Elə əzəl başdan deyim ki, bu yazını qələmə almaqla kimlərdənsə nə təmənnam, nə də umacağım bir nəsnə var. Sadəcə olaraq, mingəçevirli yazarların ədəbi yaradıcılığında önəmli yeri olan AYB-nin yerli təşkilatının yaradıldığı vaxtdan indiki günlərimizə qədər keçib gəldiyi 21 illik zaman kəsimində yaddaşlarda iz salan bəzi məqamlarından bəhs etmək istəyindəyəm.
Əvvəlcə AYB-nin Mingəçevir bölməsini yaratmaq təşəbbüsüm barədə. Taleyin hökmüylə 1993-cü ilin noyabr ayının 7-də məcburi köçkün kimi Mingəçevirdə müvəqqəti olaraq məskunlaşıb, dekabr ayının 1-dən o vaxtlar şəhərdə çıxan “Səda” qəzetində şöbə redaktoru kimi işə başlamağım şəhərin ədəbi mühiti ilə tanışlığıma yardımçı oldu. Yeri gəlmişkən, mən bu şəhərə sovetlər dönəmində nəşr olunan 4 şeir kitabımla (Beşincisi “Gənclik” nəşriyyatında çap prosesində idi) və AYB-nin üzvü kimi gəlmişdim. Tezliklə dostlaşdığım rəhmətlik Qaraş İsmayılov istisna olmaqla, ayrı-ayrı illərdə yerli söz adamlarının şəhər qəzetində dərc olunan yazılarını nəzərə almasaq, nəinki kitabları, heç mərkəzi qəzet və jurnallarda tək bircə şeiri də yer almamışdı. İllər öncəsi burada əməkdar jurnalist Fidail Abdullayevin rəhbərlik etdiyi şəhər qəzetində “Kür” ədəbi dərnəyi fəaliyyət göstərsə də, az qala ayda bir nəfərin rəhbərlik etdiyi özfəaliyyət tipli bu məclis bəzi yazarların şəxsi ambisiyaları və tənqidə dözümsüzlük ucbatından son nəticədə fəaliyyətini dayandırmalı olmuşdu.
Qaraş İsmayıl, Böyükkişi Mirzəzadə, Museyib Eloğlu, Fəzrəddin Əziz, Zahid Kədər, Nəsib Bayramoğlu, Hacı Nərimanoğlu, İsmayıl Yusifli, Əşrəf Əsgərov, Bəhman Gülövşəli, İlhamə İsmayılova, Nizami Səyyad, Eyyub Cabbaroğlu, Mirsədi Daşdəmirov, Zahid Qasımlı, Əbülfət Həsənoğlu, Əhməd Süleymanov, Svetlana Sultan Məcid, Araz Süleymanov, Ülviyyə Məmmədli, Samir Quliyevin, köçkün yazarlardan Məhəmməd Nəbiyev, Elşən Əzim, Məhyəddin Məhərrəmoğlu, Zümrüd Rəhimova, Səxavət Kəlbəcərli, Namiq Zaman, Rəfael Dəmiroğlu, Məmməd Mərzili, Ələkbər Sönməz, Xasay Şuşalı… kimi söz adamlarının ürəkdən bağlı olduqları bir şəhərdə ədəbi mühitin olmaması məni yaradıcı bir ziyalı kimi düşündürdü. Və son nəticədə 1996-cı ilin sonlarında AYB rəhbərliyi ilə görüşərkən həm Anar müəllim, həm də rəhmətlik Fikrət Qoca təklifimi razılıqla qarşıladılar. İndi sadəcə olaraq şəhər rəhbərinin yaradılacaq bölməni otaqla təmin etmək öhdəliyi barədə AYB-yə məktub göndərilməli idi. Bu məsələ ilə bağlı o vaxtkı şəhər rəhbəri və onun özündən müştəbeh müavinlərdən biri ilə görüşüb, məsələnin mahiyyətini anladanda ilk olaraq müavin: “Bu nəyə lazımdır axı, gəlib-gedənlərin əlindən tərpənə bilməyəcəyik!”-deyib, üzünü yana tutdu. Başçı isə: “Qardaş, istəyirsənsə, sənin bir kitabının nəşrinə kömək edim, ancaq bu məsələyə, biryolluq nöqtə qoyaq!”- sözləriylə məsəyə münasibətini bildirdi. Ayağa qalxıb, təəssüf hissiylə son sözlərimi onlara çatdırdım: “Sizin yanınıza kitabıma maddi dəstək vermək xahişi ilə gəlməmişəm, bunu heç sizin kimi adamlardan ummuram da. Ancaq yadınızda saxlayın ki, gec-tez istəyimə nail olacağam, bu təkcə mənim yox, həm də mingəçevirli yazarların arzusudur!..”
