Mavi səmada ağappaq buludların süzüldüyü bir gündə, Gəncədən yola düşüb üzü paytaxta tərəf hərəkət etdim. Hər dəfə bu gözəl və qədim şəhərdən ayrılanda doğmasından ayrılan uşaq kimi içimi darıxmaq hissi bürüyür. Bəzən bu haqda düşünərkən səbəb kimi Gəncədə qoyub gəldiyim dostları görürəm. Bilmirəm, bəlkə başqa səbəblər də var. Ötən gecəni uzun illərin dostu Kənanın Mahrasa bağında yeləşən evlərində keçirmişdim. Evlərinin yaxınlığında yeləşən Şəms kafesində, kafe bağlanana qədər dostlarla oturub çay içib, söhbət etdik. Səhər açılan kimi yola düşəcəyimi gecədən planlaşdırmağıma baxmayaraq, Kənan min bir fənd işlədib məni bir neçə saat da yubatdı və məni günortaya qədər evlərində saxlamağa razı saldı. Vacib işlər olmasaydı, bir neçə gün də bu qədim şəhərdə qalacaqdım.
Gəncəni yeni çıxmışdım ki, avtomobildən qəribə bir səs eşidildi. Mənə elə gəldi ki, bu səs mühərrik yerləşən hissədən ya da onun altından gəlir. Xasiyyətcə narahat, hər şeyə həssaslıqla yanaşan biri olmağım, məni avtomobildən gələn fərqli səsə də laqeyid qalmamağa vadar edirdi. Az sonra isə avtomobilin sürəti nisbətən azaldı və mən yolun sağ zolağı ilə aşağı sürətlə sürməyə başladım. Bu sürətlə Bakıya vaxtında çatmayacağıma əmin idim, yolda qalma ehtimalım da böyük idi. Avtomobil təmiri sexlərinə çatana qədər yolun sağ tərəfi ilə aşağı sürətlə sürməkdən başqa çarəm qalmamışdı. Qarşıda hələ üç yüz kilometr var və mənim üçün üç min kilometr kimi görünürdü. Belə məsafələrdə adamın səbri tükənir, psixoloji olaraq yorulur. Yadıma illər öncə qət ediyimiz 5100 kilometrlik yol düşdü. Çatmağa 1000 kilometr qalmışdı və biz elə sevinirdik ki. Həyat da belədir, məqsəd, hədəf böyük olanda, böyük maneələr də adama kiçik görünür. Məqsəd kiçik olanda isə ən kiçik maneəyə də reaksiya veririk.
Yolun sağ tərəfində yanacaq doldurma məntəqəsinin yaşıl divarları göründü. Həmişə mənə elə gəlib ki, bizim ölkədə yaşıl rəngi bir yanacaqdoldurma məntəqələrində bir də aptek binalarında görmək olar. Məntəqənin qarşısından yavaş- yavaş keçib ətrafa göz gəzdirdim. Ərazidə avtoyuma və qapısı bağlı bir ərzaq dükanı vardı. Bizə- yəni mənə və mənim avtomobilimə isə bunlardan heç biri lazım deyildi. Yəqin ki yenə də bir neçə on kilometr getməli, şansıma sığınaraq avtotəmir sexi axtarmalıydım.
Elə bu vaxt yanacaqdoldurma məntəqəsinindən gənc bir oğlanın çıxdığını gördüm. Üst başından təmirçiyə oxşayırdı. Axı avtomobil ustalarının geyimləri adətən yağ izləri ilə ləkəli olur. Ayağında topuğa qədər kəsilmiş rezin çəkmə vardı. Gur, qara, qıvrım saçları vardı. Əyninə bir neçə yerdən deşilmiş göy rəngdə gödəkcə geyinmişdi. Əlindəki iki ədəd iki litrlik şəffaf su qabının içində rəngində yanacaq olduğu bilinirdi. O yanacaq alıb harasa gedirdi. Onsuz da yavaş gedən avtomobili saxlayıb, yan oturacaq tərəfdəki şüşəni aşağı saldım və oğlanı çağırmaq istəyirdim ki, ona müraciət etmək istədiyimi anlayıb çevrildi və istiqamətini dəyişib mənə tərəf addımladı.
