Tofiqlə Tahir polis nəfəri idilər. Əvvəllər tanış deyildilər. İş başında bir-birini tanımışdılar. Hava limanında işləyirdilər. İş-peşələri asayişin qorunması idi, amma hərdən ona-buna təyyarə ilə yola düşməkdə vasitəçilik edirdilər. Bileti olmayanlara yer düzəldirdilər. Onda bir az qabağa düşürdülər.
Bayaqdan gözləri bir nəfərin üzərində cəmləşmişdi. Həmin adam vurnuxurdu. Görünür, hara isə, getməyə tələsir, istədiyi reysə bilet tapmırdı.
Tofiqlə Tahir artıq bu sahədə ustalaşmışdılar. Belə adamlar diqqətlərindən kənarda qalmırdı. Onlara yanaşır, dərd-sərlərini öyrənirdilər. Mümkün idisə, dərhal kömək əllərini uzadırdılar. “Əl əli yuyar, əl də üzü” prinsipi ilə. Təbii ki, iş düzəldən də razı qalırdı, işi düzələn də.
Tahir yaxınlaşdı:
-Ay yoldaş, nə olub? Yaman narahatsan. Bir problem var?
Cəfər polis nəfərlərini görüb özünü yığışdırdı:
-Nə problem? Problem-filan yoxdur. Sankt-Peterburqa uçmalıyam. Bilet növbəti reysədir. Mənə indiki reys lazımdır. Sankt-Peterburqda işgüzar görüşüm var. Çatmalıyam.
Bu dəfə Tofiq dilləndi:
-Bəs deyirsən problem-filan yoxdur. Bundan böyük problem?
Cəfər elə bil yatmışdı, ayıldı:
-Kömək edə bilərsiniz? Əl əli…
Tahir onun sözünü kəsdi:
-Arif adama oxşayırsan. Gözlə, görək nə edə bilərik. Təyyarə qalxmaq üzrədir. Kaş bəxtin gətirə trapı qaldırmayalar.
Tofiq qaçaraq getdi. Az sonra qayıdaraq:
-Tələs, – dedi. -Stüardesslə danışdım. Səni tapşırdım Səni yerləşdirəcək. Amma ona hörmət edərsən.
-Yaxşı.
Tahir əlini irəli uzatdı:
-Bizim nəzirimizi də ver. Nahar etməliyik.
Cəfər pulu onun ovcuna basdı. O, təyyarəyə sarı, Tofiqlə Tahir də hava limanının bufetinə sarı getdilər.
…Təyyarə artıq havada idi. Cəfər üçün təyyarədə yer ayırmışdılar. Amma stuardessa narazı qalmışdı. Qadın istəyən pulu Cəfər ona verməmişdi. Puldan kəsmişdi.
Təyyarə Sankt-Peterburqa yaxınlaşırdı. Cəfərin kefi kök idi. Bəxti gətirmiş, özünü deyilən vaxtda şəhərə çatdıracaq, az sonra yoldaşlarla görüşə biləcəkdi.
Bu yerdə deyirlər: “Sən saydığını say, gör fələk nə sayır”.
Fələk doğrudan da sayıbmış. Elan olundu ki, Sankt-Peterburqa möhkəm qar yağıb. Hər tərəf, o cümlədən də hava limanı qatı dumana bürünüb. Təyyarəni qəbul etmək mümkün deyil. Cəfərin kürkünə birdən-birə sanki birə daraşdı: “İşə bir bax”.
Yeri-yerdən:
-İndi necə olacaq?
Xəbər verildi:
-Təyyarə geriyə – Bakıya qayıdır.
Hamı dilxor idi. Cəfər: “Doğru deyirlər ki, Allahın işinə qarışmaq olmaz. Mən qarışdım. Uçmağım məsləhət deyildi. Zor-bəla ilə uçdum. Axırda geri qaytarıldım. Arada bir ətək pulum getdi.
Birdən öz-özünə fikirləşdi: “Bu, stüardessanın işi olacaq. Pulunu kəsdiyim üçün təyyarəni geri qaytarır. Mənə görə bu qədər insan əziyyət çəkəcək”.
