AKİF ABBASOV – BƏS BİZƏ DEYİRSİNİZ…

AKİF 100(hekayə)

         Zeynal  həyat yoldaşı  Lətifəni xəstəxanadan çıxarıb evə gətirdi. Lətifə xeyli vaxt idi  xəstə düşmüşdü. Zeynal daha həkim qalmamışdı onu göstərməsin. Hərəsi öz bildiyi dərmanı yazıb verir: “Bu həbləri qəbul etsən, ağrı-acın keçib gedəcək”, – deyirdi, fəqət ağrı-acı yüngülləşmək əvəzinə bir az da artırdı.  Zeynal da bunu görüb həkimlərin arxasınca asıb-kəsir: “Bu məmləkətdə düz əməlli-başlı həkim tapılmır ki, arvadın dərdinə əlac eləsin”, – deyirdi.

Zeynal axır ki, soraqlaşıb yaxşı bir həkim tapdı. O, Türkiyədə  Gülhanədə təcrübədə olmuş  uzman həkimlərdən biri idi. Lətifə əməliyyata götürüldü. Əməliyyat uğurlu keçdi. Zeynal dərindən nəfəs alıb öz-özünə: “Şükür. Yox, vallah, uzağa getmədim,  özümüzdə yaxşı həkimlər  varmış!” – dedi.

İndi Lətifə evdə idi. Qızları başına fırfıra kimi fırlanır, qayğısına qalırdılar. Əməliyyatdan sonra bütün ağrı-acıları ötüb keçmişdi.

Zeynal özünü bazara verdi. Yaxşı bazarlıq edib Elcan həkimin evinə yollandı. Elcan həkim dil-ağız elədi:

-Ay Zeynal qardaş, bu nə xəcalətdir verirsən bizə?!

-Halal xoşun olsun, həkim.

Elcan həkim evdə tək idi. Bundan istifadə edən Zeynal iri səbətdəki qida məhsullarını bir-bir çıxararaq  tərifləməyə başladı:

-Bax bu, Gəncə qaymağı, bu da Kəlbəcər balıdır. Pendir Bərdənin, nehrə yağı İsmayıllınn, süzmə ilə  kəsmək yenə Gəncənindir.

Bu hindquşu əti, bu da kənd toyuqlarıdır. Yumurtalar da kənd yumurtalsıdır.   Hamısı təptəzədir. Bu da Neftçaladan gələn ağ balıq, bu yarımkiloluq bankadakı da qara kürüdür.

Elcan həkim bazarlıqdan razı qalmışdı. Zeynal bazarı daşıyıb onun evinə gətirmişdi. Ona deməyə daha söz tapmırdı. Bilmirdi minnətdarlığını necə eləsin:

-Zeynal, qardaş, həqiqi sözümdür, əziyyət çəkmisən.

-Ay həkim, sən bilmirsən, bizə necə yaxşılıq eləmisən. Həkimlərin, xəstəxanaların qapılarında qalmışdıq.  Sağ ol ki, xanımı əziyyətdən, xəstəlikdən qurtardın. … Hə,  həkim, bu da təzə mal ətidir… Bir saat var, kəsilib. Dayanıb gözləmişəm ki, qəssab işini qurtarsın ki, əti götürüm…

Elcan dinmədi. Amma nə isə sözlü adama oxşayırdı. Zeynal:

-Həqiqi sözümdür, həkim, dananı yerə yıxan kimi, qəssabın başının üstünü kəsdirdim. İsti-isti əti götürüb gəldim. Elə bu tənzifin üstündə açıqda qalsın ki, ət özünə gəlsin.

Elcan  dözə bilməyib axır sözünü dedi:

-Ay Zeynal, mənə elə gəlir ki, bu ət ən azı 9-10 kilo olar.

-Hə, doktor, 8 kilo yarımdır.

-Amma bir söz deyəcəyəm, incimə.

-Buyur, doktor.

Elcan dedi:

-Bu 8-9 kiloluq mal ətinin əvəzinə 4-5 kiloluq quzu budu gətirsəydin, lap əla olardı.

Zeynal dönüb həkimə baxdı. Bu bahalıqda bazarlığın müqabilində həkimin ona irad tutması xətrinə dəydı. Amma həkimi acılamaq istəmədi. Amma indi onun sözünün qabağında nə desin? Bunu fikirləşirdi. Borclu qalmaq istəmirdi. Odur ki dilləndi:

-Ay həkim, yanınıza gələnlərin hamısına, elə mənim özümə də “qoyun əti mədəyə yükdür, təzyiqi, şəkəri olanlara yaramaz. Ən yaxşı halda   mal əti alın” deyirsiniz.

Elcan həkim dayanıb baxırdı ki, görsün Zeynal sözlərini necə tamamlayacaq.

Dediyim kimi, Zeynal da söz altında qalan oğul deyildi. Odu ki, dedi:

-Deməli, bizə mal əti, sizə qoyun əti? Eləmi? Bizə mal əti yedizdirirsiniz, özünüz isə, quzu əti yeyirsiniz.

Həkim inciməsin deyə Zeynal şaqqanaq çəkdi. Həkimi də gülmək tutdu. Oldu 1-1. Yəni heç-heçə.

Elcan həkim gülməyinə ara verib dilləndi:

-Düz sözə nə deyəsən, ay Zeynal. Quzu əti, qoyun, qoç əti daha vitaminli olur. -Mən quzu ətinə, qoyun ətinə üstünlük verirəm.

Zeynal da öz növbəsində:

-Olmasın azar, olmasın xəstəlik. Sağlıq olsun. Gələn dəfə quzu əti gətirərəm.

Bu dəfə hər ikisi güldü.

Bakı şəhəri, 15 aprel 2024-cü il

 

Yazıya 34 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.