(pyes)
I PƏRDƏ
İkinci şəkil
Yunan qərargahı. Divardan xəritə asılıb.
Generallar Papulas və Diyenis qarşı–qarşıya əyləşiblər.
General Papulas. Xəbərin var ki, Qərb Cəbhəsi öz mövqeyində deyil?! Hansısa qiyamçını – Əhtəmdir, Əhməttir, yainki Əthəmdir, bilmirəm, onu təqib etdiyi üçün cəbhəni boş qoyub. Bundan əlverişli məqam ola bilməz.
General Diyenis (sevincək). Səni xoş xəbər olasan. Bilirsən bu nə deməkdir? Türklərin zəifləmiş mövqelərinə qəflətən hücum edərik. Yaxşı bilirsən ki, Əskişəhrlə Afyon strateji əhəmiyyətli şəhərlərdir. Onları tuta bilsək, Ankaranın yolu üzümüzə açıq olacaq.
General Papulas (onun planını bəyənərək). Çox ağıllı plandır! Uğur qazansaq, əsas dəmiryollarına nəzarət edəcəyik. İstanbul hökumətinin hayı gedib, vayı qalıb. Sultan VI Mehməd Vəhdəddin xan son günlərini yaşayır, əlindən heç nə gəlmir. İttifaq dövlətləri ona ağır şərtlər qəbul etdiriblər. Bizim yolumuzu kəsən Ankara hökumətidir. Cəmi 7-8 aydır yaranıb, amma ətrafına böyük qüvvə toplayıb. İttifaq dövlətlərinin irəli sürdüyü şərtlərin də heç birini qəbul etmir. Ankaranı götürsək, milli hökumətin də axırına çıxarıq. Onda…
General Diyenis (qəh–qəhə çəkir, general Papulas də ona qoşulur). Onda Türkiyə daha bir dövlət kimi mövcud olmayacaq. Bizə də yunanlar deyərlər! Gedək, gələcək qələbəmizi yaxşı–yaxşı qeyd edək (gedirlər).
Şəkil dəyişir. Atatürk və İsmət paşa gəlirlər.
İsmət paşa. Paşa həzrətləri, sizin göstərişinizlə Çərkəz Ədhəm təqib olunur. Təqibdən əvvəl onunla görüşüb söhbət etmək istədik. Boyun qaçırdı. İndi qüvvəmizin bir hissəsi Kütahyadadır. Dərviş paşa komandasındakı atlılarla Çərkəz Ədhəmin ardınca düşüb. Aldığım xəbərə görə, onlar gecələr də yorulmadan, dinclik bilmədən yol gedirlər. Dərviş paşa Afşarda, xüsusən Gedizdə Çərkəz Ədhəmin və onun qardaşlarının sərəncamında olan qüvvələrin birləşməsinə imkan verməyib.
Atatürk. İndi vəziyyət nə yerdədir?
İsmət paşa. Dərviş paşa doqquzuncu gündür onları qovur. Ədhəmin dəstəsi məcbur olub Simava çəkilib. O, düşdüyü vəziyyətin ağırlığından xəbərdardır. Xeyli itki verib. Bilir ki, Dərviş paşa onu mühasirəyə salıb axırına çıxacaq. Amma yekəbaşlığı, özündən bədgüman olması imkan vermir ki, Vətən və türk xalqı qarşısında etdiyi qəbahəti anlayıb, ağıla gəlsin, təslim olsun. Bunun əvəzində, Simava çatar–çatmaz oradakı əhalini qorxu altında saxlayır, talançılıq edir, gəncləri zorla öz dəstəsinə qatır.
Atatürk. İsmət paşa, indi mənə qulaq as və əmrimi yerinə yetir. Göstəriş ver ki, Çərkəz Ədhəmin təqibini dayandırıb geriyə dönsünlər. Ləngimədən Cənub Cəbhəsi ilə birləşmək üçün İnönüyə doğru hərəkət etmək lazımdır!
İsmət paşa (təəccüb içərisində). Paşam, əlimizə yaxşı fürsət düşüb. Dərviş paşanın atlıları bir həmlə ilə Ədhəmi susduracaqlar. Onun qurtulmaq imkanı sıfıra bərabərdir.
Atatürk. Xəbərdən xəbərin yoxdur. Yunanlar hücuma keçiblər. Onlar artıq Bursa və Uşak istiqamətində irəliləyirlər. Düşmənin qoşun birləşmələri Kütahya ətrafında birləşmək fikrindədir. Vaxt itirmədən Cənub cəbhəsinin komandanı Rüfət paşa ilə görüşüb qoşunları İnönü və Dumlupınar səmtinə çəkməlisiniz. Yunanların İnönüyə gəlib çıxmasına imkan vermək olmaz!. Əks halda, Əskişəhrə qədər olan ərazi düşmənin əlinə keçəcək. Ondan sonra gəl vuruş, görüm, necə vuruşursan. İtkilərin, itirilən hərbi texnikanın sayı hədsiz olar.
İsmət paşa (bir qədər fikirləşərək). Paşa həzrətləri, Cənub Cəbhəsi ilə müqayisədə bizim üçün çətin olacaq. Çərkəz Ədhəm təqib olunduğu üçün qüvvələrimizin xeyli hissəsi Kütahya və Qediz ətraflarındadır. Oradan İnönüyə ən azı 3 günə yetişmək olar. Fəqət göstərişiniz bizim üçün qanundur və hər vəchlə onu yerinə yetirməyə çalışacağıq.