Mənə yaxınlaşmağına az qalmış uca səslə ona salam verdim. Ondan yaxınlıqda hər hansı bir avtomobil təmiri sexinin olub olmamasını soruşdum. O isə susaraq mənə bir az da yaxınlaşdı və açıq pəncərədən boylanaraq asta və sakit səslə mənimlə salamlaşdı.
-Buyurun qardaş. Eşidirəm –deyə səsləndi.
-Mənə təcili təmir sexi lazımdır. Maşınıma nəsə olub, sürətlə sürə bilmirəm, qazı sıxanda sanki maşın narahat hiss edir özünü-sanki nədənsə bu gənc oğlanın avtomobilə bir çarə tapacağına özümü inandırmağa çalışırdım.
-Burdan bir-iki kilometr kəndin içərisində bizim sexmiz var- o fikirləşmədən cavab verdi. Mən də orda işləyirəm. Sizi, oraya yönləndirə bilərəm-dedi. Demək belə- o əi ilə qarşıya işarə edərək danışırdı. Qabaqdakı döngədən sağa dönüb düz gedin. Yolun sağ tərəfində qapısı açıq sex görəcəksiniz. Siz gedin mən də bir azdan gləcəyəm- deyib yola düzəlmək istədikdə, mən ona birlikdə ora getməyi təklif etdim. “yox, əlimdə benzin var, sonra maşınınızda qoxusu qalar”deyə cavab verdi.
Gəncin bu qədər diqqətli və qabiliyyətli olması çox xoşuma gəlmişdi.
“Qardaş, əyləş. O nə sözdür? Maşından benzin iyi gələr də” deyib bu qıvrımsaç oğlanı maşına oturmasını təkid etdim. Gənc oğlan utana –utana qarşı qapını açıb, oturdu.
-Onda belə çıxır sən o sexdə işləyirsən?- bu qısa yola körpü salmaq məqsədi ilə soruşdum.
-Bəli, mən sexdə ustanın köməkçisiyəm-deyə gənc oğlan cavab verdi. Əlindəki benzin qablarını ayaqlarının arasında yerə qoymuş, aşmasınlar deyə bir əli ilə saxlamşdı.
-Afərin, demək sən də avtomobil təmirini artıq mənimsəmisən
-Pis deyiləm -o gülümsəyərək dedi. Səkkizinci sinifdən ustanın yanında işləyirəm. Çox yaxşı və bacarıqlı ustadır, həm də ana tərəfdən uzaq qohumumuzdur. Atam rəhmətə gedəndən sonra, babam əlimdə bir sənət olsun və anama kömək olum deyə, məni o ustaya tapşırdı. O da sağ olsun məni öz nəvəsi kimi saxlayır, qayğımı çəkir. Artıq dörd ilə yaxındır ki, maşın təmirindəyəm-deyə gənc tanımadığı yol yoldaşına həddindən artıq isti münasibət göstərirdi.
-Lap yaxşı, ümid edirəm ustan mənim maşınıma bir çarə qılar, mən də rahatlıqla gedib şəhərə çataram-deyib təbəssümüm bığ yeri yenicə tərləmiş gəncin üzündəki təbəssümə qarışdı.
– Şübhə etmirəm, mənim ustam rayonda sayılıb seçilən ən yaxşı ustalardandır.
-Yaxşı, bəs de görüm, sən bura benzin almağa gəlmişdin?
-Bəli, sexə təmir üçün bir maşın gəlib. Təmir vaxtı məlum oldu ki, yanacağı azdır. Usta xahiş etdi gəlib “zapravka”dan benzin alıb aparım. Həm də bizdə belə hallar çox olur. Sexdə usta ilə ikimiz işləyirik. Ustam mənə təmiri öyrədir, Mən onun qulluğunu tutur, ərzaq dükanına, ehtiyat hissələri dükanına, “zapravkaya” mən gedirəm-deyə məsuliyyətli tapşırıqlar yerinə yetirən adam kimi cavab verdi.
– Soruşmaq ayb olmasın siz nəçisiniz, hardan gəlirsiniz?-deyə iri, ağıllı gözlərini mənə dikib soruşdu.
