Ötən əsrin 90-cı illərində qəzetlərin birində baş redaktorun müavini vəzifəsində işləyirdim. O vaxtlar ölkədə işsizlik baş alıb gedirdi. Yalnız mətbuat yeganə iş sahəsi idi ki, sovet marşrut avtobusları kimi, istənilən adam özünü asanlıqla ora dürtə bilirdi. «Kommunist» (indiki «Azərbaycan») nəşriyyatının hər mərtəbəsində, yalan olmasın, 20-30 baş redaktor kabineti var idi. Redaktorların böyük əksəriyyəti də keçmiş linatipçi, korrektor, baytar həkim, ferma müdiri, fəhlə, sürücü və sair peşə adamları idi. Hərəsi bir qəzet açıb, ətrafına jurnalistikadan uzaq, amma şantaj «peşəsində» peşəkar, pul qazanmaq sənətində zirək insanları toplayırdı.
Amma, sözün həqiqi mənasında, jurnalist olmaq, ən azı bu sahədə potensialını sınamaq istəyənlər də az deyildi. Belələri üçün çox çətin idi. Maliyyə sıxıntıları yaşayırdılar. Haqsızlıq, nadanlıq mühitində, üzdə biruzə verməsələr də, daxili streslər keçirirdilər. Güvəndikləri, çiyin söykədikləri bir güc var idi – istedad.
Belə istedadlı gənclərdən biri də bu gün cəmiyyətimizdə sanballı ədəbi tənqidçi, ciddi publisist, jurnalist kimi tanınan Əsəd Cahangir idi.
O vaxt Əsəd, bir qədər əvvəl dediyim kimi, redaktor müavini işlədiyim qəzetə necə, hansı yolla gəlmişdi bilmirdim. Açığı əvvəl-əvvəl ona laqeydliklə yanaşdım. Düşündüm ki, növbəti «yük» göndərdilər. Çünki o vaxt gənc əməkdaşların çoxunun yazısı, demək olar ki, yenidən yazılırdı.
Aylar yox, hətta günlər ötdükcə gördüm ki, Əsədə münasibətimdə yanılmışam. Qəzetə istedadlı, yeni düşüncə və ifadə üslubuna malik bir gənc gəlmişdi. Hərəkətlərində, mentalitetimizdə kristallaşmış, yazılmamış davranış qaydalarına çevrilmiş ədəb-ərkan çərçivəsindən kənara çıxmamaq şərtilə, bir azadlıq, sərbəstlik var idi. Hər sözündə, addımında özü idi. Heç kimə bənzəmirdi və bənzədilməyi xoşlamırdı. Bilmirəm, daimi mütaliəsi, yoxsa «altıncı» adlandırılan hissin qəlbində mövcudluğu hesabına qələmə aldığı hadisələrdə, hadisə iştirakçılarında adi insanların görmək qabiliyyətinə malik olmadığı tərəfləri, cəhətləri görə bilirdi. Görməkdən savayı, daha bir üstünlüyü o idi ki, bu gördüklərini peşəkarlıq emalından keçirib, aydın, sadə, hamının anlaya biləcəyi üslubda oxucularına çatdırırdı.
Ə.Cahangirdə diqqətimi çəkən bir məqam da onun yaxşılığı və yamanlığı, pisliyi və xeyirxahlığı yaradan amillərin fəlsəfəsini öyrənməyə can atması idi. O, öyrəndiyinin nə dərəcədə doğru olduğuna ilk növbədə özünü, içindəki «məni» inandırmağı məqsəd seçirdi. Əgər özünü inandıra bilsəydi hasil etdiyi qənaəti geniş oxucu kütləsi ilə bölüşürdü. Bu yanaşma sonralar onun yaradıcılığının əsas meyarına çevrildi və bütün uğurlarının təməl daşı oldu.
Əsəd hələ gənclik illərində iti bədii təfəkkür sahibi idi. Bəzən qəzetdə dərc etdiyimiz fotoya söz yazmaq lazım olanda bu işi tərəddüdsüz ona tapşırardıq. O, yazdığı bir neçə cümlə ilə fotonu bitkin bir bədii əsər səviyyəsinə qaldırırdı.
Əsədlə bir qəzetdə işləməyimiz o qədər də uzun çəkmədi. Sonralar o, öz fəaliyyət istiqamətinə daha münasib olan mətbu orqanlarla əməkdaşlıq etməyə başladı.
Uzun illər Əsədi görmədim. Yollarımızın çarpazlaşan vaxtı da olmadı. Amma yaradıcılığını izləyirdim. Nağıllardakı zaman sürətilə artan, təkmilləşən istedadını, yaradıcılıq uğurlarını görüb sevinirdim. Məni sevindirən bir də o idi ki, Əsəd, gənclik illərindəki yaradıcılıq meyarına sadiq qalaraq, ədəbi-tənqidçi kimi nə Şərqin, nə də Qərbin klassik ədəbiyyatına baxışında özündən əvvəlki yanaşmaları, azacıq da olsa, təkrarlamır. Mən onu klassik ədəbiyyatın arxioloqu adlandırardım. Tədqiqatları zamanı klassik əsərlərin misralarının, sözlərinin təkində gizlənən, ona qədər heç kimin kəşf etmədiyi sirri, fəlsəfəni, mənanı «qazıb» çıxaran «arxeoloqa».
Əsəd günümüzün elə yaradıcı insanlarındandır ki, onun alim, jurnalist kimi haqqında çox danışmaq, yazmaq olar və yazılmalı, danışılmalıdır da. Çünki Əsəd haqqında danışmaq elə klassik, müasir ədəbiyyatımız, publisistikamız, jurnalistikamız haqqında danışmaq, yazmaq deməkdir.
Bəyalı Səfaoğlu,
«Ülfət» qəzetinin baş redaktorunun müavini,
«Əməkdar mədəniyyət işçisi»
Yazıya 1180 dəfə baxılıb