Atatürk. İsmət paşa, mən sənə və sənin vətənə sədaqətinə inanıram! Sizə uğurlar diləyirəm!
Şəkil dəyişir. Döyüş meydanı.
I İnönü müharibəsi 9 yanvar 1921-ci ildə günortadan sonra yunanların Bozuyük tərəfindən güclü atəşi ilə başlanır. İsmət paşa durbinlə baxır. Əsgərlər çiyinlərində tüfəng gəlib səhnədən keçirlər. Bir yaralını xərəkdə aparırlar. Rüfət paşa və Fevzi Çakmak paşa gəlirlər.
Rüfət paşa (minnətdarlıq hissi ilə). İsmət paşa, Qərb Cəbhəsi nə yaxşı ki, özünü çatdırdı, yunanları qabaqlaya bilməsəydiniz, bizim cəbhənin vəziyyəti ağır olacaqdı.
İsmət paşa. Rüfət paşa, açığı, mən çox həyəcan keçirirdim. Qorxurdum ki, tapşırığı yerinə yetirməyək. Halal olsun döyüşçülərimizə. Çərkəz Ədhəmin təqibini dayandırandan sonra ara vermədən üç gün–üç gecə at belində, piyada yol gəliblər. Hava isti idi. Dayanıb uzun müddət istirahət etmək olmazdı. Bir yandan iliklərə işləyən şaxta, bir yandan yorğunluq, bir yandan da qarın dolusu yeməmək əsgərləri taqətdən salmışdı. Hələ bundan sonrası daha ağır gəlirdi: onlar dərhal döyüşməli olacaqdılar. On birinci tümən Dərviş paşanın başçılığı altında buyurulan gün səhər erkən yunanları qabaqladı. İnönüyə yetişib əlverişli mövqe tutdu.
Rüfət paşa. İnönü kiçik bir yaşayış məntəqəsidir. Fəqət strateji mövqedə yerləşir. Odur ki, həm biz, həm də yunanlar bu kəndi diqqət mərkəzində saxlayırıq.
Fevzi Çakmak paşa. Mustafa Kamal vəziyyətə nəzarət edir.
Rüfət paşa. Düşmən Çivrili, Pazarcıq, Əskişəhr və Bursa şəhərləri arasında yerləşən Biləcik və Bozyükü işğal edə bilib.
Fevzi Çakmak paşa. Rüfət paşa, yunan ordusu təpədən dırnağadək silahlanıb. Onlar hərbi texnika və sursat baxımından güclüdür. Canlı qüvvəsi bizdən ən azı üç dəfə çoxdur. Məqsədləri Türkiyəni diz üstə çökdürməkdir. Fəqət istəkləri gözlərində qalacaq. (Güllə səsləri eşidilir. Ardınca mübahisə səsləri gəlir.) Gedək, görək bu nə hay-küydür.
Onlar gedirlər. İki əsgər xərəkdə bir nəfəri gətirir. Yanlarında şəfqət bacısı. Yaralı əsgər uzandığı xərəkdən dikəlməyə çalışır, var gücü ilə bağırır. Şəfqət bacısı onu sakitləşdirməyə çalışır, əsgər isə ipə-sapa yatmır.
Əsgər. Silahımı verin! Hanı silahım? Yoldaşlarım vuruşur. Mən onların arasında olmalıyam, arxa cəbhədə yox!
Şəfqət bacısı. Sənə döyüşmək olmaz, yaraların ağırdır. Hökmən hərbi xəstəxanaya getməlisən.
Fevzi Çakmak paşa gəlir. Əsgər onu görüb başını qaldırır, dikəlmək istəyəndə Fevzi Çakmak paşa ehmalca onun çiyinlərindən basır.
Fevzi Çakmak paşa. Burada nə baş verir?
Şəfqət bacısı. Cənab komandan, əsgər tərslik edir. İki güllə yarası alıb. Biri başından, biri qarın nahiyəsindən. Qanı birtəhər kəsmişik. Bu vəziyyətdə döyüşmək istəyir.
Əsgər. Sayın komandan, əsgərlərimizə kömək lazımdır. Yəni bir–iki güllə də ata bilmərəm?
Fevzi Çakmak paşa (cavan əsgərin saçlarına sığal çəkərək). Oğlum, get, müalicə olun. Hələ qabaqda bizi çox döyüşlər gözləyir. Bizə şir kimi vuruşan əsgərlər lazımdır. Bir–iki güllə ilə kar aşmaz…
Yaralı əsgəri aparırlar.
(Rüfət paşaya). Türkiyəni yenilməyə qoymayan belə qəhrəman, vətənsevər övladlarımızdır. Onlara halal olsun! Belələrini görəndə qələbəyə inam hissi artır. Biz hökmən qalib gələcəyik! (gedir)
Səhnə arxasından səs. İnönü uğrunda döyüşlər tarixə Türkiyə milli–azadlıq hərəkatında dönüş nöqtəsi kimi düşdü.
Telefon səslənir. İsmət paşa dəstəyi qaldırır.
