ŞİRVAN ŞƏHƏRİNİN 60 İLLİYİ QARŞISINDA
İnsanı Yer üzünün əşrəfi hesab edirlər. O, dünyadakı bütün canlılardan öz istedad və qabiliyyətinə, dərrakəsinə, təfəkkür və şüuruna görə fərqlənir və zirvələrdə durur. İnsanların dinc yanaşı yaşaması mümkündür. Fəqət insanlar heç də dinc durmur, bəzən bir-birinin qanına susayır, onların təmsil olduqları dövlətlər isə bir qədər də irəli gedərək, torpaqlar, ərazilər, sərvətlər ələ keçirmək üçün müharibələr törədirlər. Müharibələr isə, şəhərlərin, kəndlərin darmadağın olunması, xarabazara çevrilməsi, çoxsaylı insanların ölümü, şikəst olması ilə nəticələnir.
Dünya tarixində saya-hesaba gəlməyən müharibələr baş vermişdir. Onlardan biri də II dünya müharibəsi idi. Bu savaş 57 milyon insanın həyatına son qoymuşdu. Onlardan 27 milyonu keçmiş SSRİ-nin payına düşürdü.
1941-1945-ci ildə Hitler Almaniyasının SSRİ-yə hücumu nəticəsində keçmiş ittifaqda səfərbərlik elan edilmiş, Azərbaycan Respublikasından da haradasa 640 min nəfər oğlan və qız cəbhəyə yollanmışdı. Onların tən yarısı cəbhədən geri dönməmiş, həlak olmuşdur. Təkcə 1941-ci ilin axırlarında azərbaycanlılardan ibarət xalq qoşun dəstələrində 30 mindən çox qadın, qız döyüşürdü.
Budur müharibənin törətdikləri: evlər dağılmış, uşaqlar atasız, gəlinlər ərsiz, analar övladsız qalmışdır.
1941-ci ilin iyun ayının 22-si. Faşist Almaniyası Sovet İttifaqına qarşı müharibə elan etdi. Ölkədə ağır vəziyyət yaranmışdı. Hamının qanı qara idi.
Əli Bayramlı rayonunun (hazırda Şirvan şəhəri) keçmiş Şahverdi kəndi. Necə deyərlər, “Məmə yeyəndən pəpə deyənə kimi” hamı kənd sovetinin birmətəbəli binası qarşısına yığışmışdı. Dolanışıq çətin idi. Camaatı fikir-xəyal götürmüşdü. Bir-birlərinin üzünə yazıq-yazıq baxır, çiyinlərini çəkirdilər.
Anaların gözləri cavan övladlarına dikilmişdi. Onları müharibəyə göndərəcəkdilər. Geri qayıdacaqdılarmı? Bir Allah bilir. Bacılar, analar, gəlinlər göz yaşlarını sinələrinə tökürdülər. Lakin vəziyyət nə qədər ağır olsa da, vətəni müdafiə etmək lazım idi. Bu, hər bir şəxsin müqəddəs borcu idi. O zamanlar Azərbaycanımız SSRİ-nin tərkibində idi. SSRİ Azərbaycanla yanaşı bizim də vətənimiz sayılırdı.
Şahverdi kəndinin cavanları, əli silah tutan kişilər cəbhəyə yollanırdılar, arada “qara kağızlar” gəlir, həlak olanların ailələrində ağlaşma, şivən səsləri kəndi başına götürürdü.
1941-ci ilin dekabr ayında Ağabala kişinin qapısını da döydülər. Növbə Şirinə çatmışdı. Onu əsgərliyə çağırırdılar. Şirin tək deyildi. Kənddəki neçə-neçə gəncə çağırış vərəqəsi gəlmişdi. Hazırlıqlarını görüb kənd sovetinin binasına yığışdılar, oradan da rayon mərkəzinə yola düşdülər.
Şirin Şükürov 1910-cu il martın 21-də anadan olmuşdu. Onun doğumu Novruz bayramına təsadüf edirdi. İndi 31 yaşı vardı. Cəbhəyə gedənə qədər Əli Bayramlı rayonunun taxıl tədarükü idarəsində – fəhlə, dəmiryol stansiyasında – yol dəyişən fəhlə vəzifələrində çalışmışdı. Zəhmətkeş, nəcib keyfiyyətləri ilə seçilən, xeyirxah gənc idi. Düşmənə nifrət hissi ilə cəbhəyə yola düşürdü, alman faşist işğalçılarını ölkədən qovmaq uğrunda özünü oda-közə atmağa hazır idi.
Şirin özünü döyüş meydanında hiss edir, faşistlərlə vuruşur, ehtiyatı da əldən vermirdi. Bir də onda gördü ki, onu cəbhəyə yox, Tiflisə gətiriblər. Bu şəhərdən bir qədər kənardakı ehtiyat atıcı alayında hərbi hazırlıq keçməyə başladı. Təlimlər başa çatdıqdan sonra Krım cəbhəsinə göndərildi.
