“Arı qaş səhləbisi” hekayəsi – Kəmalə Həsənova

IMG_3889 (1)Gözlərimizi yumub açdığımız zaman gördüyümüz məkan həmişə eyni olmaya bilər. Bu an hansı məkanın real, hansının qeyri-real olduğunu bilmədən yaşayırıq. Çünki əvvəlki məkanı xatırlamırıq da o səbəbdən. Bəlkə, hal-hazırda real olduğuna inandığımız bu məkan ən böyük yuxudur, amma fərqində deyilik. Eynilə hekayəmizin qəhrəmanı olan I adlı gənc kimi. O, gözlərini yumduğu məkan başqa yer olsa da, açdığı an gördüyü yer bir tablonun içərisi idi. Gözlərini yumub açması nə qədər vaxt sürdüyü bilinməz, bəlkə, bir saniyə, bəlkə, bir saniyədən də daha az, bəlkə də, saatlar sürmüşdü. Amma qəhrəmanımızın bildiyi tək bir şey var, o da bu tablonun içərisində illərlə yaşadığı, fırçanı kim tutduğu bilmədiyi bu rəssamın seçdiyi rənglər səbəbindən həyatının həddindən artıq bədbəxt keçdiyi idi. Bu ucu bucağı olmayan rəsm atölyəsində heç kim bu rəssamın üzünü görməyib, onun səsini eşitməyibdir. Kimisi fırçanı tutan əlindən onu qadın, kimisi  kişi olduğunu, kimisi cavan, kimisi də qoca olduğunu deyir. Hətta bəziləri fırçanı tutan əllin zamanla üzərində qırışlar yarandığından onu insan kimi qocaldığını da düşünür. Heç kimin bir dəfə olsun görmədiyi bu şəxsi öz aralarında TALE adlandırıblar… TALE-yə qarşı münasibət də bir mənalı deyil. Kimi insan həyat tablosuna çəkdiyi gözəl rəsmlər, istifadə etdiyi ürək açan rənglər üçün şükürlərini bildirsə də, kimisi isə ondan narazıdır, digər insanlara göstərdiyi rəğbəti ona göstərmədiyi üçün, həyat tablolarına çəkdiyi naxışlar, seçdiyi rənglər üzündən üzlərinin gülmədiyi üçün. İçi bizim I qəhrəmanı olmaqla…

TALE-yin ona seçdiyi rənglərdən I-nın üzü heç gülmür, qorxuduğu yanlızlıq və qaranlıq onu yaxasını heç buraxmırdı. Bəzən fırçadan çəhrayı, sarı, yaşıl kimi rənglər tablonun kətan parçasına toxunanda artıq onun üçün yeni həyatın başladığını, üzünün güləcəyini, yeni ümidlərin yarandığını düşünsə də, ardınca gələn qara rəng yenidən hər şeyi məhv edirdi. Sanki həyatı qaranlıqdan ibarət olmalı idi. Niyə TALE hər kəsə lütfkar olduğu kimi ona da olmurdu? Günahkar olmadığı halda cəzalandığı bu həyat tablosunda, bu rənglərin ahəngində yaşamaq istəmirdi. Ona görə də, TALE-yin boz rəngə batırılmış  fırçası onun həyat tablosunun kətanına toxunmağına az qalmış “Bəsdiiiiiiiiiiiiiiir!” deyə çığırdı. Onun bu sözündən sonra TALE-yin fırçası olduğu yerdə də dayandı. Bu an bizim qəhrəmanın qəlbindən tək bir şey keçdi: “Necə olur olsun, TALE ilə danışacam, həyatımı bu rənglərdən xilas etməyini istəyəcəm, hətta yeri gəlsə, ona yalvaracam. Amma bu boz, qara rənglərin əhatəsində yaşamayacam!” Sanki qəlbindən keçən sözləri TALE də eşitmişdi və bu an ilk dəfə olan bir hadisə baş verdi. TALE-yin fırçası da, onun fırça tutan əli də qeybə çəkildi. Əslində o bu haqda eşitmişdi, çox keçmiş zamanlarda TALE bir anlığına qeybə çəkilirmiş və bu zaman insanlar axtardığı bir çox sualın cavabını tapırmış. Amma bunu yaşlıların danışdığı bir mif olaraq düşünürdü. Çünki indiki zamanda insanların həyatında saniyələr o qədər sürətli axır ki, heç bir saniyə belə olsun düşünməyə vaxtları olmur. Ona görə kətan parçaya çəkilən boyaların rəngi tez-tez bir-biri ilə əvəz olunur. Amma keçmiş zamanda həyat daha gözəl imiş, zaman yavaş axtığından insanlar hər rəngin gözəlliyini uzun müddət öz həyatlarında hiss edirmiş…