-Mən.. Mən Gəncədə Nizami Gəncəviyə həsr olunmuş tədbirdən qayıdıram. Yazıçı, müəllim və tərcüməçiyəm.
-Aha, demək yazıçısınız?-onun birdən birə səsi dəyişdi. Bilirisiniz.. Mən kitab oxumağı çox sevirəm. Ən çox da qışda sexdəki sobanın kənarında oturub mütaliə edirəm. Elə gün olur ki, təmir üçün az maşın gəlir və mən həmin günün yarısını kitab oxumaqla keçirirəm.
-Nə gözəl. Kitab oxuyanları sevirəm, Hansı mövzuları oxuyursan?
-Detektiv romanları oxumağa üstünlük verirəm. Amma ümumiyytlə yaxşı mövzularda olan bütün kitabları oxuyuram. Mənə elə gəlir ki, kitab yazılıbsa, ona əmək sərf olunubsa, onu oxumaq ziyan gətirməz. Bu il çatdlra bilmədim, amma gələn il səndlərimi ali məktəbə verəcəyəm. Görək nece olur?
-Allah qoysa yaxşı olar, əmin ol ki əsas bir işə başlamaq haqqında verdiyin qərardır. Qərar verildisə, bir il gec, bir il tez bu baş verəcək.
Əsas yoldan sağa dönüb, kəndin içərisinə bir neçə kilometr yol gedirdik. Ətrafı hündür ağaclarla əhatələnmiş çox da böyük olmayan avtomobil təmir sexinə çatdıq. İçəridə ağ rəngdə Niva markalı vatomobilin arxası görünürdü. Avtomobili sexdən kənarda saxlayıb düşdük. Mənim gənc yol yoldaşım aldığı yanacağı sexin içərisinə apardı. Çox keçmədən qayıdıb məni içəri dəvət etdi. Nivanın altındakı “yama”dan yaşı altmışa çatmış hündür, iri gövdəli bir kişi çıxıb, fikirli halda alətlər düzülmüş dəmir stolun yanında yerə bərkidilmiş bıçaq itiləyən dəstgahı işə saldı və əlindəki dəmiri fırlanan daşla itiləməyə başladı. Onun başı işə o qədər qarışmışdı ki, sexdə özlərindən başqa kimin olduğunun da fərqndə deyildi. Fırlanan daşdan çıxan çınqı və uğultu səsi ətrafı bürüdü. Stolun üstündəki qara radiodan gələn həzin musiqi səsi, uğultu səsindən batmışdı. Gənc oğlan məni sexin içərisində divara söykənmiş köhnə divanda otrmağa dəvət edib, gözləməyimi təklif etdi. Çox keçmədi artıq təmir olunmuş Nivanın sahibi onu işə salıb, sexdən aralanıb getdi və “yama”nın üstünə mənim maşınım çıxarıldı. Yaşlı usta ciddi şəkildə məni maşının problemi ilə qısa sorğu-suala tutdu və maşının altında qəbirə oxşar qaranlıq “yamaya” düşdü. Sonradan adının Toğrul olduğunu bildiyim gənc, maşını təmir edən ustaya onun istəyi ilə gah açar verir, gah da avtomobilin altındakı zülmət dərinlikdə ustanın yaxşı görməsi üçün uzun naqilin başında yanan lampanı tuturdu. Bu işin ortasında Toğrul mənimlə də söhbətə vaxt tapırdı.
-Szin də kitablarınızı oxumaq istəyərdim-gəncin fikri yoldakı söhbətimizdə qalmışdı.
-Niyə də olamsın.. xoşbəxltikdən maşında romanlarımdan biri var. Onu sənə hədiyyə edərəm.
-Doğrudan?-məsum simalı oğlanın sevinci gözlərində göründü.
-Kənddə müəllimlərimin kitabxanalarını çoxdan oxuyub bitirmişəm-qımışaraq davam etdi. Tez- tez onlardan oxumaq üçün kitabalar götürüb yenidən qaytarıram. Nə vaxtsa, özümün də şəxsi kitabxanamın olacağını arzulayıram, amma hələ ki bu arzu olaraq qalır.
