ÜRƏYİNİ VƏ HİSSLƏRİNİ DİNLƏMƏYİ BACARAN ŞAİR

178830814_208567480779732_6929643387537760359_n Qarşımda bir şeir kitabı var. Kitabın adı “Bir kağızdı, bir qələmdi, bir də mən…” (Bakı: “Xan” nəşriyyatı, 2018, 346 səh.). Kitabın müəllifi pedaqoq-şair Mehdi Milaxlıdır. Mehdi müəllimlə şəxsən tanışlığım yoxdur. “Şərq qapısı”, “Arazın səsi”, “Haqqın səsi” qə­­zetlərində, eləcə də Facebook səhifəsində paylaşdığı şeirlərini oxu­maq­la tanımışam və qiyabi dostluğumuz da buradan başlayıb. Dediyim kimi, şairi qi­yabi ta­nısam da şeir­lə­rin­də­ki vətənə, yurda sevgi, dosta, xalqa və ana dilinə məhəbbət, yurd həs­rəti, təbiətə vur­ğun­luq, saf sevgiyə bağlılıq, vicdanın səsi, prinsipiallıq, cəsarət, düş­mə­nə nifrət, alov do­lu qəzəb onun mənəvi, şəxsi keyfiyyətlərini açıq-aydın nişan verir.

Şairin həyat fəlsəfəsi, amalı onun şeirlərindəki surətlərin hərəkətverici qüvvəsidir. Hər bir oxucu tanış olduğu misraların çoxunda vətənə sevgi və qayğıkeşlik, yoldaşa, dos­ta insani münasibət görür. Mehdi Milaxlı bəzən bu sevgini sezdirmədən, bəzən isə həs­sas­lıqla bəyan edir.

Tanrım, özün qoru türk balaların,

Toxunulmaz eylə türk qalaların…

İgid Türkməneli, mərdanə dayan,

Səngərdi dağ-daşın, hər yalçın qayan (31).

Mehdi Milaxlı şeirlərində oxucusuna insanlara yaxşılıq etmək fikrini haqlı olaraq tez-tez təlqin edir. Şairin şeirlərindəki ümumi şüar belədir: “İnsan gərək hər dəqiqə in­san­la­ra lazım olduğunu hiss etsin”. Mehdi Milaxlının həyat yolu haqqında tanış-bi­liş­lər­dən, dost­lardan hal-əhval tutmuşam. Ümumi fikir belə olub: Mehdi müəllim istər şeir ya­ra­dı­cı­lı­ğında, istərsə də şəxsi münasibətlərində həm şagirdlərinə, həm də insanlara qay­ğı ilə ya­na­şır, qayğıkeşlik göstərir. Təbii ki, bu belə də olmalıdır. Çünki şair ilk öncə müəl­limdir. Müəl­lim uşaqları, məktəbliləri, gəncləri ata kimi sevməli, müəllim kimi fəa­liy­yət gös­tər­mə­lidir. Deyilir ki, Mehdi Milaxlı tək öz çevrəsinə yox, çətinliyə düşən hər kə­sə yardım et­məyə çalışır. İnsanlara lazım olduğuna görə də fərəh hissi keçirir. Halal adam­dır, öz əq­li­nin və əlinin zəhmətinə qane olan adamdır. Deməli, şair olduğu kimi gö­rünən, gö­rün­dü­yü kimi olan ali varlıqdır. Bu isə öz növbəsində insanların da ona lazım ol­duğunu gös­tə­rir. Bu kimi keyfiyyətləri şair özü də “Tanı məni” şeirində belə ifadə edir:

Mən elə üzdəyəm, gör, tanı məni,

Dərindən axtarma, dibdən arama.

Tanıtmaz şairlik ad-sanı məni,

Gəlib özümü gör, cibdən arama.

 

…Əgər xoşlamasan, yavaşca çıx get,

Nə geriyə boylan, nə yana çevril.

Son dəfə sağollaş, əlimi sıx get,

Bil ki, asudəsən hər yana çevril (249).

