Atakişiyeva Həcər – Məhəmmədəmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı məsələləri

1621328283Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, ədəbiyyatşünası, publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, xalqımızın müstəqillik idealını gerçəkləşdirən, Azərbaycanın tarixi dövlətçilik ənənələrinin qoruyucusu, milli dövlət quruluşumuzu dirçəldən, milli istiqlal ideyalarının geniş təbliğ edəni, siyasi publisistik, ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr verən alimi, görkəmli ictimai-siyasi xadimidir. M.Ə.Rəsulzadə yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələlərinə daim geniş yer vermişdir. Onun publisistikasının mühüm bir qolu Azərbaycan ədəbiyyatı məsələlərinə həsr edilmişdir. M.Ə.Rəsulzadə yaradıcılığında Azərbaycan ədəbiyyatı məsələlərini mühüm bir amil kimi dəyərləndirirdi. Ədib ədəbiyyatı milyonlarla insanların və bir çox nəsillərin müştərək dəyəri kimi qiymətləndirir. M.Ə.Rəsulzadəyə görə, ədəbiyyat insanı xüsusəndə gənc nəsli vətənpərvərlik ruhunda təlim-tərbiyə edir və gəncləri öz soykökünə, tarixinə, adət-ənənəsinə vətəninə, xalqına fayda verə bilən əxlaqlı bir insana çevirir. Məhəmmədəmin Rəsulzadənin fikrincə Azərbaycan ədəbiyyatı xalqın milli azadlığını, istiqlal ideyalarını,  dini birliyini, dilini və mədəniyyət birliyini təbliğ edən ən öndə amillərdəndir. Ədib ədəbiyyatın cəmiyyət üzərindəki rolunu və əhəmiyyətini yüksək qiymətləndirirdi. Onun ədəbiyyatımızın qorunmasında, inkişafında mühüm xidmətləri olmuşdur. M.Ə.Rəsulzadənin ortaq ədəbiyyata dair fikirləri bu gün də aktualdır. O, XX əsrin əvvəllərində ortaq ədəbiyyat məsələsi barədə fikirlər irəli sürmüş və türk ölkələrinin mütəfəkkirləri ilə bu barədə müzakirələr aparmışdır. Ədib bütün türklər üçün ortaq türk ədəbiyyatını təsis etmək fikrini qətiyyətlə müdafiə edirdi. M.Ə.Rəsulzadə ortaq ədəbiyyatın yaranmasının başlıca şərti kimi türk millətləri arasındakı mədəni birliyi görürdü. Türk dünyasının vahid əlifbaya keçid etməsi ortaq türk ədəbiyyatını təsis etməyin ən başlıca şərti idi. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatı barəsindəki bir sıra görüşləri bu günümüzdə də öz aktuallığını saxlamaqdadır. Ədib Azərbaycanın müstəqillik ideyasının daşıyıcısı, Azərbaycan milli-siyasi təfəkkürünün təmsilçisi, Şərqin ən böyük mütəfəkkirlərindən biri kimi adını tarixə yazmışdır. Onun ideologiyası, siyasəti, milli düşüncəsi, milli ədəbiyyata, ana dilinə, teatra və s. kimi sahələrə dair yazıları, kitabları, məqalələri M.Ə.Rəsulzadə adını tarixə əbədi yazmışdır. Ədibin mütəfəkkir və kulturoloji fenomen kimi məşhurlaşmasında onun ədəbi yaradıcılığının, ədəbiyyatşünaslıq görüşlərinin, qələmindən çıxan əsərlərinin, yazılarının mühüm rolu olmuşdur. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatının incisi sayılan əsərləri içərisində ən önəmlilərindən biri də Azərbaycanın böyük ədəbi şəxsiyyətlərindən biri olan Nizami Gəncəviyə həsr etdiyi “Azərbaycan şairi Nizami” əsəridir. Əsərdə Azərbaycan tarixi, milli düşüncəsi, bölgədə gedən proseslər ədəbi-bədii və publisistik formada öz ifadəsini tapmışdır. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatını tədqiq edərkən, onda milli düşüncənin köklərini, Azərbaycanın keçmişindən bu gününə qədər olan tarixini, bu günündən sabahına gedən yolunu araşdırır. