İslam dini qəlbə nur, ruha sakitlik, ədalətin isə ən gözəl tərəzisidir. Qurani-Kərimdə – Ənbiya surəsinin 47-ci ayəsində buyrulduğu kimi, heç kəsə bir xardal dənəsi qədər haqsızlıq edilməz. Ancaq bəzi islami cəmiyyətlərdə qadınlarımıza qarşı cinsi ayrıseçkilik səbəbindən edilən haqsızlıqla onları təhsildən, ictimai, iqtisadi, siyasi sahədən uzaqlaşdırıb öz sözlərini demək yerinə təkcə ailənin qayğısına qalmağa məcbur edirlər. Maraqlısı da budur ki, həmin cəmiyyətlərdə bu ayrıseçkilik dinimizin əmri kimi göstərilir. Ancaq Nur surəsinin 2-ci ayəsindəki hikmətdə uca Yaradan günahın belə cinsi olmadığını buyurduğu halda təhsildə, ictimai – siyasi sahədə mi ayrıseçkiliyi haqq deyə buyuracaq?… Unutmayaq ki, qadınlarımız mənəvi dəyərlərimizi qoruyaraq kişilərlə bərabər elmdə, ictimai-siyasi sahədə öz sözünü deməyə qadirdir. Bunu islam aləminin ilk qadın Baş naziri olan Pakistanlı Bənazir Bhuttonun timsalında görə bilərik.
Baş örtüyün bir qadın üçün mənəvi gözəlliyi və hikmətini Qurani-Kərimdə də yer alsa da, bu ancaq qadının öz seçimi olduğu zaman mümkün olur. Əks halda bir kölənin boynuna və ya ayaqlarına məcburi bağlanmış zincirdən fərqi olmaz. Bəlkə də, bunu başa düşdüyü üçün Əli Bhutto qızının 12 yaşı olanda anası tərəfindən məcburən başını örtməyinin qarşısını alıb – “qoy qız böyüsün, üzü açıq və ya bağlı gəzmək qərarını özü versin” deyib. Bununla, o, qızına ilk seçim haqqını verib. Unutmayaq ki, həyat seçimlərdən ibarətdir. Bu seçimlərdir bizi müxtəlif istiqamətlərə yönəldən və daxili kimliyimizi tapmağımıza kömək edən. Ancaq bunun üçün ilk olaraq seçim haqqı verilməlidir. Bəlkə də, 12 yaşında ikən atası Zülfüqar Əli Bhutto tərəfindən verilən seçim haqqıdır ki, Bhuttonu İslam aləmin ilk qadın Baş naziri kimi tanımağımıza gətirib çıxarıb.
Demokratiya kimisi üçün irqi, kimisi üçün cinsi, kimisi üçün etnik, kimisi üçün isə maddi fərqliliyi aradan qaldıran gücdür. Amma hər kəs üçün bu dünyada, bu həyatda var olduğunu hiss etdirən söz azadlığıdır. ABŞ-dakı Harvard Universitetinin Redkliff Kollecinə daxil olarkən “Demokratiyanın dadını ilk dəfə hiss etdim” sözünü deyən B.Bhutto 1973-cü ildə həmin universitetinin “Dövlət idarəçiliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirib, demokratiyanı daha çox hiss edib və hiss etdirmək üçün Böyük Britaniyanın Oksford Universitetinin “Lady Margaret Hall” kollecinə daxil olub. Hətta Oksfordda təhsil aldığı müddətdə Bhutto “Oksford ittifaqı” nüfuzlu diskussiya cəmiyyətinin əvvəlcə daimi komitəsinin üzvü, sonra isə prezidenti seçilib.
Baş nazir vəzifəsinə ilk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq seçilən Bənazir Bhutto vəzifəsinə cəmi 20 ay davam edə bilib. Çünki ölkə başçısı Qulam İshaq Xan hərbi qüvvələrin köməyi ilə Bhuttonu vəzifəsindən uzaqlaşdırıb. Ancaq xalq 1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri kimi xanım Bhuttonu layiq görüb. Bitib-tükənməyən qalmaqallar nəticəsində üç ildən sonra vəzifəsindən kənarlaşdırılaraq Dubaya sürgün edilib. Səkkiz illik vətən, torpaq həsrətindən sonra 2007-ci il oktyabr ayının 18-də Şərqin dəmir ledisi yenidən Pakistana geri qayıtmağa müvəffəq olub.