Aradan təxminən bir ilə yaxın vaxt keçəndən sonra adını çəkib şərəfləndirmək istəmədiyim həmin şəhər rəhbəri yol verdiyi ciddi nöqsanlara görə işdən qovuldu və Məhəbbət Qarabağlı şəhərə rəhbər təyin olundu. Məhəbbət müəllimin uzun illər boyu Mingəçevirdə rəhbər vəzifələrdə işlədiyini eşitsəm də, onunla tanışlığım yox idi. Yeni şəhər rəhbəri bir həftədən sonra köçkün rayonların Mingəçevirdəki səlahiyyətli nümayəndələri ilə görüş keçirəndə, bu məsələ barədə ona məlumat verdim. Heç düşünmədən dedi: “İsmayıl mən buna yüz faiz razı, Anar müəllimə mənim adımdan bir razılıq məktubu hazırlayıb, sabah ümumi şöbəyə ver ki, bizim “firmenni blank”ımızda yazıb mənə çatdırsınlar. Qalanı mənlikdir. Üç gündən sonra şəhərin mövcud problemləri ilə bağlı Bakıda bəzi səlahiyyət sahibləri ilə görüşəcək, Anar müəllimin də yanına gedəcəyəm!”…
Məhəbbət müəllim Bakıya gedib qayıdandan sonra bölmə üçün ayrılan otağın təmirinə başlanıldı. Nəhayət bölmənin açılışı üçün nəzərdə tutulan gün-23 oktyabr 1999-cu il gəlib çatdı. AYB-nin sədri Anar, birliyin I katibi Fikrət Qoca, şəhər rəhbəri Məhəbbət Qarabağlı və yazarların iştirakı ilə bölmənin rəsmi olaraq açılışı oldu və mənim bölmə rəhbəri təyin olunmağım barədə AYB katibliyinin qərarı oxundu, iki nəfərə-o vaxtlar Mingəçevirdəki özəl ali məktəbdə dekan vəzifəsində çalışan görkəmli alim Rüstəm Kamala və həmin vaxtlara qədər hamının xadimə kimi tanıdığı bir qadına AYB-nin üzvlük biletləri təqdim olundu. Sonra isə İcra Hakimiyyətinin böyük iclas zalında şəhər ictimaiyyətinin iştirakı ilə təqdimat mərasimi keçirildi. Və beləliklə AYB-nin Mingəçevir bölməsi görkəmli alim dostum Rüstəm Kamalın təbirincə desək: “Tədricən ruslaşıb, sovet ideologiyasının təsiri ilə kosmopolitləşən” bir şəhər ədəbi mərkəzə çevrildi…
Bəs, AYB-nin Mingəçevir bölməsi ümumilikdə şəhərə, burada yaşayan yaradıcı ziyalılara nə verdi? Ən azından aşağıdakıları:
1. Adlarını sadaladığım yazarların demək olar ki, hamısının şeir və hekayələri mərkəzi mətbuatda,- “Ədalət”, “525-ci qəzet”, “Səhifələr”, “Zaman”, “Yeni avaz”, “Kredo”, “Yeni Azərbaycan”, “Ədəbiyyat”, “Azərbaycan müəllimi”… qəzetlərindəə, “Azərbaycan”, “Ulduz”, “Göyərçin”, “Bahar” jurnallarında mənim təqdimatımla dərc olundu.
2. Ayrı-ayrı vaxtlarda Elşən Əzim, Sabir Abdinov, Rafiq Ələkbər, Nəsib Bayramoğlu, Fəxrəddin Əziz, Zümrüd Rəhimova, Qaraş İsmayıl, Zahid Kədər, Əhməd Süleymanov, Səxavət Kəlbəcərli, Əbülfət Həsənoğlu, Ələkbər Sönməz… AYB-yə üzv qəbul edildilər.