-ay balla harda qaldın? indi danışmaq vaxtıdır? Gəl o işığı tut bura, gözlərim kor oldu axı – maşının altından gələn əsəbi ustanın səsindən diksindim. Toğrul, ustanın danlaq səsinə heç kefini də pozmadı, “bir növ adəktərəyəm” deyib gülə- gülə ustanın yanına qaçdı.
Amma mən bir az pərt kimi olmuşdum. Ustanın Toğrula bu təmbehindən bir az da mənə pay düşdüyünü hesab etdim.
Elə bu vaxt Toğrul yenidən mənə tərəf gəldi, qarşımdakı stolun üzərinə qoyulmuş elektirik samovarı işə salıb yenidən ustanın yanına qayıtdı, dizlərini yerə atıb yanındakı açarlardan birini ona uzatdı.
-Day “fsyo”, gedə bilərsən-deyə bir az sükutdan sonra Toğrula dedi. Get çay süz, bir stəkan çay içək.
Toğrul kiçik stolun üstündə üç stəkan pürrəngi çay süzdü, qəndlə dolu qabı ortaya qoydu.
-Kanfetimiz qutarıb qardaş, adi qəndlə çayımızı qəbul et-deyə bayaqdan sərt və ciddi insan təəssüratı bağışlayan usta, sexin küncündən asılmış əlüzyuyanda qaralmış əllərini yuya -yuya mənə baxmadan yumşaq tərzdə dedi.
-Əstəğfirullah dayı, valla çaya ehtiyac yoxdur, belə də xoşdur. Bir də mən onsuz da şirniyyatdan istifadə etmirəm, çox vaxt çayı da şəkərsiz içməyə çalışıram-deyiə ona cavab verdim.
-Maşının hazırdı, amma Bakıya çatan kimi sürət qutusunun yağını dəyişdirsən yaxşı olar. Nəsə gözüm su içmədi ondan.
-Sağ ol Usta. Gəncədən bura qədər birdənə də servis tapmadım, yaxşı ki, Toğrulla rastlaşdım, elə bil Allah onu mənim qarşıma mələk kimi çıxartdı. Sağ olsun, məni bura gətirdi. Yoxsa, kim bilir qabaqda başıma nə gələcəkdi.
-Həə, Toğrul oğuldu, oğul-deyə kişi islanmış yekə əllərini dəstmala silib divanda əyləşdi.- Artıq neçə ildir ki, yanımda şagirdlik edir, maşallah sənəti də öyrənib. Düzdür mən istəmirəm o da mənim kimi təmir sexlərində ömrünü çürütsün. Deyirəm bala… –öskürək onun sözünü kəsdi, stolun üstünəki siqaret qutusundan bir ədəd götürüb damağına qoydu, alışqanla yandırdı və davam etdi,- Həəə, deyirəm bala nə qədər ki, cavansan, get oxu, təhsil al, əlin bu qara -quradan təmizlənsin. Əllərimə bax, nə qədər yusam da qarası getmir, burda qırx ilin qarası var. Oxumağa həvəsi var deyə deyirəm, yoxsa deməzdim. Görürəm elə əlindən kitab düşmür. Müştəri olmayanda, avara işlərlə məşğul olmur, kitab oxuyur, ağıllı uşaqdır. Deyirəm bala, əgər kitab -dəftərə belə həvəsin varsa, get oxu böyük adam ol-kişi siqaretin dərin qullablarına qarışmış öskürəyini də çətinliklə saxlayırdı.
-Niyə də olmasın. Əlbəttə oxusun, amma bu da bir sənətdir. Maşallah gənc yaşında maşın düzəltməyi bacarırsa, bu onun üçün həyatda bir uğurudur- deyə kişinin sözünə qüvvət verdim.