TALE-yin qeybə çəkildiyini gördükdən sonra I onu axtarmaq məqsədilə illərlə yaşadığı bu tablodan düşmək və ucu-bucağı bilinməyən bu atölyədə səfərə çıxmaq qərarını aldı. Onun ilk addımları qorxu və tərəddüdlə dolu idi: “Bəlkə, yanlış edirəm, bəlkə, hər kəs kimi qismətimə düşən rənglərlə yaşamalı idim…” Amma onun tərəddüdlər içində atılan addımlarını qətiyyətlə atılan adımları əvəz etdi. Baxmayın, insan övladının ən böyük xüsusiyyətidir, ilk hərəkətlərdə qorxar, utanar, çəkinər, amma daha sonra heç bu hisləri yaşayan o deyilmiş kimi daha qətiyyətlə addım atar. Bəlkə, yanlış düşünürəm? İnsanlar yalançılığa, qeybətə, adamlar arasında nifaq salmağa, oğurluğa, cinayətə bu cür başlamadımı?

TALE-yin axtarışı ilə çıxdığı yolda bizim qəhrəmanın diqqətini çəkən bir çox hadisələr oldu. Bunlardan ilki atölyənin dümağa boyanmış divarlarını görsə də, nə qədər ona doğru addamlar atsa da, aradakı məsafə heç azalmırdı, sanki yerində addımlayırdı. Amma arxaya dönüb baxdıqda illərlə yaşadığı tablo artıq görsənmirdi. Bizim gənc bu zaman anladı, niyə görə yaşlılar bu atölyəni ucu bucağı olmayan yer adlandırdığını.

I illər boyunca yaşadığı tablodan uzaqlaşdıqca sıra ilə addımlayan insanlara yaxınlaşdı. Daha doğrusu yeni doğulmaq üzrə olan, şəffaf rəngli körpələrə. Hər biri sıra ilə kətan parça, fırça, rənglər götürüb, bir tabloda yaşamaq üçün irələyirdilər. Bu zaman illər öncə özü də bu körpələr arasında olduğunu xatırladı. Hansı rənglərin ahəngində yaşayacağını bilmədən addımladığı bu sırada hər bir körpə kimi  TALE-yin  kətan parçasına vurduğu ilk fırçaya göz yaşı ilə cavab vermişdi. Bu insanlar arasında bir qanun idi, ilk və son fırçada mütləq göz yaşı tökməli idilər.

Doğulmaq üzrə olan körpələrin yanından bir xeyli aralandıqdan sonra bizim qəhrəman bir qrup dərvişə rast gəldi. Saçı-saqqalı digərlərindən daha uzun və ağarmış olan hündür boylu kişi irəlidə addımlayır, “Kimdir insan?” deyə soruşur, digərləri isə bir nəfəsə bu suala cavab verirdilər:

“ –KİMDİR İNSAN?

–Mücərrəd zamanı salisələrə qədər bölüb hesablayan

Ancaq keçmişin kini, gələcəyin xəyalları ilə yaşayıb bu günün qədrini bilməyən!

– KİMDİR İNSAN?

–Çay daşları arasında özünü almaz daşı zənn edən

Ancaq qışda bir gülə həsrəd qalıb, yayda minbir çiçəyin dəyərini bilməyib dəyərdən dərs keçən!

