Dostlar, gəlin dostdan danışaq…
Ay maşınçı, ay qatarçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim…
Akif Səmədin sözləridir. Ancaq mən bu gün Akif Səməddən danışmayacağam. Onda niyə söhbətimə Akif Səmədlə başladım, çünki haqqında danışacağım adama bu bənddə bənd olmuşam. İçindəki, səsindəki enerji, hiss-həyəcan, təəssüf məhz bu şeirin misralarından söz-söz qanadlanıb, mənim (dinləyicinin) bütün diqqətimi özünə yönəldib; biçimsiz bədəninin biçimli ləngəri, daxilindəki təlatümü kirpik ləpələrində dalğalandıran göz qapaqlarının qərarsızlığı, lal göllərin sinəsindəki ağrını dəli çaylara aparan şırınqılar kimi qəlbindəki ağrını çölünə daşıyan əl-qol ifadələri, gah yüksələn, gah enən səs tonu məhz bu şeirdə havalanıb…
Bu gün, böyük məclislərin, ən sadə adamı olan Ramiz Hümmətdən danışacağam…
Onu yazı-pozu adamları yüz ildir tanıyır. Kimdən soruşsan ki, “Nəşriyyat Ramiz müəllimi tanıyırsanmı?”- “Əlbəttə tanıyıram” – deyəcək. Elə söz adamı olmaz ki, yolu ən azından bir dəfə Ramiz Hümmətin nəşriyyatda yerləşən – zahirən kasıb, daxildə isə zəngin ofisindən keçməsin. İmkanı olana imkanına görə, imkanı olmayana isə imkansızlığına görə iş görər, kimsəylə haqq-hesab mübahisəsinə girməz.
Ramiz müəllim ürəyi böyük adamdır. Mən deyərdim ki, onun o dolu, yekə, gombul görünən bədəni başdan-başa ürəkdir.
O adam gördüyü işi nə qədər gizlətsə də, elə o qədər də başqalarının işindən danışmağı sevir. Başqalarını tanıtmağı – şairin şeirlərini, yazıçının nəsrini, publisistin məqalələrini oxutmağı, sevdirməyi, təbliğ etməyi əla bacarır. Onun ifasına nəsib olan şeir sanki ömürlük həyat vəsiqəsi qazanır.
Ramiz Hümmət ədəbiyyatı, poeziyanı, şeiriyyatı hamımızdan çox bilir. Zəifi güclüdən elə seçir ki, düyü arıtlayırmış kimi… Arıtlayır, lakin tənqid etmir. Bu günə qədər bir kimsəyə “zəif əsərdir”, “zəif şeirdir” deyə irad tutmayıb. Bilərəkdən susub, kimsənin qəlbini qırmayıb. Özünəməxsus şəkildə qiymət verib yaxşıyla pisə. Yaxşını yaxşılar içində tanıtmaqla, yaxşını yaxşılar içində tərifləməklə, yaxşını yaxşılara sevdirməklə… pis barədə isə sadəcə susmaqla…
Gözəl bir film ərsəyə gəlir. Hamı filmdəki aktyorlardan danışır, onları təbliğ edir. Bəzən rejissorlar da xatırlanır, rejissorlar haqqında yazılar yazılır, çəkilişlər çəkilir, amma kimsə bu filmin ərsəyə gəlməsində əməyi daha çox olan redaktorları, senaristi, texniki heyəti nəzərə almır. Ramiz müəllim də belə – əməli ortada olub, özü kölgədəqalanlardandır. Gözəl bir kitabın, jurnalın, qəzetin ərsəyə gəlməsində ağır tərəfi çiyinlərinə götürür, lakin heç bir yerdə özünü nişan vermir, özünü reklam etmir. Kitab demiş, ad-ad sadalamayacağam, ədəbiyyatda, ümumiyyətlə mətbuatda ən ağır, samballı kitablar Ramiz Hümmətin əlindən ərsəyə gəlib.