İsmət paşa. Eşidirəm, paşa həzrətləri. Məlumat verirəm: düşmən işğal etdiyi Bozuyük istiqamətindən hücuma keçib. Fəqət narahatçılığa əsas yoxdur. Qərb Cəbhəsinin tərkibindəki piyadalar və artilleriya qüvvələri irəliyə soxulmaq istəyən yunan ordusuna qarşı aslan kimi vuruşur. Hucumların qarşısı alınır. Düşmən elə fikirləşirdi ki, nizamsız, başıpozuq ordu ilə, döyüş təcrübəsi az olan əsgərlərlə vuruşacaq. Millətimizi arxayın edə bilərsiniz. Əsgərlərimiz sübut edirlər ki, müharibədə döyüşün taleyini əsgərlərin sayı, hərbi texnikanın çoxluğu yox, mübarizə meydanına atılanların əzmkarlığı, qeyrəti, canı–dildən vuruşması, bir də döyüş əməliyyatının düzgün planlaşdırılması və idarə olunması həll edir. Yunan ordusu belə müqavimət gözləmədiyindən çaşıb qalıb. Düşmənin gümanı belə idi ki, tez bir zamanda Ankaraya daxil olacaq, milli hökuməti devirəcək. Türklərin qanına, canına hopmuş vətənpərvərlik hissləri, işğalçılara sonsuz nifrət, yurd, torpaq qeyrəti onların mübarizə, döyüş ruhunu daha da artırıb. Millətimiz, xalqımız igid oğulları ilə fəxr edə bilər, paşam!
İsmət paşa Atatürklə söhbətini tamamlayıb, dəstəyi asır. Zabitlərdən biri yaxınlaşır.
Zabit. Paşam, düşmən fəallaşıb. Vəziyyət onların xeyirinə dəyişdi. Yunan alayı stansiyanın şimalına sarı istiqamət alaraq, oranı tutdu.
İsmət paşa. Qərargahı İnönü stansiyasından İnönü kəndinə köçürün. Əsgərlərə deyin ruhdan düşməsinlər. Cəbhəyə əlavə qüvvələr gətirilir. Ankarada yeni yaradılmış dördüncü tümən köməyimizə göndərilib.
Zabit və onun ardınca İsmət paşa gedir.
Səhnədən səs. Amansız döyüşlər iki gün davam etdi. Türk Ordusu üstünlüyü ələ aldı və düşmən qüvvələrini geri oturtdu. Yanvarın 11-də dan yeri söküləndə düşmən Bursa istiqamətində geriləməyə və qaçmağa başladı. I İnönü müharibəsi türk ordusunun qələbəsi ilə başa çatdı.
Səhnənin bir tərəfindən İsmət paşa, digər tərəfindən Atatürk gəlirlər. Səhnədə türk zabitləri və əsgərləri görünürlər. Atatürk İsmət paşanın əlini dostcasına sıxır.
Atatürk. Qərb cəbhəsinin uğurunu ürəkdən alqışlayıram. İsmət paşa, bu qələbəni türk torpaqlarını düşmən tapdağından qurtaracaq böyük qələbənin başlanğıcı hesab edirəm! Siz təkcə düşmənin deyil, millətin bədbəxtçiliyinin qarşısını aldınız! (üzünü əsgər və zabitlərə tutaraq). Qərb Cəbhəsinin bütün zabit və əsgərlərini zəfər münasibətilə təbrik edirəm!
Əsgər və zabitlər zəfərdən doğan nəşə ilə minnətdarlıqlarını bildirirlər. Şəkil dəyişir. Ankara. Böyük Millət Məclisinin iclası. Səhnədə bir neçə millət vəkili görünür. Səhnənin ortasında stol, sağ tərəfdə ortada Atatürk, yan–yörəsində bir neçə şəxs, kənardakı stullarda digər millət vəkilləri əyləşib.
Atatürk (ayağa qalxaraq). Hörmətli millət vəkilləri! Böyük Millət Məclisinin iclasını açıq elan edirəm. Əfəndilər, bildiyiniz kimi, yunan ordusu hələ iyul ayının 10-da Qərb Cəbhəsi boyunca hücuma keçib, Əskişəhr, Afyon, Kütahya və Biləciyi işğal etmişdi. Döyüşlər başlayandan bir həftə ötmüş mən Karahisara – Qərb Cəbhəsinin qərargahına getmişdim. Vəziyyət mənim düşündüyümdən də ağır idi. Tədbir görülməsəydi, yeni bir strategiya hazırlanmasaydı, yunan ordusu ilə müqayisədə zəif olan Türkiyə ordusu daha böyük itkilər verəcəkdi. Ölkənin taleyi, gələcəyi Ankara hökumətindən çox asılı idi.