– KİMDİR İNSAN?

–Əli ilə yaratdığı kağız parçasının qulu olan

Ancaq həyatını marafon qaçışına bənzədib ölümün astanasından kəşgələrlə keçən!

– KİMDİR İNSAN?

–Heyvanlardan fərqli olaraq əqli olan

Ancaq düşünməyə beynini yormayıb sürü psixologiyası ilə yaşayan!

– KİMDİR İNSAN?

–Övladlarına sevgini cinsinə görə verən

Ancaq “Ağ gəmi”nin həsrəti ilə ona baxan gözləri görməyən!

– KİMDİR İNSAN?

–İlk Aşiqi ən böyük Məşuqə çevirən

Ancaq Məşuqunun yaratdıqlarını məhv etməkdən çəkinməyən!

– KİMDİR İNSAN?

–Sevgidən dastanlar yazan

Ancaq ac-susuz çöl pişiyinə bir qab yeməyi verəcək sevgini göstərməyən!

– KİMDİR İNSAN?….”

Dərvişlər yanından ötüb keçdikdən sonra bayaqdan daşın üzərində oturmuş və bir bitkini seyr edən qocanı görməmişdi. Əgər onun öz-özünə söylədiyi “…bəs bir qab yeməyi vərən kimdir?” sualını eşitməsə idi, bəlkə də, onu görmədən ötüb yanından keçəcəkdi. Amma nədən bilinməz, ona doğru addımlamaq, TALE-yi necə tapa biləcəyini ondan soruşmaq istədi. İçindən keçən bu hissə bir anlam verə bilməsə də, tabloda olsa idi, bunu TALE-yin istəyi adlandırardı.

TALE-yi necə tapa biləcəyini soruşmaq üçün onun baxdığı çiçəkdən söhbət açmaq məqsədilə verdiyi: – “Salam, baba, siz nəyə belə diqqətlə baxırsınız?” – sualına heç gözləmədiyi bir cavab aldı – “Arının ilk nakam məhəbbətinə”. Bu an çiçəyin üzərindəki arını görüb  eşitdiyi sözlərin təəccübündən – “Necə? Başa düşmədim…” – söylədiyi sözlərə aldığı cavab – “Məgər aldadıb-aldanmağı, sevilmədən sevməyi yalnız insanlara aid xüsusiyyətmi zənn edirdin? Unutma oğul, insan övladı təbiətin bir varlığıdır. Öyrəndiyi hər şeyi ilk təbiətdən öyrənib.” – onun təəccübünü daha da artırdı. Bir də üzərinə qocanın “Sən kimi axtarırsan?” sualı onu fikirlər dənizində boğulmaqdan xilas edib yenidən o suların qoynuna buraxdı.

– “Necə?….Siz haradan bildiniz mən kimisə axtardığımı?

– Bu həyatda bir yola çıxan hər kəsin axtardığı bir insan olur.  Çox maraqlıdır ki, bu insan çox zaman eyni adam olur… İndi de görüm bəs sən kimi tapmaq üçün bu yola çıxmısan?