İkimiz də çevrilib Toğrula baxdıq. Bizim bu söhbətimiz qarşımızda ayaqüstə dayanıb isti çaydan qurtum vuran qıvrımsaç oğlanın məsum simasında sevinc cizgiləri yaratmışdı. Sanki elə bu an hansısa ali təhsil müəssisəinə daxil olıduğunu eşitmiş və onun sevincini yaşayırdı. Bu soyuq sexdə işləyən sadə kənd uşağı bir anlıq qanadlarını açıb uçmağa çalışırdı. Bunu usta da hiss edirdi
-Görürsən, belə söhbətlərdən hər dəfə az qalır ki, uçsun-usta mənə tərəf çevrilib dedi. Təkcə qanadları çatmır. Bu il daha keçdi, növbəti il sənədlərini verərsən unuiversitetə. Nə qədər ki, mən də, baban da sağıq, səni korluq çəkməyə qoymarıq, bir əlimiz üstündə olar- Toğrula baxaraq dedi. -Əsas oxusun, nə qədər ki, mən də varam ona kömək edərəm. İşdir, ömür bizə vəfa qılmasa, onda işləyib başına çarə qılar-deyə usta siqaretdindən növbəti qullabı aldı.
-Xeyirlisi-deyə usta davam etdi- Nəisə.. bilmirəm, necə olur olsun, istəyir oxusun, ya oxumasın amma mənim arzum Toğrulu böyük adam kimi görməkdir. Allah adamın qəlbinə görə verir. Bu qəlb ki Toğrulda var, o gərək hamı tərəfindən tanına, tanınmış adam ola, barmaqla göstərilə, hamı tərəfindən sevilə. Biz də onunla fəxr edək. Bax, mən onu belə görmək istəyirəm.
Avtomobil düzələndən sonra biz təxminən iki saat müxtəlif mövzularda söhbət etdik, dedik güldük, Toğrul üçün gələcək planlar qurduq. O isə boyaqabının üstündə oturub, simasına hakim kəsilmiş özünəməxsus təbəsümü ilə bizi dinləyirdi. Adəti üzrə sevincindən uçmağa qanadı yox idi.
Usta və Toğrulla xudahafizləşərkən Toğrula müəllifi olduğum kitabı imzalayaraq verdim. Kitabın ilk səhifəsinə “Əziz qardaşım Toğrul Həsənzadəyə müəllifdən hədiyyə” yazıdım. Gənc sevincini ifadə etməyə çətinlik çəkirdi.
-Bu kitab mənim üçün çox dəyərli olacaq. Bu həm mənim arzusunda olduğum şəxsi kitabxanamın, həm də müəllifin özündən imza ilə aldığım ilk kitabımdır. Valla bilmirəm necə təşəkkür edim sizə, uçmağa qanadım yoxdur.
-Toğrul, sənin qədər elə mən də sevinirəm. Ona görə ki sənin kimi bir oğlanla, usta kimi qayığıkeş, insanpərvər biri ilə tanış oldum. Valla, bu dünyada bizə qalan ancaq özümüz olacağıq. Var dövlət, dünya malı heç nədir. İnsan qəlbi, insan sevgisi, məhz budur bizim əsl qazancımız. Bax, mənim maşınım xarab olmasaydı, sənə rast gəlməsəydim, bir- birimizi tanımayacaqdıq, sənə kitab verə bilməyəkdim. Bir az qabaq yolda mən narahat idim, amma indi qat- qat rahatam. Maşın da düzəldi və mən yoluma davam edirəm. Bu hadisədən heç nə itirmədim, amma qazancım siz oldunuz. Allah qoysa, sən ali məktəbə daxil olarsan və biz hələ Bakıda tez tez görüşəcəyik. Mən də sənin oxumağın üçün bir qardaş kimi əlimdən gələni əsirgəmərəm. Ən azından Bakıda sənə göz -qulaq yoldaşı olaram. Bax, usta dediyi kimi sən gərək barmaqla göstərilən adam olasan.
-Nə vaxt bu ellərdən keçər olsan, bizə başvurmamış keçmə-usta mənimlə xudahafizləşmək üçün əllərini mənə uzatdı.
-Əlbəttə heç sizi unudarammı? Nə vaxt gəlsəm mütləq bu ünvana baş çəkəcəyəm. Toğrul, sən də mən gələnə qədər bu kitabı oxu, bir yerdə mövzunu müzakirə edərik. Oldumu?
-Söz.-deyə Toğrul cavab verdi, illərin dostu kimi mənimlə qucaqlaşaraq xudahafizləşdi və gözlərilə məni yola qədər ötürdü.