“Deyiləm” adlı şeirində isə şair halal əməyin faydalarından danışır. Deyir ki, halal qa­­zanc qəlbi nurlandırırsa, haram qazanc da qəlbi zülmətli edir. Halal adam xalq içində də öz məğrurluğu, alicənablığı ilə hörmət və nüfuz sahibi olur. Haramxor adam isə heç bir şey­dən zövq ala bilmədiyi kimi şirin yuxuya da arzu-tamarzı qalır.IMG-20210514-WA0009

Hələ dadmamışam yad tikəsini,

Heç nədə gözüm yox, uman deyiləm,

Haram cana sığmaz, bir tikəsini

Əllərim götürsə, yuman deyiləm.

 

Halal göz doyurar, ürək isidər,

Haram yuxuda da incidər, didər.

Əllərim qabarar, axıdaram tər,

Ərlər də görər ki, yalan deyiləm (245).

Mehdi Milaxlı “Oğlum Orxana məktub”, “Oğluma nəsihət”, “Oğlum Pənaha öyüd” və s. şeirləri ilə öz timsalında xitabən gəncliyə əxlaqi məna kəsb edən doğruçuluq, sə­mi­mi­­lik, qayğıkeşlik, təmənnasızlıq, xeyirxahlıq, yaxşılıq, düzlük, həqiqət aşiqliyi, dəyanət və ehtiram, vədəyə əməl etmək və s. kimi ali keyfiyyətlər aşılamışdır.

Böyük rus tənqidçisi V.Belinski “Ədəbi düşüncələr” adlı məqaləsində yazırdı: “Xəl­­­qi şair sözün fəlsəfi mənasında həqiqi bir hadisədir. Onun şairlik istedadı çox böyük ol­­masa da, o, həmişə möhkəm bir özülə, öz xalqının təbiətinə istinad edir və xalqın ona diq­qət yetirməsində, həmin xalqın özünü dərk etməsində ifadə olunur. İstedadlı, lakin mil­li zəmindən məhrum bir şair isə həmişə az və ya çox dərəcədə müvəqqəti və kiçik bir ha­disədir. Bu elə bir ağacdır ki, əvvəlcə gur qol-budaq atıb göyərir, sonra isə kökü tor­pa­ğın dərinliklərinə işləmədiyindən tezliklə quruyur. Buna görə də şairdə xəlqilik çox za­man dərinlik və çoxnövlülük mənasında olmasa da, lakin həmişə orijinallıq mənasında bir növ dahilikdir”.

Belinskinin bu ölməz fikirlərini şair-pedaqoq Mehdi Milaxlının yaradıcılığına şamil etmək tamamilə doğru olardı.

Şair öz xalqının keçmişi ilə maraqlanır, onun böyük ədəbi və tarixi simalarını öyrənir, təhlil süzgəcindən keçirir, təbliğ və tərənnüm edir. Mehdi Milaxlının zəngin pedaqoji irsi, təlim-tərbiyə, pedaqoji-psixoloji görüşləri, eləcə də vətəndaşlıq tərbiyəsi və s. ilə bağlı fikirlərini sistemləşdirməyə zəruri ehtiyac vardır. Çünki onun pedaqoji irsi bö­yü­yən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.

Çoxşaxəli və zəngin yaradıcılıq diapazonuna malik olan Mehdi Milaxlının gənc­lə­rin vətəndaşlıq tərbiyəsi ilə bağlı yaradıcılığı, həmçinin xidmətləri əvəz olunmazdır. Şeir ya­radıcılığını bəzəyən vətənpərvərlik və ya vətəndaşlıq tərbiyəsi ilə bağlı zəngin pedaqoji fi­kirlərdir. Şair vətənlə bağlı şeirlərində oxucusuna Vətənə, torpağa bağlı olmağı, gərəkli ol­mağı, əsl vətəndaş olmağı təlqin edir. Şairin böyük ilhamından və iste­da­dından do­ğul­muş “Naxçıvan”, “Şuşam”, “Xocalım”, “Vətən bizim anamız, biz onun əs­­­gəriyik”, “Əlin­cə qalasına dair bayatılar”, “Əlincə qalası” və sair şeirlər Azər­bay­can ger­­çəkliyini mənalı və münasib şəkildə əks etdirən şeirlərdir.

Odlar diyarının yanar parçası,

Elə ilk görüşdən qəlbimi aldı.