Xanım Bhutto Pakistana qayıtdıqdan sonra siyasi arenada öz sözünü demək məqsədilə yenidən mübarizəyə qoşulub. 2008-ci ilin yanvar ayı üçün planlaşdırılan parlament seçkiləri zamanı yəni, 27 dekabr 2007-ci ildə Pakistanın Ravalpindi şəhərində keçirilən mitingdə onu siyasi arenadan əbədi uzaqlaşdırmaq üçün sui-qəsd təşkil edilib. Bu sui-qəsd nəticəsində, 90 nəfər yaralanıb, 26 adam və o cümlədən xanım Bhutto bu dünyaya gözlərini əbədi olaraq yumub.
44 günlük vətən müharibəsində qazanılan zəfərlə Azərbaycanın küçələrini bəzəyən və bayrağımızla yanaşı dalğalanan iki qardaş bayraqdan biri Pakistanın milli bayrağı olub. Bu bağın möhkəmlənməsində Şərqin ilk qadın Baş naziri olan Xanım Bhuttonun böyük səyi olub. Ölümündən sonra Pakistanda üçgünlük matəm elan olunan Bənazir Bhutto bütün Pakistan liderləri kimi Azərbaycanı çox sevib, hətta Azərbaycan-Pakistan münasibətlərin əsaslarını quran siyasətçilərdən olub. Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Pakistana səfəri zamanı xanım Bhutto ilə keçirilmiş görüşdən sonra nəinki ölkələrimiz arasında münasibətlərin əsası qoyulub, həm də tarixi səfər zamanı iki ölkə arasında hüquq – müqavilə bazasının əsasını təşkil edən bir sıra önəmli sənədlər belə imzalanıb.
Xanım Bhuttonun daim Azərbaycana xüsusi münasibət bəslədiyini vurğulayan ölkəmizin Pakistandakı sabiq səfiri Daşqın Şikarov qeyd edib ki, Pakistanın Baş naziri olduğu dövrdə Pakistan Azərbaycana mənəvi dəstək verməklə yanaşı, işğal olunmuş torpaqlardan didərgin düşmüş həmvətənlərimiz üçün bir milyon ABŞ dolları məbləğində humanitar yardım edib. Həmin yardım tibbi ləvazimatlar, qida məhsulları və geyim əşyalardan ibarət olub. Hətta Benazir Bhuttonun atası Zülfüqar Əli Bhuttonun yaratdığı Xalq Partiyasının hakimiyyətdə olduğu dövrdə Pakistanda irimiqyaslı humanitar layihələri həyata keçirtdiyinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Şəhid Benazir Bhutto” mükafatı verilib. Sözügedən mükafat B.Bhuttonun həyat yoldaşı, Pakistanın sabiq Prezidenti Z.Ə. Zerdari tərəfindən təqdim olunub.
Həyat bir qatardır, biz insanlar isə qatardakı sərnişinlər. Hər bir insan bir vaqonda əyləşib öz həyat rəngi, düşüncələri, məqsədləri, mübarizələrilə iz qoyur. O ki qatar sərnişinin mənzilinə çatır, vaqonda isə o sərnişinin xatirlərindən başqa heç nə qalmır. Bəzən bu xatirələr digər sərnişinlərin qatardan ayrılma vaxtına kimi yaşasa da, bəzi xatirələr illərlə, əsrlərlə unudulmur. Sanki tarix kitabdır, bu xatirlər isə kitabın səhifələrinə yazılmış cümlələr. Bəs kimlərin xatirələri bu səhifədə yer alır? Vətən uğrunda, xalq uğrunda, cəmiyyət uğrunda, ən əsası isə insanlıq uğrunda bu qısa ömürlərini qurban verməkdən çəkinməyən Bənazir Bhutto kimilərin…
Yazıya 336 dəfə baxılıb