“Müdir” – Əli Rzazadə

kultur az(hekayə)

Kafenin qabağına çatanda günortaya az qalmışdı, kölgələr asta-asta, göz görmədən, ruh duymadan aid olduqlarına doğru çəkilir, sanki səhər dan işığında boy uzatdıqları yerlərdən nəyisə oğurlayıb gizlincə “qeyb olmağa” çalışırdılar. Gülümsədim; “qeyb olmaq” sözünü kölgəyə aid etməyin qərib ab-havasına büründü düşüncələrim. Deyəsən, çox yorulmuşdum. Yaxınlıqdakı boş masalara göz gəzdirdim, məndən, təxminən, on addım soldakı yaşıl masanı gözümə kəsdirdim: üstünün müşəmbəsi təmiz görünürdü, qənd qabının ağzında qapaq vardı, stulların söykənəcək yerində qırıqlar nəzərə çarpmırdı. Elə mən deyəndi, iti addımlarla masaya yaxınlaşdım. Stullardan birini çəkib yanakı əyləşdim, qalstukumu sağ əlimlə boşaltdım və ofisiantı gözləyə-gözləyə ətrafı müşahidə etməyə başladım.

Hər gün yolumu kafelərdən, çayxanalardan salan adam deyiləm, amma elə ki, belə yerlərə üz tutmağın mütləqliyi günlərimin yaxasından sallaşır, bildiyim, tanıdığım, özümü rahat hiss edəcəyim yerlərə gedirəm. Həmin o rahat yerlərdən biriydi bu kafe. Hərə öz masasında oturub ya çayını, ya pivəsini udumlayır, həmsöhbətlər səslərini ucaltmağa çalışmır, ofisiantlar gülərüz olmasa da, nəzakətlə davranmağa meyillənirdilər. Sözümü qəribliyə salmayın, indiki zamanda, elə bil, hamının “nəzakət” sözünə qarşı allergiyası var… Hərdən düşünürəm ki, görəsən, bu, böyüklərimiz demiş, “zəmanədəndi”, yoxsa, insanlar dəyişib? Düşünməyinə düşünürəm, yox, öz-özümü cavabsız da qoymuram, vəziyyətə uyğun olaraq ya birinci, ya da ikinci cavabı seçirəm, di gəl, bu cavablar da belə dolaşıq düşüncələrin sonuna birdəfəlik nöqtə qoymağa yetmir…

-Hoqqa verir e…Beş kişidən soruşsan, mən deyəni deyər!-kimsə əlini masaya çırpıb öz-özünə deyinirdi. Diksindim.. stulumu düzəldib səs gələn tərəfə boylandım. Məndən iki masa aralıda bir nəfər oturmuşdu. Ağarmağa başlayan saçları qarışıq, üzü saqqallı, əynində yaxasını güclə çəkib bağladığı, qolları biləyinə çatmayan, rəngi bozarmış nimdaş köynək olan, nə vaxtsa qürrələndiyi qaralığından adda-budda iz saxlamış şalvarındakı ütü yerləri gün işığında parıldayan bu ortayaşlı kişini mən tanıyırdım. Hə, hə… Mən onu tanıyırdım…

Xatirələrimi vərəqləməyə çalışırmış kimi əllərimi başımın üstündə bir-birinə keçirdim, tez də ayırıb masanın kənarından tutdum, qeyri-ixtiyari sağ əlimi uzadıb masadakı külqabını özümə tərəf çəkdim. Sol əlimlə də masanın üstündə nəyisə axtarırdım. Və bütün bunları bir neçə saniyənin içində edir, həm də niyə belə etdiyimi fikirləşirdim. Qəfildən dayandım; təxminən, yeddi il bundan qabaqkı iş masamda kompyuterimi axtarırdım…Külqabı kompyuterimin siçanı, masa da klaviaturası idi… Yox, dəli olmamışdım, heç ruhi sarsıntı da keçirmirdim, beynim bu kişini hansı xatirələr dəstəsində axtarmalı olduğumla bağlı mənə siqnal ötürürdü. Bəli, o idi. İllər öncə çalışdığım böyük bir müəssisəinin rəhbəri və mənim müdirim.