– TALE-yi

–Onda gəl mənimlə…

Yanından gəlib keçdiyi adamları görməsə idi, heç bir addım belə irəli getmədiyini düşündüyü bu məkanda üzündə dünyanın bir çox sirlərini bilən, həyatın ən böyük seçimini etmiş siması olan bu qoca ilə addımlayanda yol boyunca I gördüklərini düşündü: “Niyə görə belə bir döngə var? Şəffaf körpələr həyatın bütün rənglərini götürmək üçün sıraya düzülür, ancaq götürdüyü bütün rənglərlə həyat tablosu rənglənməmiş rəsmi bitir və daha sonra üzünə ağ tül çəkilib  “Bəyaz qaleriyaya” aparılır. Bəs bundan sonra bizi nələr gözləyir? Əbədi sonsuzluqmu, yoxsa bir mərhələdən başqa bir mərhələyə keçidmi? Əgər keçiddirsə, bu yeni həyatda bizim həyat tablomuz hansı rənglərlə boyanacaq? Kimisi deyir, ancaq qara rəng, kimisi isə dünyanın ən gözəl rənglərini görəcəyimizi deyir. Hətta o müdrik necə demişdi… Həə… belə idi… “həyatın var olmasının, həyat tablomuzun bu qədər fərqli rənglərlə boyanmasının bir mənası olmalıdır. Bir şey ki, sonsuzluğa çevriləcəksə, niyə var olur? Deməli irəlidə bir həyat var, o həyatda nə görəcəyimiz bizim indiki tablolarımızdakı rənglərdən asılıdır.” Amma bu haqsızlıq deyilmi? TALE istədiyi rəngi seçəcək və biz bu həyatda əzab çəkdiyimiz az deyilmiş kimi digər həyatımızda da əzab çəkəcəyik. Yoox… Bu haqsızlıqdır. Mən mütləq TALE ilə danışanda etdiyinin bir haqsızlıq olduğunu söyləyəcəm… Yaxşıki bu qocanı tapdım, məncə, bu TALE-yi görübdür. Üzündəki əminlik tamamilə buna işarədir…Bəlkə, ondan onun nəyə bənzədiyini soruşum? Ən azından TALE-yin qadın, ya da kişi olduğunu… Yox, məncə, soruşmayım. Birdən məndən TALE-yi axtarmaq səbəbimi soruşar və verdiyim cavab xoşuna getməyib məni onun yanına aparmaqdan imtina edər… Həm də görünür, hər fikirdən də xoşu gələn adam da deyil. Dərvişlərin o cür hikmətli sözlərini belə bəyənməmişdi…”

I düşüncələrinin yoldaşlığı ilə nə zaman qarşısında gəlib dayandığını anlamadığı hündürlüyü 3 metrə yaxın olan çərçivənin qabağında sual dolu gözlərlə qoca kişiyə baxdı. Gözlərindəki sualları qoca kişi dərhal oxumuşdu ki, dillər gözlərə tərcüməçi olmamış o, suallara cavab verdi:

–Bu gördüyün haqqında bir çox əfsanələr qoşulmuş Cəmşidin hər şeyi görən camıdır. Sən TALE-yi ancaq buna baxmaqla görə bilərsən. Onu görmək üçün iki adi göz kifayət etmir…

–Bəs mən onunla necə danışacam?

–Sən onu görməyi bacarsan, danışmağı da bacaracaqsan.”

Bu sözlərdən sonra çəkinən addımlarla Cəmşidin Camının düz qarşısında dayandı. Bu an onun gözləri cama baxmağa cəsarət etməsə də, yavaş-yavaş gözlər ayaqlardakı cəsarətdən özündə də hiss edib cama doğru qalxmağa başladı. Amma bir boşluqdan başqa heç nə görmədi.

–Siz mənə TALE-yi görəcəyimi demişdiniz. Amma burada heç nə görsənmir axı?

–Əqlin anlamadığını göz görməz…

–Başa düşmədim…

–Oğul, sən Bəyaz Qalereyadakı rəsmi bitmiş şəkilləri görmüsən heç?

–İldə bir neçə dəfə babamla nənəmin bitmiş tablolarını görmək üçün ziyarət edirəm.

–Bəs, hər tablonun altındakı yazını görmüsənmi?

–Bəli, hər tablonun altında bir söz ustadından sitatı olur.

–Bu sitatların nə məna daşıdığını bilirsənmi?

–Xeyr, tək bildiyim TALE bitmiş tabloları Bəyaz Qalereyaya apardıqdan sonra altına o sitatları yerləşdirir.

–Aydındır… Sən TALE-yi həqiqətən görmək istəyirsən?

–Görmək istəməsə idim, tablodan düşüb buralara qədər gəlməzdim.

