“Sevənlərindir dünya” – məzhəkə kimi məzhəkə

p4ExJpFdK7iZoZyrYol5SOonnYWSRdGFbM6eZB1h26 yanvar 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan ikihissəli məzhəkəyə tamaşa etdim.

İlk səhnədən anladım ki, əsər azərbaycanlı gənclə özbək qızının sevgisindən bəhs edəcək. Sonra fondakı Türk Dünyası bayraqlarını görüb, Türk Dünyası ölkələrinin Bakıda keçirilən konqrensinin adını eşidib, məsələnin daha böyük idealara – Turançılığa həsr edildiyini düşünərək, çox sevindim. Əsərin qəhrəmanlarının geyimləri 60-70-ci illəri xatırladırdı. Bir az çaş-baş qaldım, Sovet dönəmi hara, Türk Dünyası ölkələrinin Bakıdakı konqrensi hara? Birdən-birə səhnədə peyda olan smartfon telefonlardan məlum oldu ki, hadisələr son dövrlərdə vaqe olub. Və səhnə dəyişdi, özbək üslubunda pərdəli, dekorlu ev ortaya çıxdı. Düşündüm ki, bu ev Bakıda konqresdə olan özbək qızı Müyəssərin Özbəkistandakı evidir. Amma ki, səhnəyə azərbaycanlı oğlanın ata-anası gəldi, həm də 90-cı illərin geyimində. Uzun-uzadı, çox yorucu və gərəksiz dialodan sonra anladım ki, ata özbək qızıyla oğlunun evlənməsinə razı deyil, o, oğluna varlı məmur qızı axtarır. Sevindim ki, tamaşanın ən maraqlı yeri – konfliktlər başlayır. Həm də qız evi də narazılıq edirdi, qızı başqasına veriblərmiş. Nə oldu, nə olmadısa oğlanın da, qızın da atası kirmişcə bu evliliyə razı oldu. Əvvəl Turançılıq fikrimdən, sonra isə konflikt arzumdan vaz keçərək, yorucu səhnələrin tamaşasına davam etdim. Ailə-məişət zəmininə enən, həm də müasir dövrümüzlə ayaqlaşmayan kiçik məsələlər daha da qabarmağa başladı – sən demə, qonşudakı qalıq qız özbək qızını sevən Şərifə aşıq imiş. İş o yerə çatdı ki, tamaşanın ən həlledici məsələsi bu qızın üzərinə düşdü, qız toya “dava” saldı və nəticədə, özünə ər qamarladı. Yox, sevdiyi oğlanı deyil, toyda rastlaşdığı bir özbəyi…

Toyda bir piyan “Daşkənddə toydayam” dedi, əvvəl elə bildim, Daşkənddə qız toyudur. Sonra məlum oldu ki, toy Bakıdaymış. Yenə də çaş-baş qaldım… Azərbaycanlı oğlan bəy təxtində özbək paltarında əyləşmişdi. Olsun, Azərbaycan-Özbəkistan dostluğuna yox demirəm, bir ailənin, bir nəslin, bir obanın, bir xalqın təməlinin qurulduğu gün öz adətimin kənarda qalmasına, azərbaycanlı bəyin özbəyə “ərə” getməsinə könlüm razı olmadı. Çox primitiv toy səhnəsində müqəddəs “Quran”ımız da ələ salındı. Toyun avara tomadası mollalıq edib, “Quran” “oxumağa” başladı…

Bir məsələni də deyim, evin kişisi özünü pis hiss etdi və təciliyardım çağırdılar. Həkim səhnəyə axsaya-axsaya, fiziki qüsurla daxil oldu. Bu səhnə gülüş yaratmaqdan çox fiziki qüsurlulara lağ etmək idi. Həkim otağa – xəstənin yanına keçdi, arxasınca tibb bacısı. Otaqda nə oldu, nə olmadısa, həkim sappasağlam şəkildə geri döndü. Bu səhnədə səhiyyəmizdəki qüsurlar ifşa olunmaq əvəzinə, səhiyyədə xidmət edən bütün həkimlər və tibb bacıları lağ obyektinə çevrildi.

Nə isə, heyif orada keçirdiyim üç saatıma! O qədər vaxta redaktə etdiyim kitabı başa çatdırardım…

Ora ayrılan pullara, o gözəl binaya, o gözəl şəraitə, istiliyə… və s. çox heyfim gəldi.

Xatırladım ki, tamaşanın  quruluşçu rejissoru Elməddin Dadaşov, səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır. Əsas rollarda Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, digər aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Eleanora Abbasova, Murad Əliyev və Cəbrayıl Cəbrayılov çıxış edirdilər.

Mən dünən həqiqətən məzhəkəylə rastlaşmışdım – “Sevənlərindir dünya” adlı məzhəkənin məzhəkəsiylə…

Sonda Azərbaycan dramaturgiyasının inkişafdan qalmasında əməyi olanlardan bir ricam var, adamlar, gənclərə yol verin, lütfən! Sizin kiflənmiş əsərləriniz bu günümüzlə ayaqlaşmır. Etməyin! Eləməyin!

16874151633467244736_1200x630 16874151634220048510_1200x630 16874151636522845390_1200x630

 

İradə Aytel

Yazıya 27 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.