“Şagirdlər müəllimin ən kiçik hərəkətini gördükdə belə, şantajı seçir, “videonu nazirliyə göndərəcəyik” – deyirlər
156 №li tam orta məktəbdə baş verən hadisədə toplum məktəb direktorunu və müəllimləri suçladı. Amma mənim düşüncəmə görə, tərbiyə ilk olaraq uşağın doğulub boya-başa çatdığı ailədən başlayır. Bəs ailənin aparıcı qüvvəsi olan valideynlərin hamısı normal insan yetişdirməyi bacarırmı? Təbii ki, yox! Ailə başçıları və ya onlardan biri normal təhsillidirsə, normal da uşaq tərbiyə edə bilir (əlbəttə, istisnalar var). Ali təhsili qoyaq bir kənara, ailələrin neçə faizini ümumi orta, tam orta təhsilli valideynlər təşkil edir? Statistikaya nəzər salsaq, bu göstərici könülaçan olmayacaq. Və bu statistikanın nəticəsi məhz 156 №li məktəbdə baş verən hadisənin oxşarı olacaqdır.
Tərbiyəyə təsir edən ikinci əsas amil məktəbdir. Əgər bu hadisə hər hansı bir müəllinin gözü önündə olsaydı belə, yenə də müəllim istədiyi təpkini verə bilməyəcəkdi. Çünki təhsilimizdəki son qanunlar buna yol vermir. Bizim şagirdə nəinki barmağımızın ucuyla toxunmağa, heç ucadan söz də deməyə ixtiyarımız yoxdur. Dövlətin ən ali qüvvəsi olan qanun qarşısında “nə etmişəm yaxşı etmişəm, vecimə də deyil” deyən şagird müəlliminə hörmət edərmi? Valideyinlər müəllimə hücum çəkirlər ki, müəllimin ixtiyarı yoxdur uşağa ucadan dinməyə, bir sillə vurmağa. Bugünkü şagirdlər də bu haqqlarından sui-istifadə edirlər. Hərəsinin əlində bir telefon, müəllimin ən kiçik hərəkətini gördükdə belə, şantajı seçir, “videonu nazirliyə göndərəcəyik” – deyirlər.
Tərbiyəyə təsir edən üçüncü əsas amil mühitdir. Mühitimizin çox hissəsini yenə təhsilsiz kütlə təşkil edir. Mühitə təsir edən əsas amil isə sosial şəbəkədir. Əgər mühitimizin təhsilsiz təbəqəsi bütün bu problemlərlə baş edə bilmirsə, nədən bunu bacaran müəllimlərin ixtiyarları bu qədər əllərindən alındı? Niyə gələcək nəsli yetişdirən müəllimin ixtiyarı çatmır ki, şagirdlərini öz evindəki övladları kimi tərbiyə etsin? Hər bir halda ali təhsilli müəllim şagirdi tənqid, tənbeh etməyin qaydasını, qədərini bilir. Şagirdin qulağını çəkmək dəhşət deyil, əsl dəhşət onların başını sığallaya-sığallaya gələcək nəsli uçurumua aparmaqdır.
Yazıya 105 dəfə baxılıb