–O zaman Bəyaz Qalereyaya get. Altında eyni sitat yazılmış tabloların üzərindəki ağ tülü qaldır. Sonra həmin iki tabloya niyə eyni sitatın yazıldığına bax. Əgər səbəbini anlarsansa, o zaman bu camda TALE-yi də görəcəksən…”

I qocanın dediklərindən bir məna verə bilməsə də, son ümid Bəyaz Qalereyaya doğru yol aldı…

Nəhəng hərflərlə yazılmış BƏYAZ QALEREYA ifadəsinin altından keçib girdiyi məkanda bütün tablolar eyni nizamda müxtəlif cərgə və sıralarla düzülmüşdü. Tabloların arası ilə addımlayanda ilk gözünə sataşan sitatı – “Kirli bir pəncərədən baxıb hər kəsi və hər şeyi kirli zənn edirsiniz (Franz Kafka)”- oxuduqdan sonra tablonun üzərindəki ağ tülü qaldırdı. Rəsimdə ətrafındakı hər kəsə nifrətlə baxan yaşlı bir qadın təsvir olunmuşdu. Frans Kafkanın bu sitatını oxuduqdan sonra gördüyü rəsm onu heç təəccübləndirmədi. Ancaq qocanın sözlərini yada salıb bu sitatın yazıldığı ikinci tablonu axtarmağa başladı. Bu qədər sayı-hesabı olmayan tabloların içərisində eyni sitatı tapmaq heç də asan olmayacaqdı. Amma I-nın bu yolda geri addım atmaq da fikri yox idi…

Uzun axtarışdan sonra axır ki, Franz Kafkanın sitatı yer alan ikinci tablonu tapdı və üzərindəki ağ tülü qaldırdıqda bayaq gördüyü portretdən daha fərqli bir rəsm qarşısında dayandı. Boxçasındakı yeməkləri ətrafındakı insanlara paylayan sevgi dolu bir qadının rəsmi var idi. I gördüklərinə bir məna verməyə çalışaraq qocanın yanına doğru irəlilədi…

–Tapdın səbəbi?

–Tapdım.

–O zaman camın qarşısına dayan və TALE-yi gör.

I camın qarşısına dayananda bayaq gördüyü mənzərə yenidən təkrarlandı.

–Axı siz demişdiniz ki, mənanı tapsam TALE-yi görəcəm.

–Mən sənə cavabın bilmədiyin bir məsələyə istədiyin mənanı yükləyib ona inanaraq camda TALE-yi görəcəksən deməmişdim… Sən o qalereyada neçə sitata baxdın?

–Bir sitata… Frans Kafkanın “Kirli bir pəncərədən baxıb hər kəsi və hər şeyi kirli zənn edirsiniz” sitatına…

–1 sitat anlamadığını anlamağına kifayət etdi deyirsən? Bir məsələni anlamaq üçün bir tərəfi dinləmək kifayət etməz. O zaman yanlışlığa düşərsən. Pəncərənin bir tərəfində gördüyün mənzərə ilə digər tərəfi heç vaxt eyni görsənməz. Ona görə sən birdən çox sitata baxmalı idin. Həm də niyə baxmadın? O qədər tablonun arasında axtardığın bir həqiqəti tapmaq çətindir, ona görə? Bəzən insanların etdiyi ən böyük səhv bu deyilmi? Canlarını yandıran məsələlərə tez bir anlam yükləyib yeni bir yola çıxırlar. Sanki çıxdığı bu yeni yol ağrılarına bir məlhəm olacaq. Amma unudurlar  ki, əsl ağrılarını sağaldacaq mərhəm həqiqətdədir. Bəzən həqiqət yeni yolda deyildir, əvvəlki yolda sənin onu görməyini gözləyir…. Ona görə geri qayıt, TALE-yi görmək istəyirsənsə, əsl həqiqətini tap.

