(hekayə)
Həyat bilgisi dərsində müəllim insanın yaşaması, fəal həyat sürməsi üçün lazım olan məsələlərdən danışırdı. Şagirdlər diqqətlə qulaq asırdılar. Müəllim dedi:
-İnsanın yaşaması üçün hava, oksigen, su və yemək lazımdır.
Murad əlini qaldırdı. Müəllim:
-Buyur, Murad, sualın var?
Murad cavab verdi:
-Bəli, müəllim. Mənim üçün, elə yoldaşlarım üçün də maraqlıdır. İnsan neçə müddət ac və susuz, havasız yaşaya bilər?
Müəllim:
-Yaxşı sualdır, – dedi. – İnsanların oksigensiz – 3 dəqiqə, susuz – 3 gün və yemək yemədən isə, 3 həftə yaşaması mümkündür.
Bu sözlərdən sonra sinifdə canlanma yarandı.
Banu ayağa qalxaraq:
-Müəllim, müstəsnalar mümkündürmü? – deyə soruşdu. -Fevral ayında Türkiyədə əsrin ən böyük faciəsi baş verdi. Minlərlə insan zəlzələnin qurbanı oldu. Hər gün dağıntılar altından cəsədlərlə yanaşı, sağ qalmış adamları çıxarırdılar.
Atilla söhbətə qarışdı:
-Müəllim, zəlzələdən 5 gün, daha doğrusu, 128 saatdan sonra ölümün pəncəsindən 2 aylıq körpə azad edildi. Mətbuat, internet saytları, radio və televiziya, radio bu barədə məlumat verdi.
Müəllim:
-Elədir, mənin də xəbərim var.
Atilla:
– Belə çıxır ki, “insan oksigensiz, – 3 dəqiqə, susuz – 3 gün və yemək yemədən isə, 3 həftə yaşaya bilər” fikri şərtidir. Heç də özünü doğrultmur. Deməli, bəşər övladının oksigensiz, susuz və yemək yemədən 5 gün də yaşaması mümkündür.
Müəllim başı ilə təsdiq elədi, Banu ilə Atillanın, digər şagirdlərin məntiqinə heyran oldu. Bir də doğru sözə nə demək olardı?
Lakin bununla belə məsələyə aydınlıq gətirdi:
-Yeməksiz, susuz yəqin mümkündür. Amma oksigensiz, havasız çox çətindir. Gəlin nəzərə alaq ki, dağıntılar zamanı bəzən daşların, beton təbəqələrinin aralarda boşluqlar qalır, o boşluqlarda, təbii ki, hava olub, havasız körpə boğulardı. Deməli, nəfəs ala bilib.
Bu dəfə şagirdlər başları ilə təsdiq edib müəllimin fikri ilə razılaşdıqlarını bildirdilər.
Bakı şəhəri, 14 fevral 2023-cü il
Yazıya 44 dəfə baxılıb