I millət vəkili (həyəcanlı). Milli ordu yeni qüvvələr, müasir hərbi texnika hesabına güclənməlidir. Müharibələr əsgərləri əldən salıb. Onlar yorğun və taqətsizdirlər…
II millət vəkili. Əfəndilər, gəlin etiraf edək ki, ölkə fəlakət caynağındadır. Bunun çarəsini tapmalıyıq…
III millət vəkili. Qərb Cəbhəsi yunanlarla müharibədə zəfərlər qazanıb. Həm I İnönü, həm də II İnönü döyüşlərində milli ordumuz öz qüdrətini, yenilməzliyini nümayiş etdirib. Biz bunu səmimi qəlbdən etiraf edir və minnətdar oluruq. Düşmən I İnönü müharibəsində iki günün içərisində məğlub oldu. Bu ilin martında başlayan II İnönü döyüşlərində də əsas ağırlıq Qərb Cəbhəsinin üzərinə düşdü. Əsgərlərinin sayına və hərbi texnikasına güvənən düşmən ordusu vuruş meydanında minlərlə meyit qoyaraq qaçdı. Lakin… Əfəndilər, indi başlanacaq müharibə vəziyyəti düzgün qiymətləndirməyi tələb edir…
Yaşlı millət vəkili. Əfəndilər, düzgün strategiya və taktika yeritməsək, itkilərimiz daha çox olacaq. Son nəticəni isə dilə gətirmək istəmirəm. Allah axırını xeyir eləsin, bizi bu bəladan qurtarsın…Mənim təklifim nədir? Gərək biz baş komandan vəzifəsi təsis edək. Özü də bu vəzifəni nüfuzlu, qüdrətli, məğlubedilməz, ölümün gözlərinə dik baxan birisinə həvalə edək ki, ordu vahid komandanlıq tərəfindən idarə olunsun. Əcəba, bu şəxs kimdir? Gəlin fikirləşək…
İsmət paşa. Həmin şəxsin kim olduğunu hamı bilir. Ordunu öz ardınca qələbəyə yalnız Mustafa Kamal paşa apara bilər. O, böyük komandandır. Baş komandan şəxsində mən yalnız Mustafa Kamal paşanı görürəm. O indiyə kimi rəhbərlik və iştirak etdiyi bütün döyüşləri qələbə ilə başa vurub.
Yerdən. Doğrudur (əl çalırlar).
IV millət vəkili (üzünü Atatürkə tutaraq). Paşa həzrətləri, niyə dinmirsiniz? Siz qüdrətli komandan, mətin, fədakar və qorxmaz əsgərsiniz! Odun–alovun içərisindən həmişə sağ–salamat və zəfərlə çıxmısınız. Təkcə Çanaqqala, Conkbayır, Anafartalar, Bitlis və Muş döyüşlərini yada salmaq kifayətdir. Siz məğlubedilməzsiniz! Siz bu vəzifəni tutmaq üçün razılıq verməlisiniz…
Atatürk (ayağa qalxaraq, ağır–ağır xitabət kürsüsünə sarı gedir). Əfəndilər, sizin iradənizlə mənim üzərimə milli hökumətin, həm də Böyük Millət Məclisinin sədri vəzifələri qoyulub. Ölkənin müdafiəsinə və milli ordunun hücum əməliyyatlarının hazırlanmasına var qüvvəmlə çalışıram. Bu köməyi heç vaxt əsirgəməyəcəyəm. İndi siz mənə əlavə və ciddi bir vəzifə də tapşırırsınız. Etimadınıza və inamınıza görə hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Fəqət bizim çox təcrübəli və hazırlıqlı sərkərdələrimiz, komandirlərimiz var. Onların arasından başqa birisini seçib Baş komandan vəzifəsini ona həvalə edə bilərik.
Fevzi Çakmak paşa. Əhv edin, əfəndim. Bu məsələni həll olunmuş hesab edək. Siz Baş komandan vəzifəsini öz üzərinizə götürməlisiniz. Ordu ümidsiz vəziyyətdə, xalq narahatçılıq içərisindədir. Millətin, ordunun, əsgərlərin inamını özlərinə qaytarmaq lazımdır.
Atatürk (düşüncələrdən ayrılıb başını qaldıraraq). Məclisin hörmətli üzvlərinin arzu və istəklərinə cavab olaraq Baş komandanlığı qəbul edirəm!
Sürəkli alqışlar qopur.
(davam edir). Biz ölkəmizi əsarət altına almaq istəyən düşmənləri, Allahın köməyilə, məğlub edəcəyik! Əfəndilər! Sizi buna əmin edirəm. Bu dəqiqə bu qəti inamımı yüksək heyətinizə, bütün millətə və bütün aləmə bəyan edirəm! Günü sabah Poladlıda yerləşən cəbhə qərargahına yola düşürəm.
Şəkil dəyişir. Səhnədə əlində kitab əsgər geyimində gənc oğlan və qız görünür.
Qız. Yunan kralı Konstantin özünə və ordusuna çox güvənirdi. Bir vaxtlar dünyaya hakim kəsilmiş Osmanlı imperiyasının zəifləməsindən, ölkədə ziddiyyətlərin kəskinləşməsindən, milli hökumətin hələ ilk addımlarını atmasından və bu addımların inamlı, lakin hələ kövrək olmasından istifadə edən kral Türkiyəni öz əsarəti altına almaq, Asiyada öz imperatorluğunu yaratmaq istəyirdi.
Oğlan. Kral müharibənin tez bir zamanda qurtaracağına qəti inanırdı. Odur ki ordusuna döyüş əməliyyatlarına başlamaq əmrini vermişdi. Afinada Türkiyə üzərinə yeni həmləni Makedoniyalı İsgəndərin yürüşləri ilə müqayisə edir, onun səfərlərinə oxşadırdılar. Halbuki Konstantinin can atdığı bir işin – Qərbi Anadolunu öz krallığına qatmaq işinin öhdəsindən vaxtilə İsgəndər kimi sərkərdə və fateh də gələ bilməmişdi.
Şəkil dəyişir. Poladlı. Türk ordusunun Baş qərargahı. Qərargah dəmiryolunun üstündə – Alagöz təpəsində, kərpicdən tikilmiş alayarımçıq bir evdə yerləşib. Türk ordusunda yeni müharibəyə hazırlıq işləri gedir.
