Ramiz Göyüş – Nəvai Metinin “Kənd dedin…” şeiri haqqında düşüncələr

WhatsApp Image 2023-02-14 at 17.41.08Bu günlərdə sosilal şəbəkədə çağdaş poeziyamızın dəyərli namayəndəsi İbrahim İlyaslının təqdimatında tanınmış rəssam Nəvai Metinin “ Kənd dedin…” adlı şeirini oxudum. Sonradan həmin şeirə çəkilmiş və “Youtube”da yayımlanmış klipə baxdım. Şeir məni özünə çəkdi və ürəyimdən şeir haqqında fikirlərimi bölüşmək keçdi…

Nəvai Metini uzun illərdir professional rəssam kimi tanıyıram. Sənət aləmində öz sözünü demiş, əsasən improsionist rəssam kimi  tanınan, Nəvai Metin öz əsərlərini rəssamlığın bütün janrlarında yaradır. Onun portretlərinin, peyzajlarının, etüdlərinin, natürmortlarıının hər biri ciddi müzakirə mövzusudur. İstər yağlı boya, istər akvarel, istərsə də qrafika-  nə ilə işləyir, işləsin onun əsərlər canlıdır, seyriçiləri düşündürə, sirayət edə bilir, onlarla ünsiyyətə girə, danışa və heyrət qaışıq ovqat yarada bilir. İmprosianist rəssam kimi, Nəvai üçün əsas məsələ işıqdır. İşıq onun üçün əsas faktor, əsas amildir. Bəlkə elə ona görə də Nəvai Metin əsərləri kimi özü də, sözündə, söhbətində, davranışında  ətrafına, insanlara işıq, ziya saçır,onunla ünsiyyət pozitiv ovqat yaradır. Xeyirxahlıq, yarınmaq, dövlət, millət, xalq, türkçülük, turançılıq onun içində, əməlində, fəaliyyətindədir. Təsadüfi deyil ki,  o, həm də Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi və Rəsm Komitəsinin başqanı kimi Azərbaycan mədəniyyətinin, eləcə də türk dünyasının sənət incilərinin dünyada tanıdılmasında və təbliğində təqdirəlayiq işlər görür.

Nəvai Metini yaxından tanıyanlar onun poeziyaya, musiqiyə, xüsusilə aşıq musiqisinə, folklorumuza sonsuz məhəbbəti olduğunu bilirlər. Onun hətta şeir yazması, sazda aışq havalarını ifa etməsi, pəsdən oxuması barədə mənim də məlumatlarım var idi. Lakin heç zaman onun ciddi şeir müəllifi olmağı barədə bilgilərim yox idi. “Kənd dedin…” şeirini oxuduqdan sonra mən də Nəvai Metinin “Yaxşı şeir yazmaq üçün heç də şair olmaq lazım deyil” fikri ilə razılaşmayaraq, bu qənaətdə oldum ki, özünü şair hesab edən hər kəs də yaxşı şeir yaza bilməz. Və  dostum, şair İbrahim İlyaslı demiş- ”Mən bu şeirdə o cilvəni görür,  duyğuların qanadlarının  çırpıntısını eşidirəm” fikri ilə razılaşmaq zorunda qaldım.

Doğrusu Nəvainin şairliyi məni o qədər də təəccübləndirmədi. Onun mənsub olduğu Qazağın İncə Dərəsinin  Azərbaycanın söz və saz sənətinə verdiyi körkəmli sənətkarları saymaqla bitməz və bu məkanın insanları ilə yaxın tanışlığım deməyə imkan verir ki, üç kəndi-Kəmərli, Aslanbəyli və Qaymaqlını birləşdirən bu Dərədə az qala hər evdə bir söz və saz adamı var. Eyni zamanda həm də, “Üç rəssamın anasıdır İncə Dərəsi, Biri Məmməd biri Qafar, bir də Nəvai” deyən Məmməd İlqarın qəhrəmanlarının hər biri rəssam olmaqla yanaşı, həm də söz adamlarıdır. Sənət aləmində yaxşı  tanınan, qeyri-adi istedad sahibi, indi haqq dünyasına qovuşmuş Məmməd Dəmirçioğlu rəssam, heykəltəraş, tərtibatçı-dizayner olmaqla yanaşı, həm də qüdrətli bir söz adamı idi. Rəssam Qafar Sarıvəllinin rəssamlığı ilə yanaşı həm də sözə və saza böyük məhəbbəti var. Bu baxımdan Nəvai Metin də istisna deyil.