Beləliklə, o, artıq cəbhənin qaynar nöqtələrinin birində – Qafqazın müdafiəsində idi. Mazdok ətrafında qızğın döyüş gedirdi. Top atəşləri yeri-göyü lərzəyə salırdı. Hər iki tərəf – Sovet döyüşçüləri ilə alman əsgərləri qanlı müharibə meydanında üz-üzə qalmışdılar. Şirin topçu idi. Onun idarə etdiyi top düşmənin bağrını yarırdı. Top atəşlərinin nəticələri onu sevindirir, ruhlandırırdı. Birdən qolundan tutub yerə əyildi. Düşmən avtomatla onun qolunu yaralamışdı. Ağrıya dözmək olmurdu.
Şirin qolundan ağır yaralanmasına baxmayaraq, yenə topun arxasına keçdi. Lakin özünü yetirən şəfqət bacısı təkidlə onu döyüş meydanından uzaqlaşdırdı. İlk tibbi yardım göstərdi.
Şirin Şükürov bir müddət hərbi xəstəxanada müalicə aldı. Onun xidmətində olduğu hərbi hissə indi Rostov şəhəri yaxınlığında yerləşirdi. Müalicə başa çatdıqdan sonra o öz hərbi hissəsinə qayıtdı. Rostov və Voronej şəhərlərinin faşistlərdən müdafiəsində yaxından iştirak etdi. Şirin döyüşlərdə özünün çevikliyi, cəsurluğu, rəşadəti, qorxmamazlığı ilə fərqlənirdi.
Onların hərbi hissələri Kerç yarımadasının düşməndən azad olunması uğrunda döyüşlərə qatılmışdı. Əsgərlərimiz vətənpərvərlik nümunəsi göstərir, düşmənə ağır zərbələr vururdular. Şirin igidlik və qəhrəmanlıqda yoldaşlarından heç də geri qalmırdı. Nəhayət, Kerç faşistlərin işğalından azad olundu. Döyüşdə fərqlənənlər mükafatlandırıldı. Şirin Şükürov da “İgidliyə görə” medalı ilə təltif olundu.
1944-cü il idi. Müharibə başlanandan həmin ilə qədər Şirin Şükürovun cəbhədə çox uğurları olmuşdu. O, mahir topçu kimi tanınırdı. Bəziləri ona “düşmən bağrını yaran Şirin” deyir, kimisi də onu rus artilleriyasının atası Əliağa Şıxlinskiyə oxşadırdılar.
Şirin isə ona verilən yüksək qiymətdən məmnun olur, eyni zamanda çiyinlərini çəkərək: “Mən lazım olanı edirəm! Öz borcumu yerinə yetirirəm! Vətənə xidmət edirəm!!!” – deyirdi.
1944-cü il. Şiringilin hərbi hissəsinin 339-cu atıcı diviziyasının 1133-cü atıcı polku artıq Birinci Belarusiya cəbhəsində qərar tutmuşdu. Şirin Şükürov döyüşdən döyüşə hərbi səriştəliliyini, hərbi məharətini artırırdı. İndi onun sərəncamında dəzgahlı pulemyot vardı. Krım uğrunda müharibədə dəzgahlı pulemyot çox əhəmiyyətliydi. Şirin həmin pulemyotla düşmənə qan uddururdu.
1944-cü il. Polşanın faşistlərdən azad edilməsi uğrunda gərgin döyüşlər.
1945-ci il. Visladakı şanlı döyüşlər. Bu döyüşlərin hər birində Şirin Şükürovun öz hərbi dəsti-xətti vardı.
12 yanvar 1945-ci il. Şirin Şükürov vzvod komandiri idi. Onun rəhbərlik etdiyi döyüşçülər Vislada düşmənin müdafiə xəttini ilk dəfə yaranlar kimi yadda qaldılar. Sovet döyüşçüləri üstün mövqedə idilər. Lakin birdən vəziyyət dəyişdi. Düşmənin güclü, çoxsaylı və aramsız pulemyot atəşləri nəticəsində əsgərlərimi geri çəkilməyə məcbur oldular. Yalnız bir anlığa. Birdən Şirin Şükürov ayağa qalxaraq: “Yoldaşlar, irəli!” deyib, döyüşçüləri mübarizəyə, irəli getməyə çağırdı.
Şirin Şükürovun vzvodundakı əsgərlər qranatların və avtomat güllələrinin köməyilə düşməni lərzəyə salaraq, irəliləməkdə idi. Onun öz avtomatı da susmaq bilmirdi. Fəqət birdən başından və ayağından yara aldı. Bu onu dilxor etsə də, əl saxlamadı. 3 cərgə faşist dəstəsinin axırına çıxdı.
Döyüşdə qələbə qazanıldı.
1945-ci il fevralın 27-də SSRİ Ali Sovetinin qərarı ilə Şirin Ağabala oğlu Şükürova Vislada göstərdiyi rəşadətə, igidlik və qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi.
İkinci dünya müharibəsi başa çatandan sonra Şirin Şükürov Əli Bayramlı rayonuna (hazırda Şirvan şəhəri) qayıtdı, dinc quruculuq işləri ilə məşğul oldu. 1987-ci il sentyabrın 27-də haqq dünyasına qovuşdu.
Şirin Ağabala oğlu Şükürov xalqımızın, Əli Bayramlıların fəxridir. Belə insanlar tarixdə, hafizələrdə daim yaşayır!!!
Allah rəhmət eləsin!!!
Yazıya 61 dəfə baxılıb