 

***

Onda işlədiyim idarənin ən kiçik işçilərindən idim. Yaşıma görə demirəm, bizdə bu ifadənin öz ayrı yeri var: böyük işçi, kiçik işçi, elə-belə işçi, qapı işçisi, əl işçisi və s… Halbuki, əmək kitabçamızda və ya işçi cədvəlində adımızın qabağına yazılanlar daha gözəl səslənərdi. Məsələn, mən onda tərcüməçi idim. İşimi sevirdim, iş masamı səliqəli saxlamağı xoşlayırdım, kollektivə çox qaynayan-qarışan sayılmazdım, amma qaraqabaq da deyildim. “Salam-sağol”uma, hal-əhval tutmağıma həmişə səmimiyyətim qarışmasa da, nəzakətim qarışardı…

Bizim bu böyük idarənin müdiri də elə-belə adam deyildi; gümrah, enerjili, özündən əmin, əyin-başına daim fikir verən, işçilərlə münasibətində heç vaxt ciddiyyətinin çərçivələrini aşmayan biriydi. Mənsə onunla məsafəliydim, yalnız iclasdan-iclasa görürdüm. Həmin iclaslarda belə müdir həmişə öz çərçivələrinin möhkəmliyini qorumağı bacarırdı. Amma “babam kündəni sayır, nənəm kündədən kəsir” misalındakı kimi, onun bu “peşəkarlıq çərçivəsi”nin də daxilinə sızılanlar vardı. Belə demək mümkünsə, məndən “böyük işçilər”dən biri özünü hamıdan qabaq iclas zalına çatdırıb müdirin oturacağı stulun yanını kəsdirərdi. Elə ki, müdir qapıdan girdi, cib dəsmalını çıxarıb irişə-irişə, cidd-cəhdlə müdirin stulunu, masasını elə silirdi, elə silirdi, elə bil, gecə yuxuda bu işin butasını alıb, ciyərinin təşnəsini söndürür…

Bir başqası qapının ağzında müdirin əlindən portfelini qapır, qaçaraq özünü masaya çatdırır, portfeli qoyub ehmalca kənara çəkilirdi. “Böyük işçi” sayılan birinin elədiyi isə heç iş ədəb-ərkanına sığmırdı. İclasın ortasında yerindən qalxır, dinməz-söyləməz, Qafqazdan od oğurlayan Prometey kimi əzmlə, yenilməz addımlarla müdirin masasına yaxınlaşır, qoltuğunun altında sirli bir şeymiş kimi gizlətdiyi su şüşəsini və salfetə bükülü stəkanı çıxarıb masaya qoyur, tələsmədən, ehmalca, şüşəni açır, stəkanı doldurur və müdirə uzadırdı. Müdir də başıyla “təşəkkür” edib etinasızcasına zala göz gəzdirir, baxışlarını çıxış eləyənin üzündə saxlayırdı. Su gətirən stəkanı masaya qoyub eyni məğrur addımlarla yerinə qayıdırdı… Bu “su məsələsi” həmişə eyni adamın çıxışı zamanı baş verirdi. Çıxışçı da “böyük”lərdən idi, yaşı ötürdü, bu gün-sabah təqaüdə çıxacaqdı, işçilər öz aralarında “gedərayaq” deyə bəhs edirdilər ondan. Amma o, gedənə oxşamırdı… Əksinə, yeni gələn işçilərin hamısına sübut eləməyə çalışırdı ki, “baxın, müdirin xətrini hamıdan çox mən istəyirəm…” Sanki, onun üçün işçi olmaq müdirin xətrini istəmək idi, vəssalam. Heç bilmirdim onun işi nədən ibarətdir. Bircə onu bilirdim ki, hər iclasda əlini qaldırıb söz alır, uzun-uzadı müdirin yaxşı rəhbərlik etməyindən, insani məziyyətlərindən, eldə-obada olan hörmətindən danışardı. Bir sözlə müdirimin ətrafı yaltaqlarla dolu idi. Çox az adam müəssisənin mənafeyini düşünürdü, əksəriyyət isə öz işi ilə deyil, müdirin gözünə girməklə məşğul idi.