Rüfət paşa (gəlir, əsgərlərə). Topların lülələrini yaxşı–yaxşı təmizləyin, tüfənglərinizi, pulemyotları qaydaya salın. Bizi çətin sınaq gözləyir. Döyüş zamanı gülləyə, top mərmilərinə qənaət edin.
Atatürk (gəlir, Sultanın əmri ilə fərqlənmə nişanları əlindən alındığından hərbi rütbəsi yoxdur). Fəxrəddin Altay bəy gözümə dəymir.
Rüfət paşa. Süvari kolordusundadır. Onun tapşırığına əsasən əsgərlər atlara qulluq edir, atların yəhərini, yüyənini qaydaya salır, süvari kolordusundakı əyər–əskiyi düzəldir, yem tədarükü görürlər.
Atatürk. Yunanlar irəliləyir, əsas hədəf nöqtəsinə çatmağa tələsirlər. Onlar canlı qüvvə sarıdan bizdən iki dəfə çoxdurlar. Bu bizi qorxutmamalı, lakin ehtiyatı da əldən verməməliyik. Döyüş Sakarya ətrafında başlayacaq. Biz etibarlı mövqe seçmişik: arxada dəmiryoludur. Yunan ordusunun hücum planı belədir: bizim sol cinahımıza zərbələr endirib, cənubdan Ankaraya gedən yolu açmaq.
İsmət paşa (gəlir). Onların əllərində olan xəritə yetərli deyil. Bu, yunanların vəziyyətini çətinləşdirəcək.
Atatürk. Tümənlərin qərargahları ilə rabitə əlaqələrini yoxlamışam. Uğurlu döyüşün aparılması üçün vacib olan hər şey götür–qoy edilib… (saatına baxaraq) Yaxşı, əfəndilər, işinizdə olun. Qərargahda görüləsi bəzi işlərim var, gedib məşğul olum (gedir).
İsmət paşa və Rüfət paşa gedirlər. Səhnə bir qədər qaranlıqlaşır. Atatürk xəritənin önünə keçir. Çöldə səs-küy eşidib diqqət kəsilir.
Mühafizəçi. Ay bacım, ay anam, olmaz. Baş komandan məşğuldur. Həm də axşam düşüb. Bu vaxtı paşa həzrətlərini niyə narahat edirsiniz? Gedin, sabah gələrsiniz.
Aydan. Sizdən artıq dərəcədə xahiş edirəm. İcazə verin, paşa ilə görüşüb söhbət edim. O, mərhəmətli insandır, sizə acıqlanmaz.
Mühafizəçi. Sözünüzü komandirlərdən birinə deyin.
Aydan (yalvarıcı tərzdə). Axı mən Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.
Atatürk qapıya yaxınlaşır. Büründüyü çarşabından Aydanın yalnız gözləri görünür. Mühafizəçi onun qarşısını kəsib içəri keçməyə qoymur.
Atatürk. Qoyun gəlsin.
Əsgər əmrə müntəzir halda mil dayanır və Aydana işarə edir ki, gedə bilər. Atatürk yer göstərir. Aydan əyləşir və çarşabını sərbəst buraxıb üzündən götürür. (qızın solğun üzünə baxaraq acıyır və öz-özünə). Xalq əziyyət çəkir, millətin dincliyi, günü-güzaranı yoxdur (qıza). Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın ki, düşmən əlinə keçərsən?
Aydan (cəsarətlə). Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?
Atatürk. Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.
Aydan. Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?
Atatürk. Sən haqlısan, qızım. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salıb. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır. Qızım, gecə vaxtı buraya bunları söyləməyə gəldin?
Aydan (qəhərli). Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Küthya–Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin, döyüşlərdə ölən oğulların qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.
Atatürk. Qızım, adın nə oldu?
Aydan. Aydandır adım.
Atatürk. Neçə yaşın var?
Aydan. On altı.
Atatürk. Aydan, heç əlinə silah almısan?
Aydan (bu sualı gözləmədiyindən duruxur, sonra özünü ələ alaraq çarşabını göstərir). Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir–iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm.
Atatürk gülür.
(yalvararaq). Paşam, siz allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.
Atatürk (qızı dilə tutur). Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm–qüssə, dərd–ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Elə bilirsən bu gecə gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Ananı şad edərsən. Əsgərlər səni ötürərlər.
Aydan ağlamağa başlayır.
Atatürk (irəli yeriyib onu sakitləşdirməyə çalışır). Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə sənin başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!
Aydan fikirli ayağa qalxıb qapıya sarı gedir.
(əsgərlərə). Qızı aparıb evlərinə ötürün.
Şəkil dəyişir. Səhnədə Rüfət paşa, Fevzi Çakmak paşa və Atatürk. Top və pulemyot atəşləri ətrafın sakitliyini pozur.
Atatürk. Ordumuzu Əskişəhrin şimal və cənubunda cəmləşdirməliyik. Yunan ordusu ilə arada müəyyən məsafə saxlamalıyıq ki, qüvvələrimizi bir yerə toplaya bilək. Odur ki, Sakaryanın şərqinə geri çəkilməyimiz məsləhətdir.
Rüfət paşa (təəccüb içərisində). Paşa həzrətləri, belə niyə? Sakarya çayının həndəvəri kimi əlverişli mövqeyi buraxıb geriyə niyə çəkilək?
Fevzi Çakmak paşa (Rüfət paşanın fikrini bəyənərək). Çayın yaxınlığında sipərlər çəkərik.