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatı üçün olduqca önəmli simadır, belə ki, o, böyük düşüncə sahibi, qlobal ideyaların daşıyıcısı, şeirlər, publisistik məqalələr yazan yazıçı, teatrı, musiqini, ədəbiyyatı dərindən bilən mütəfəkkirdir. M.Ə.Rəsulzadə çağdaş Azərbaycan tarixini və çağdaş Azərbaycan ədəbiyyatını özünün əsərləri olan “Çağdaş Azərbaycan Tarixi” və “Çağdaş Azərbaycan Ədəbiyyatı” əsərlərində dərindən bir mütəfəkkir kimi tədqiq etmişdir. M.Ə.Rəsulzadə milli düşüncəni, istiqlalı böyük mütəfəkkir kimi ədəbi-bədii yaradıcılıq yolu ilə xalqın düşüncəsində formalaşdırmağa nail ola bilmişdir. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatının dərin bilicisi olmasında onun gənc yaşlarından ictimai həyatda, ətrafında baş verən proseslərə aktiv diqqət yetirməsi mühüm rol oynamışdır. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatının dərin bilicisi olmaqla yanaşı özü də əsərlər yazırdı. Onun «Qaranlıqda işıqlar» pyesi milli oyanışa və istiqlal hərəkatının təbliğinə həsr olunmuşdur. M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatını zənginləşdirən daha bir əsəridə «Nagəhan bəla» adlı pyesidir. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatını tədqiq edərkən, onun coğrafi quruluşunu, sularını, əhalinin məşğuliyyətini, ticarətini, sənətkarlıq məsələlərini, təsərrüfat həyatını, ictimai-siyasi vəziyyətini, mövqeyini, siyasi vəziyyətini  də dərindən araşdırma obyekti kimi seçmişdir.               Məhəmmədəmin Rəsulzadə Azərbaycan ədəbiyyatının müasir ədəbi qurucularındandır. Ədib yaradıcılığında Azərbaycan ədəbiyyatı ilə rus ədəbiyyatının və Osmanlı ədəbiyyatının müqayisəli təhlilini vermişdir. M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatını dərindən bilən ədib kimi Nəriman Nərimanovun “Bahadır və Sona” əsərini hələ məktəbdə ikən oxuduğunu yazır. Ədib Nəriman Nərimanovun “Bahadır və Sona” əsərini özünün “Bahadır və Sona” məqaləsində belə təhlil edir. “Nəriman cənabları bunları tamamilə qət və teyy etmək fikrinə də düşməmişlərdir. Bəlkə də öz yanlarında bu məsələlər az-çox həll olunmuş bir şəkildədir və təfsilatını istərlərsə, daha mükəmməl və daha müfəssəl surətdə qələmə almaqla qarelərini müstəfid edərlər. Fəqət bu qədər var ki, hərəsi bir kitaba mövzu ola biləcək qədər əsaslı fikirləri “Bahadır və Sona’’da zikr etməklə müəllif cənabları istəmişlər ki, bu gün həllinə çalışmaq lazım gələn məsələləri təlxis edərək müzakirəyə, ədəbiyyat müzakirəsinə qoysunlar. Bu məsələlər haqqında aşağıda biz də öz mütaliəmizi yazacağız. “Bahadır və Sona” müsəlmanlığa və türklüyə aid məsələləri tizkar etdiyi halda əsasən milliyyət fövqündə, beynəlmiləl və insani bir fikrə istinadən yazılmışdır. Burada milliyyət və məzhəb ixtilafının nəticəsində ən səmimi, ən biqərəz və ən müqəddəs eşq və məhəbbətlərin necə pamal olduğu və “cəhətsiz”, “səbəbsiz” ayrılıqların Bahadırın təbirincə: “uçurum dərələr”in nə yıxıcı və nə xarabedici bir qüvvət olduğu şairanə bir surətdə göstəriliyor. Bahadır bir müsəlman tələbəsidir. Ürəyi millət eşqilə yanıyor. Yaxınlarına mənfəət gətirmək müntehayi-amalıdır” [8,278].