Cəfər tez stüardessanın yanına getdi. Əlində bir topa pul tutmuşdu. Stüardessa onu görüb üzünü çevirdi. Cəfər əl çəkmədi:
-Səni incitmişəm. Məni bağışla. Nə qədər istəyirsənsə pul götür, amma təyyarəni geriyə – Bakıya qaytarma.
Stüardessanın matı-mutu qurumuşdu. Cəfər pulu irəli uzatdı. Stüardessa onun əlini geri itələdi:
-Nə danışırsan?
Cəfər əl çəkmək bilmirdi:
-Mənə görə bu qədər adamı incitmə. Təyyarəni geri döndər, gedək çataq Sankt-Peterburqa. İşimiz-gücümüz var.
Stüardessa hirsləndi:
-Nə danışdığını bilirsən? Ağlın yerindədir? Burada mənlik iş yoxdur. Axı elan olundu ki, Sankt-Peterburqa möhkəm qar yağıb. Hava limanı qatı dumana bürünüb. Təyyarəni qəbul etmirlər.
Onun bu sözlərindən sonra Səfər əsl həqiqəti başa düşdü. Bildi ki, həqiqətən burada stüardessanın günahı yoxdur.
Təyyarə Bakıya səmt götürmüşdü. Nəhayət, hava limanına endi. Sərnişinlər deyinə-deyinə təyyarəni tərk etdilər. Cəfər özündə-sözündə deyildi. İt də getmişdi, ip də. Axtarıb Tahirlə Tofiqi tapdı. Polis nəfərlərinin hadisədən xəbərləri vardı, amma özlərini bixəbər göstərdilər:
– Oğulsan maşallah! Sankt-Peterburqa nə tez gedib-qayıtdın?!
Cəfər deyindi:
-Nə maşallah, nə inşallah?! Sankt-Peterburqu havadan gördüm. Duman olduğundan təyyarə enə bilmədi, biz də Bakıya döndük.
Tahir yalandan təəssüf etdi:
-Ay nə pis olub.
-Mənə elə gəlir ki, bu, stüardessanın kələyi idi. Məncə, toru o qurdu.
Tofiq:
-Necə yəni tor qurdu? – deyə xəbər aldı. -Nə tor?
Cəfər aydınlaşdırdı:
-Bilirsiniz, onun pulundan kəsmişdim, o da acığa belə elədi.
Cəfər bir anlığa susdu, sonra sözünə davam etdi:
-Hə yoldaşlar, mən axır ki, Sankt-Peterburqa gedə, yoldaşlarla görüşə bilmədim. İndi zəhmət olmasa, mənim pulumu qaytarın. Stüardessdən də pulumu aldım.
Polis nəfərləri bir-birlərinə baxdılar. Tahir dedi:
-Cəfərsən, Səfərsən bilmirəm. Bizə 5-10 manat pul vermisən. Gedib nahar etmişik. Pul var ki, sənə qaytaraq. Çoxdan başına daş salmışıq. Ayıbdır onu da geri alırsan. Adın var, sanın var. Bizim günahımız var ki, Sankt-Peterburqa qar yağıb.
Cəfər dinmədi, bundan istifadə edən Tofiq dilləndi:
-Stüardessa səndən narazı qalıb. Bunu hava limanının rəisinə deyəcək. Sənin ucbatından, xəsisliyindən təyyarə Bakıya qayıdıb. Benzin pulunu səndən ala bilərlər. Buradan Sankt-Peterburqa, Sankt-Peterburqan Bakıya benzin bir çamadan pul edir.
Nə qədər ki, bezinin pulunu səndən istəməyiblər çıx aradan.
Cəfər əl-ayağa düşdü:
-Həə, düz deyirsiniz. Mən aradan çıxdım. Birdən sizdən soruşsalar, məni görməmisiniz.
Şirvan şəhəri, 17.02.2024-cü il
Yazıya 39 dəfə baxılıb