Yaradıcılıq Nəvai Metinin  tale qismətidir. O, nə yaratsa məhəbbətlə yaradır.  Bu mənada onun indi haqqında danışmaq istədiyim “Kənd dedin…” şeiri də marqalıdır. Şeiri oxuduqca mənə elə gəldi ki, o, bu şeiri elə özünü dərk etdiyi gündən iç dünyasında yetişdirirmiş və bu vulkanın püskürmısi,  dostu  Sakitin bir sözünə bənd imiş. Son dərəcə səmimi və oxunaqlı, yaddaşa və qulağa yatandır. Oxuduqca, oxumaq istəyirsən, oxuduqca xatirələr dil açır. Yaddaş dilə gəlir, hadisələr kino lenti kimi gözlərinin qabağından keçir.

Təmiz, saf dövrüydü o zaman dünyanın. Təbiət də, cəmiyyət də,  zaman da, İnsanlar da saf idi. Riyadan,  kindən, küdurətdən uzaq idi. Şair Nüsrət Kəsəmənli demiş, onda hələ “saçlılar keçəli aldada bilmirdi”, “qarğalar tülküyə aldanmırdı”:

Kənd dedin, o vaxtlar yadıma düşdü,

Gözümün önünə gəldi o çağlar.

Təmiz vaxtlarıydı onda dünyanın,

Gül-çiçək açardı baxçalar-bağlar.

 

Şeir sənə bənd-bənd, sətir-sətir nağıl, əfsanə, dastan danışır. Lakin bu nağıllar, əfsanələr, dastanlar canlıdır. Sənin iç dünyana təsir edir, uzaqlara- qərinələrin arxasında qalmış xatirələrə aparır:

O vaxt başqa idi ayın özü də,

Əlini uzatsan, əlin çatardı.

O vaxtkı ulduzlar mənim gözümdə,

Elə bil durnaydı, qatar-qatardı.

WhatsApp Image 2023-02-14 at 17.41.45Xatirələr bir deyil, beş deyil, onlarla, yüzlərlədir. Əgər şeirin hər bir oxucuda oyatdığı xatirələri onların sayına vursaq minlərlə xatirələr əmələ gələr… Məhz şeirin, həm də onun müəllifinin gücü, qüdrəti də ondadır ki, bunu bacarıb. Yadımdadır! Orta məktəbdə oxuyanda sinifimizdə əlaçı, həm də davranışı, əxlaqı, təbiəti və gözəlliyi ilə digərlərindən fərqlənən bir qız vardı.  Az qala məktəbdə özünə güvənən oğlanların əksəriyyəti o qıza vurulmuşdu. Onlar, bir çox hallarda heç həmin qızın xəbəri olmadan bir-biri ilə savaşırdılar. Və qəribədir ki, o qız həmin dövrdə, onun uğrunda savaşanların heç birinə qismət olmadı. Şeiri oxuyanda birdən mənə elə gəldi ki, Nəvai Mətin həmin olayı qələmə alıb:

Məktəb illərini andım yenə də,

Məni ağuşuna aldı xəyallar.

Qız-oğlan bir yerdə dərs oxuyardı,

Müəllim görəndə qızarardılar.

 

Əlaçı qız vardı biznən oxuyan,

Oğlanlar onunçün yarışardılar.

Sinifdə o qıznan oturmaq üçün,

Böyük tənəfüsdə savaşardılar.

 

Şeirdə etnoyaddaş, xalqın adət ənənəsi, Novruz bayramı, bayram atribut, adət və ənənələrinin uşaqlarda yaratdığı ovqat şeirdə təbii, olduğu kimi və canlı çalarlarla təqdim edilir:

Elə ki, Novruzun sədası gəldi,

Hamı sevinərdi bir ay qabaqdan.

Çərşənbə tonqalı yandırmaq üçün,

Hazırlıq görərdik durub obaşdan.

 

Saca köz salardı şirin nənələr,

Bacada tüstülər yarışardılar,

Elə ki, kömbələr hazır olardı,

Nəvələr süfrəyə daraşardılar.