Bayaq dedim, onu yazı pozu adamları yüz ildir tanıyır. Amma əslində bu yazıma səbəb olan 60 ilin adını çəkmədim. Bəli 60 il! Bu il bizim dəyərli dostumuz, ixtisasca riyaziyyatçı, qəlbən şair, hərəkətlə ciddi iş adamı (kitab dizayneri), xaraktercə əsil insan olan Ramiz Hümmətin 60 yaşı tamam olur. Heç kəs inanmadı, bilirəm. Gördüyü işlərin yaşı yüzü adlasa da, özünün altmışı haqlamasına heç kəs inanmadı. Çünki Ramiz müəllimin içinin saflığı hələ də surətindədir. O doğulandan bəri yer kürəsinin günəş ətrafında 60 dəfə dövr eləməsi sanki Ramiz müəllimdən xəbərsiz olub.
Məclisə sakit ayaq basar, öndə əyləşməyə cəhd eləməz, yaradıcılığını əzbər bildiyi adamları bir də dinləyər, fəxr edər, qürurlanar, başqalarına edilən tərif ona verilən dəyərmiş kimi sinəsi qabarar. Arada həvəslə pıçıldayar: “o kitabı mən yığımışam”. Əslində, Ramiz Hümmət pıçıltısı da özünəməxsus olar, bu pıçıltını bütün zal eşidər. Amma kimsə ona irad tutmaz, çünki hamı sevər onu…
Kitab təqdimatlarında hamıdan əvvəl gedib, öz əli ilə dizayn etdiyi kitabı cibindən pul çıxarıb alar. Bir-neçə nüsxə alar və tədbir boyunca dostlara hədiyyə edər. Ustadımız Məmməd İsmayılın, rəhmətlik Akif Səmədin, Məmməd Dəmirçioğlunun və bir-neçə müəllifin kitabını mənə Ramiz müəllim hədiyyə edib, həm də təqdimatlarda, həm də pulla alaraq. Hədiyyə etdiyi kitab barədə də geniş izah verər, oxucunun diqqətini bir daha həmin kitaba yönəldər…
Ramiz müəllim söz adamıdır, həm də saz adamıdır. Saz məclislərinin söz yeridi bu adam. Başdan-ayağa pozitiv enerjili, duzlu-məzəli saz-söz adamı!
Yerin Cənnət olsun, Dəmirçioğlu! Ramiz müəllimin ifasında sözlərin bal kimi süzülür:
İlahi eşqidir o tər qönçələr,
Bir açan çiçəyi on arı gözlər.
On yerdən süzülür qanlı yaşları,
Görüb tər sinədə o narı gözlər…
A.Sadiqin, M.İsmayılın, A.Səmədin, M.Dəmirçioğlunun, M.İlqarın və bu qəbildən olan bütün dəyərli söz adamlarının yaradıcılığını əzbər bilir Ramiz Hümmət. Onu da qətiyyətlə deyirəm ki, sadaladığım müəlliflərin şeirlərini Ramiz müəllim qədər heç kim oxucuya çatdıra, sevdirə bilməz. Müəllifin özündən artıq hiss edir şeiri, müəllifdən yaxşı anladır şeiri…
Onun ifasında M.İlqarın pantomim şeirlərini dinləmək bir başqa aləmdir. Üz ifadəsi ilə əl hərəkətləri elə harmoniya yaradır ki, sözü sözdən əvvəl “görür” insan. Eyni şeiri səsdə bir cür, hərəkətdə başqa cür çatdırır dinləyiciyə. Eyni şeir ekiz doğulan, surətcə bir-birindən seçilməyən, lakin ayrı-ayrı yerlərdə yaşayan talelər kimi ikiləşir. Məsələn:
Dərdini dərdimin qardaşı sandım,
Yaş oldum yanaqda mən belə-belə.