M.Ə.Rəsulzadə “Bahadır və Sona” məqaləsində Nəriman Nərimanovun “Bahadır və Sona” əsərini olduqca ətraflı, dolğun bir şəkildə oxucuya çatdırır. M.Ə.Rəsulzadənin “Bahadır və Sona” məqaləsini oxuyan oxucu  Nərimanovun “Bahadır və Sona” əsəri haqqında dolğun məlumata sahib olur. Bahadır və Sonanın qovuşmasına əngəl olan din ayrılığı vüsala çatmağa mane olur. Maneə o idi ki, Bahadır xristian deyildi. M.Ə.Rəsulzadə Bahadırın özünü öldürməsini, Sonanın isə bu dərdə dözməyərək, dəli olmasını insani fikirlərin, böyük niyyətlərin və ülvi əməllərin puç olması kimi qiymətləndirir. M.Ə.Rəsulzadə “Bahadır və Sona” əsərinin forma və məzmun cəhətdən belə qiymətləndirir. “Romanın ibtidaları, dedik ki, Nəriman cənablarının qələm təcrübəsinin ibtidalarını təşkil ediyor. Bu, hətta təsviratında da müşahidə olunur. Məsələn, kitabın baş tərəfindəki, təsvirat zəifcədir. Cümlələrinin səlasətinə, vüzuhinə, başqa təbirlə bəlağət və fəsahətinə də söz var. Romanın o fəci, o müəssir və yandırıcı nəticəsini tovlid edən görüşü, o göy çəmənliklər içində sərilən “mərmər sinə”, o bahar təbiətinin gözəlliyi ilə əl-ələ verib həssas ruhları çalıb götürən gəzəllik ilahəsi, o gözəl pəri məncə lüzumu qədər təsvir olunmamışdır. O təsadüfdəki, şer və həssasiyyatın hamısını Nəriman hiss etmiş, görmüşdür. O lətaifə, o nazlıqlara mütləqa nəzəri-nüfuz eləmişdir. Yalqız o vaxt ki qələmində bütün gördüklərini təsvirə qüdrət olmamışdır. Romanın insanı ağladacaq qədər müəssir olan axırını yazan və o fəciəni təsvir edən qələm Nərimanın o vaxt əlində olsaydı, Bahadır və Sona romanının ibtidası sonu qədər parlaq çıxacaqdı. Təcrübəsizlik təsirilə romanın birinci hissələrində başqa qüsurlara da meydan verilmişdir. Məsələn, birinci səhifədə böylə bir cümlə oxuyuruz: “Gün məğribə yavuqlaşdı. qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verib gərdişin coməridlik anlıyorsan, böylə bir gözəl vaxtda haman meşədə tək yaşıl otun üstünə sərilmiş gözəl bir qız görsəniz isə mənzərə daha artıq surətdə gözəl görünür…”[8,281].

