Yayın istiləri düşə-düşdə idi. Bağ mövsümü yetişmişdi. Qərib kişi məzuniyyət götürmüşdü. Ailə hazırlıq işləri görürdü. Buzovnadakı bağ evlərinə yığışacaqdılar. Altı nəfər idilər: Qərib kişi, arvadı Lətifə, qızı Şəfiqə. Bir də oğlu Natiqin ailəsi, yəni Natiqin özü, arvadı Aysel, oğlu Gursel.
Natiqgil ayrı yaşayırdılar. Biləcəridə üçotaqlı mənzilləri vardı. Onlar Biləcəridən öz maşınları, Qənbər kişi də öz “Jiqulisi” və öz ailəsi ilə Badamdardan tərpəndilər. Üzü Buzovnaya sarı.
Mərdəkan, Buzovna yolu adamın ürəyini açır. İkitərəfli geniş yoldur. Həm də bu yolun bir hissəsi hava limanına uzanır.
Yolun hər iki tərəfi göz oxşayır, yaşıllıqlarla, gül-çiçəklə əhatə olunub.
Gəlib çatdılar Buzovnadakı bağ evinə. Qərib kişi tez əynini dəyişib gülləri, ağacları sulamağa başladı. Gün batmaq üzrə idi, bir azdan qaranlıq düşəcəkdi. Ağacları, gülləri sulamağın vaxtı-vədəsi idi. Günəşli havada ağaclara, güllərə su vermək ziyandır, onları quruda bilər.
Qərib kişi göstəriş verdi:
-Sən Allah şam yeməyinə nə isə fərqli bir şey bişirin. Allaha acıq getməsin. Nə qədər bozbaş, dolma, çığırtma, basdırma, kabab yemək olar?!
Gəlin canfəşanlıq elədi:
-Qərib əmi, bu mənim boynuma, – deyib nə isə fərqli yemək hazırlayacağına söz verdi.
Altı nəfərlik ailə süfrə başına yığışdı. Ortaya salatlar, şirələr, su, çörək, kələm dolması gəldi. Kələm dolması iri boşqaba çəkilmişdi. Hərə qədərini götürəcəkdi. Ailə üzvləri bir-bir iri qaşığa əl uzadıb dolma paylarını boşqablarına qoymağa başladılar.
Qərib kişinin boşqabında iki dolma vardı. O, dolmalara baxa-baxa:
-Ay qızım, sənin dolmaların elə iridir ki, elə biri ilə də doymaq olar
Aysel tez:
-Qərib əmi, dediniz fərqli yemək hazırlansın, mən də hazırladım. Bizim Qarabağ zonasında bu kələm dolmasına “Bəxt dolması” deyirlər.
Qərib kişi qaşını qaldırıb təəccüblə gəlinə baxdı:
-Bəxt dolması? Birinci dəfədir eşidirəm.
Lətifə ilə Şəfiqə də diqqət kəsildilər.
Aysel davam etdi:
-Bəli, bəxt dolması. Bu dolmalar bilirsiniz niyə yekə alınıb?
Ailə üzvləri çiyinlərini çəkib bir-birinə baxdılar.
Lətifə:
-Niyə, ay gəlin? Yəqin kələmin arasına çəkili əti çox qoymusan.
-Yox, ay ana. Soyuducudakı toyuğu da doğramışam. Çəkili ətdən savayı hər dolmanın içərisinə toyuğun bir hissəsini qoymuşam. Kələm büküldüyındən hansı dolmanın içərisində toyuğun hansı hissəsinin olduğu bilinmir. Dolmanı götürəndən, yeməyə başlayandan sonra məlum olur ki, bəxtinə toyuğun hansı hissəsi düşüb. Odur ki, bu kələm dolması “Bəxt dolması” adlanır.
Qərib kişi əlini əlinə vurdu:
-Bərəkallah! Görək bəxtimizə nə çıxacaq?
Qərib kişi bunu deyib dolmaya girişdi. Çəngəllə onu didişdirdi. Çəkili ətin böyüründəki toyuğun qabırğası idi.
Qərib kişi dilxor oldu:
-Bəxtimə qabırğa çıxdı.
Lətifə içini çəkdi. Ürəyində: “Allah, gəlini Qəribin qəzəbindən qoru. Azından küsəcək, incik düşəcək”.
Natiq sevincək:
-Mənim bəxtimə toyuğun budu çıxdı, – dedi. Amma dediyinə peşman oldu.
Qərib kişi qaş-qabağını tökmüşdü. Natiq öz-özünə: “Kaş toyuq budu onun dolmasından çıxaydı”.
Qərib kişi ikinci dolmaya girişmişdi. Amma tez əlini çəkdi, acıqlı:
-Bu nə oyundur, başıma açırsınız?! İndi də toyuğun boynu …
Bunu deyib ayağa qalxdı.
Ailədə adət şəklini almışdı. Ətin, toyuğun, balığın ən yaxşı yerləri Qərib kişi üçün qoyulardı. Hər dəfə toyuğun budunu, bud dibini yeməyə alışmış Qərib kişi indi narazı qalmışdı. Qaş-qabağı açılmırdı. Var-gəl edirdi. Acığını zorla boğdu. Gəlinə acıqlanmağı şəninə sığışdırmayıb bir qədər mülayim:
-Ay qızım, bir də “Bəxt dolması” bişirmə.
Bakı şəhəri, 17 oktyabr 2021-ci il
Yazıya 288 dəfə baxılıb