30 AĞUSTOS ZAFER BAYRAMIMIZ KUTLU OLSUN! – AKİF ABBASOV

Samsundab baş. yol. kitabMUSTAFA NECƏ MUSTAFA KAMAL OLDU?

                      (“Samsundan başlanan yol” romanından)

 

Mustafa hərb sənətinin vurğunu idi. Sağlam görkəmli, çevik, düz qamətli, səliqə ilə geyinən hərbiçiləri görəndə onlara həsəd aparırdı. Türk sərkərdələrinin həyatından bəhs edən əsərləri oxumaqdan doymazdı. Türk hökmdarları Alp Ər Tunqa, Ərtoğrul, Osman qazi, Mətə, Atilla, Bilgə xaqan, Uzun Həsən, İldırım Bəyazid, Fateh Sultan Məhmət, Sültan Süleyman onun sevimli qəhrəmanları idi. Bəzən özünü onların yerində görürdü.

Qonşu Əhməd hərbi rüştiyyədə oxuyurdu. O,  əsgər forması geyinir və özünü dartırdı.

7 yaşında olarkən Mustafanın atası Əli Rza əfəndi dünyasını dəyişmiş, ailə Zübeydə xanımın ümidinə qalmışdı. Mustafa çoxdan qəlbində gəzdirdiyi arzusunu anasına bildirmək qərarına gəldi. Oğlunun dini təhsil almasını istəyən Zübeydə xanımın nə cavab verəcəyi bəlli deyildi.

O, oğlunu dinləyib dedi:

– Oğlum, mən isə deyirəm, Peyğəmbərimizin yolunu tut. Bir uca olan Allah da səndən razı qalar.

Mustafa cavabında dedi:

– Ana, Peyğəmbərimizin yolu haqq yoludur. Böyük Allaha da, Həzrəti Məhəmməd Əleyhissəlama da dərin hörmətim və sayqılarım var. Amma arzum din xadimi olmaq deyil. Mən hərbi rüştiyyədə oxumaq istəyirəm.

Zübeydə xanım oğlunu öz fikrindən daşındırmaq istəyirdi. O, Mustafanın gələcəyini düşünür, onun sakit, dinc bir peşə seçməsini arzulayırdı. Hərb sənətinin çətinliklərindən, əsgərlərin narahat həyat sürmələrindən xəbəri vardı. Zübeydə xanım Mustafadan başqa daha beş övlad dünyaya gətirmişdi: Əhməd, Ömər, Naciyə, Fatma və Məqbulə. Mustafa ilə Məqbulədən başqa qalan uşaqlar kiçik yaşlarında ikən ölmüşdülər. Hərb meydanı ölümlü-itimli idi. Osmanlı əsgəri çox vaxt sürgünlərə məruz qalırdı. Odur ki, oğlunu dilə tutmağa çalışırdı:

– Heç olmasa, atanın yolu ilə get. Atan ticarətə başladı – bacarmadı, yarımçıq qoydu. Yox, a bala, üz vurma. Sənin hərbi rüştiyyədə oxumağına razılıq verə bilmərəm. Mənə, körpə bacına rəhmin gəlsin…

Mustafa anası ilə söhbətdən bir kar aşmadığını görüb küçəyə çıxdı. Fikirli-fikirli məhəllədə gəzişirdi ki, qonşu Əhmədə rast gəldi. Dayanıb söhbət etdilər. Əhməd hal-əhval tutdu, sonra isə Mustafadan xəbər aldı ki, nə üçün əhvalı pozğundur. Mustafa əvvəlcə demək istəmədi, sonra fikirləşdi ki, necə olsa Əhmədin atası hərbiçidir, bəlkə ona köməyi dəydi. O, anası ilə aralarında olan söhbəti Əhmədə danışdı, xahiş etdi ki, bu barədə atası ilə məsləhətləşsin.

Əhvalatı öyrənəndən sonra Əhmədin minbaşı (mayor) vəzifəsində çalışan atası həqiqətən ona öz köməyini göstərdi. Mustafa anasından xəlvəti hərbi rüştiyyədə keçirilən məşğələlərə davam etməyə başladı. Lakin az keçmiş ona bildirdilər ki, məktəbdə oxumaq üçün anasının yazılı razılığı lazımdır.

Mustafa bir daha Zübeydə xanımla söhbət etməli oldu. Anası dedi:

– Ay oğul, başa düş. Sənə etiraz etməyimin səbəbi o deyil ki, hərb sənətindən acığım gəlir. Bizə yaxşı əsgərlər lazımdır. Vətən darda olanda bu bəladan bizi onlar qurtarır. Kimsə ilə işimiz olmasa da, ölkəmizə göz dikənin sayı çoxdur. Səni gözümdən uzağa qoymaq istəmirəm. Əsgərin həyatı ağırdır. Bu gün burada, sabah Allah bilir harada. Çamadanını yığıb hazır qoyur, əmr verilən kimi götürüb düzəlir yola.