Gəzibmi hüsnündə rəssam fırçası?

Təbiət bu yerdə sirdi, sualdı.

 

…Baba yadigarı Əshabi-Kəhfdir,

Xaraba Gilandır, Gəmiqayadır.

İndi oğullar var, bu daş yaddaşda

Yatmış xatirəni bir-bir oyadır (9).

Vətəndaşlıq – ən zəruri vəzifə və mənəvi keyfiyyətdir. Vətəndaş dərin siyasi, fəl­sə­fi mənalar daşısa da, yeniyetmələrin, gənclərin dərk edə biləcəyi, həyat idealına çe­vi­rə­cə­yi bir anlayışdır. Bütün dinlərdə və səmavi kitablarda vətən kəlməsi tez-tez səs­lənir, onu əziz və müqəddəs tutmağın zəruri olması göstərilir. Dünyanı və insanlığı də­rindən və hər­tə­­rəfli dərk edənlər və gələcəyi görənlər peyğəmbərlərdir. İla­hiy­yat­şü­nas­lıq­da və ya is­lam­­şünaslıqda doğulub boya-başa çatılan yerə, yəni vətənə məhəbbət və onu qorumağın mü­­qəddəsliyi qeyd olunur və göstərilir: uşağa doğma olan iki şey var: onun biri anadırsa, ikin­cisi vətəndir. Uşaq böyüdükcə dərk etməyə başlayır ki, vətən torpağı daha qədimdir, ana­­ların da doğma torpağı olub. Şəriət kitablarında ananı, torpağı, haq­qı, ədaləti qo­ru­yan­la­­ra əsil vətəndaşlar deyilir. Bir sözlə, ailəsinə, xalqına, ölkəsinə namuslu vətəndaş ol­maq tər­biyəsini yeniyetmələr ailədən almağa başlayırlar. Deməli, vətən ailədən baş­la­nır. Şairin 2014-cü idə qələmə aldığı bir şeirində oxuyuruq:

Yaşam üçün ömrünü şum edən bu xalq,

Səngər qazıb, qala qurub, daş ucaldıb.

Qeyrət üçün yağı üstə gedən bu xalq,

Düşmənlərdən bac alaraq baş ucaldıb.

 

Göz üstündə qoruyuruq, saxlayırıq,

Hər qarışı bir tarixdir, kaşanədir.

Sevə-sevə əzizləyib yoxlayırıq

Çünki bizə ululardan nişanədir (29).

Mehdi Milaxlı vətən tarixinin nəsillərdən nəsillərə ötürülməsinə və ya öyrənil­mə­sinə meyl və maraq yaratmaq, vətən sevgisini artırmaq cəhətdən əhəmiyyətli hesab edir. Həmçinin, gənclərin dünyagörüşünün təkmilləşdirilməsində elmi, siyasi, tarixi, ictimai, ideoloji və s. dünyagörüşlərin geniş və dərin olmasını da vacib factor sayır. Eləcə də şeir­lərinin hər bir misrasında vətəndaş tərbiyəsinin yetişməsində təmizliyi, halallığı, düz­lü­yü, səxavəti, sədaqəti, dəyanəti, iradəni, əzmkarlığı və s. aşılayır, nümayiş etdirir.

Şair Mehdi Milaxlı vətənəpərvər şeirlərində ustalıq göstərərək Azərbaycanın zən­gin təbiətini də məhəbbətlə təsvir edir. Təbiəti təsvir Mehdi Milaxlı lirikasının ayrıl­maz key­fiyyətidir.

Şəruru gəzərkən ürək sevindi.

Belə eşitdim mən elin ağzından,

Arpaçay şıltaqlıq etməyir indi,

Saralar qurtulub selin ağzından.

 

…Qocaman ağacın pöhrəsi kimi,

Yollar şaxələnib, yollar dəyişib.

Günəşin gülümsər çöhrəsi kimi

Bu günəşli diyar nə gözəlləşib (9).