Maşın əvvəlkitək şüşə kimi asfaltın üstü ildə üzü Bakıya doğru can atırdı. Bu iki gün çox gözəl bir gün oldu. Dünən Gəncədəki tədbirimizin xoş təəssüratı, bu gün də Toğrul və usta kimi iki mənəviyyatı zəngin insanlarla tanışlığım. Təkcə məyus olduğum, onların mobil telefon nömrələrini götürməyi unutmağm oldu. Kaş telefon nömrələrini götürəyidim. Nə yaxşı olardı tez- tez telefonla əlqə saxlayıb hal-əhval tutardım. Başımız arzulara o qədər qarışdı ki, heç onların da yadına düşmədi məndən nömrə istəsinlər. Bir də Allah bilir mən buralardan nə vaxt keçəcəyəm.
Martın ortalarına az qalır, qarşıdan gələn yaz fəslinin, qışın işğalına məruz qalmış təbiəti azad etməyinə sayılı günlər var. Artıq soyuq qış öz qarını, boranını qoltuğuna vurub bu məmləkətdən çıxıb gedib. Yaradılışda elə şeylər var ki, düşünürəm onlar özləri üçün deyil, başqa şeylərə qarşılıq olaraq mövcuddurlar. Məqsəd o başqa şey dediklərimizin var olmasıdır. Şəxsən mən düşünürəm ki, qış ona görə yaradılıb ki, biz yazın, yayın dəyərini anlaya bilək. Gündüzə qarşılıq gecənin, şirinə qarşılıq acının, yaxşı insana qarşılıq pis insanın mövcud olduğu kimi. Amma məsələnin digər tərəfi də var ki, həyatsevər insan qışda gözəllik tapdığı kimi pis insanda da hansısa bir müsbət cəhət tapmağa qadir olandır.
Bu bahar günündə Gəncədə keçiriləcək mənəvi dəyərlərin təbliği ilə bağlı tədbir xəbəri məni ikiqat sevindirir. Həm belə bir tədbirdə iştirak etməyim, həm də mənə dar gündə yaxşlıq etmiş, bir neçə saatlıq da olsa belə ömürmə daxil olmasına baxmayaraq, illərin dostları kimi dərin, unudulmaz iz buraxan, doğmalaşan usta və onun şagirdi Toğrulla növəti görüş fürsətim məni uzaqlara qanadlandırır. Evdən çıxarkən, gecədən Toğrul üçün seçib ayırdığım kitabları da avtomobildəki saxlanc yerinə qoydum. Əminəm ki, Toğrul arzusunda olduğu öz şəxsi kitabxanasına əlavə edəcək bu bir neçə kitabı görəndə çox sevinəcək və özünün dediyi kimi “uçmağa qanadı olmayacaq”. Son görüşümüzdən aylar keçib, şübhəsiz ki, ona verdiyim kitabı da oxuyub və müzakirə üçün maraqlı fikirləri də olmamış deyil.
Tədbir bitən kimi yenidən Bakıya doğru hərəkət edirəm. Gəncədən çıxarkən dükanların birindən şirniyyat almışam. Yaşıl yanacaq doldurma məntəqəsinin yanına çatanda ətrafa göz gəzdirirəm. Mənə elə gəlir ki, Toğrul yenə ordan çıxacaq və içi yanacaqla dolu suqabıları əlində daşıyaraq, işlədiyi sexə doğru hərəkət edəndə, yenə mənimlə rastlaşacaq və biz bir yerdə ustanın yanına gedəcəyik. Avtomobili saxlayır və bir-iki dəqiqə ətrafa baxıram, xəyalımda baş verə biləcək hadisənin təsiri məni burada gözlətdirir. Amma yanacaq doldurma məntəqəsinin həyətində sakitlik hökm sürür.
