxsus olduğunu qeyd edirlər. Sabirşünas Zamanov isə tutarlı dəlillər və isbatlarla təsdiq edir ki, “Nə işim var” (“Millət necə tarac olur-olsun, nə işim var”) satirası Sabirə yox, böyük demokrat Cəlil Məmmədquluzadəyə məxsusdur. Yenə də, bir çox sabirşünaslar yazırlar ki, guya xalqla Sabir arasında bir anlaşılmamazlıq yaranmış, xalq Sabiri başa düşməmiş və yaxud millət Sabiri vərəmlədib öldürmüşdür. Abbas Zamanov yenə də burada irəli sürülən bu kimi ideya və düçüncələri konkret bir fikirlə alt-üst edərək qeyd edir ki; “əlbəttə, belə fikirdə olanlar kobud səhv edirlər. Onlar xalq ilə xalqın içərisində olan və azlığı təşkil edən mürtəce, istismarçı, tüfeyli təbəqələri ayırd edə bilmirlər”.
Abbas Zamanovun “Sabir bu gün” adlı çox dəyərli kitabının ön söz müəllifi Elçinin haqlı fikri ilə desək “indiki halda bu fikir bizim üçün” əlamətdardır. “Ona görə əlamətdardır ki, Abbas müəllimin xislətindəki ədəbiyyat, sənət təəssübkeşliyinin əsasında xalq təəssübkeşliyinin dayandığını göstərir; kiçik detaldır, lakin çox şey deyir”.
Bir çox görkəmli tədqiqatçı alimlər olmuşdur ki, onlar Azərbaycanın repressiyaya məruz qalmiş maarifçi xadimlərini, o cümlədən Hüseyn Cavidi sovet idealogiyasının nəbzinə uyğun tədqiqə cəlb edirdilərsə, Abbas Zamanov bu kimi tədqiqi baxışlardan və araşdırmalardan tamamilə uzaq olmuşdur. Artıq bu gün sovet idealogiyası deyilən bir idealogiya yoxdur. Ancaq tarix tarixliyində qalır. Elmə, ədəbiyyata yox, “partiyaya”, “hökümətə” və ya “şəxsiyyətə” xidmət edən tədqiqatçılar müəyyən bir vaxtdan, zamandan sonra peşmançılıq hissi keçirmişlərsə də, bu kimi hisslər Abbas Zamanova tamamilə yad görünmüşdür. Bu baxımdan “Cavidi xatırlarkən” əsərinin redaktoru və ön söz müəllifi Abbas Zamanov yazır: “Cavidin bəzi tədqiqatçıları çox vaxt unudurlar ki, Cavid tarixə müraciət edərkən hadisələrə bu günün gözü ilə baxmış, onları müasirlik baxımından mənalandırmışdır. Kim deyə bilər ki, “Knyaz”, “Səyavuş”, “Xəyyam” pyeslərində tarixiliklə müasirlik üzvi surətdə bağlanılmamışdır? Bunların heç birində tarix kor-koranə idealizə edilməmişdir. Əksinə, köhnə dünyanın çürümüş əxlaq normaları bu günün dünyagörüşü tələbləri cəbhəsindən işıqlandırılıb tənqidə tutulmuşdur.
Bu prinsipi müəyyən dərəcədə “Topal Teymur”a da aid etmək olar. Bu pyesində də müəllif köhnəliyin qarşısında kor-koranə boyun əyməmişdir. Hüseyn Cavidin yaradıcılıq taleyi elə gətirmişdir ki, o, uzun müddət ədalətsiz tənqidlərə məruz qalmışdır. Azapçılıq, vulqar sosialogiya və şəxsiyyətə pərəstişin hökm sürdüyü illərdə Cavid ancaq tənqid hədəfi olmuşdur. Özü də elə tənqid ki, onu ortalığa çıxarmağa indi adamın üzü gəlmir”.
Həmçinin, Abbas Zamanovun əsərləri Cənubi Azərbaycanda və eləcə də Tehranda tərcümə olunmuşdur. “Sabir və müasirləri” monoqrafiyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, “Cəlil Məmmədquluzadə” oçerki isə Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunmuşdur. Bununla, belə qənaətə gəlmək olar ki, Abbas Zamanov Azərbaycanın güneyində və qüzeyində böyük Azərbaycançılıq məktəbi yaratmağa müvəffəq olmuşdur.