Bu sözlərdən sonra bir cavab belə verməyən I yenidən qalereyaya doğru geri qayıtdı. Və bir şeyi anladı ki, TALE-yi görmək, həqiqəti tapmaq heç də onun üçün asan olmayacaq…

Yenidən yollandığı qalereyada ilk diqqətini çəkən sitat Alber Kamyunun   “Müvəffəqiyyət asan əldə edilir. Çətin olan müvəffəqiyyətə layiq olmaqdır.” sözləri idi. Sitatın qeyd olunduğu tabloda əlində mükafat qazanmış orta yaşlı bir adam və ətrafında isə ona qürur və sevinclə  baxaraq alqışlayan insanların təsviri var idi. Bir qədər axtarışdan sonra eyni sitatın qeyd olunduğu tablonu tapanda gördüyü portret əvvəl gördüyündən tamam fərqli idi. Əlində mükafat tumuş gənc oğlan üzgün və yalnız idi. Tablonun kənarlarında təsvir olunmuş insanlar isə sanki bu gənc oğlana qınayan gözlərlə baxırdı.

I gördüklərindəki ziddiyyətliyə bir məna vermək üçün qocanın dediyi kimi başqa sitatlara da baxmaq istədi. Bu səfər isə gördüyü sitat Yaşar Kamalın “İnsan xəyallarının öldüyü gün ölər” sözləri idi. Sitatın yerləşdiyi tablonun üzərindəki ağ tülü qaldıranda yataq otağında təsvir olunmuş böyük bir taxt diqqətini çəkdi. Daha doğrusu, taxtın bir tərəfində bəyaz gəlinlik, digər tərəfində ağzından ağ köpük tökülən gənc bir qızın və taxtın aşağısında isə yuvarlanmış boş dərman qabının təsviri…

Y.Kamaldan götürülən sitatın yer aldığı digər tablodakı rəsmdə ön planda gözündə gözlük, əlində qələm stol qarşısında oturmuş yaşlı bir qadın, stolun üstündə müxtəlif həcmli kitabların və aşağısında isə oynayan balaca uşaqların təsviri, bir qədər arxa planda gözündə gözlük qəzet oxuyan yaşlı bir adam və ona bir fincanda çaymı, kofemi verən gənc bir qız, tablonun bir küncündə isə əlində meyvə-tərəvəzlə otağa girən gənc bir adamın təsviri diqqətini çəkdi…

Lev Tolstoyun “Bir kəs ki ağrını hiss edir – canlıdır. O kəs ki, başqasının ağrısını hiss edir – insandır”, Vivian Greenin “Həyatın mənası fırtınanın bitməsini gözləmək deyil, yağışda rəqs etməyi öyrənməkdir”, Konfutsinin “Zaman pula bənzəyir, lazımsız yerə xərcləməsən hər şeyə çatar” sitatlarının yer aldığı tablolara da baxandan sonra I sanki axtardığı cavabı tapdığını hiss edib qocanın yanına yollandı.

–Bu səfər tapdım. Axtardığım cavab…

–Dayan! Keç camın qarşısına!

I bu səfər əvvəlkindən daha ürəkli şəkildə camın qarşısına keçdi və müəyyən müddət diqqətlə cama baxdı…

–Nə görürsən camda?

–Bir adam görsənir, amma bulanıq şəkildə…

–Çünki indi sənin düşüncələrin də bulanıqdır ona görə. Eynən sən o dərvişlər kimi baxırsan bu həyata… Düşün TALE həyat tablolarınızı rəngləməzdən əvvəl nə edirdi?… Get, yenidən qayıt qalereyaya. Həqiqəti özün tap. Mən sənə axtardığın cavabı söyləməyəcəm…

I hələ də axtardığı cavabı tapa bilmədiyi üçün, üzgün olsa da, yenidən tabloya qayıtmaq da fikri  yox idi. İlk dəfə idi ki, sonuna qədər mübarizə aparmaq istəyirdi. Neçə dəfə olsa, o qədər Bəyaz Qalereyaya gedəcək və axtardığı o cavabı tapıb TALE-yi görəcəkdi.