Şair əsrarəngiz yerləri tükənməz bir sevgi hissi ilə, iftixarla tərənnüm edir, onun hər guşəsinə nəzər salıb fərəhlənir. Bu, sadəcə olaraq, gözəllikdən zövq alıb nəşələnən bir ada­mın fərəhi, şadlığı deyildir. Batabat, Əlincə qalası, Əshabi-Kəhf, Gəmiqaya və s. ona gö­rə əzizdir ki, onların gözəlliyi insana, cəmiyyətə fayda verir. Odur ki, şair bu yerlərin hər müvəffəqiyyətini eşidəndə coşur, vətənin bərəkətli torpaqlarına alqışlar oxuyur.

Göründüyü kimi, yeni həyatı göstərmək, onun əzəmətini nümayiş etdirmək üçün Mehdi Milaxlı tez-tez tarixə qayıdır, keçmişi yada salır, yeni ilə köhnəni müqayisə edir. Bu şairin şeirlərində istifadə etdiyi üsullardan biridir. Bununla o, canlı real mənzərələr ya­radır, yazdıqlarının inandırıcılıq qüvvəsini artırır. Şair oxucusuna demək istəyir ki, keç­mi­şin qədrini bilməyən, sabahını çətin müdafiə edər.

Görkəmli tədqiqatçı alim, akademik Kamal Talabzadə yazırdı ki, ideya, fikir sə-nə­tin bütün növləri üçün əsasdır. Fikirsiz sənət olmayıb, indi də mövcud deyil. Lakin fik­ri, ide­yanı necə, hansı şəkildə təqdim etmək sənətkar üçün mühüm amildir. Şeirlə de­yilən fi­kir dərhal hissə, ürəyə keçmirsə, yalnız sənin beynini hərəkətə gətirirsə, o, şeir deyildir. Bu mənada, Mehdi müəllim təkcə öz beynini yox, ürəyini də, hisslərini də bir­lik­də, onları bir-birindən ayırmadan dinləməyi bacaran şairdir.

Ahəngi könlümə yatsa yaxşıdır,

Məntiqi ağlıma batsa, yaxşıdır,

Mənası ellərə çatsa yaxşıdır,

Yüz ölçüb, bir biçib, düz yaradıram,

Ürəyimə yatan söz yaradıram (218).

Mehdi Milaxlının şeirlərində fikirlə, mətləblə hiss, duyğu, təəssürat, həyəcan dal­ğa­larını bir-birindən ayırmaq çətindir, onlar elə qarışıb ayrılmaz olurlar ki, birinin ha­rada baş­ladığını, digərinin harada qurtardığını təyin edə bilmirsən; başqa sözlə, bu şeir­də be­yin­lə ürək bir ahəng təşkil edir, buna görə də əsil sənət əsəri – həm beynə, həm ürə­­­yə nü­fuz edən sənət əsəri yaranır. Elə bu səbəbdən də Mehdi Milaxlının şeirlərində ritm, ahəng, vəzn, qafiyə, təkrirlər çox mühüm yer tutur, bunlar şairin fikir və hisslərinin bir­ləş­miş va­hid ahəngi kimi səslənir, təbii təsir bağışlayır, musiqi qədər ahəngdar poe­zi­ya­ya çev­rilir. Bu da onu göstərir ki, şair sənətin zirvələrinə doğru yürüşünü davam etdirir.

Mehdi Milaxlının şeirlərindəki fikirlərə, mətləblərə fikir və görüşlərimizi qısa da olsa çatdırdıq. Bunula yanaşı, şairdən bir təvəqqemiz də vardır. Təvəqqemiz də ondan iba­rətdir ki, şair rəvan, axıcı rutm, ahəng, vəzn və qafiyəsindən yararlanaraq balaca növ­ca­vanlarımız, körpələrimiz üçün şeirlərinin sayını biraz da artırsın. Çünki bu gün uşaq ədə­biyyatının, uşaq antologiyasının buna zəruri ehtiyacı vardır.

Ülvi amallar uğrunda mücadilə aparan, gənclərdə milli-mənəvi dəyərlərin aşılan­ma­sına biganə qalmayan, müqəddəs bir məqsədə, öz xalqına həm müəllimlik fəaliy­yə­ti ilə və həm də şeir yaradıcılığı ilə layiqincə xidmət edən Mehdi Milaxlıya uğur dolu mü­vəffəqiyyətlər arzulayırıq.

 

 

KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Yazıya 361 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.