 

Ta qədimdən bu günümüzə qədər, şifahi xalq ədəbiyyatında, folklorunmuzda, aşıq poeziyasında, hətta milli kinomuzda , bulaq başı, çeşmə başı sevənlərin görüş yeri, sevgi, əhd-peyman bir sözlə məhəbbət məkanı olub. Gənc oğlanlar özlərinə qəlb sirdaşı, ömür-gün yoldaşı seçmək istəyəndə bulaq başına üz tutmuşlar. Qızlarımız öz gözaltılarını heç olmasa baxışları ilə süzmək üçün bulaq başına tələsmişlər. Bu mənada  Aşıq Ələsgər

Çərşənbə günündə çeşmə başında,

Gözüm bir alagöz xanıma düşdü… deyəndə,

 

WhatsApp Image 2023-02-14 at 17.39.51 Xalq şairi Zəlimxan Yaqub  ”Ay bulaq başına tələsən gözəl, Ağlımı başımdan al, yavaş yeri”- deyəndə, görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminli özünün məşhur romanını “Qızlar bulağı” adlandıranda da(bu səpkili misalların sayını çoxaltmaq da olar) bulaq, çeşmə ifadəsini təsadüfən işlətməmişlər. Bulaq, çeşmə sözləri istər klassik poeziyamızda, istərsə də ondan sonrakı dövrdə qutsal bir məkan kimi işlədilmişdir. Bulaq ifadəsi həm də xalqın bir mədəniyyət, əxlaq, sədaqət, etibar, əhd-peyman məkanı kimi təqdim edilmişdir. Nəvai Mətin də bu etno şeirində öz sələflərinin ənənəsini davam etdirir, həm də özünəməxsus, fərqli poetik   ifadə ilə:

 

Bulağın başına tək gedən gözəl,

Dönəndə qəlbində qoşa dönərdi.

Sanki  yeriməzdi qayıdanda o,
Havada uçardı-quşa dönərdi.

 

Şeir məzmun etibarı ilə iki hissədən ibarətdir. Birinci hissə oxucuda, onun iç dünyasında yığılıb qalmış, mürgüləyən xoş xatirələri oyadırsa, ikinci hissə bir qədər bədbin notlarla köklənmişdir. Hesab edirəm ki, xalqın min illərin süzgəcindən süzülüb gələn milli-mənəvi dəyərləri heç zaman tükənən deyil. Həmin dəyərlər zaman keçdikcə, elmi texniki proseslərin,  yad mədəniyyətin təsirinə nə qədər uğrasa da öz milli mahiyyətini, məzmununu, heç zaman dəyişməyəcək daim yaşayacaq və yaşadılacaqdır.

WhatsApp Image 2023-02-14 at 17.39.07Bir neçə kəlmə də Nəvai Metinin bu şeir üstə hazırladığı film-klip barədə fikirlərimi bölüşmək istədim.

Filmin texniki göstəricilərinə müdaxilə etmədən hesab edirəm ki, müəllif istəyinə və məqsədinə nail ola bilib. Filmin mətninə  daxil edilən şəkillər və videogörüntülər şeirin məzmununu uğurla tamamlayır. Əgər biz bura mətnin səsləndirilməsini də əlavə etsək onda, ümumuiyyətlə götürdükdə şeirin həm də

uğurlu bir ekran həllinin tapıldığını yəqin etmiş olarıq. Daha maraqlısı da odur ki, mətni səsləndirən müəllifin özüdür. Yəqin Nəvai Metin hesab edib ki, şeiri onun istədiyi kimi dinləyiciyə ancaq o çatdıra bilər. Və insafən desək yaxşı da alınıb.

Yekunda  qeyd edim ki, “Kənd dedin…” şeirinin məzmunu Nəvai Metinin həyatının uşaqlıq və yeniyetmə dövründəki yaşantılarının və yaddaışnda qalmış xatirələrin məcmusu, onun tərcümeyi-halının poetikləşmiş və ayrılmaz bir hissəsidir.

Mən Nəvai Metinin bu şeirini, mənbəyini milli-mənəvi dəyərlərimizdən, etnik yaddaşımızdan götürüb gur çaylara istiqamət almış saf sulu, billur bir çeşməyə bənzətdim.

Yazıya 49 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.