Abbas Zamanovu daha çox düşündürən məsələlərdən biri də, Cənubi Azərbaycan mövzusu olmuşdur ki, bu da onun əsərlərində və ya məktublaşmalarında açıqdan-açığa sezilir. Belə ki, Y.Ariyənpur, Sirus Tahbas, Əhməd Şəfai, H.Sədiq, Ə.Təbrizli, Yəhya Şeyda, S.Cavid, M.Ə.Fərzanə və b. ilə məktublaşmaları dediklərimizə əyani sübutdur. 1980-ci ildə Məhəmməd Əli Niqabiyə yazdığı “Təbrizli dostuma məktub”da oxuyuruq: “Hörmətli Məhəmməd Əli Niqabi! Ümid və işıq, kədər və sevinc dolu məktubunuzu aldım, oxudum, düşündüm, həyəcanlandım… İndi İranda Azərbaycan dilinə münasibət dəyişilmişdir. Cənubi Azərbaycan ziyalıları bundan istifadə edərək, ana dilində kitablar, jurnallar nəşr edib yayırlar. Əlbəttə, bu, gecənin qaranlığını əvəz edən işığın ilk şüarlarıdır. …Sizin çoxunuz Azərbaycan, daha doğrusu, ana dilində şeir oxumayıbsınız. …İndiyə qədər əziz yurdumuz, yuvamız, şanımız-şövkətimiz İranda, xüsusən Azərbaycanda türk (Azərbaycan – A.Z.) dilində yazıb oxumaq qadağan idi. Hətta dil düşmənləri istəyirdilər ki, bu gözəllikdə Azərbaycan dilini aradan qaldırsınlar. Amma bunu bilmək lazımdır ki, günəş heç vaxt bulud altında qalmaz”.
Abbas Zamanov hər hansı bir əməlpərvər söz ustalarının yaradıcılığını qələmə alarkən, ondan əvvəl yaşayan yazıçı, şair, dramaturqların irsini və ya şəxsi keyfiyyətlərini də işıqlandırmadan keçmir. Səmimi dostlarından biri kimi tanıdığımız xalq şairi Rəsul Rza haqqında yazırdı: “Ədəbiyyatların tarixindəntanıdığımız bütün həqiqi novatorlar kimi, Rəsul Rza da klassik irsə bağlı sənətkardır. Rəsul poeziyasında Nizamidən gələn fəlsəfi bir duz, Nəsimidən gələn qeyrət, Füzulidən gələn insani sevgi, Sabirdən gələn öldürücü gülüş və nifrət vardır. Rəsul Rza poeziyasında Vaqif şuxluğu, Vidadi kədəri, Hadi narahatlığı vardır. Rəsul Rza klassik poeziyamızın gözəl ənənələrini davam və inkişaf etdirən əməlpərvər söz ustasıdır…”
Mütəfəkkirlərdən biri deyir ki; “Əgər hər hansı bir yazıçının yaradıcılığı ilə şəxsiyyəti arasında tam uyğunluq yoxdursa, o heç bir vaxt yaxşı sənətkar ola bilməz”. Bu mənada Abbas Zamanovun öz yaradıcılıq dünyasını, sənətkar dünyasını (“Abbas Zamanov və müasirləri”, “Abbas Zamanovun biblioqrafik “vəsiyyətnamə”si”, “Əməl dostluğu”, “Türkiyədə Abbas Zamanov kitabxanası” və müasirləri arasında məhşur mükaliməyə çevrilən “Şikayətlənmək üçün əsas yoxdur”) tədqiqat obyektinə çevirərək fikir süzgəcindən keçirmişdir.
Yekun nəticə olaraq qeyd edək ki, Abbas Zamanov ədəbiyyatın tədqiqat sahəsi ilə bağlı mövcud olan fikir ayrılıqlarına son qoymuş, milli ədəbiyyatı həm bir anlayış kimi, həm də bir elm kimi formalaşdırmaq üçün metodoloji prinsiplərini müəyyənləşdirməyə nail olmuşdur.
KAMAL CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Yazıya 876 dəfə baxılıb