Mənə bir şeir göndərdi. Ardınca da zarafatla gülə-gülə: “Yaxşı şeir yazmaq üçün heç də şair olmaq lazım deyil”,- dedi. Şeiri oxuyandan sonra isə onun zarafatla dediyi bu bir cümləlik fikri tamamilə ciddiyə almaq zorunda qaldım. Ünlü rəssam, əsil milli aydın, etibarlı, sədaqətli, səxavətli dost, sazın və sözün sərrafı kimi tanıdığım, uzun illərdir nəfəs-nəfəsə yol yorduğum Nəvai Metin bu dəfə ciddi bir şair kimi çıxmışdı qarşıma. Mən də zarafatımdan qalmadım: “Gül kimi rəssamsan. Niyə gedib rəsssamlığınla məşğul olmursan? Qoysan, burda da biz dolanaq. Sən belə başladınsa gərək biz də qələmi yerə qoyub, fırçadan yapışaq…” – dedim.
Məni tanıyanlar bilirlər ki, şeir haqqında fikir söyləməklə aram elə də saz deyil. Əvvəla ona görə ki, duyanlar, bilənlər üçün hər bir şeir özü haqqında hər şeyi deyir. İkinci də ona görə ki, bu işin də öz peşəkarları – ədəbi tənqidçilər, ədəbiyyatşünaslar var. Nəvai şairlərin dolanışığını əlindən almaq fikrinə düşsə də, mənim ədəbi tənqidçilərin – məsələn; ən azından dostlarım Vaqif Yusiflinin, Rüstəm Kamalın, Əsəd Cahangirin çörəyinə bais olmaq fikrim yoxdur.
Amma və lakin uzun illərdir ədəbiyyat məmuru olmağımdan, ədəbi camiədə ömür sürdüyümdən dolayı bu şeirin və onun müəllifinin vəsiləsi ilə bu cümlələri varağa köçürməyə də bilmirəm: “Ay şairliyə iddialı olub da şeir yazan insanlar, şeir duyğuları dilə gətirib, kağıza köçürməkdirsə, siz bu dilin bütün incəliklərinə bələd olmalısınız. Dilin enerjisi yazıya yansımalı, orda cilvələnib bütün gözəlliyi ilə boy göstərməlidir. Başqa sözlə; “Şairin işi nəyi demək yox, necə deməkdir…” Fikir söyləməyə qalsa, ən dərin mətləblər 4 səmavi kitabda, yedə qalanlar isə təfsirçi üləmaların təfsirlərində, əl-ətəkdə qalanlar isə yer üzünün ünlü fikir və bilim adamlarının – filosofların kitablarında yazılıb. Oxusaq yetər.”
İş bu ki, mən bu şeirdə məhz o cilvəni görür, o duyğuların qanadlarının çırpıntısını eşidirəm. Nəvai isə deyir mən şair deyiləm.
Elə sən şair olmasan yaxşıdı, arkadaş. Yoxsa Türkün fırçasından bir tel düşər, rənglərin Nəvai çaları əskilər. İlham atın şahə qalxanda isə yaz, bəzilərinə örnək göstərmək üçün lazım olar.
Ana dilimizə və şeirə sevgi və sayqılarla;
İbrahim İlyaslı
Nəvai Metin
Kənd dedin…
Şair Sakit İlkinin şeirinə cavab
Kənd dedin, o vaxtlar yadıma düşdü,
Gözümün önünə gəldi o çağlar.
Təmiz vaxtlarıydı onda dünyanın,
Gül-çiçək açardı baxçalar, bağlar.
Oğlanlar igiddi, qızlar gözəldi,
Sevgi yarışıydı o vaxtkı yarış.
Birdən görərdin ki, gün gülümsədi,
Birdən başlayardı şıdırğı yağış.
O vaxt başqa idi ayın özü də,
Əlini uzatsan əlin çatardı…
O vaxtkı ulduzlar mənim gözümdə
Elə bil durnaydı, qatar-qatardı.
Məktəb illərini andım yenə də,
Məni ağuşuna aldı xəyallar.
Qız-oğlan bir yerdə dərs oxuyardı,
Müəllim görəndə qızarardılar.
Quzular mələrdi, itlər hürərdi,
Toyuq-cücəliydi hər həyət-baca.
Bizim oyunumuz ya dava-dava,
Ya gizlənpaç idi, ya da tapmaca.
