Kol dibinə iz düşdü”.
İlyas Tapdıq.
İlk baharda narın qarı,
Yarıb keçər bənövşələr.
İnci kimi damlaları,
Bir-bir içər bənövşələr.
Meh toxunar üzlərinə,
Nur ələnər gözlərinə,
Kol dibini özlərinə,
Məskən seçər bənövşələr.
Ürək ondan necə doya,
Dözmür yaza, qalmır qaya,
Vaxtlı gəlib bu dünyaya,
Vaxtsız köçər bənövşələr.
Yadıma bahar düşür
Elə ki, bahar fəsli
Ağaclar yarpaqlayır;
Ürəyimdə sevincdən
Sellər, sular çağlayır.
Elə ki, yay ayları
Şitilliyə od yağır;
Canımdan alov qopub,
Başımdan tüstü qalxır.
Elə ki, payız fəsli,
Yarpaq əsir budaqda;
Dayanıb öz-özümə
Üşüyürəm otaqda.
Elə ki, qış fəslində
Yağış gəlir, qar düşür;
Xəyalıma yaz qonur,
Yadıma bahar düşür.
Meşədə keçib günü
Ömrünün çox hissəsini Azərbaycanın meşələrinin inkişafına sərf edən Nikolay İqnatyeviç Boqomolova ithaf edirəm.
Yaş ötüb altmışı,
İpək tellər ağarmış.
Yetişib ömrün qışı,
Ömrün hər fəsli varmış!
Gülər üz, açıq ürək,
Hamı üçün əzizdir.
Şah dağının qarı tək,
Vicdanı tərtəmizdir.
Meşədə keçib günü,
Qurub, yaradır yenə.
Calayıb öz ömrünü
Palıdların ömrünə.
Tapdım-itirdim
Ayrıldım, ayrılmaq istəməsəm də,
Bir həyat neməti tapdım-itirdim.
Məni qınamayın acı desəm də-
Şəkəri, şərbəti tapdım-itirdim.
Vamı mənim kimi dərd çəkən aşiq,
Dönüb zülmət oldu gözümdə işıq,
Hanı o şirin dil, o xoş danışıq,
Hər sözü-söhbəti tapdım-itirdim.
Üstümə gülməsin yaxınım, yadım,
Şair çağrılsa da, həyata adım,
Necə indən belə yazım, yaradım,
Şeri, şeriyyəti tapdım-itirdim.
Yadımdan çıxmayır hər axşamçağı,
Qoşa gəzdiyimiz bağçanı, bağı,
Duzlu oynamağı, oğrun baxmağı,
Nazı, nəzakəti tapdım-itirdim.
Tüstü gəlir
Baxıram pəncərədən
Oyanıb səhər-səhər;
Meşədən tüstü gəlir,
Könlümü sıxır kədər.
Düşünürəm bəlkə də,
Tüstü deyil, dumandır.
Dağlar kəsib aranı,
Uzaqlıq nə yamandır.
Qıymaram palıdlara,
Dostumdur vələs, çinar,
Meşədən tüstü gəlir,
Yatmayın, ay adamlar!
Yazıya 436 dəfə baxılıb