Həyatın, ömrün, dünyanın gedişatını anlamaqda, ümumilikdə özünü dərk etməkdə çətinlik çəkən Dostum. Səni həm anlayıram, həm də yox. Göydən üç alma düşəcək deyirlər. Biri adamların başına, biri qadınların başına, bir də buğda zəmisinə…
Bu dəfə göydən üç alma yox, “Namə” düşdü. “Namə” sənə yazılıb. Hə, hə, şəxsən sənə. Amma sənə çatacaq bu “Namə”ni icazə ver sənin üçün mən özüm oxuyum. İş, qayğı, problem qaçmır ki… Bir az yaxın otur!
Vurul, sev, aşiq ol, pərəştiş elə. Lap sevdiyinin, səcdə elədiyinin xəyalları ilə yaşa gecə-gündüz. Amma məbadə sevdiyinin, pərəstiş elədiyinin fanatına çevrilmə, Dostum. Çünki gedişatını anlamaqda çətinlik çəkdiyin dünyanın özündə fanatizm qədər dibi görünməyən uçurumlu, fanatizm qədər qorxulu heç nə yoxdur…
Yazıçı Cavi Danın 25 məktubluq “Namə” romanını çağdaş nəsr ədəbiyyatı üçün göydəndüşmə almalar kimi “nuş etmək” olar. Əsər cəmiyyətimizdə hal-hazırkı ciddi səbəblərdən biri olan – maqnit kimi cəzbedici ruhsal aləmə düşüb, sonunda parlaq bir işığa qərq olmaq ümidi ilə müqəddəs bir yola çıxmaq eşqi ilə bütün həyatını gözüyumulu qurban verməyə hazır olan insanların (xüsusən də gənclərin) taleyindən bəhs edir. Krişna fəlsəfəsi… əvvəli Günəş zıyası – sonu fanatizmin zülmət labrinti…
Qədim Hinduizm cərəyanı olan Krişna fəlsəfəsi – Tanrıyla ünsiyyət, haqqa tapınma, bu cərəyanın tələb elədiyi qaydalarla yaşama, qidalanma, vicdanı, əqidəni əbədilik tərtəmiz və “toxunulmaz” saxlama, ruhu və hissiyyatı bu sevgi ilə zənginləşdirmə prinsipləri əslində əksər Şərq ölkə insanlarının cani-dildən əsl etiqad, inanc və bütün həqiqətələrə istinad Yoludur.
Həyatın girdabına ağ vərəq kimi tərtəmiz, saf, məsum bir qızcığaz kimi düşən əsərin əsas oyunçusu Aidanın başına gələnləri oxuduqca ağlımdan bircə söz keçirdi: “Qərib cinlər diyarında”… Həqiqətən təbliğat və təsiretmə bir çox insanları bir çox şeylərdən uğurla məhrum edir. Nəinki məhrum edir, hətta sonda həmin insan getdiyi işığı, humanizm prinsiplərini, sevgisini, mərhəmətini itirməklə yanaşı özünü belə hardasa “salıb itirir”. Qəbir evinə qədər özlərini tapa bilməyən bu insanların bütün hissiyyat və mənəviyyatları ciddi və kobud şəkildə zədələnir. Hətta romanı oxuyarkən məni bu sual da düşündürdü: Cavi Dan bunları yazarkən özü hansı halda, hansı ədəbi təzyiqdə və narahatlıqda olub?
“Namə” elə ilk səhifələrdəncə onu oxuyan insana “sığal” çəkən, ümumi maraq və gərginliklə bərabər xoşluq gətirən dumanlı bir atmosferdir. “Namə”ni gərilmədən, əzilmədən oxumaq mümkün deyil. Əslində elə Ədəbiyyat da budur. Gərilmə, dumanlı aura, iztirab, tənhalıq, pxisi basqı, dəlilik və lazım gəlsə – intihar…
“Məhsəti” romanında Cavi Danın etik və əxlaq prinsiplərinə cavab verən ədəbi-bədii danışıq dilini normal qəbul edirəm. Çünki bu dil “Məhsəti”nin öz dili idi. İyirmi beş məktubluq “Namə” əsərinin özü müəllifi baş verən hadisələri, xüsusən dramatik məqamları çılpaqlığı ilə “danışmağa” sürükləsə də (hətta yalvarsa da) Cavi Dan hər şeydən öncə öz Qadın mədəniyyətini və yazıçı etikasını şiddətli və amansız şəkildə mühafizə edərək qoruyur. Bu da ola bilsin ki, “Namə”ni müəyyən məqamlarda gücdən salır. Əslində bu əsərdə bütün detalları, hər şeyi olduğu kimi, bütün çılpaqlığı ilə “danişmaq” “Namə”nin bir roman olaraq öz tələbidir. Yazıçı o qədər istedadlıdır ki, etik prinsiplərə sığınaraq hətta artıq öz istedadını göstərə bilmir. Zərbə isə “Namə”yə dəyir… (müəllif məni gözəl anlayar və bəlkə də təsdiqləyər)