Üçüncü dəfədir qayıtdığı qalereyada ilk oxuduğu sitat olan Dostoyevskinin  – “Həyatın ipləri öz əlindədir. Bir iplə intihar da edə bilərsən, yelləncək də qura bilərsən” – sözlərinin yer aldığı tablonun tül pərdəsini qaldıranda gördüyü portretdə yelləncəkdə yellənən və üzündə qaranlıq bir otağı aydınladan səmimi bir gülüşün əks olunduğu, saçındakı bəyazlığı, üzündəki zərif qırışları görməsən yaşlı olduğuna inanmaq mümkün olmayan gənc ruhlu bir qadın təsvir olunmuşdu. Bu tablonun qarşısında uzun müddət dayandıqdan sonra eyni sitatın yer aldığı ikinci tablonu axtarmağa başladı. Amma bu axtarış digərlərindən daha da uzun sürdü. Ancaq yenə də axtardığı tablonu tapdı. Üzərinə örtülmüş bəyaz tül pərdəni qaldıranda indiyə kimi tamaşa etdiyi bir çox tablolardakı görüntülər gözünün önündə canlandı. Çünki tablodakı gənc qız biraz əvvəl yelləncəkdə təsvir olunan qadın idi. Sadəcə bu səfər saçında bəyazlıq, üzündə zərif qırışlar yox idi. Həm də bu dəfə o, yelləncək qurduğu iplə intihar etmiş, üzündə biraz əvvəl gördüyü gülüşü, həyata sevgi dolu baxan gözləri ümidsizlik, göz yaşı ilə əvəz olunmuşdu…

I bu an anladı qocanın əslində nə demək istədiyini… İlk dəfə onu gördüyü zaman dərvişlərin “Kimdir insan? – Sevgidən dastanlar yazan…Ancaq ac-susuz çöl pişiyinə bir qab yeməyi verəcək sevgini göstərməyən” sözlərinə niyə “bəs bir qab yeməyi verən kimdir?” sualının verməsinin səbəbini….

–Görünür, oğul, bu səfər axtardığını tapmısan… Keç camın qarşısına axtardığın TALE-yin kim olduğunu gör və sənin həyat tablona niyə o rəngləri seçdiyini soruş!

I camın qarşısına axtardığı simanı tapmaq üçün deyil, bildiyi simanı görmək üçün keçdi.

–Camda kimi görürsən, oğul?

–Özümü.

–Artıq axtardığını tapmısan…

Bu an I ətrafa baxanda həyat tablolarında oturan və qarşısında isə əlində rənglər və fırça ilə öz həyat tablolarını rəngləyən insanları gördü… Gözünün önündə olan, ancaq indiyə kimi görmədiklərinin füsunkarlığından ovsunlanmışdı ki, qocanın səsi ilə bu ovsundan oyandı…

–Həyat bir seçimdir, oğul. Nəyi görüb, nəyi görməyəcəyinin, nəyə inanıb, nəyə inanmayacağının seçimi… Amma bunların təməlində isə 4 daş dayanır: ümid, səbr, güvən və sevgi. Əgər seçdiyin həyat yollarında bu dördündən biri yoxsa, deməli öz əlinlə öz həyat tablona boz, qara rəngləri gətirməyə başlayırsan. Mən sənə bunu əvvəl də deyə bilərdim. Ancaq sən başqa bir şeyə inandığın zaman mənim sözlərimin bir faydası olmaz… Oğul, qəlbin söyləmədiyini qulaq eşitməz… Ona görə də, mən susmağı seçdim. Özün öz yolunu tap deyə. Həm də oğul, yadında saxla bir yol yanlışdırsa, qəlbdə həmişə narahatlıq və huzursuzluq olar. Hər insan yanlış yollar seçə bilər, amma yenidən doğru yola qayıtmaq da ancaq özündən asılıdır, başqasından deyil…

Qocanı dinləyə-dinləyə ətrafı seyr eləyəndə I atölyənin tavanında yazılan bir sitat gördü: “Mən sənətkaram, mənim incəsənət əsərim mənim həyatımdır” (Robin Şarma)

–Mən tavandakı yazıları indiyə kimi heç görməmişdim

–Çünki…

–Əqlin anlamadığını göz görməz!