M.Ə.Rəsulzadə Üzeyirbəy Hacıbəyovun “Əsli və Kərəm və “Leyli və Məcnun” operalarını çox yüksək qiymətləndirərək, yazırdı. “Müsəlman operasının aktyorları həqiqətən gözəl oynayırlar. Və kim nə deyirsə-desin Üzeyirbəy Hacıbəyovun təlif etdiyi əsərdə bir zövqlədəbi və musiqi vardır. Xıncaxınc dolmuş olan teatrda oyunun və musiqinin məharətlə ifası nəticəsi olaraq müsəlman tamaşaçılarına xas olan bir səs və bir səda da yox idi. Hər kəs valeh olmuş, hər kəs Kərəmin o lahuti eşqinə mütənasib ahəngi nəqəmatə candilden bənd olmuşdu. “Əsli və Kərəm” bir yerə cəm etmiş olduğu Şərqi və Qərbi nəğmələrdən başqa mənə bir şey nöqteyi-nəzərindən daha çox yarındı. Bu da orada mühüm bir yer tutmuş olan “türk havasfdır, saz havası. Çox təəssüf ediyoram ki, toylarımız milli saz aşıqlarımızın əlindən çıxıb gürcü ğəzzallarına və gürcü zurnaçılarının düdüklərinə giriftar oluyor, bunun intiqamını mən keçən cümə gecəsi Sarabskinin Kərəm sifətilə oxuduğu türk havaları ilə alıyordum. Və əgər mümkün olsaydı qalxıb xalqa deyəcəydim ki: Görünüz bəyənmədiyiniz milli aşıqlarımızın havası nə qədər dilrübadır, nə qədər cazibdir. Milliyyət hissini itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq Kərəmdə, Koroğluda və bunun əmsalındakı nəğmələrdə o qədər ülvi hisslər və o qədər geniş zövqlər vardır ki, onu ancaq saz nəğməsilə oxunduğu zaman hekayə qəhrəmanının dərdinə tamamilə aşina ola bilən köylülər qədər saf və pak ürəklərimiz anlaya bilərlər. Zənn ediyoram ki, möhtərəm musiqarımız Üzeyirbəyin milli nəğməxanlarımız olan saz aşıqları ilə milli romanlarımız olan aşıq hekayələrini daha ziyadə tədqiq edəcək olurlarsa əsil türk alemində payidar ola biləcək əbədzində əsərlərim bundan sonra yazacaqlardır”[8,302].

M.Ə.Rəsulzadə “Balalara hədiyyə” məqaləsində Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı haqqındakı tədqiqat işini yüksək qiymətləndirmişdir. Ədib elmin, savadın gənc nəslə uşaqlıqdan öyrədilməsinin nə qədər gərəkli olduğunu bildiyi üçün Firudin bəy Köçərlinin əməyini yüksək dəyərləndirirdi. Belə ki, M.Ə.Rəsulzadə Firudin bəy Köçərlinin vətəninin balalarına hədiyyə etdiyi milli məcmuəsini tədqiq edərək yazırdı.  “”Balalara hədiyyə”nin öz babında münfərid olduğu ilə haiz olduğu nəfasət o qədər dəyərlidir ki, ondan biltəkrar bəhs edilərsə soyuq düşməz. Binaən əleyh mən də iqtidarlı müəllimimizin bu dəyərli əsərindən bir az bəhs edərsəm nabemövsüm sayılmaz. Məlumdur ki, bizdə uşaq ədəbiyyatı yox kimidir. Axırıncı bir-iki ildən bəri uşaq ədəbiyyatı naminə bir çox xırda-mırda kitabçalar yazılmışsa da bunların çoxusu gərək üsuli-təlim və gərək digər mülahizəsi ilzam olan nöqteyi-nəzərdən məktəb uşaqlarına veriləcək əsərlər deyildir. Məəmafih bu xüsusda ki, bütün nəvaqisimizlə bərabər, biz Rusiya türkləri uşaq ədəbiyyatı haqqında göstərdiyimiz təşəbbüslərimizlə türk ədəbiyyatının hakim bir mövqeini işğal edən istanbula belə faiqiz. Hələ Firudin bəyin “Uşaqlara hədiyyə”si kimi şahkar bir əsər deyil, türk aləmində aləmi-islamın, bilcümlə nüqatində daha yazılmamışdır. Bəzi üsuli-tədrisdən bixəbər, fəqət milliyyət məhəbbətilə sərşar olanların uşaqlara məxsus olmaq üzrə yazdıqları əsərlər vardır ki, balaca balalara məxsus olmaq üzrə yazdıqları əsərləri milliyyət və vətəniyyət məfhumlarının böyüklərcə belə anlaması bir çox izahata bağlı olan şeylərlə doldurulur. Öylə düşünülüyor ki, vətənpərvəranə məqalələr və millətpərəstanə cümlələrlə uşaq milliyyət və vətən hissi nə olduğunu anlar…”[8,323].