Üç ilə yaxın işlədim o idarədə, o müddətdə müdirə yaltaqlanmağın fərqli-fərqli formalarını-kiçik qızıl qaydalarından tutmuş, mütləq edilməli olan hərəkətlərə qədər çox şey gördüm… Gördüm, amma özüm o kollektivə qaynayıb-qarışa bilmədim. İlk fürsətdəcə masamın üstündəki kitab-dəftərimi topladım, iş kompyuterimin yaddaşını noutbukuma transfer edib işdən ayrıldım…

Və indi, “Beşmərtəbə”nin yaxınlığındakı bu xudmani kafedə dostlarımdan birinin gəlişini gözləyə-gözləyə həmin müdirlə bağlı yaddaşımda nə varsa, eşib-tökürdüm. Geyindiyi bahalı kostyumlar, ütüsü qarpız kəsən şalvarlar, boğazlığı ikiqat köynəklər, ipək cib dəsmalının rənginə uyğun qalstuklar, addımlarını daha qətiyyətli edən dəri ayaqqabılar, hər kostyuma uyğun eynəklər və portfellər…-hamısı yaddaşımın küncündən boylanıb qalxır, gözlərimin önündən keçir, irəlidəki masaya baxıb öz-özüylə danışan əyyaşın obrazına hopur, yoxa çıxırdı… Hə, günorta olmamış artıq masasında, ən azı, dörd pivə şüşəsi olan, boşqabdakı noxudları ovuclayıb ağzına dolduran, ağzının kənarını əyninə dar gələn çirkli köynəyinin qollarına silən bu əyyaş mənim keçmiş müdirim idi…

 

Əyyaş üzünü göyə tutdu, günəş yavaş-yavaş göy üzündə öz duracağı yeri rahatlayır, kölgələrdən kəm qalan açıqlıqları şüalarıyla daha bərk sığallayırdı. Baxa-baxa qalmışdım…

-Nəsə istəyirdiniz, müəllim?

Döndüm, ofisiant oğlan diqqətlə əyyaşa baxdı, əlindəki sinini əl havasına masaya qoydu, yenidən üzünü mənə tutdu:

-Nəsə lazımdı?

-Çay…Kəklikotulu olsa, lap yaxşı olar.-dedim.

Oğlan sinidə hazır gətirdiyi çaydanı altlığın üstünə yerləşdirdi, cəld stəkan-nəlbəkini bir əl salfetlə sildi, çay süzüb masaya qoydu. Nəlbəkinin kənarından tutub qabağıma çəkdim. Gözucu keçmiş müdirimə baxıb ofisiantdan xahiş etdim ki, ona mənim hesabıma bir pivə də versin. Ofisiant təəssüf dolu baxışlarını mənə dikdi:

-Baş üstə! Amma müəllim, o, artıq bir aydır ki, bura dadanıb. Cibində pul olmur ha, onun-bunun masasında qalan şüşələri götürüb dibindəkini içir, bir boşqab noxud da biz veririk. Elə oturub danışır, danışır, sonra da camaatdan siqaret istəyir… Müdirimiz də deyir, qovmayın, yazıqdı… Yəni, bir pivə verək ey…

Zənnlə üzünə baxdığımı görüb susdu, sinisini götürüb getdi, az sonra əlində bir pivə geri döndü, aparıb keçmiş müdirimin qabağına qoydu. Müdir əvvəlcə gözlərinə inanmırmış kimi dolu şüşəyə ehtiyatla baxdı, sonra əlinə götürüb yoxladı, o tərəf-bu tərəfindəki yazıları, etiketləri birinci dəfə görürmüş kimi diqqətlə incələdi, nəhayət, pivəni masaya qoyub açmaq qərarına gəldi. Udumlaya-udumlaya ətrafa göz gəzdirirdi, baxışlarımız toqquşanda içməyini dayandırdı…Tanımışdı məni…

Pivəsini əlinə alıb ayağa qalxdı, asta-asta mənim masama tərəf gəlməyə başladı. Yan masadakı iki gənc oğlan danışırdı:

-Bizə tərəf gəlir, indi gəlib yalandan ciblərini eşəcək, guya siqaret axtarır. Axırda da deyəcək ki, qardaşoğlu, siqaretim evdə qalıb, bir dənə ver…

-Sən də vermə, güclə alır?!

-Adamın üzü kəsmir axı…

-Yox, dayandı…

Mənim masamın yanında dayanmışdı müdir. Diqqətlə üzümə baxıb gülümsədi, üzbəüzdəki stulda oturdu. Sözə mən başladım:

-Necəsiniz?

-Çox sağ ol, sən necəsən?

-Sağlıq olsun. Nə var, nə yox?