Bu an ətrafdan saatın alarm səsi gəlməyə başladı. Bir qadının məhrəm səsi isə atölyədə əks-səda edirdi: Oğul… oyan… işə gecikirsən…

* * *

Dəfnə ağaclarının bitdiyi meşəlikdən hündür boylu qadın çıxıb düz bir daşın üzərində oturub qarşısındakı çiçəyə baxan qocaya tərəf irəliləməyə başladı. Bu qadın ayağını torpağa basıb yerimirdi, az qala torpağa heç toxunmurdu. Bütün vücudu ilə ətrafa işıq saçır, bütün harmonik hərəkətləri ilə dünya ahənginin içindən çıxıb seçilirdi…

–Paris, nəyə belə diqqətlə baxırsan?

Qoca Paris qüdrətli ilahə Afinanı görəndə dərhal ayağa qalxıb tənzim etdi və daha sonra yenidən çiçəyə baxaraq onun sualına cavab verməyə başladı.

–Arının nakam məhəbbətinə?

–Necə? Başa düşmədim…

–Bu bitki Arı qaş səhləbisidir. Üzərində gördüyünüz çiçəklər necə də dişi arıya bənzəyir, elə deyilmi?

–Düzdür…

–Bax, bu ətrafında uçan arılar onu öz dişisi zənn edir. Ancaq bitkinin öz toxumlarını yaymaq üçün onun məhəbbətindən istifadə etdiyini bilmir…

–Bir görüntü o arıların aldanmağına kifayət edir?

–Xeyr… İnsanı aldadan sözlərdirsə, arını aldadan çiçəyin buraxdığı ətirdir… Amma sözlər daha təhlükəlidir. Xüsusən də, mətn altında yatan mənasını tam olaraq anlamadığımız, necə yarandığını tam dəqiq bilmədiyimiz sözlər Müqqəddəs kitaba da yazılsın, ya da bir almanın üzərinə fərq etməz, insanı da yanlış yola yönəldər ilahələri də…

İlahə Afina Parisin nəyə işarə vurduğunu dərhal anladı və bura gəlmək məqsədini xatırlayaraq:

–Seçdiyin seçimin qarşılığında sənə söz verdiyim kimi Kentavr Xirondan da daha müdrik olmağı bəxş etdim. Amma sən hələ də çobanlıqla məşğulsan. Gözəllər gözəli Yelenanı özünə xanım edə, qardaşın Hektorun yerinə keçə bilərdin…

–Yelenanın cismindəki gözəllik, mənim seçdiyim xanımın ruhunda var idi. İndi isə illər Yelenanın cismindəki gözəlliyi aparsa da, mənim xanımımın ruhundakı gözəlliyi əksinə artırdı. Sizcə, mən yanlış seçimmi etdim?

–Bu baxımdan sən haqlısan, amma var-dövlət içində yaşaya biləcəyin halda yoxsulluq çəkirsən…

–Əziz İlahəm, qardaşım Hektorun 5 oğlu var idi, ancaq taxt-tac davalarından sonra 1 oğlu qaldı, o da taxta çıxan kimi atasından yeganə xatirə qalan anasını zindana saldı. Mənim isə 2 oğlum, 1 qızım və 8 də nəvəm var. Şükür cəh-calal içində yaşamaqsaq da, evimizdə bir gün belə xoşbəxtlik əksik olmur. Sizcə, mən xoşbəxtliyi belə ala bilməyən taxt-tacı seçməyərək yanlış qərarmı aldım?

Bu an Parisin diqqəti onu maraqla izləyən iki cüt gözə sataşdı. Və üzünü Afinadan o iki cüt gözün sahibinə çevirib sualını bir də ona ünvanladı:

–Əziz oxuyucum, səncə, mən yanlış seçimmi etdim?

 

Yazıya 392 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.