M.Ə.Rəsulzadə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin banisi olan Nəriman Nərimanovun yaradıcılığını olduqca yüksək qiymətləndirir. Ədib Nəriman Nərimanovun “Nadir şah” dramını yazmaqla Azərbaycan xalqında milli şüuru inkişaf etdirdiyini bildirmişdir. M.Ə.Rəsulzadənin fikrincə, Nəriman Nərimanov “Nadir şah” dramı ilə xalqı maarifləndirməklə onu xoş gələcəyə çatdırmağa nail olmuşdur. Əsər N.Nərimanovun siyasi baxışının nümunəsi idi. N.Nərimanovun cəsarətli, müstəqil düşüncəli fikirlərini dəstəkləyən M.Ə.Rəsulzadə “Nadir şah” faciəsi haqqında yazır. “Kitabların, bilxassə drama əsərlərinin adları qısa və muciz olmaq lüzumu nöqteyi-nəzərindən dəxi “Nadir şah” heç bir əlavə və “ziynetə” möhtac deyildir. Bu kimi özbaşınalıqlar daima xeyirdən çox zərər yetirir. Bunlardan vaz keçilsə müvafiqdir. Əgər ümumiyyət üzrə soruşulursa “Nadir şah” oyunu gözəl keçdi. Mənzərələr, qiyafələr, oyunlar, pyesdəki keçirməkdə olduğumuz tarixi vaqeələr nöqteyi-nəzərindən mövcud olan əhəmiyyət və bəzi dövlət idarəsinə aid olan lüzumlu fikirlər əl-ələ verib tam bir müvəffəqiyyət vücuda gətirir və hər kəsdə bizdə dramanın dirildiyinə aid bir ümid oyadır idi. Eyibsiz gözəl olmaz” [8,497].

M.Ə.Rəsulzadə Cəlil Məmmədquluzadəni “İkinci Axundovumuz” adlandırırdı. Ədib C.Məmmədquluzadənin “Ölülər” pyesini N.V.Qoqolun “Müfəttiş” əsəri ilə müqayisə edərək yazır. “Fəqət “Ölülər”, əlbəttə, “Revizor”un kopiyası degildir. “Ölülər” istedadlıqla, sənətkarlıqla, həyati bilərəkdən və sənətdə bir məqsəd təqib edərəkdən müəlla müsəlman həyatına köçürülmüş bir “Revizor”dur” [9,398].

M.Ə.Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində Azərbaycanı “Yeni Turanın açarı” adlandırır. Şərq dünyasını kökündən uzaqlaşmaqda ittiham edir. Azərbaycanı yeni Turanın açarı, keçmiş Turanın isə gənc, igid, dəliqanlısı adlandırır. Türklüyün, ərəbliyin, farslığın İslam vasitəsilə ortaq bir mədəniyyət dünyası formalaşdıra biləcəyi fikrini irəli sürür. “İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var – buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, İslam mədəniyyətinə Şərq mədəniyyəti deyilir” [3,14].

 

Ədəbiyyat siyahısı:

  1. Rəfiyev B. Aysberqin sualtı hissəsi. Bakı: Gənclik, 1995, 35 s.
  2.  Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 112 s.
  3. Rəsulzadə M. . Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991,  110 s.
  4. Rəsulzadə M. . Azərbaycan şairi Nizami. Bakı, Azərnəşr, 1991, 325 s.
  5.  Rəsulzadə M. . sərləri:  I c., Bakı: Azərnəşr, 1992, 470 s.
  6. Rəsulzadə M. . Bolşeviklərin Şərq siyasəti. Bakı: Sabah, 1994, 134 s.
  7. Rəsulzadə M. . Azərbaycan davası. Bakı: Ay-ulduz, 1998,  64 s.
  8. Rəsulzadə M. .  Əsərləri. II c., Bakı: Şirvannəşr, 2001, 528 s.
  9. Rəsulzadə M.Ə. Əsərləri. III c., Bakı: Elm, 2012, 596 s.

 

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.