Bezdim yalanından, qardaş, usandım,
Heç səni bilməzdim mən belə… belə…
Əslində başqa cür qəbul etdiyimiz şeirin alt qatında yatan mənaya məhz Ramiz Hümmətin əl və üz ifadələri ilə vara bilirik:
Dil tökdün Məmmədə, ay belə… filan,
Göydə Günəş belə, Ay belə filan…
Məni sən yanıltdın ay beləfilan,
Sənə neynəmişdim mən belə belə!!!
Yox, bunları sözlə ifadə edə bilmirəm, ən yaxşısı siz Ramiz Hümmətdən xahiş edin, səsləndirsin bu pantomim təcnisi…
Başqası olsaydı, onun haqqında yazdığım yazıda kimisə təbliğ etməyimdən narazı qalardı. Ancaq əminəm ki, bu yazıda Ramiz müəllimin ən ləzzətlə oxuduğu hissə elə bu örnəklərdir. Bu da Ramiz Hümmətin daha bir özəlliyi, gözəlliyidir. Özü haqqında danışmağı sevməz, yaxşı olan özgələrdən danışanda sevinər.
…Bu günlərdə görüşdük. Dedim ay Ramiz müəllim, ad gününüz yaxınlaşır deyəsən: “Deməli, ayın biri Nəsir Əhmədlinin ad günüdü, ayın ikisi Rüstəm Kamalın, ayın üçü Nəvai Metinin, ayın dördü Rəfail İncəyurdun…” özündən başqa hamının adını çəkdi və sonda “hə, ayın üçü mənim də yubileyimdi”, dedi.
Elə həmin gün təbrik etdik dostları canlı yayında. Çox dəyərli ziyalımız – Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədliyə, tənqidçi, ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor, Rüstəm Kamala, şair Rəfail İncəyurda, rəssam Nəvai Metinə cansağlığı, işlərində uğurlar arzuladıq, şair-rəssam Məmməd Dəmirçioğluya ulu Tanrıdan rəhmətlər dilədik. Ramiz Hümmət barədə isə heç danışmadıq…
…Ramiz müəllimlə ilk tanışlığımız çox illər əvvəl olub. Mən onda Gəncə şəhərində “Töhfə” qəzetinin baş redaktoru idim və qəzet Ramiz müəllimin ofisində yığılırdı. Ramiz müəllim ilk gündən sadəliyi, işinə məsuliyyəti, mədəniyyəti ilə diqqətimi cəlb etmişdi. Gəncədəki işimə xitam verəndən sonra Bakıda nəşriyyatda – Ramiz müəllimin yanında çalışdım. Sadə, səmimi Gəncə mühitindən Azərbaycan nəşriyyatı kimi nəhəng, qatmaqarışıq, bir az da cüvəllağı bir mühitə düşən gənc xanımın orada baş çıxarması müşkül məsələ idi. Elə bu müşküldən üzüağ çıxmağıma da Ramiz müəllim yardımçım oldu, işlədiyim müddətdə mənə ata oldu, qardaş oldu, məni doğması kimi qorudu (qorumağın vacib olduğu mühitdə). Elə həmin zamandan o insanın böyüklüyünə, bütövlüyünə, xarakterinə hörmətim birə-beş artdı.
Bu gün də Ramiz müəllim mənim çox az sayda dostlarım sırasındadır.
Əziz Ramiz əfəndi (telefonuma da adını “Ramiz əfəndi” deyə qeyd eləmişəm)!
Sizi bu il münasibətilə, 60 illik ömrün şərəflə başa vurulması, 70-ə doğru addımlamaq kimi Tanrı lütfü münasibətilə ürəkdən təbrik edirəm. Nəvəniz Maşa xanımı necə sevdiyinizin şahidiyəm, arzu edirəm ki, Maşanın toyunda xanımınızla yan-yana, balaların ətrafında qol götürüb süzəsiniz.
İlimiz, iliniz mübarək!
İradə Aytel
Yazıya 580 dəfə baxılıb