Atatürk. Döyüşün qızğın çağında düşmən Sakarya çayının hər hansı bir yerindən adlaya bilər. Demək, bəri başdan bizi təhlükə gözləyir. Onların çayı keçərək qəfil görünməsi və əlverişli mövqe tutması döyüşçülərimizdə çaşqınlıq yaradar. Müharibəni də uduza bilərik. Odur ki, cəbhəni geri çəkməliyik. İşdi–şayət yunan ordusu bizi üstələsə, yenə geri çəkilib döyüşü davam etdirə bilərik. Yedək qüvvələrimizi isə mərkəz nöqtəsində yerləşdirərik. Çayın yaxınlığında mövqe tutsaq, bu imkanlarımız sıfra enir.
Telefon səslənir. Rüfət paşa dəstəyi qaldırır.
Rüfət paşa (üzünü Atatürkə tutaraq). Yusif İzzət paşadır. Deyir ki, Baş komandanın gizli əmrlərindən xəbər tutmaq istəyir. Həm də soruşur ki, geri çəkilmə ilə bağlı istiqamətimiz haradır?
Atatürk (sinirli, yaxınlaşıb telefonun dəstəyini Rüfət paşadan alır). Yusif İzzət paşa, bil və agah ol: gizli əmrim sizin kimiləri orada basdırmaqdır! (acıqla dəstəyi yerinə qoyur). Bu paşa hələ döyüşə girməmişdən qaçmaq barədə fikirləşir.
Nurəddin paşa (tələsik gəlir). Yunan tüməni sağ cinahdan həmlə edib.
Atatürk. Hədəf əslində Ankaradır. Düşmən nəyin bahasına olursa–olsun Ankaranı ələ keçirmək istəyir.
Fevzi Çakmak paşa. Qanlı–qadalı döyüş gedir. Müharibə meydanı od tutub yanır. Düşmən təyyarələrdən də istifadə edir.
Atatürk. Hücumun qarşısını almaq üçün əlimizdən gələni edə\cəyik. Narahat olma, bizim təyyarələrimiz də öz gücünü göstərər. Mən komandirlərimizə inanıram. Gedək döyüş meydanını müşahidə edək. Bilin və agah olun: rabitə bir an belə kəsilməməlidir. Xətlər də tez–tez yoxlanmalıdır.
Atatürk və Fevzi Çakmak paşa gedirlər. Yunan zabiti formasında iki nəfər (onlardan biri Sərkisdir) gəlir.
Sərkis. Üstünlüyü ələ almışıq. Türk mövqeləri bəzi yerlərdə yarılıb. Amma türk əsgərləri ruhdan düşmür, inadla müqavimət göstərirlər.
Yunan zabiti. Xeyri yoxdur. Ordumuz yaxşı silahlanıb, canlı qüvvə sarıdan da türklərdən çoxuq. Hələ bizimkilər yorğundur. Buralara gəlib çıxmaq üçün ən azı on gün yol gəliblər. Yayın istisi ola, susuzluq ola…
Sərkis (təəccüblə). Yəni belə əziyyət çəkiblər.
Yunan zabiti. Xəbərin yoxdur? Bəs sən bizimlə gəlməmisən?
Sərkis (ətrafına ürkək-ürkək baxaraq).Yox, mən sizə yolda qoşulmuşam. Mən əslən Türkiyədənəm. Erməniyəm. Bu türklərin qanını içməyə hazıram. Sizin general Papulasla mənim şəxsi tanışlığım var. Onun tapşırığı ilə müharibəyə qatılmışam. Gəldiyinizi eşidib özümüzünkülərə – ermənilərə gözaydınlığı verdim, ütüləyib hazır qoyduğum bu zabit paltarını bir çamadana qoyub evdən çıxdım. Bığlarımı qırxdım ki, cəbhədə tanış türklər məni görsələr tanımasınlar. Bilmək olmaz… (o, nəsə fikirləşib sözlərini tamamlamadı).
Yunan zabiti. Bilmək olmaz deyəndə fikirləşirsən ki, birdən türklər qalib gələr, sən də işə düşərsən?
Sərkis (qorxaraq). Yox, yox, əsla, sizin qələbənizə şəkk-şübhəm yoxdur. Bu, mənim, biz ermənilərin hamısının arzusudur. Mən türklərə qarşı vuruşuram. Yunanlar Türkiyə torpaqlarını tutsalar, biz ermənilər də fərəzən günə çıxarıq.
Yunan zabiti. Onlar sizi incidirlər?
Sərkis. İncitməyə incitmirlər. Türkiyədə biz bəlkə türklərin özündən daha yaxşı yaşayırıq. Ancaq, bilirsən, onlarla aramız yoxdur, dədə–baba düşmənləriyik. Doğrudur, üzdə bunu büruzə vermirik, imkan düşəndə heyif çıxırıq. Bilirsən onlar on beşinci ildə soyqırım edib bizimkilərin hamısını qırıblar. Nə qocalara, nə qadınlara, nə də körpələrə rəhm ediblər.
Yunan zabiti. Ağ eləmə. Necə qırıblar ki, Türkiyənin yarısı ermənidir. Üstündən heç dörd il keçməyib.
Sərkis (ətrafına boylanaraq, səksəkəli). Ara, zilə çıxma. Əslində biz onları qırmışıq. Amma dünyaya səs salırıq ki, türklər bizim axırımıza çıxıblar. Böyüklərimiz bizi belə öyrədir.