Əsas yoldan sağa ilan kimi burulan kəndin yolu ilə içəriyə doğru hərəkət etdikcə, yenicə ayaq basmış baharın abu havası daha çox hiss olunmağa başlayıb. Yolun sağ və solu yamyaşıl çəmənliyə boyanıb, elə bil Tanrı özü yerə enərək çöllərə yaşıl bitkiləri, otlları öz əlləri ilə əkir və yenidən səmaya yüksəlir. Ya da təbiət Tanrının qarşısına qoyub çəkdiyi bir tablo və bizə də o tablonun içərisində yer verilmiş, təbiətin kiçik hissələriyik. Yaxşı ki, elə bu fəsildə gəldim buralara. İçim deyir ki, keçən dəfəkindən fərqli olaraq bu dəfəki görüşümüz daha çox yaddaqalan olacaq. Ötən dəfə tanımadığım insanlarla görüşmüşdüm, bu dəfə isə sanki illərin dostları ilə qabaqcadan planlaşdırılmış şəkildə görüşə gedirəm.
Avtomobili yolun sağına çəkib, sexin sol tərəfində saxlayıram. Dəmirdən olan qoşa qapılar açıqdır, çöldən qaranlıq mağaranı xatırladan sexin içində isə heç bir maşın yoxdur. İçimdən bir sevinc hissi keçir; Yaxşı ki, gəlişim sexdə maşın olmayan vaxta təsadüf etdi. Ustanı da işindən ayırıb, vaxtını almayacağıma sevinirəm.
Sexin qarşısındakı ağac da yeni açmış çiçəklərini başına yığıb öz növbəti dirilişini toy bayram edir. İndi Toğrul məni görcək yəqin ki çox sevinəcək, qəfil gələn qonağını qarşılayacaq, xudahafizləşərkən qucaqladığı kimi qucaqlayacaq, mən də onu sinəmə sıxacağam. Avtomobildən düşüb, saxlac yerinə yığdığım dörd kitabı götürür, şirniyyatı qoyduğum sellofan torbanı da digər əlimə alıb sexə daxil oluram.
Günəş işığına öyrəşmiş gözlərimi qıyıb, yarıqaranlığı görməyə çalışıram. Keçən dəfə mən oturduğum köhnə divan, uzun illərin yorğun qocası kimi sexin baş tərəfində müvazinətini itirməmək üçün enli kürəyini divara söykənib. Dəmir masanın üstünə qoyulmuş kiçik radiodan həzin, bir az kövrək milli musiqinin səsi fonunda içəri addımlayıram. Bu vaxt, gözüm divanın üstündə divardan asılmış rəngli şəkilə sataşır. Rəngli fotoşəkildən əsgər geyimində qıvrımsaçlı nur üzlü bir gənc iri gözlərini gözlərimə dikib, mənə baxıb təbəssüm edir. Sinəsinə “Şəhid Toğrul Həsənzadə” yazılıb. Elə bil təmirxananın ən ağır kuvaltı ilə başıma zərbə dəyir, ayaqlarım sütun kimi yerin təkinə girir.
Heç kimdən bir şey soruşmadan hər şeyi anlayıram. Toğrul Vətən Müharibəsində şəhid olmuşdu. O, qıvrımsaç gözəl simalı oğlan, barmqla göstərilən adam olmuşu. Həmişə uçmağa qanadı olmayan Toğrula axır ki uçmaq üçün qanad qismət olmuşdu.
Divanda yumaq kimi bükülüb oturmuş arıq bir kişi, yenicə yandırmış siqaretinin dumanı arasında özkürəyindən boğulur. Gözlərimi Şəhid Toğruldan çəkib, diqqətlə ona baxıram. Bu ona…ustaya çox oxşayır. Amma o, keçən dəfəki kimi hündür, iri gövdəli deyil. Boyu balacalaşıb, yumağa dönüb, divanda oturmuş körpə uşaq kimi az qala ayaqları da yerə dəymir. Dərdi- səri təmirxananın içinə səpələnib, heç durub yığışdırmaq haqqında da düşünmür. Baxışlarından dərin kədər duyulur, gözləri cəhənnəmin əzabından qaçıb qurtulmaq üçün qaranlıq mağaranın içinə çəkilib, çarəsiz baxışlarını divarlarda gəzdirir. Sinəsinə qədər uzanmış ağappaq səliqəsiz saqqal və bığının arasından siqaretin tüstüsü havaya qalxır.
Əli Rzazadə
Yazıya 343 dəfə baxılıb