Əlaçı qız vardı biznən oxuyan,
Oğlanlar onunçün yarışardılar.
Sinifdə o qıznan oturmaq üçün
Böyük tənəffüsdə savaşardılar.
Elə ki Novruzun sədası gəldi,
Hamı sevinərdi bir ay qabaqdan.
Çərşənbə tonqalı yandırmaq üçün
Hazırlıq görərdik durub obaşdan.
Saca köz salardı şirin nənələr,
Bacada tüstülər yarışardılar.
Elə ki, kömbələr hazır olardı,
Nəvələr süfrəyə daraşardılar.
Qonaq-qaralıydı evlər o vaxtlar,
Qonağın ruzisi Tanrıdan gəlir.
Elə sevinirdi kənddə adamlar;
Filanksə qonaq rayondan gəlir.
Bulağın başına tək gedən gözəl
Dönəndə qəlbində qoşa dönərdi.
Sanki yeriməzdi qayıdanda o,
Havada uçardı – quşa dönərdi.
O vaxt uşaqların üzü gülərdi,
Gözlərdə sevginin işığı vardı.
Həftədə bir dəfə kinoçu dayı
Gələndə uşaqlar işıq saçardı.
Uşaqlar başaçıq, ayağı yalın
Oynardı sabahdan axşama kimi.
Nə xəstəlik vardı, nə bir dərd-azar,
Küçədə görərdik ancaq həkimi.
O qədər içmişik arxın suyundan,
Geydimiz köynək süzgəcimizdi.
O vaxt içdiyimiz o arxın suyu,
İndiki sulardan daha təmizdi.
Toyçular gələrdi may bayramında,
Kəndirbaz gələrdi, kosa gələrdi.
Pəhləvan maşını saçları ilə
Çəkəndə adamlar heyrətlənərdi.
Elə püləyirdi zurnaçı əmi,
Səsini duyardın sümüklərində.
Nağara elə bil oyuncaq idi
Nağara çalanın biləklərində.
Ortada süzərdi köhnə kişilər,
Hərənin öz oyun havası vardı.
Kİm çıxsa ortaya, zurnaçı əmi
Onun havasını həmən çalardı.
Növbəsi çatanda “Güləşəngi”nin
Kəndin cavanları güləşərdilər.
Sevənlər həsrətli baxışlarıyla
O gün o meydanda görüşərdilər.
Hardadı kəndlərin o vaxtkı halı?-
Qalmayıb o vaxtdan əsər-əlamət.
Əsgər çağrılanda sevinərdilər,
İndi çağrılanda qopur qiyamət.
“Dağılmır buludlar, açılmır hava”
Çərşənbə tonqalı yandıran hanı?
Gah qəza, gah qırğın, gah dava-şava –
Başına alıbdı bəla dünyanı…
Yox, ta indən belə çətin düzələ,
Dünyaya daraşıb adamyeyənlər.
O vaxtlar “Misiri”, “Cəngi” dəbiydi,
İndi dəbə minib ağıdeyənlər.
Hanı kəndimizin əvvəlki halı?-
Quzusu mələşmir, itləri hürmür.
İndi uzaqgörən siyasətçilər
Kəndçinin gözündə dərdləri görmür.
Daha bulaqlara getmir gözəllər,
Bulaqlar quruyub, torpağı çat-çat.
Daha kəndimizə kino da gəlmir,
Dərdini ağlayır yazıq camaat.
Novruz gəlib-keçir səssiz-sədasız,
Tonqal yandıran yox, papaq atan yox.
İndi çoxalıbdı silah satanlar,
Şirniyat satan yox, noğul satan yox.
İndi çoxlarının əli göydədi,
Məşhədə gedirlər, həccə gedirlər.
Halına yanan yox yazıq kəndçinin,
Hər kənddə bir yekə məscid tikirlər.
Kəndçinin ruzisi göyə çəkilib,
Uşağın gözünə dik baxa bilmir.
Başının üstündə dayanan nadan
Halını soruşmur, hayına gəlmir.
Boğaza yığılıb, çarəsi yoxdu,
Boğulur əzabdan, dərddən a, Sakit
Nə özü, nə dadı, nə adı qalıb,
Kəndçi qaçmasınmı kənddən, a Sakit?!
Yazıya 57 dəfə baxılıb