Yunan zabiti. Burada deyiblər ki: «Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı». Hə, aşna.
Sərkis. Sən bilən, yunanlar qalib gələcək, yoxsa türklər? Bu türklər döyüşən xalqdır ha…Onları heç vaxt ölüm evdə, isti yorğan–doşəkdə yaxalamayıb. “Türklər çadırda doğulur, at belində, döyüşlərdə canını tapşırır” deyirlər.
Yunan zabiti. Sən narahat olma. Artıq türkləri Manqal Dağından geri oturtmuşuq (narahat–narahat ətrafına göz gəzdirir). Burada çənəmiz söhbətə qızışıb. Komandir görsə, atamızı yandıracaq. Qızğın döyüş gedir, biz isə boş–bekar dayanmışıq. Gedək.
Sərkis. Ara, doğru deyirsən, gedək…
Yunan zabiti və Sərkis gedirlər. Atatürk yanında zabitlər gəlir.
Atatürk (dilxor). Heç cür başa düşə bilmirəm, vəziyyət birdən–birə düşmənin xeyirinə dəyişdi. Komandirlərə mənim əmrimi çatdırın! Biz yol verə bilmərik ki, Ankaraya – Türkiyənin ürəyinə xəbis niyyətli düşmən ayağı dəysin! Uğursuzluqdan sarsılmaq olmaz. Mübarizəni davam etdirməliyik! Qələbə bizimdir! Bu nikbin ruhu əvvəlcə özünüzə, sonra da hər bir döyüşçüyə təlqin edin. Zəfər naminə döyüşə atılın. Bir mövqeyi artıq itirmişik. Manqal Dağ ələ keçib… Ağıllı plan işləyib hazırlamalıyıq ki, həm başqa mövqelər itirilməsin, həm də düşmən geri oturdulsun. Gərək qələbə naminə son damla danımıza qədər vuruşaq.
Gedirlər. Səhnə dəyişir. Yunan qərargahı.
General Papulas xəritənin üzərinə əyilib.
General Papulas (yanındakı zabitə). Mənə çatan məlumata görə, türk ordusu əsas qüvvələrini sol cinahda cəmləşdirir. Yeni taktika yeritməliyik. Ordu hissələrimizi həmin səmtə istiqamətləndirin.
Zabit. Cənab general, kəşfiyyatın qənaəti yanlış deyil ki? Türklər bizi aldada bilər.
General Papulas. Belə zənn edirsən? Buna əsasın var?
Zabit. Xeyr. Fəqət bir daha dəqiqləşdirsək yaxşı olar.
General Papulas. Ehtiyac yoxdur. Məlumatı etibarlı mənbədən almışıq. Təcili Sakarya çayı üzərində körpülər tikilsin.
Səhnə qaranlıqlaşır, işıqlananda Atatürk və Fevzi Çakmak paşa görünür.
Fevzi Çakmak paşa. Cənab baş komandan, zənn etməzdim. Biz General Papulası asanlıqla aldada bildik. Artıq gecdir. Geriyə dönə bilməz. General hərəkət nöqtəsindən xeyli uzaqlaşıb. Türk süvari kolordusu yunan ordusunun arxa hissəsinə keçə bilib. Fəxrəddin Altay paşa həmləyə hazırlaşır.
Atatürk. General Papulas tələyə düşsə də, ağılsız deyil. O da öz yeni planını həyata keçirməyə başlayıb. Lakin getdikcə işləri çətinə düşəcək. Mövqelərimiz təpələr üzərindədir. Mövqelərin yüksəklikdə olması isə müharibə zamanı əlavə üstünlük deməkdir. Həmin təpələri bir–bir ələ keçirmək lazım gəlir ki, bu heç də asan deyil.
Atəş səsləri eşidilir. Türk əsgərləri «Ya istiqlal, ya ölüm!» deyə hücuma keçirlər.
Fevzi Çakmak paşa (telefona cavab verərək dəstəyi yerinə qoyur, Atatürkə). Paşa həzrətləri, düşmən itkilərə, çətinliklərə baxmayaraq, həmləyə keçir, bəzi təpələri ələ keçirib. Bizimkilər bir az əvvəl qoyub getdikləri yerləri almağa can atırlar. Onlar «Öldü var, döndü yox!» deyib, yan–yörələrində partlayan mərmilərə məhəl qoymadan irəli şığıyır, təpələri tuturlar. Fəqət təpələr əldən–ələ keçir. Türk ordusu müdafiə mövqeyində dayanıb. İtirilən döyüş xəttinin arxasında yeni müdafiə xətti yaradılır.
Atatürk (döyüş meydanını müşahidə edərək). Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. O səth bütün vətəndir. Vətənin hər qarış torpağı vətəndaşın qanına boyanmadıqca tərk olunmaz. Onun üçün hərbi birləşmələrdən hər biri tutduğu mövqedən çıxarıla bilər. Fəqət kiçik və ya böyük hər bir hərbi birləşmə dayandığı ilk mövqedə düşmənə qarşı təkrar cəbhə qurub müharibəni davam etdirməlidir. Komandirlərə göstərişimi çatdırın.
Fevzi Çakmak paşa. Oldu, cənab Baş komandan! (gedir)
Rüfət paşa gəlir.