Cavab vermədi, qaşlarını düyünləyib nəyi isə ciddi-ciddi fikirləşdi. Sanki xəyalən neçə il əvvələ qayıtdı, illərin o üzündən nəsə vacib bir şey tapdı, baxışlarına yüklədi, ordan dodaqlarına ötürdü…Asta-asta danışmağa başladı:

-Sən bizim o tərcüməçisən…

-Hə…

-Yəqin, indi məni belə görüb neçə fikrə düşmüsən. Neynək…Hərəninki bir cür gətirir də.

-Narahat olmayın…-deməyə söz tapmırdım.

Elə söz deməliydim ki, xətrinə dəyməsin. Amma hansı sözü? Bilmirdim…

-Sən yaxşı işçi idin…

-Mən?

-Bəli.-baxışlarını boş külqabıdan çəkib sınayıcı nəzərlərlə mənə baxdı.

-Hardan bilirsiniz? -marağımı gizlədə bilmədim.

-Mən hamını əlimin içi kimi tanıyırdım. Bircə dəfə işində nöqsana yol vermədin. Sakitcə öz işinlə məşğul idin, heç kimlə işin yox idi. Həm də kişi adamsan, bir dəfə qapımı açıb nə yaltaqlandın, nə də hansısa xahişə gəldin o iki il səkkiz ayda.

-Amma mənə elə gəlirdi siz yaltaqlananları, qapınızın qabağına yığışıb gözünüzə girənləri daha çox istəyirdiniz… Onları tez-tez təltif edirdiniz, əlavə maaşlar yazırdınız…

-Keçmiş işçi kimi gördüyün haqsızlıqları müdirin boynuna yükləməyə çalışırsan?-bığaltı gülümsədi.

-Yox, olanı deyirəm.-səsimdəki üsyankarlıqdan özüm də diksindim. -Mənə elə gəlir ki, o vaxt başınıza fırlanan, siz avtomobildən düşməmiş qapını açmaqda bir-biri ilə yarışan müavinləriniz indi gözə dəymir. Hər gün sizə bir xəbər çatdırıb, gözünüzdə ucalsınlar deyə, bir-birinin ayağının altını qazan şöbə müdirləri indi buxarlanıblar. Bizim müəssisədə ixtisasca müəllim olan çox idi, amma “müəllim” deyəndə ancaq siz nəzərdə tutulurdunuz. Ancaq siz MÜƏLLİM idiniz, başqaları adi müəllim idi.

-Hələ gəncsən, tərcüməçi, gəncsən. Bir gün öyənərsən…Müdir olarsan demirəm, səndən müdir olmaz. Amma, ən azından, öyrənərsən.

-Nəyi öyrənməliyəm?

-Müdirlərin yaltaqların üstünə əl sildiyini…Eynən salfet kimi. Hə, hə…Təəccüblənmə, heç bir müdir o yaltaqlara hörmət qoymur ürəyində, işlərini yeridirlər, sadəcə.

-Nolsun ki?! O “salfet” dedikləriniz, arxasınca güldüyünüz adamlar məhz elə sizin verdiyiniz səlahiyyətlərdən istifadə edərək pillə-pillə yüksəlir, irəliləyir, gəlib başa keçir, sonra da kişi kimi adamların, məsuliyyətli, abırlı insanların gününü göy əskiyə bükür.

-Bilirik…Amma əldə sübut olmadan ittiham etmək, cəzalandırmaq da olmur. Sözlə üsyan etmək ayrı, o boyda bir-birinin ayağını basdalamayanın içində baş çıxarmaq ayrı.

-Gücümüz sözə çatır…

Susdum, bu dəfə də nəzakətimə yenildim. Hiss elədim ki, hansı sözü desəm, səsimdəki ittihamı boğa bilməyəcəyəm. Müdir də susmuşdu…haçandan haçana köksünü ötürüb yenidən sözə başladı:

-İki il səkkiz ay… Az işlədin orda. Əvvəllər üç yüz alırdın, axıra yaxın yeddi yüzüydü maaşın.

-Elədir ki var!-Yaddaşındakı bu dəqiqliyin qarşısında heyrətimi gizlədə bilmədim.

-Sonra xarici şirkətə dəvət elədilər səni, həm orda işlədin, həm bizdə… Bir gün də xaricdə konfransa çağırdılar səni. Getdin. Orda səni təltif elədilər, böyük imkanlar əldə etdin. Əməkhaqqını da artırmışdılar o xarici şirkətdə. Düzdü, tərcüməçi?