Mustafa sonuncu dəfə cəhd etdi:

– Anacan, yadındadır, mən doğulanda beşiyimin başından qılınc asmışdınız. Onu mənə kim hədiyyə etmişdi? Atam. O məni bir əsgər, bir komandan görmək istəyirdi. Demək, hərbiçi olmaq tək mənim yox, onun da arzusu olub. Xahiş edirəm, bunu da nəzərə al.

Zübeydə xanım fikrə getdi. Oğlu ilə belə danışsa da əslində tərəddüd içərisində idi. Onun arzusunu gözündə qoymaq istəmirdi. Ötən söhbətdən sonra bütün günü hey bu barədə fikirləşirdi. Bu söhbət yuxuda da onu rahat buraxmırdı. Mustafanın xatırlatdığı qılınc əhvalatı Zübeydə xanımın yadına srağagünkü yuxusunu saldı. Yuxuda görmüşdü ki, Türkiyənin başı üzərini qara buludlar alıb. Əsgərlər düşməni yerində oturtmaq üçün toplaşıblar. Hamı gözləyir ki, bir komandir gəlib onları döyüşə aparsın. Bunu görən balaca Mustafa cəld evə qaçıb uşaq vaxtı atasının onunçun aldığı qılıncı götürür. Geri qayıdıb qoşunun qabağına keçir. Komandiri gözləyən yəhərli kəhər atın belinə qalxır.

Zübeydə xanım baxıb görür ki, Mustafa tamam dəyişib. Birdən-birə böyüyüb, geyimi də başqadır. Hərbi forma ona özgə əzəmət verib. Mustafa birdən qılıncını çəkib irəli doğru uzadır. Zübeydə xanım görür ki, bu qılınc da atasının Mustafaya bağışladığı balaca, oyuncaq qılınc deyil. Günəşin altında par-par yanan Koroğlu qılıncıdır. Mustafa qılıncı havada oynadaraq döyüşçülərə: “Ya istiqlal, ya ölüm!” deyib atını çapır. Əsgərlər də öz növbələrində: “Türkiyənin azadlığı uğrunda irəli!” deyə qışqırıb atlarını Mustafanın ardınca çapırlar.

Bunları xatırlayan Zübeydə xanım ayağa qalxıb Mustafaya sarı getdi və onun alnından öpərək:

– Oğlum, əgər qərarında belə israrlısansa, sənə    xeyir-dua verirəm.

Ertəsi gün Mustafa artıq hərbi rüştiyyədə oxuyurdu. Sarışın saçlı, mavi gözlü Mustafa hərbi formada daha əzəmətli, daha yaraşıqlı görünürdü. Dərslərinə səylə hazırlaşırdı. İti zəkaya və təfəkkürə, aydın nitqə, dərin məntiqə malik idi. İntizamı gözləyir, müəllimləri və yoldaşları ilə nəzakət və hörmətlə davranırdı. O, hərb sənətinin sirlərinə həvəslə yiyələnirdi. Rüştiyyədə hərbi fənlərdən başqa fəlsəfə, riyaziyyat, tarix, iqtisadiyyat da keçilirdi. Mustafa başa düşürdü ki, yaxşı mütəxəssis olmaq üçün gecəsini-gündüzünə qatmalı, çox oxumalı, oxuduqlarından faydalanmağı bacarmalıdır.

Riyaziyyat Mustafanın sevdiyi və uğur qazandığı dərslərdən idi. Riyaziyyat dərslərini yüzbaşı Mustafa əfəndi aparırdı. O, yaxşı insan və savadlı müəllim idi. Şagirdləri onu çox sevirdilər. Yüzbaşı şagirdi Mustafanın qabiliyyətinə heyran qalmışdı. Oğlan təfəkkürünün çevikliyi və itiliyi ilə başqa uşaqlardan çox fərqlənirdi.

Riyaziyyat müəlliminin adı da Mustafa idi. Bundan başqa, sinifdə Mustafa adında bir neçə şagird vardı. Bir dəfə Mustafa yoldaşlarının yerinə yetirə bilmədiyi bir məsələni həll etdikdən sonra yüzbaşı Mustafa Əfəndi əllərini bir-birinə vurub heyrət içərisində ayağa qalxdı:

– Əhsən, mənim balam! Əhsən! Ağlıma bir fikir gəlib. Sinifdəki başqa Mustafalardan səni fərqləndirmək üçün adına bir “Kamal” sözünü də artırıram. Bundan sonra səni Mustafa Kamal çağıracağam. “Kamal” sözünün mənasını, yəqin ki, bilirsən – kamillik, bitkinlik, ağıl, idrak, mükəmməllik deməkdir. Sən bu ada layiqsən!

İllər keçdi. Mustafa bu adı ömrünün axırına kimi şərəflə daşıdı.

Yazıya 24 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.