“Somalidə ac qalan qara-qura əhali… İlhai, bunlar insandırmı? İlahi, bunlar da bizimlə eyni bu dünyada, eyni bir zamandamı yaşayır? İlahi, bunlar yaşayırmı? De, bunlar sənin qaralama dəftərindirmi?… Bunların üstündəmi öyrəndin insan yapmağı” – kimi “yaralı” və qəttəzə ədəbi deyimlərin müəllifi olan Cavi Dan “Namə” romanında daha nələri deyə, nələri danışa bilməzdi ki?. “Namə” müəllifi çox sıxıb…
Əsərdəki hadisələrin, prosseslərin baş verdiyi yerin, ölkənin adının çəkilməsi əsəri bir qədər çərçivədə saxlayır və bir məkandan digər məkana çıxa bilməməkdə “cəzalandırır”. Bu əsər şəxsi hisslər, bəsit prosseslər üzərində qurulan əsər deyil axı. “Namə”də baş verən bəşəri Dərd süjeti bu gün bəlkə də əksər Şərq ölkələrində xərçəng xəstəliyi kimi artmaqdadır. Görün dünyada nə qədər Aidalar, Aidanın anası kimi Analar, Sevalar, İslamlar, Əfilər, (Əfi… müəllif bu obraz üçün doğru ad seçib. Əfi ki, Əfi…) Böyük Atalar, intihar “eşqi” ilə gözləri daim “Qız Qalası”nın başını “axtaran” fanat adamlar və nahəyət “cinlər diyarı”nı xatırladan məbədlər var. O məbədlər ki, müəllif bu məbədlərin hər otağına, hər küncünə öz qələmi ilə diqqətlə “baş çəkib”… Kaş bu “Namə”ni Şərq dünyasında hər kəs oxuyaydı – deyə düşündüm.
Romanın 16-cı məktubunda ilk dəfə özünü tapan, özü olan Aida özü də bilmədən təsirinə düşdüyü cərəyana zidd bir “addım atır”. Sevdiyi şəxsə “öp məni” deyir. Özünü yeganə məqamda xoşbəxt hiss edən qızın sonuncu xoşbəxtlik ladları da yalnız elə budur. İçi, ürəyi Eşqlə, İşıqla dolu olan bu qızcığazı dərk etdikcə ürəyimdə yalvarırdım ki, müəllif bu qızın qolundan yapışıb onu tapınmaq istədiyi Eşqə, qərq olmaq istədiyi İşığa çatdıra bilsin. Aidanı yaxından tanıdıqca – ucqar bir bölgədən olan, tanınmayan bir şairin bu şeirini xatırladım roman boyunca:
Dinsəm dodaqlarım yanar,
Oynanar, nə var oyanar,
Zaman durar, vaxt dayanar,
Gözümü qırpa bilmərəm.
Ələyirəm hey, ələyəm,
Mən sübh mehiyəm küləyəm,
YOLÇUYAM, neynim, beləyəm,
Yolumdan sərpə bilmərəm.
Öldüm-dirildim o ki, var
Ruhumdadır hər nə ki, var
Əynimdə Dünya Yükü var,
Üstümü çırpa bilmərəm…
Qoy bu şeir Aidanın nəğməsi olsun!
Romanı oxuduqca hərdən lap uzaqlardan Aidanın az qala pıçıltı ilə oxuduğu digər bir martısını (nəğməsini) də eşidirdim sanki:
Gəldimsə Dərdin xoşuna,
Məni burax özbaşıma…
Anam, bəxtəvər başına,
Böyümüşəm, yekəlmişəm.
Səs salma, haldayam, Adam,
İçimdən gələn haydayam…
Doğulandan bu boydayam,
Öz ruhuma tikilmişəm!…
22-ci məktub…
22-ci məktubda heç nə yazılmayıb, təsəvvür edirsən, Dostum? Məktub bom-boşdur. Yalnız bu sözlər var: Bu gün məktub yazmayacam sənə. Elə-belə… qanım qaradır. Yazmayacam, vəssəlam!
Mən 22-ci məktubda Cavi Danı o qədər gözəl başa düşürəm ki… o qədər gözəl anlayıram ki… Yaxşı ki, bu məktub yazılmayıb!
Cavi Dan öz qəhrəmanlarına, öz oyunçularına zülm verməyi sevən yazıçıdır. Əslində o, öz doğma qəhrəmanlarını cəmiyyətin və bu dünyanın insanlarının xoşbəxtliyi, səadəti uğrunda qurban verir. O, qələmindən çıxardığı bütün “doğmalarının” başlarını kəsir, gözlərini bağlayır, qulaqlarını kar edir, bədbəxt edir, hər səhifədə ağladır, hüquqlarını əlindən alır, zorlayır, sapand daşı kimi var gücü ilə hərəsini bir yana atır.
“Gülüş”süz qəhrəmanlar… Beləcə, müəllif yaratdığı bütün obrazlarının gülüşünü, təbəssümünü əlindən alıb real cəmiyyəti gülümsəməyə, gülməyə və qalib gəlməyə çağırır. Əslində o bütün xoşbəxtliyi, saədəti, ucalığı və kamilliyi sənə, mənə verməyə çalışır, Dostum!
Oxu, bu “Namə”ni mütləq oxu.
Sənə yazılıb axı.
Sənə çatacaq bu “Namə”!
Yazıya 522 dəfə baxılıb