-Bəli…-dedim, mənimlə bağlı yaddaşında daha nə var deyə susub maraqla ona qulaq asırdım. O, heç vaxt onun ətrafında fırlanmayan bir işçisi haqda sanki dünən olduğu kimi bu qədər məlumata malikdir

-Bir gün də təmiz çıxıb getdin- deyə o davam etdi- iş masanda səndən geriyə bir topa vizit kartı qalmışdı, ən üstdəki də mənim vizit kartım idi…

-Bütün bunları necə yadda saxlamısınız, müəllim? –daha heyrətimi gizlətməyin mənası yox idi.

-Çünki yaxşı işçiydin. Məsuliyyətli, işini bilən, abırlı, iş etikalarına sadiq, ən əsası da, yaltaqlanmayan, minnət götürməyən adam idin. Bir də, unutma, müdiriydim mən, müdir. İdarədə bütün işçilərlə bağlı xasiyyətnamələri mən yazıb imzalayırdım…

Qəribə bir tərəddüd sardı məni… O xarici şirkətin ilk müsahibədə məni işə götürdüyünü, şöbə müdirinin qaş-qabaqla otağa girib məni təbrik etməyini, xarici konfransda iştirak etmək üçün məhz mənim seçilməyimi, orda aldığım sertifikatı, hədiyyə edilən bahalı qol saatını xatırladım bircə-bircə… Hətta, gözümün ucuyla uğurlarımın simvolu kimi qoluma bağladığım saatın dəri qayışına da baxdım… İllərdir əldə etdiyim bütün nailiyyətlərimi özümə olan inamımın, savadımın bəhrəsi kimi görürdüm. Amma indi güvəndiklərimin məni uğura aparan yolun yalnız yarısı olduğunu anlamışdım. Yarısını isə məhz bu adam: qarşımda oturan nimdaş paltarlı əyyaş, mənim keçmiş müdirim yazdığı hər xasiyyətnamə ilə, çəkdiyi hər imza ilə taleyimə inşa etmişdi…

Əlacım ona çatdı ki, tərəddüdlərin yaxasına sancmağa bir kəskin etiraz bıçağı axtarım. Tapmaqda gecikmədim; özümü təsəlli etməyə başladım: “Hər şeyi verən, hər yolu açan Yaradanımızdır. Sadəcə, o, bu insana verdiyini o biri insanın əliylə verir…Qadir Allah…”

-Hə, belə, tərcüməçi, durum yavaş-yavaş gedim.

Müdir ayağa qalxdı, yarımçıq şüşəsini əlinə aldı, içindəki pivəni birnəfəsə başına çəkdi. Boş şüşəni qaytarıb mənim masamın yanına-yerə qoydu. Sonra bir saniyəliyinə dayandı, ciblərini eşələməyə başladı. Ağzını açıb nəsə demək istəyəndə ehmalca siqaret qutusunu cibimdən çıxarıb masaya qoydum, “müdirimə” tərəf itələdim. Yenə bığaltı gülümsədi, qutunu açıb içindən iki siqaret götürdü, mızıldandı:

-Bəsimdi…

Yanımdan keçib getmək istəyəndə qolundan tutub saxladım. Onun göndərişi ilə qatıldığım xarici konfransda mənə hədiyyə edilən bahalı saatımı öz biləyimdən çıxarıb onun biləyinə taxdım. Nəsə demək istədi yenə, amma bu dəfə baxışlarından mütəəssir olduğunu görürdüm. Özümü görməzliyə vurub yerimdə əyləşdim, baxışlarımı kafenin qapısına tərəf çevirdim.

-Bilirsən, təcüməçi…

Sözünü qapıdan girən dostumun şən səsi kəsdi:

-A…Çoxdan gözləyirsən, müəllim? Bağışla, gecikdim. Qaça-qaça gəlmişəm dayanacaqdan bura.

Əlimlə dostuma çaydanı göstərib başımı geri çevirdim ki, müdirlə sağollaşım. Yox idi; qayıdıb bayaqkı yerində üzü o yana oturmuşdu.

Dostumla hərəmizə cəmi bir stəkan çay içdik həmin gün o yay kafesində. Və o çay orda içilən sonuncu çay oldu. Bir daha o kafeyə getmədim… Müdirimin orda olmaq ehtimalı heç vaxt sıfıra bərabər olmadı…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 401 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.