Ramiz Hümmətovun ölüm xəbərini alanda xəstə yatağında idim. Ayağa durmaq, dost harayına qaçmaq istədim, ayaqlarım sözümə baxmadı. Amansız xəstəlik qarşımı elə kəsdi ki, hənirim kəsildi sandım…
Ramiz hələ gənc idi. Onun o böyük ürəyində çox arzuları, istəkləri bağlı, bükülü qaldı…
Sonra yas mərasiminə – hüzürünə tələsdim… Ürəyim tələsdi, ürəyim can atdı, ayaqlarımsa yenə də mənə qənim kəsildi, sözümə baxmadı… Yasına da gedə bilmədim Ramizin. Ürəyimlə getdim, Ramizə pıçıldadığım xoş sözlərim, dualarımla getdim… Sonra eşitdim ki, Ramizin mərasiminə mən gedə bilməsəm də, sözüm gedib, şeirim gedib. Dostumuz Ağalar Bayram Ramizin bütün məclislərdə səsləndirdiyi “Cəmi bir dəfə…“ şeirimi mərhumun ruhuna pıçıldayıb. Bir az təsəlli tapdım ki, Ramizin son məclisində mənim də ürək döyüntülərim eşidilib…
Ramizi uzun illərdir tanıyıram. Ramiz şairdən şair, yazıçıdan yazıçı, dostdan dost, yoldaşdan yoldaş olan insan idi. Ramiz ayrı oğul idi. İnanmıram ki, Ramizi sevməyən bircə adam tapılsın. O bizim ayrıcanlı eloğlumuz, həqiqi dostumuz idi…
Ramiz ədəbiyyatı, sazı-sözü hamıdan yaxşı bilirdi. Ramizin sinəsi şeir boxçası idi. Azərbaycan ədəbiyyatındakı ən gözəl, ən seçmə şeirləri Ramiz əzbərdən bilir və özünəməxsus bir tərzdə saz-söz məclislərində səsləndirirdi. Bir də görürdün ki, sənin elə bir şeirini səsləndirir ki, ayağının altından yer qaçırdı. Heyran qalırdın ki, bu şeiri mən özüm unutmuşam hətta, bu şeirdən heç mənim xəbərim yoxdur, Ramiz bunu necə saxlayıb yadında?..
Mənim ata evimin qapısı həmişə hər kəsin üzünə açıq olub. Orda heç kim olmasa da, ağaclar, quşlar, güllər, çiçəklər qoruyub ev-eşiyi. Həyətimdəki güllərin bir-birinə naz etdiyi, “meyvələrin bəhsə girdiyi” yay ayları idi. Özüm qürbətdə həkim nəzarətində olsam da, fikrim-zikrim Əsrikdə, həyətimdə dolaşırdı. Telefonuma bildiriş gəldi. Açdım, İradə Aytel “Facebookda” foto paylaşmışdı, bağımdakı səssizlikdən bezib, hasardan sallanaraq yollara boylanan alma ağacının budaqları və Ramizin əlində tutduğu almalar… Fotonun altına belə yazılmışdı: “Şair, Ramiz müəllim almanızı oğurladı, halallıq verin!” Yazdım ki, “Halalınız olsun! Çəkdiyiniz budağın fotosundan göründüyü kimi, almamdan yeyən çox olub, halallığı isə siz istəyirsiniz. Bizim bağın torpağındandı, iqlimindəndi, ya nədirsə almalar daş-qaya, qumsal bilmir, özbaşlarına bitir və meyvələrinin ləzzətindən doymaq olmur. Barını nuş etdiyiniz alma ağacı da dediklərimin son örnəyidir”.
Ramiz, çox arzu etdim ki, o almalar yetişəndə bir də gələsən o bağa. O almaları bir də vədəsində dadasan. Heyif, qismət olmadı… Mənim yolumu qürbət xəstəxanaları, sənin yolunu əbədi ayrılıq kəsdi…
Dostum, məkanın nurlu, işıqlı olsun! Mənim şeirlərimi çox sevirdin. Bütün məclislərdə sevə-sevə səsləndirirdin. “Ağacdələn” ən çox sevdiyin şeirlərimdən idi. Bu gün bu şeiri sənin ruhuna pıçıldayıram. Bilirəm ki, sevə-sevə dinləyəcəksən…
Yol azmısan bu payızın çәnindә
Ağacdәlәn, ağlın azıb sәnin dә,
Dәn gәzirsәn saçlarımın dәnindә
Atamoğlu, az qapımı döy görüm.
Bu cığırı bu qara kim bürüyüb?
Burda kimin yanan qәlbi kiriyib?
Hәyәtini qara yellәr kürüyüb
Başımıza nәlәr gәlir qoy görüm.
Haçanacan gözlәmәyә gәlmisәn?
Yoxsa mәnә söz demәyә gәlmisәn?
Ya borcunu istәmәyә gәlmisәn?-
Öz dilindә ünvanımı söy görüm.
Mәn dünyaya ata, ana borcuyam,
Ünvanım var, bu ünvana borcluyam.
Bir canım var, bircә cana borcluyam,
Özgә nәyә, taraq-taraq say görüm.
Bulaq kimi batan bәxti açılmaz,
Hәr iğidin atam, bәxti açılmaz…
Hәlә yatır, yatan bәxtim açılmaz,
Yatmışların yuxusuna qıy görüm.
Eldәn ayrı ömür olmaz, gün olmaz,
Eli sevәn ürәklәrdә kin olmaz.
Nәdәn Araz arzularım çin olmaz
Haçanacan yuxularda çay görüm?
Avand işim nәhsә düşüb deyәsәn,
Vaxt mәnimlә bәhsә düşüb deyәsәn.
Qulaqlarım sәsә düşüb deyәsәn,
Şimşәk çaxsın, guruldasın göy görüm.
Yavaş-yavaş çürümәdә taxda, bax.
O taxtada ovxam olan vaxda bax.
İnad olub nә döyürsәn baxda-baxt,-
Açılmayan düyünlәri duy görüm.
Elә yanır döyüşlәrin yanğısı
Nә tәsәlli söndürәcәk, nә dә su.
Mәnim qapım Yer üzünün qapısı
Ağacdәlәn, döy qapımı, döy görüm,
Başımıza nәlәr gәlir goy görüm…
Yazıya 85 dəfə baxılıb