3. Azərbaycan ədəbiyyatının görkəmli simalarından Səməd Vurğun, Rəsul Rza, Xəlil Rza Ulutürk, Süleyman Rəhimov, Əli Vəliyev, Hüseyn Arif, Mikayı Müşviq, İmadəddin Nəsimi, Əli Kərim, Sərdar Əsəd, Vaqif İbrahim, Nigar Rəfibəyli, Aşıq Şəmşir, Adil Cəmilin, yerli yazarlardan Nəsib Bayramoğlu, Fəxrəddin Əziz, Məhyəddin Məhərrəmoğlunun yubiley məclisləri keçirildi.
4. 1995-ci ilə qədər kitabları nəşr olunmayan bir sıra yaşlı yazıçı və şairlər, o cümlədən gənclər mənim mənəvi dəstəyimlə və bəzi hallarda redaktorluğumla öz arzularına qovuşdular. Onların kitablarının təqdimat mərasimləri keçirildi.
5. 2001-2003-cü illər aralığında bölmənin xəttiylə “İnam” qəzeti, 2008-2020-ci illərdə isə “Bənövşə” (əzəlki adı “Mingəçevir leysanı”) ədəbi dərgisi nəşr edildi.
6. 2002-2003-cü illərdə “Mingəçevir baharı” devizi altında, poeziya gecələri keçirildi.
7. Bölmənin nəzdində ”Mingəçevir qönçələri” adlı ədəbi məclis yaradıb, yuxarı siniflərdə oxuyan istedadlı uşaqlara yardımçı olduq.
8. Bölmənin 10 illik yubileyi münasibəti ilə paytaxt Bakıdan, Gəncə, Şəki bölmələrindən dəvət etdiyimiz ünlü sənət adamlarının da qatıldıqları poeziya gecəsi keçirildi.
9. Şəki, Ağdaş, Gəncə, Qazax bölmələri ilə sıx əlaqələr yaratdıq və qarşılıqlı şəraitdə bir sıra görüşlər təşkil etdik.
10. Ədəbi dərgimizin 20-ci və 40-cı yubiley saylarını ilə bağlı Mingəçevirdə və AYB-nin Natəvan klubunda tədbirlər düzənlədik.
11. 2014-cü ildə “Araın söz sovqatı”, 2016-cı ildə “Uzaqdan gələn səs” və 2018-ci ildə isə “Bir ocağın şöləsiyik” adlı almanaxları nəşr etdirdik. Hər üç kitabın həm Mingəçevir, həm də AYB-nin Natəvan klubunda keçirilən təqdimat mərasimlərinin təçkilatçısı olduq.
12. Mingəçevirin şəhər statusu almasının 70 illiyi münasibətiylə şəhər rəhbərliyinin dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında möhtəşəm Poeziya gecəsi keçirdik və 400 nəfərə yaxın ədəbiyyat sevdalısına unudulmaz anlar bəxş etdik…
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi sabah özünün 22 yaşına qədəm qoyqcaqdır. Bu gün qürur hissiylə qeyd edirəm ki, mənim bu şəhərin tarixində iz salan iki söz töhfəm olub: AYB-nin Mingəçevir bölməsi və şəhərin 73 illik tarixi ərzində müxtəlif adlar altında çap olunan qəzetlərdən fərqli olaraq ilk jurnal-“Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı” ədəbi dərgisi…
P.S. Mən hesabat xarakterli bu yazımda yalnız rəhbərlik etdiyim bölmənin xəttiylə görülən bəzi işlərə işıq salmağa çalışdım. Yazının həcmini nəzərə alaraq, şəhərdəki ali və bəzi orta məktəblərdə, hər iki kollecdə, İES MMC-də, bir neçə əmək kollektivində illər öncəsi yazarlarımızın qatıldıqları tədbirləri sadalaya bilmədim. Yəqin ki, nə vaxtsa ən paxıl və bədxah bir cızmaqaraçı bu şəhərdəki ədəbi fəaliyyətimin, o cümlədən ictimai əsaslarla rəhbərlik etməklə, 21 il ərzində kommunal xərclərini belə öz şəxsi vəsaitim hesabına ödədiyim bölmənin üstünə kölgə salmağa cəhd etsə belə, heç nəyə nail ola bilməyəcəkdir. Çeşidli qəzet-jurnallarda, onlayn mətbuatda yer alan yazılar və bölmənin mötəbər bir dövlət arxivində yaradılan fondunda yer alan sənədlər belələrini susmağa məcbur edəcəkdir!..
İSMAYIL MƏRCANLI İMANZADƏ
22.10.2021
Yazıya 780 dəfə baxılıb