Rüfət paşa. Cənab Baş komandan, bizimkilər əllərindən gələni edirlər. Yunan ordusu dünənə qədər çətinliklə olsa da təpələri aşır, ordumuza itki verirdi. Odur ki, qələbəyə ümidləri çox idi. Həm də bu irəliləmə onlarda arxayınlıq yaradıb. İndi vəziyyət bizim xeyrimizə dəyişib. Əsgərlərimiz, sizin göstərişinizə əsasən, yarılan hər bir xətti ən yaxın məsafədə yenidən bərpa edirlər. Pulemyotçularımız düşmənə göz açmağa imkan vermir, həmlə edən piyadalarımızın yolunu təmizləyirlər. Düşmən irəliləyə bilmir.
Atatürk (müşahidə məntəqəsindən döyüşü seyr edərək). Rüfət paşa, mən görürəm ki, düşmən mərkəzə həmlə edir, sonra taktikasını dəyişib sol cinaha istiqamət alır. Komandirlərimizə çatdırın: yunanların say üstünlüklərini nəzərə alaraq, öz qüvvələrindən səmərəli istifadə etsinlər.
Rüfət paşa gedir, Yaqub Şövqü paşa gəlir.
Yaqub Şövqü paşa (ətrafı gözdən keçirərək). Döyüş meydanında saysız–hesabsız yunan cəsədi var. Fikir verin: yaralı yunan döyüşçüsü sürünə–sürünə atəş nöqtəsindən yayınmaq istəyir. Ancaq məqsədinə çata bilmədi. Aldığı atəşdən yerində qıvrılıb daş kimi torpağa düşdü.
Atatürk (döyüş meydanına müraciətlə). Komandirlər, əmrimə qulaq asın. Düşmən ordumuzun mövqeyini yan tərəfdən yarmaq istəyir. Məqsədləri Ankaraya istiqamət götürməkdir. Diqqətli və ehtiyatlı olun! (Fevzi paşaya). Yunan ordusu yenə irəlilədi. İndi türk cəbhəsi şimaldan qərbə doğru uzanır. Düşmən cəbhənin – Şərq, biz isə, Qərb hissəsində mövqe tutmuşuq. Yunanlar bizimlə müqayisədə Ankaraya daha yaxın məsafədədir.
Yaqub Şövqü paşa. Bu, yaxşı olmadı.
Atatürk. Çal Dağ strateji mövqe sayılır. Üç yüz metrlik yüksəklikdə yerələşən bu dağ bizim iki əsas mövqeyimiz arasında yerləşir. Çal Dağ Ankaraya doğru gedən dəmiryoluna və bütün hücum xəttinə hakimdir.
Yaqub Şövqü paşa. Girintili–çıxıntılı olduğundan müdafiə olunmaq və gizlənmək üçün çox yararlıdır.
Atatürk. Döyüşün taleyi və Ankaranın müqəddəratı bu dağdan, bu silsilədən, onun əldə saxlanmasından asılıdır. Nə qədər Çal Dağ bizdədir, qorxu yoxdur. İşdi–şayət birdən Çal Dağ işğal edilsə, vəziyyətimiz fəna olacaq. Yunanlar asanlıqla Haymananı tutub bizi tələyə salacaqlar.
Yaqub Şövqü paşa. Anlayıram, paşa həzrətləri. Çalaşırıq ki, deyilənlər baş verməsin.
Atəş başlanır. Atatürk və Yaqub Şövqü paşa müşahidə məntəqəsindən baxırlar.
(durbinlə baxaraq, Atatürkə). Düşmənin Çal Dağa həmləsi başlandı. Top mərmiləri havadan dolu kimi yağır. Düşmən təyyarələrinin bombardımanı da ara vermir. Vay-vay, mərmilərdən biri bizim səngərə düşdü. Orada iki əsgər vardı. Mərmi hər ikisini divara çırpdı. Birinin silahı parçalanıb havaya uçdu.
Atatürk. Görürəm, Yaqub Şövqü paşa, pulemyotçuların köməyilə düşmən əsgərləri sürünə-sürünə, yerə yata-yata Çal Dağa dırmaşırlar. Əsgərlərimizin atəşi onları ehtiyatlı olmağa məcbur edir. Yunan əsgərləri daldalanır, sonra yenə irəliyə can atırlar. Onlar cəbhə xətti üzərindəki gədikdən istifadə edib Çal Dağı qoruyan türk atlılarını geri oturtdular. Süvari kolordusu itkilər verir.
Yaqub Şövqü paşa. Aha, vəziyyət dəyişdi. Türk pulemyotçularının arasıkəsilməz atəşinə və həmləsinə tablaşmayan düşmən geri çəkilir. Yox, vəziyyət yenə dəyişdi.
Atatürk. Döyüş şiddətləndi. Bizimkilər ciddi müqavimət göstərsələr də, yunanların qarşısını almaq çətinləşir. Onlar getdikcə daha çox irəliləyir. Bizimkilər itki verir. Vəziyyətdən geri çəkilməklə, mövqeyi düşmənə təhvil verməklə çıxmaq olar. Yaqub paşa, gəl indi birlikdə müzakirə edək: müqaviməti davam etdirib itkilərin sayını artıraq, yoxsa mövqedən çəkilək? (çıxarıb siqar yandırır, var-gəl edir). Haydı, döyüş meydanına! (gedirlər)
P ə r d ə
(ardı var)
Yazıya 235 dəfə baxılıb